Çoxumuzun gündəlik, aylıq, illik və onilliklər
ərzindəki həyat sxemi evdən işə, işdən evə və yenə evdən işə, işdən evədir.
Dünyaya gəlirik və bundan sonra standart olaraq bunları yaşayırıq: uşaqlıq
illəri, gənclik illəri, universitet dövrü
və nəhayət iş həyatı və son.
Həyatımız bundan ibarətdir. Standart dövrlər, standart proseslər və standart
son. Amma kainata baxanda, dünyanın heyranediciliyi
haqqında düşünəndə bizə öyrədilən həyat
standartlarının doğruluğuna çox da əmin
olmadığımı görürəm. Yəni həyat tərzi müəyyən anlayışların üzərində qurulur. Həyatımız
dünya və həyatla bağlı bildiklərimizlə və bunlara verdiyimiz izahlarla
bağlıdır. Həyatı necə şərh ediriksə, həyat tərzimiz də o cür olur. Yaxşı,
bəs sizcə bu klassik həyat tərzimiz varlığımızın sərhədini gözə alsaq, bizi qane
edirmi? Məncə etmir. Çünki indi
yaşadığımız həyat tərzimiz məhdudlaşdırılmış, standartlara salınmış
formadadır. Buna qarşı çıxanda cəmiyyətə və hər kəsə, bir sözlə, sistemə qarşı
çıxmış olursan. Yəni demək istədiyim odur ki, bu dünya, kainat, bir sözlə, hər şey sizə görə də bu qədər sadədirmi? Yəni biz işə gedib-gələk,
yatıb-duraq və hər gün yenə eyni şeyləri edək, bu qədərmi? Bununla nəyə nail
olmuş oluruq? Məncə heç nəyə; sadəcə
yaşamış oluruq. Yəni sadəcə yaşayırıq. Lakin
bir az dərin düşünsək, məncə bu
dünya sadəcə yaşamaq üçün deyil. Burada bir mexanizmin, nizamın və dizaynın
olduğu çox aydındır. Yəni dünya
sadəcə hər hansı bir yer deyil.
Dünya çox özəl, xüsusi bir yerdir. Bunu digər planetlərə nəzər yetirməklə görmək olar. Dünyada insanın yaşamağı üçün
hər cür şərait yaradılıb. Bütün ekosistem insan üçün hesablanıb. Bütün
canlıların yaşaması və ekosistemdəki rolu nəticə etibarı ilə insanın yaşamağına
xidmət edir. Yaxşı, bəs niyə? Niyə bütün şərtlər möcüzəvi şəkildə bizim yaşamağımız üçün nizamlanıb? Bizim yaşamağımızın əhəmiyyəti nədir? Nə üçün kainatdakı bu qədər həssas nizam,
planetlər, nəhəng göy cisimləri, canlıların qidalanma mexanizmi, bir sözlə, hər
şey bizim üçün hesablanıb? Deməli, biz bir məqsəd üçün burdayıq. Sadəcə
yaşamaq bir şey ifadə etmir. Bir şey üçün, bir məqsəd üçün göndərilmişik.
Bu məqsədi
tapmaq üçün düşünən insan olmaq lazımdır.
Ya düşünən insan olmalıyıq, ya da robot. Robot olmaqdan qurtulmağın yolu
düşünməkdir. Ətrafımızdakı aləm haqqında, varlıqlar haqqında, canlılar haqqında,
ümumiyyətlə, hər şey haqqında davamlı və dərin təfəkkür çox önəmlidir. Var olmağımızı
təmin edən şərtlərin quruluşunun, nizamının, ahənginin mürəkkəbliyi və möhtəşəmliyi heyranedici dərəcədə möhtəşəmdir.
Əksər bitkilərin toxumu ölçü baxımdan təxminən eyni olur. 1 mm və buna yaxın. Lakin eyni
görünüşlü və eyni ölçülü toxumdan 1
metrlik və 30 metrlik bitkilər yetişir.
Baxın, bu, bizə çox adi görünə bilər. Çünki düşünməməkdən dolayı fövqəladə
vəziyyətlər bizə adi bir şey kimi görünür. Halbuki, 1 mm-lik toxumun içindən hündürlüyü
30-40 metr, diametri 5-10 metr olan
nəhəng ağaclar yetişir. Yaxud eyni cür 5 fərqli toxumdan 5 fərqli növdə və
tipdə ağac yetişir. Bu ağacların birindən
alma, digərindən isə şaftalı adlı
fərqli dadda, fərqli rəngdə və fərqli vitaminləri olan meyvələr yetişir. Qara
torpaqdan dadlı, şirin, rəngli meyvə bitir.
Ağaclardakı sistemlər də eynidir. Bir ərazidə eyni torpaqdan, eyni sudan qidalanmaqla həm almanın, həm də şaftalının
bitməsi nəyə bağlıdır? Yəni ağac necə
hesablayır ki, şaftalı yetişdirəcəksə,
torpaqdan hansı vitaminləri sormalıdır, yaxud portağal yetişdirəcəksə, hansıları? Ağac almanın, portağalın, yaxud şaftalının
ehtiyacı olduğu maddələrin fərqini necə hesablayır? Ağacın ağlı varmı? Təbii ki yoxdur. Olsa belə,
bu işə ağıl bəs etmir. Çox ciddi elmi bilik lazımdır. Ağacların yüksək
ixtisaslı və ağıllı professorlar olduğunu kim iddia edə bilər? Təbii ki, heç
kim. Bəs onda ağacın nümayiş etdirdiyi bu şüurun qaynağı nədir? Ağacın gördüyü iş açıq-aşkar elm və ağıl
tələb edir. Bəs bu ağılın qaynağı nədir? Ağacın özü olmadığına görə, deməli,
üstün və uca bir Varlığın ağlı ağacda təcəlli edir.
Baxın, demək
istədiyim də budur. Düşünən insanın digər insanlardan fərqi hər gün yolda yeriyərkən qarşısına çıxan yüzlərlə
bitkiyə olan baxış fərqidir. Düşünən insan
baxıb-gördüyü hər şey üzərində dərin düşünür və hər şeyin qaynağını
axtarır. Yuxarıda çəkdiyim misal hər gün
üzərində düşünə biləcəyimiz trilyonlarla mövzudan sadəcə birinin çox cüzi
hissəsinin qısaldılmış formasıdır. Lakin bu qədər qısa təfəkkür belə, insanı
özünün kimliyi və varlığının qaynağı haqqında
bilgilər əldə etməyə kömək edə bilir. Hər gün təfəkkür etsək və dünyaya
səthi deyil, dərin düşünərək baxsaq, həyat
barədə sualımız qalmaz. Ən əsası, kim olduğumuzu, buranın hara olduğu və
burdakı vəzifəmizin nə olduğunu öyrənmiş olarıq.
Son olaraq
bunu qeyd edim ki, niyə yaşadığını bilən
insanlar vardır və bir də niyə
yaşadığından xəbərsiz olaraq cəmiyyətin qoyduğu standartların əsiri kimi
yaşayan insanlar vardır? Bu iki təbəqənin fərqi birincisinin aydınlanmış
olmasıdır. Niyə yaşadığının fərqində olan insan
yaradılış sirrinə vaqif olaraq
aydınlanmış olur. Aydınlıq düşünməyin gətirdiyi nemətdir. Aydınlanmaq üçün, özümüzü və dünyanı kəşf
etmək üçün özümüzə, digər canlılara və ümumiyyətlə, dünyaya biganə
qalmamalı hər şey üzərində dərin
təfəkkürlə düşünməliyik.
Savalan Məmmədli
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ