Şəfa EYVAZQIZI - Kağız gəmilər kimi Didilir ümidlərim

Bu yazıya counter dəfə baxılıb
Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir. Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.
*** Kağız gəmilər kimi Didilir ümidlərim Gözlərimin yaşında. Mən görürəm taleyin Sonu necə olacaq Ömrümün bu başında. Varsa aclıq, səfalət Sevinc qərar tutarmı Yurdumun yurddaşında? Torpaq hələ əsirsə, Yadın dırnaq altında Söylə, nələr qalacaq Gəncliyin yaddaşında?!
02.01.2014. *** Adam...
Hələ nə yazmışam, mən sənə dair?! Bütün sətirlərin ünvanı, adam. Yenə gəl, bu yollar sevinsin bir az, Salxaq xatirələrin mehmanı, adam.
Sən ümid yerisən yetən arzumun, Korun ocaqlarda tütən arzumun, Bir rəsmin xəttində itən arzumun Zərrədən başlayan ümmanı, adam.
Ünvansız şeirlər bitəcək səndə, Ömür bir gün kimi ötəcək səndə, Nəm çəkən nəzərlər itəcək səndə, Bu günün sabahkı gümanı adam... 07.12.2013 *** Məzəmmət edirsən məni, "Necə acılaşıb dilin" deyirsən. Sənə ağır gəlir acı sözlərim? Şükr elə, ay bəxtəvər, Bu nədir ki görürsən?!
"Necə acılaşıb dilin" deyirsən, Deyəsən yatmısan fil qulağında. Ay insan, büsbütün dəyişən sənsən... Durmusan yad ömrün astanasında.
Deyəsən yatmısan fil qulağında, Əllərin bir başqa əl içindədi. Dəyişib səsinin yumşaq tonu da, Saxta təbəssüm də el içindədi.
Əllərin bir başqa əl içindədi, Baxışın borc alıb zirvədən buzu. Sən bütün dəyişib özgə olmusan, Mənim dilim acılaşıb çoxdumu?! 2013. *** Balıq yaddaşlı Yaddaş kitabçasından sil nömrəmi, Onsuzda izim yox sənin ömründə. Verdiyin sözləri unutmusan, bilirəm... Unut elə keçmiş kimi məni də. Sən mənim ömrümdə əsas pərdəsən, Harasa tələsən ömrü təlaşlım. Unuda-unuda yaşadığı hər şeyi... Unudacaq özünü balıq yaddaşlım... 2013 *** Məhəbbət Nə qədər qaçsan da küncə bucağa, Gəlib düz içindən keçər məhəbbət. Doldurar badəyə şərbət əvəzi, Axan göz yaşını içər məhəbbət.
İcazə istəməz, çalar qəlbini, Göz yaşı gətirər, verməz səadət. İçində cücərən yaşıl ümidi, Qazıyar kökündən, biçər məhəbbət.
Qapayar, gözlərin doğrunu görməz, Dilində bal dadar acı həqiqət. Getmək istədimi əliboş getməz, Ruhunla dünyadan köçər məhəbbət.
Dəlib ürəyini keçsə də gözəl, Axan göz yaşını içsə də gözəl. Ruhunla dünyadan köçsə də gözəl... Nəğmədi, haraydı, haydı məhəbbət Tanrıdan insana paydı məhəbbət...
16.04.2013 *** Tufan yoxluğun
Bilmirəm nə olar, nə ola bilər? Qorxuram bir daha açılmaz səhər. bəlkə də al günəş qara boyanar, mən səndən əlimi üzmək istəsəm.
Əlini əlimdən qopara bilər, sənin yoxluğun var, tufandan yaman Hicranın ruhumu göyə sovurar, Səni bu dünyada gəzmək istəsəm.
Acı da söyləsən bal dada bilər, Sənin həsrətinin dadı başqadı. Hər hissəm bir yola bələdçi olar, Qəlbimi yoluna düzmək istəsəm.
Dünya məhvərindən oynaya bilər, Azalar yaxşının biri dünyada. Kim bilir bəlkə də qiyamət qopar... Mən sənin dərdinə dözmək istəsəm.
10.04.2013 *** Sən də gətir xəyallarını tök ortaya, mən də... saf-çürük edək, qarışdıraq. bəlkə dəyərli bir şey çıxar içlərindən yaşamağa... 2013 *** MƏNİM YARIMÇIQ ŞEİRİM...
Dağınıq fikirlərim kimisən bu gün yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə yarı başqa yerdə, başqa evdə, başqa aləmdə...
İş masamın üstünə düzülüb xəyalların... Bütün kağızların bir tərəfində sənin şifrələnmiş adın, bir tərəfində mənə aid cızma-qaralar... Eynən duyğularım tək qarma-qarışıq...
Yağış döyən pəncərəmdə görünür bir ara üzün, Diksinib baxıram... "yanıldım" yenə o hüzn...
Bir tərəfdə sırf özəl əşyalar, gizlədilmiş bir neçə qeyd, rəsimlər, köhnə kağızlar... Soldakı çərçivədə rəsm - sonuncu xəyal, kiçik bir ailə, kiçik ev, məsum uşaqlar...
Önümdə yazdığım bir neçə sətir - hələ tamamlanmamış yarımçıq şeir... nədənsə istəmirəm sonuncu cümləni yazmaq...
dağınıq fikrilərim kimisən bu gün yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə yarı başqa yerdə, başqa evdə , başqa aləmdə...
Sən mənim yarımçıq şeirim kimisən heç vaxt son cümləsi yazılmayacaq... 2011 *** Çıx get ürəyimdən
Gəl çək öz köçünü duyğularımdan, Çıx get ürəyimdən,daha sevmirəm. Yuxuydun yox oldun sən həyatımdan, Çıx get ürəyimdən,daha sevmirəm.
Döndün ümidimin göz yaşına sən Aldandın kiminsə göz-qaşına sən. Köçdün taleyimin yaddaşına sən, Çıx get ürəyimdən,daha sevmirəm.
Sevmək,sevilmək də yalanmış demə Sevgin özü boyda yükdü qəlbimə, Sən layiq deyilsən mənim sevgimə Çıx get ürəyimdən,daha sevmirəm.
2006
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ