İSTƏKLİ ADAMLAR ÜÇÜN HƏDİYYƏ

Bu yazıya counter dəfə baxılıb
AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ



Harri KUNTSEV

İŞTİRAK EDİRLƏR:
Nino
Levan
Tamaz
Georgi Mataradze (səsi)

NİNO (oxuyur):
Heç olmasa röyada
görüşümüz olaydı.
Heç olmasa səsini
eşidəydim yuxuda.
Yağış tökür səhərdən
yarma dənəsi boyda,
Öz dilində elə bil
nəşə oxuyur o da.
Heç bilirsən sən mənə
necə gərəksən indi...
...Eşitmək istəyirəm
səsini sənin
Axtarıb, arayıram,
heç olmasa yuxuda
Sənin görünmür əksin.
(Robert Rojdestvenski)
Hə, gedim bir zəng eləyim (nömrələri yığır). Yatıb, cavab vermir.... Allo, Mənəm... Qulaq as, gör təsadüfən bunu bizə qoşmayıblar ki....
Tərəddüd etmədən
bir zərrə,
Ardınca gəzirəm
illərlə.
Mən səndən asılı
həyəcanam.
Trolleybussansa,
məftiləm.
Naqiləm, axınam,
cərəyanam.
Məftildən dörd əlli yapışaram.
Mən sənə taleyim
demişəm.
Mən sənin olmuşam
həmişə.
(Robert Rojdestvenski)
Sən bilən, bu mahnını bizə qoşmayıblar ki?
TAMAZ (yuxulu-yuxulu, deyinərək). Hə, bizə qoşublar...
NİNO. Belə qanıqara niyə danışırsan, Tamaz?
TAMAZ . Nə deyim? Sizi bilmirəm, amma biz tərəflərdə hələ ki, gecədir... Sən bu soneti heç olmasa dan yeri söküləndə oxuya bilməzdin?
NİNO. Əvvəla, soneti yazırlar ki, gecə oxunsun. Çünki o, qaranlıqda daha təsirli səslənir. İkincisi, bu sonet deyil. Sən yaşada adam gərək poetik formaları ayırd etməyi bacara.
TAMAZ. Məsləhət üçün təşəkkürlər. Bu gündən etibarən gecələr sonet oxumağa, gündüzlər isə poetik formaları öyrənməyə başlayıram, yaxşımı?
NİNO. Yaxşı...
TAMAZ. Çox gözəl. Özümü bütünlüklə sonetə həsr edirəm. Başlayıram təcili surətdə şairlərin yazdığı bütün sonetləri əzbərləməyə. Yazılmamış sonetlərə də girişəcəyəm.
NiNO. Bərəkallah.....
TAMAZ. ...Heç bir iş, heç bir şəxsi həyat məni maraqlandırmayacaq. İşim-gücüm yalnız sonet, sonet, sonet olacaq...
NİNO. Giqant. Bəs niyə indiyə kimi susurdun?
TAMAZ. Axırıncı dəfə saata baxıram... Axı, sonet dalınca düşəndən sonra mənimçin zaman mövcudluğu olmayacaq.
NİNO. Bəs mən?
TAMAZ. Sən? Sən özün də bir sonetsən... Bəşəriyyətin qoşmağa qadir olacağı bütün sonetlərin ən yaxşısı. Özü də  əzbərlənməsi mümkün olmayan yeganə sonet...  (Nino gülür). Eşidirsən məni?
NİNO. Əlbəttə... Qulaq as, gör nə deyirəm. Sənin şairlik istedadın varmış. Həm də varlığa orijinal nəzərlərlə baxmağı bacarırsan. Özünü sonetdə sınaya bilərsən.
TAMAZ. Bəs nə bilmisən? Kimdən əskiyik? İstəyirsən elə indi başlayım? Ee-e...Qulaq as:
Sən mənim solmayan
         gəncliyim.
Sən mənim küləyim,
zəncirim.
Sən mənim qüdrətim,
         gücümsən.
Sən mənim zəiflik
ölçümsən...
...Sən daim
xəyallı, soraqlı.
Sən mənim yolumda
bir çıraq.
Sən varsan nə qədər
...maraqlı,
Nə qədər gözəldir
 yaşamaq.
(Robert Rojdestvenski)
Məncə, pis başlamadım.....
NİNO.  Mən həmişə sənin orijinal, təkrarolunmaz şəxsiyyət olduğunu söyləmişəm.
TAMAZ. Səni sevirəm, Nino.
NİNO (gülür). Belə başlanğıc mənim xoşuma gəlir. Bəs sonra....
TAMAZ. Səni sevirəm, bu, həm başlanğıcdır, həm də son....
NİNO. Yox-yox, həqiqi sözümdür, istedadsan. Kimin ağlına gələrdi ki, birdən-birə belə gözəl şah əsəri yarada bilərsən!
TAMAZ. Aha... Sən hələ bir təsəvvür elə. Əgər yuxulu-yuxulu belə şah əsəri yarada bilirəmsə, gör özümə gələndən sonra nə tüğyan edəcəyəm....
NİNO. Özünə gəlməyin lazım deyil. Demə, sən gözüyumulu daha maraqlısanmış. Yuxudan oyanmamış yenə bir şey de.....
TAMAZ. Çöldə əsrarəngiz gözəllik yaranıb. Gecə əriyib yoxa çıxıb,  gündüz isə gəlib çıxmaq bilmir. Buludlar o yan, bu yana qaçışır. Elə bir nə etmək: gecənimi qovmaq, gündüzü salamlamaq lazım gəldiyini bilmirlər. Onların tərpənişində nə isə bir nigarançılıq var. Sanki  nə isə mühüm bir əməliyyata hazırlaşırlar. İ D E YA! Gəl səni qaçırım. Bəs nə? Əsil kişi işidir. Ürəyimi sənə açdım, indi daha vaxtdır ki...
NİNO. Baş tutan sevda deyil... Klassik qaçırma üsulunu təkrar etmək üçün at, yapıncı, bir də küləyin vıyıltısı gərəkdir.
TAMAZ. Əsas məsələ at tapmaqdır. Vıyıltı olacaq... At üstündə səninlə şəhəri dolaşanda onsuz da bütün milisionerlər fit verə-verə dalımızca düşəcəklər. Hə, yeri gəlmişkən, səhərin gözü açılmamış haradan zəng edirsən?
NİNO. Növbəyə gedirəm. Yolüstü binaların birinə girdim... Atanla sənə hədiyyə axtarıram. Elə bil sizi bir gündə doğulmağa vadar ediblər.  İkiqat xərcə düşmək lazımdır....
TAMAZ. Məgər mağazalar açıqdır?
NİNO. Bax, görürsən,.. deyəsən artıq tamam-kamal oyanmısan. Oyandığın üçün də işgüzar və eyni zamanda maraqsız olursan... Səncə, hədiyyəni elə yalnız mağazada axtarmaq lazımdır?
TAMAZ. Mənim fikrimcə, hədiyyə, ümumiyyətlə,  bir elə vacib deyil.
NİNO. Bu gün vacibdir. Atanın altmış yaşı tamam olur. Bu, yubiley yaşıdır. Sən də bu gün yetkinlik yaşına çatırsan. Bunu da qeyd etməmək olmaz.
TAMAZ. İyirmi beş yaşında hansı yetkinlik yaşına çatmaqdan danışırsan?
NİNO. Kişilər üçün mən bu yaşı müəyyən etmişəm!
Qatarın fit səsi eşidilir.
Yaxşı kişi, ad gününün şərəfinə sənə bir qədər də yatmağa icazə verirəm. Hələlik.
(Qatarın fit səsi yaxınlaşır, o, gəlib stansiyada dayanır).
NİNO.  Deyəsən, dənizçi paltarı geyinmiş o, hündürboy kişidir... Özüdür ki, var... sizi bir dəqiqə olar? 
LEVAN. Məni?
NİNO. Hə... Əgər mümkünsə bir siqaret verin...
LEVAN. Məmnuniyyətlə.
NİNO. Nə gözəl alışqandır... Yaponiya istehsalıdır?
LEVAN. Bəli.
NİNO. Eynən beləsini bir nəfərdə görmüşəm. Doğrudur, özü çəkən deyil, amma alışqandan ötrü əldən-ayaqdan gedir. Zəngin kolleksiyası var. Həmin kolleksiya ilə coğrafiyanı əməlli başlı öyrənmək olar.
LEVAN. Təsadüfən o adamın adı Georgi deyil ki?
NİNO. Georgidir. Georgi Mataradze.
LEVAN (ah çəkir. Pauza). O mənim atam idi... İndi isə... onu dəfn etməyə gəlmişəm.
NİNO. Bilirəm... Sən Levan Georgiyeviçsən? Sənə teleqramı mən vurmuşam. Gəlişin barədə cavabı da almışam. Səni qarşılamağı mənə həvalə ediblər...Biz...biz yaxın qonşu və...
LEVAN. Aydındır... Hər şey nə isə gözlənilməz oldu. O son dərəcə gümrah idi. Heç vaxt səhhətindən şikayətlənməzdi.
NİNO.  Onun ürəyi... Deyirlər ürəyi üzüldü...Ürək də şam kimidir. Yanır, yanır və birdən...
LEVAN. Hə-hə... Yenə də yağır.... Bu hava da mənimlə düz gəlmir. Elə ki, bir yerə gedirəm başlayır yağmağa.
NİNO. Tezliklə ötüb keçəcək.
LEVAN. Əminsən?
NİNO. Əvvəla, mən sinoptikəm. İkincisi,.. elə belə zənlə dedim. Zənnimə görə, gün çıxmalıdır.
LEVAN. Təəssüflər olsun ki, sinoptiklər də tez-tez səfvə yol verirlər. Və öz zənnimiz də çox vaxt bizi aldadır... Bax, neçə kərə bura gəlmək fikrinə düzmüşəm, amma necə alınmayıb.
NİNO. Demək zənnində yanılmısan. Havanın necə olacağını qabaqcadan xəbər verməyi bacarmaq kimi, insan öz niyyətlərinin həyata keçib-keçməyəcəyini də irəlicədən bilməlidir...
LEVAN. Hə-ə... Burda heç nə dəyişməyib, hələ bir mənə bax. Axır bu barədə  fikir yürütmək sənin üçün çətindir. Mən axırıncı dəfə buradan çıxıb gedəndə sən yer üzündə də yox idin... Hə, nə dayanmışıq?! Yolçu yolda gərək. Taksilər işləyir?
NİNO. Yox, gümanım növbəti avtobusdadır. O da yalnız yarım saatdan sonra olacaq. Avtobus sürücülərində insaf yox, mürvət yox. Sərnişinlərə pis xidmət göstərirlər.
LEVAN. Hm...Ömrümdə ilk dəfədir ki, yarım saat da olsa vaxtım var... Nədənsə mən həmişə, hər yana gecikirəm.
NİNO. Bu, kapitana yaraşan keyfiyyət deyil.
LEVAN. Mən hələ tam kapitan deyiləm... İş yerimi nəzərdə tutmuram. Orda hər şey öz qaydasındadır... Atam bax orada dayanıb gözlərini vaqona zilləmişdi... Onda da yağış yağırdı... Atamın bizi yola salmasını anam istəmirdi. Bunu bildiyindən atam özünü ona göstərmirdi. Bax o tində gizlənmişdi. Ona görə də onun stansiyaya gəlişindən anam xəbər tutmadı. Qatar yola düşəndə atam üsulluca əlini qaldırıb vida əlaməti olaraq onu yellədi.
NİNO. Bəs sən?
LEVAN. Mən isə üzümü çevirdim... O vaxt artıq on beş yaşım vardı və hər sahədə güclü olmaq istəyirdim. Bunu da o özü mənə öyrətmişdi.
NİNO (gülümsəyərək). Görünür, yaxşı müəllimdir.
LEVAN. Niyə bu qənaətə gəlirsən?
NİNO. Səndə həqiqətən yenilməz iradə var... Bir görürsən? O vaxtlar üzünü o tərəfə elə döndərmisən ki, iyirmi ildə bir daha bu tərəfə çevirməmisən...
LEVAN. Sən yaşda olanda elə mən də adamları acılayardım.
NİNO. Bəs sən yaşda?
LEVAN. Daha istəmirəm.
NİNO. Təngə gəlmisən, yoxsa ehtiyatlı olmusan?
LEVAN. Bilmirəm... Bəlkə də yaşa dolduqca adamları daha yaxşı başa düşməyə başlayırsan. Nədənsə daha onları acılamaq istəmirsən....
NİNO. Hər yaşın öz hüquqları var... On beş yaşında öz doğma atandan üz döndərə bilərsən, iyirmi yaşında heç bir cəza almadan kimi istəyirsənsə acılaya bilərsən, otuz  yaşında isə özünü ağıllı apara bilərsən...  Bəlkə də bütün bunlar adama ləzzət verir, amma nə isə... Həmin bu ləzzətin kökündə qüssəli, qəmli, cansıxıcı bir insafsızlıq var. Doğru buyururam?
LEVAN. Qəmli, cansıxıcı bir insafsızlıq?
NİNO. Bəli... Axı nə üçün iyirmi yaşında ağıllı olmaq, on beş yaşında adamları anlamaq, onları başa düşmək mümkün deyil? Məntiqə bax: demək indi mən həyatda necə istəyirəmsə davrana bilərəm. Bununsa heç bir ziyanı yoxdur, onsuz da gələcəkdə ağıllı olacağam. Bax, insafsızlığı bunda görürəm...
LEVAN. Başa düşdüm... Atamı yaxından tanıyırdın?
NİNO. Məncə, hə. Biz, sadəcə, yaxşı qonşular olaraq qalmırıq. O məni doğma qızı gözündə görür, mən “qızım” deyə çağırırdı. Bu, onun sözləridir: “Mənim iki oğlum, bir qızım var”.
LEVAN. Deməli, sən bir növ mənim bacımsan və mən səninlə açıq danışa bilərəm?
NİNO. Əgər daha dürüst desəm, mən sənin nə isə özgə cür qohumunam. Məsələ ondadır ki,.. mən sənin qardaşının nişanlısıyam.
LEVAN. Düzünü desəm, bayaq məndə belə fikir baş qaldırmışdı: əgər Tamaz evlənmək fikrinə düşsə, özü üçün sənin kimi nişanlı tapmalıdır.
NİNO. Sən həqiqətən ağıllısan...
LEVAN. Bəs nə üçün sənin haqqında mənə yazmayıb... Heç olmasa mən...
NİNO. O, ciddi oğlandır. Öz nailiyyətlərini yaymağı sevmir.
LEVAN. Onun daha hansı keyfiyyətləri var? Axı, mən onun üzünü belə görməmişəm. Doğrudur, atam onun şəklini mənə göndərib. Budur, bir bax. Şəkil çəkdirəndə Tamazın beş yaşı vardı. Ondan bu neçə ildə vur-tut üç-dörd məktub almışam. Hə...bir də dissertasiya  müdafiə eləyəndə dəvətnamə göndərmişdi. Amma işin tərsliyindən mən dənizə çıxmalı oldum.
NİNO.  Bu şəkli görən gözün, onu görmüş. Bir elə dəyişməyib. Uşaq kimi şıltaq və tərsdir. Elə dissertasiyanı da inadından yazdı. Hə-hə ... Nəyisə mənə sübut eləmək istəyirdi...  Onun şıltaqlığı da nə isə qəribəlik təsiri bağışlayır... Axır zamanlar birdən-birə şeir yazmaq fikrinə düşüb. Özü də bütün şairlərin acığına... Təsəvvür edirsən, xoşbəxtlikdən istəyinə nail olur. Məsələn, bu gün elə gözəl sonet qoşmuşdu ki...
LEVAN. Bu gün?
NİNO. Hə... Niyə təəccüblənirsən?
LEVAN. Heç. Sadəcə, fikirləşirəm ki, yas hara, sonet qoşmaq hara?
NİNO. O...o... kədərli sonet yazmışdı... Atasına ithaf etmişdi.
LEVAN. Tamaz atasını sevirdi?
NİNO. Bəs sən?
LEVAN (sükut). O vaxt – atam öz məktubunda   qardaşımın olduğunu bildirəndə anam da bax beləcə məndən xəbər aldı: “Levan, sən atanı sevirsən? Bu neçə ildə ilk dəfə idi ki, ondan belə sual eşidirdim. Mən artıq böyüyüb boya-başa çatmışdım. Akademiyada oxuyurdum...
NİNO. Bəs ona nə cavab verdin, böyüyüb boya-başa çatmış oğul?
LEVAN. Nə cavab verə bilərdim? Anama acıyırdım. Bu acıma mənim həyatımın birinci yarısını aid olan bir çox şeyi yaddaşımdan sildi. O cümlədən atalı böyüdüyüm günləri də. O xatirələrdən təkcə birisi sağ-salamat qalıb. Atam güclü adam idi. Onun işi yalnız və yalnız ona görə gətirmirdi ki, başqasına, onu başa düşməyə, halına yanmağa imkan vermirdi. Özünün dərd-sərini nə yaxın dostlarına, nə anama, nə də mənə deyirdi... Onun həyatında heç zaman elementar məntiq belə olmamışdı.
NİNO. “Həyatın elementar məntiqi” nədir?
LEVAN. İnsan zəifliyinə qarşı belə amansız olmaq yaramaz. O, belə müddəanı əsas götürürdü ki: öz-özünə və başqalarına qarşı insan dözümlü olmalıdır.
NİNO. Başqa məsələləri deyə bilmərəm, amma, məncə, bir məsələdə atan haqlıdır – insan özünə qarşı mərhəmətli olmamalıdır. Xüsusən də siz kişilər. İnsan özünə qarşı amansız olmalıdır, yoxsa o, zəif düşər. Zəif kişi isə heç zada yaramır.
LEVAN. Hədsiz məğrurluğu, yenilməzliyi ucbatından isə atam çox şeyi itirdi. Biz atamı tərk edəndən sonra xeyli müddət ona məktub yazmadım. Ətrafımda baş verən hadisələrə göz gəzdirmək, saf-çürük etmək və nəticə çıxartmaq üçün mənə vaxt lazım idi. Mən pis vəziyyətdə qalmışdım. Artıq böyümüşdüm. Atam ola-ola, o, mənimlə deyildi. Hələ biz birlikdə yaşadığımız vaxt o, gözlənilmədən məndən ayrı düşmüşdü. Yaxud  da mən ondan, bunun fərqi yoxdur. Eləcə də anam ondan erkən ayrılmışdı. Demək istəmirəm ki, atam bütün bu hallarla asanca barışmışdı, amma, görünür, başqa çarəsi yoxmuş. Atama qarşı məndə anlaşılması mümkün olmayan bir hiss yaşamaqda idi. Bunu anama da demişdim. Atama həmişə hörmət edirdim, amma məhəbbətə gəldikdə isə... Ona ağlına, kişi dayənətinə görə hörmət edirdim, amma...
NİNO. Sən bu “amma”nı o vaxtlar ananla həmfikir olduğun, ona acıdığın üçün demişdin...
LEVAN. Ola bilər... Amma bütün bunları o vaxt kəskin şəkildə dedim. Anama acıdığımı büruzə verəcəyimdən həmişə qorxurdum. O özünü  sındırmaq istəmirdi və mən onu heç vaxt coşqun vəziyyətdə, ümidsizliyə qatılmış halda görməmişəm.
NİNO. Belələrinə qibtə edirəm. Oğlum mənim haqqımda pis fikrə düşməz. Yəqin anan belə fikirləşirmiş. O yəqin ki, cərrahdır?
LEVAN. Niyə məhz cərrah?
NİNO. Zənnimcə, məhz cərrahlar belə olurlar.
LEVAN. Yox, o, həkim deyil. Mühəndisdir. Konstruktor  bürosunda işləyir. Məgər atam anam haqqında sənə danışmayıb?
NİNO. Təsəvvür et ki, yox. Hə, yeri gəlmişkən, Tamazla mən balaca olanda, o, ara-sıra bizə bir qadın haqqında nağıl danışardı...
LEVAN. Nağıl? Atam nağıl da bilirdi?
NİNO. Yalnız bir nağıl bilirdi. Ağıllı və yaraşıqlı maşınlar ixtira etməyi bacaran çox  ağıllı və yaraşıqlı bir qadın haqqında nağıl.
LEVAN. Bu nağıl xoş sonluqla qurtarırdı?
NİNO. O nağılın sonu olmurdu. O həmin nağılı başlayırdı, amma danışıb qurtarmırdı. Gələn dəfə davam etdirirdi. Həmin nağıl müasir mövzuda idi... Qadının düzəltdiyi maşınlar onun yanında çox qalmırdı: uçub gedir, çıxıb gedir, bütün yeri dolaşır və insanlara layiq olduqları sevinci paylayır, xeyirxahları da xeyirxah edirdi. Bədxahları isə öz növbəsində cəzalandırırdı. Bir dəfə qadın eynən insana oxşar maşın-robot yaratdı. O robot üçün yaraşıqlı gözlər, burun, qulaq düzəltmişdi. Hətta köhnə saat kəfkirinə əl gəzdirib ondan ürək düzəldib robotun sinəsinə də yerləşdirmişdi. Biz insanlarda olduğu kimi onun sinəsindəki ürək də döyünürdü: tuk-tuk-tuk-tuk-tuk... Robot meylini qadına salmışdı. Çıxıb bir yana getmək, yaxud uçmaq yadına düşünmürdü. O öz sahibəsini sevir, özünü xoşbəxt hesab edirdi. Sakit idi, heç nədən narazılıq etmirdi. Qadın isə robotu başa düşməmişdi, çünki insanların öz məhəbbətlərindən danışmaq üçün istifadə etdikləri sözləri robot bilmirdi. Sahibənin başı öz maşınlarına bərk qarışdığından, güman belə etmirdi ki, saat kəfkiri yalnız döyünməyə yox, həm də canlı ürək kimi iztirab çəkməyə qadirdir. Robotun sinəsindəki köhnə saat kəfkiri döyünür, hey döyünürdü. Qadın ona yalnız biz otaqdakı saatın tıqqıltısına necə öyrəşmişiksə, eləcə öyrəşmişdi. Günlərin bir günündə robot hərəkətsiz halda döşəməyə düşdü. Və... bir daha ayağa qalxmadı... Yalnız bu zaman qadının yadına düşdü ki, çoxdandır maşının vintini burub onu doldurmur. Onun maşına yazığı gəldi, Təmir etmək istədi. Onun sinəsindəki qapağı açanda çaşıb qaldı: robotun köksündə paslı kəfkir əvəzinə həqiqi ürək gördü. Sən demə, həqiqi hiss metal parçasını belə cana gətirirmiş.
LEVAN. Təəssüf ki...
NİNO. Nə üçün?
LEVAN.  Təəssüf ki, atam heç vaxt mənə  belə nağıllar danışmayıb... Bir ora bax, yoldaş sinoptik, hələ də günəş yoxdur.
NİNO. Olacaq.
LEVAN. Nə danışırsan? Günəşin doğacağını söyləyirsən, amma hər ehtimala qarşı özünlə plaş götürürsən. Öz zənninə inanmırsan, nədir?
NİNO. İnanıram, zənlərə də inanıram, nağıllara da hələlik inanıram. Yaxşı, plaşı çantaya qoyuram ki, o, səni təlaşa salmasın.
LEVAN. Avtobus nə isə gəlmir.
NİNO. Yağış çox çəkməz.
LEVAN. Yaxşısı budur, plaş geyəsən, soyuqdur.
NİNO. Eybi yox, indi gün  çıxar, isinərəm.
LEVAN (gülümsəyir). Atam isə həmişə soyuqdan qorxardı. Bilirsən niyə? O vaxt, yəni anam ilk dəfə onun haqqında söz açanda mən özümdən çıxıb atamı “dəmir -beton eqoist” adlandıranda, anamın rəngi ağappaq ağardı, yavaşca məndən xahiş etdi ki, onun barəsində belə danışmayım. Anam uzun müddət danışmadı, sonra güclə eşidiləcək səslə: “Bizim ayrılmağımızda”, - dedi, “hər ikimizin günahı var”: onun da, mənim də. Yalnız bir nəfərin günahkar olduğu hallar olmur. Madam ikimiz də təqsirkarıq, hakim ikidir: onun hakimi mən, mənim hakimim - o... Sənin mühakimə etməyə haqqın yoxdur... Mənim daha çox günahım var. Ona görə ki. sənin qarşında günahkaram. Həm də ona görə ki, onun yaxşı keyfiyyətlərindən danışıb səndə öz doğmaca atana qarşı məhəbbət hissi tərbiyə etməmişəm (sükut). Qardaşımın olmağı haqqında xəbər bizə çatanda üstümüzə sanki qaynar su töküldü. Elə bil anam bu neçə ildə nə isə gözləyirmiş və birdən.....
(Qatarın fit səsi)
Bayaq nədən danışırdım? Hə... soyuqdan... Sağlam və möhkəm kişi olan atamın hava cərəyanından və soyuqdan nə üçün belə qorxması məni təəccübləndirirdi... Həmin gün bu suala da cavab tapdım... Anam onun bəzi məktublarını mənə oxumuşdu, onlardan birini - müharibədən yazdığı məktubu xahiş edib anamdan almışdım. Özümdə saxlayırdım, budur... Həmin məktubu o, toyları olmamışdan xeyli qabaq yazmışdı. İstəyirsən al, oxu.
NİNO. Yaxşı.
GEORGİ MATARADZENİN SƏSİ. Qəribədir.... Mən atamın üzümlüyündən dağlara baxanda həmin dağların zirvəsindəki qar mənə gümüşü və pərqu kimi yumşaq görünmüşdü. Amma qarla əhatə olunmuş mağarada əyləşdiyim bu bir neçə gündə əmin oldum ki, o, ağır, soyuq və rəhimsizdir. Onun rəhimsizliyindən qulaqlarımda öldürücü sükut, qəlbimdə ümidsiz boşluq vardı. Bütün bunlardan adam ağlını itirə bilərdi. Bu gün Karlo dözə bilmədi. O, bütün gecəni sayıqlamaqla keçirmişdi.  Səhər tezdən isə, heç nə olmayıbmış kimi sakitcə ayağa qaxdı, mağaradan çıxıb qarın üzəri ilə qaçmağa başladı. Həmin dəqiqə o fikirləşmirdi ki,  bizim hamımızı, o cümlədən bizim hamımızı aşağıda məskən salıb bu dağlar uğrunda mübarizəyə hazırlaşan adamlar üçün son dərəcə əhəmiyyətli olan radio postu ələ verə bilər. O, ağlını itirdiyindən qaçırdı. Xoşbəxtlikdən otuz addımdan sonra qar uçurumuna düşüb yox oldu. Ona görə “xoşbəxtlikdən” deyirəm ki, əgər o daha iyirmi addım da irəli getsəydi, almanlar onu görəcəkdilər. Və onda yarım saatdan sonra artıq mən, Rezo Pirtsxalava və ordu radioverici aparatı daha mövcud olmayacaqdı... Mən “xoşbəxtlikdən” deyirəm ki, o isə anasının yeganə ümidi idi... Fikir verib Rezonun izlərə necə acgözlüklə baxdığının şahidi oldum. Onun əl qolunu bağlayıb, sarıyıb öz şinelimlə bürüdüm. Hər saatdan bir radioverici aparatı işə salıram. Mən yalnız bir siqnalı gözləyirəm. O, görünən kimi aşağıdakıları xəbərdar edəcəyəm. Sonra məhv olmaq da mümkündür. Amma yox. Bəs mənsiz necə keçinərsən? (sükut). Rezo hələ nəfəs alır. Onun gözlərinə baxmamağa çalışıram. O özünün Batumi ünvanını mənə deyib. Orada onun yolunu arvadı ilə qızı gözləyir. Xahiş edib ki, bizlərdən də hansı birimiz buradan qurtula bilsək, onlara kömək əlimizi uzadaq. Mən də hər ehtimala qarşı səni haradan tapmaq mümkün olduğunu ona demişəm. Radioverici aparatı işə salıram. Gözlərim yumula-yumula qulaq asıram: ağrı göz qapaqlarımı qaldırmağa imkan vermir. Mağarada sakitlikdir, efir isə guruldayır. Rezonun baxışları ilə qarşılaşmamaq üçün gözlərimi açmıram. İki dəqiqə qulaq asır, əlli səkkiz dəqiqə gözləyirəm. Radioverici aparat hələ işləyə bilər. Amma biz özümüz haldan düşmüşük: yeməyimiz də, buradan azad olmaq ümidimiz də tükənib. Ən azı üç sutka burada olmalıyıq, artıq on birinci günü burda keçiririk. Müharibədə belə şeylər olur... Efir guruldayır... Kimsə tələsik və solğun, güclə görünə biləcək üç rəqəm vurur... Həmin rəqəmlərdən elə bil bütün bədənimə elektrik cərəyanı yayılır. Elə bil bir nəfəsə təzə çaxırı başıma çəkirəm. Bəli. əmri eşidirəm, komandir. Rezo, gözünü aç qardaşım. Bu dəqiqə aşağıdakıları xəbərdar edəcəyəm... Bir neçə saatdan sonra yayılım atəşindən qar göyə sovrulur. Bu, bizim xilas olmağımız... bizim qələbəmiz deməkdir!
NİNO. Başa düşmürəm... Bütün bunlar sonradan niyə alt-üst oldu? Başa düşmürəm. Həyatda iki ağıllı və güclü insan təsadüfən qarşılaşmayıb. Onlar bir-birilərini sevirlər axı. Axı atanız bihudə yerə odun-alovun içərisindən sağ-salamat çıxmayıb! Ananın vüsalının eşqi ilə yanıb. Bu məhəbbət ona qol-qanad verib. Elə həmin məhəbbətin gücündən o sağ qalıb. Bəs sonra? Hərbin qulağı  batandan sonra? Onlar qovuşandan sonra? Bəs o səadət nə oldu? Hansı döngələrdə azdı? Deyirsiniz hər şüyə bais məğrurluq, eqoizm, güzəştə getməmək oldu? Yəni bütün bunlar bizdən güclüdür?
LEVAN. Həmin gün mən anamdan soruşdum ki...
NİNO. Bəs atandan? Heç olmasa bir dəfə atandan xəbər almısan? Nə üçün iyirmi ildə atanla bir dəfə söhbət etməyə vaxt tapmamısan? Aydındır. Sən qatara tələsirdin. Qatarlar isə elə dözülməz olub ki...  Hardasa oxumuşam ki, hərəkət surəti yalnız mühərrikin gücünün hesabına deyil, həm də dayanacaqlardakı dayanmaq vaxtının qısaldılması hesabına artır. Dahiyanə fikirdir. Amma qatar yalnız və yalnız maşındır, biz isə insan. Maşınlar bizə qulaq asmalıdır, biz onlara yox. Axı nə üçün səndə belə bir fikir baş qaldırmadı ki, həmin anda sonuncu ilmə sənsən. Səndən çox şey asılıdır? Axı sən hər zaman hər yana gecikirsən. Bəs nə üçün atanı burda, bu pəncərənin qarşısında görə-görə həmin qatara gecikmədin?
LEVAN. Anam aydın ifadə etmişdi: mən onlar üçün hakim ola bilməzdim.
NİNO. Hm, hakim. Mühakimə etmək hər şeydən asandır. Həkim yox, sadəcə insan olmaq lazım idi. Atanı ovundurmaq, xoş-hal etmək üçün kağıza belə heyfin gəlib. Axı onun sinəsində kəfkir yox, ürək döyünür. O ürəyi isitmək lazım idi. Atan bütün ömrü boyu isinmək nə olduğunu bilməyib!
LEVAN. Niyə ki? Bəlkə ikinci arvadı ilə....
NİNO. Onun ikinci arvadı olmayıb.
LEVAN. Necə? Bəs Tamaz?
NİNO. Tamaz var. Atanın arvadı isə olmayıb...  Ümumiyyətlə, o heç bir qadınla ünsiyyətə girməyib.
LEVAN. Heç nə basa düşə bilmirəm.
NİNO. Burada elə bir fəlsəfə yoxdur. Qatarın həqiqətən səni elə uzaqlara apardığını başa düşəndə atan Tamazı uşaq evindən götürüb tərbiyə etməyə başladı.
LEVAN. Uşaq evindən? Ancaq atam elə edərdi ki...
NİNO. Hə... Amma özün dedin ki, onun həyatında heç vaxt elementar məntiq olmayıb.    
LEVAN. Demək, Tamaz... mənim qardaşım deyil?
NİNO. Bu səni sevindirdi, yoxsa kədərləndirdi?
(sükut)
O, atanı ata gözündə görür.
LEVAN. Yəqin ki...
NİNO. Onun doğma atası olmadığını Tamaz bilir... Atan onu yanına gətirəndə Tamazın beş yaşı vardı. Bax, səndəki şəkil də həmin vaxtlar çəkilib.
LEVAN. Tamaz onu dərhal “ata” çağırmağa başladı?
NİNO. Əlbəttə yox... Əvvəlcə Georgi adlandırdı, Georgi dayı yox, sadəcə Georgi... Yalnız bir neçə il sonra...  Həmin anı yaxşı xatırlayıram... Yeni il qabağı idi. Bayrama bir həftə qalırdı. Atanı ezamiyyətə göndərdilər. Gedərkən o, Tamazı bizdə qoydu və ona yeni il axşamı gəlib çıxacağını və meşənin özündən tər təzə yolka ağacı gətirəcəyini vəd etdi. Bütün həftəni Tamaz darıxmış halda gəzib dolanırdı. Bunu büruzə verməməyə çalışsa da, axırıncı gün dözə bilməyib öz otağına getdi. Anama dedi ki, Georgini orda gözləyəcək. Biz evdə yolka qurmuş, qəşəngcə onu bəzəmişdik. Hər nə lazımdırsa, yeni ilə hazırlıq görülmüşdü. Nə qədər çağırdıqca, o, otaqdan çıxmadı. Kitab əlində bütün günü pəncərənin qarşısında oturdu. İşin tərsliyindən onun Georgisi də gecikdi... Hava get-gedə qaralırdı. Qürub yanğın kimi üfüqü bürümüşdü. Biz Tamazı nahara, şama dəvət etdik. O, isə inadla boyun qaçırırdı: “Georgini burda gözləyəcəyəm”. Vəssəlam. Onda anam məni onun yanına göndərərək: “Yazıq uşaq”- dedi. –Get, yeni ili onunla keçir. Mən Tamazı əyləndirir, darıxmağa qoymurdum. Pəncərədən harasa tələsən adamlar görünürdülər. Əllərində yolka ağacı, hədiyyələr vardı. Haradansa arasıkəsilmədən həzin musiqi səsi gəlirdi... Qaranlıqda oturub musiqiyə qulaq asır, onun kəsilməsini istəmirdim. Baxıram, Tamaz da sim kimi gərilib. Oturub nəfəs almır. Həmin musiqiyə qulaq asa-asa elə divandaca bizi yuxu tutdu. Yuxuda gördüm ki, Şaxta baba Georgiya çox oxşayır. O yolkanı kətilin üstünə qoyub əlini yellədi. Yolka çilçıraq içərisində yanırdı, üzərindəki oyuncaqlar səslənir, bütün ətraf fırlanır, rəqs edirdi. Kimsə üsulluca məni əlləri üzərinə qaldırır. Gözlərmi açıb baxıram. Bu ki, bizim Georgidir, gülümsəyir. Şaxta baba kimi üst-başı qardır, necə deyərlər, qardan kürk geyib. Otağın ortasında kətilin üstündə isə yolka dimdik dayanıb... Yuxuda olduğu kimi. Təravətli, ətirli yolka. Amma oyuncaq əvəzinə onun qol-budağından konfet asılmışdı. Hə pambıq da qar kimi ağarırdı. Tamaz ayağa sıçrayır, əvvəlcə yolkaya sarı atıldı: “İndi onu yuxuda görürdüm” – dedi. Sonra Georgiya sarı yüyürüb qışqırdı “Eşidirsən, ata?”  Bütün gecəni oynadıq, atılıb düşdük... Həmin gecədən Tamaz Georgini “Ata” deyə çağırır (sükut).
LEVAN. Afərin, sinoptik. Axır ki, dediyiniz kimi oldu. Gün çıxdı. Səninlə dənizdə də, səmada da olmaq olar... Yüz faizli proqnoz, məncə, sizdə belə ifadə edirlər?
NİNO. Doğrudur.
LEVAN. İstəyirsən mən də... yüz faizli proqnoz irəli sürüm?
NİNO. İstəyirəm.
LEVAN. Atam sağdır.
(sükut)
Sağdır... Sən bayaqdan onun haqqında danışırsan, amma bir dəfə də olsun keçmiş zaman işlətməmisən. İndiki zamanda danışırsan.
NİNO (astadan). Əhf edin. Belə etməyə yəqin ki, lüzum yox idi... Bir yandan baxanda isə, əslində səni aldatmamışam. Onsuz da sənin üçün o çoxdan ölüb. Ancaq bu gün nədənsə istəyirdim ki...
LEVAN. Dayan. Axı bu gün... Bu gün onun anadan olan günüdür.
NİNO. Sən demə, bir çox şeyləri hələ də unutmamısan.. Hə, gedək... Yoxsa geri qayıtmaq üçün qatarı gözləmək istəyirsən? Amma bu səfər atan səndən inciməyəcək: mənim teleqramımdan onun xəbəri yoxdur...
LEVAN. Avtobus gəlmədi?
NİNO. Taksi saat beşdən işləyir... Qəsdən sənə demədim. Yağışda getmək istəmirdim... Buna görə də bağışla...
LEVAN. Al bu alışqanı. Madam, atamın belə bir alışqanı var, bunu xatirə kimi götür... Amma bir xahişim var: məni ötürmə. Onun yanına özüm gedəcəyəm.
NİNO. Onun yanına... Bu gün Tamazın da ad günüdür.
LEVAN. Sənə necə təşəkkür edəcəyimi bilmirəm. İcazə ver alnından öpüm. Səni doğan anaya halal olsun... Hə, mən getdim...
                               Həmin yeni il axşamında çalınan musiqi eşidilir.
NİNO (zəng edir). Allo... mənəm...
TAMAZ (şən). Hər şey qaydasındadır. Sonetlə yuyundum, indi oturub səhər yeməyinə sonet yeyirəm.
NİNO. Sizin küçədə hələ də buludlar ora-bura qaçır?
TAMAZ (səsinin tonunu  dəyişərik). Yox... Bizim küçədə əla gün var, bəs siz tərəflərdə?
NİNO. Biz tərəflərdə pəncərə arxasında, lap yaxınlıqda göy qurşağı görünür. Əlimlə ona toxundum.
TAMAZ. Hə, necədir göy qurşağı?
NİNO. İstidir... İstədim bir tikə səninçin də kəsib götürüm. Bilirsən niyə? Həmişə sənə isti olsun.
TAMAZ. Lazım deyil... Sən kəsib götürürsən, ikincisi kəsib götürər, bəs üçüncüyə nə qalar? Hə, bəs sənin hədiyyən nə oldu? Bir şey fikirləşib tapdın?
NİNO. Əlbəttə.
TAMAZ. Qulaq as, mənə göy qurşağısız da isti oldu. Sənin hərarətin keçmədi ki?



Tərcümə edəni və radio üçün işləyəni:
Akif ABBASOV
 E-mail: prof.akif@mail.ru




Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ