İTKİN

Bu yazıya counter dəfə baxılıb

Akif Abbasov


Fəyaz bir il olardı ki, yoxa çıxmışdı. Evdəkilərin dəymədik¬ləri, soraqlaşmadıqları yer qalmamışdı. Fəqət “gördüm” deyən tapılmırdı ki, tapılmırdı. Axtarışlar səmərəsiz qalırdı. Fəyaz qazanc dalınca Rusiyətə getmiş, geri qayıdarkən qeybə çəkilmişdi. Anası Tutibikənin ağlamaqdan gözlərinə tor gəlmişdi. Atası Murad da infarkt keçirmişdi. Fəyazı nişanlamışdılar. Kasıbçılığın üzü qara olsun. Yoldaş¬larına qoşulub Rusiyətə getmişdi ki, bir mərifətli toy edə, gəlinə əyin-baş, zinət şeyləri ala bilsin. Nişanlısı Könül yalvarıb-yaxarmış: “Fəyaz, getmə”, - desə də, o, qulaq asmamış, “Əlimə bir az pul toplayıb qayıdacağam” cava¬bını vermişdi. Rusiyətə işləməyə gedənlərin əlləri pulla oynayırdı. Qayıdıb gəlir, özlərinə imarət yapır, maşın alır, restoran, mağaza tikdirir¬dilər. Ya bacı-qardaşları bu mağazada işləyir, ya da mağazanı icarəyə verib, pulunu üst-üstə yığdırırdılar. Könül də belə varlı-karlı olmaq istəyirdi. Lakin onu qorxudan bir məsələ vardı. Qazanc dalınca Rusiyətə gedən bəzilərinin evlərinə meyitləri gəlib çıxırdı. Onların qazandıqları pulları mənimsəyib özlərini də öldürürdülər. İndi əllərini qoynuna qoyub gözlərini uzaqlara dikən Könül varından yox olur, bir-birinin ardınca köks ötürürdü. Ağlına gələn başına gəlmişdi. Dünyalar qədər sevdiyi Fəyaz gəlib çıxmaq bilmirdi, öldüsü-qaldısı bilinmirdi. “İlahi mən nə günahın sahibiyəm ki, mənə bu zülmü çəkdirirsən?!. Hələ nişanlı ikən sevdiyimi itirdim!” düşünən Könül göz yaşlarını sinəsinə axıtdı. Onlar Fəyazgillə qapı bir qonşu idilər. Pəncərənin ağzında da¬yanar, baxışlarını qonşu evə, həyətə zillər, hər an bir xəbər gözlərdi. Xəbər isə yox idi. Həyətdəki ağaclar da sanki xiffət edirdilər, baş¬larını aşağı dikmişdilər. Fəyazın yoxluğunu toyuq-cücə, mal-heyvan da duyurdu. Həyət-bacada hay-həşir qoparmır, sakitliyi gözləyir¬dilər. Tutibikə də, Murad da, onların övladları da nə zaman həyətə düşsəydilər, Könülü əlləri qoynunda baxışlarını uzaqlara zilləmiş görərdilər. Bir yandan Fəyazın yoxluğu, digər yandan da Könülün bu qəlbpartladıcı hərəkəti ailəni dərdə salmışdı. Həyətə naməlum adam girmişdi. Onu birinci Könül gördü. Bu şəxslə əvvəllər heç yerdə rastlaşmamışdı. O, kənd adamına, heç rayon camaatına da oxşamırdı. Könülün qəlbində bir qığılcım alov¬landı, ümid yarandı: ”Kaş Fəyazdan bir xəbər gətirmiş ola”. Ev sahibini soraqladı. Onu içəri apardılar. Hikmətin ilk sözü bu oldu: -Oğlunuz Fəyaz sağdır. Evdəkilər sevindiklərindən Hikmətin əl-ayağına düşdülər. Tutibikə cəld qızı Gülnazı bir kənara çəkdi: -Get, Könülə xəbər ver. Gülnaz qaçaraq getdi. Az sonra Könülün atası ilə anası da gəldilər. Süfrə salındı. Samovar çayından sonra ortaya quzu ətindən küftə-bozbaş, kotletlə kartof qızartması gətirdilər. Yarım litrlik ara¬ğın da ağzı açıldı. Süfrə başındakılar sağlıq deyir, yeyib-içir, söhbət edirdilər. Qadınlar, oğlan və qızlar da o biri otaqda deyib-gülür¬dülər. Hamısının kefi kök idi. Sizə zarafat gəlməsin. Bir il idi ki, yasda idilər. Bundan şad xəbər olmazdı. Ortaya çay gəldi. Kişilər Hikmətin sözə başlamasını gözləyir¬dilər. O, ağır-ağır dilləndi: -Murad dayı, vəziyyət soyuqqanlı olmağı tələb edir. Mənim bura gəlməyimi sizdən qeyri kimsə bilməməlidir. Polisin bilməsi isə qətiyyən lazım deyil. Yoxsa Fəyazın axırına çıxarlar. Hikmətin bu sözündən Murad da, Könülün atası Mustafa da bərk qorxuya düşdülər. Murad soruşdu: -Oğlum hansı günahın sahibidir ki, bir ildir ondan xəbər-ətər yoxdur. Sağdırsa, niyə evə gəlmir, başında nə qəza var? Xəstədir? Hikmət onları intizarda saxlamaqda davam edərək: -Fəyaz girov saxlanır. Onu girov götürənlərin şərtləri var. Həmin şərtlər yerinə yetirilən kimi onu azad edəcəklər? Bu dəfə Mustafa dilləndi: -Nədir onların şərtləri? -Siz söz verməlisiniz. İlk növbədə mənin təhlükəsizliyim qorunmalıdır. Mənə bir şey olsa, Fəyazı da sağ qoymazlar. Qudalar bir ağızdan cavab verdilər: -A kişi, bizə nə pislik edirsən ki, səni ələ verək. Bir ilə yaxındır intizardayıq, dərd-qəmdəyik. Yediyimiz-içdiyimiz haram olub. Boğazımızdan keçmir. -Elə isə, girov götürənlərin şərtlərini deyirəm. Razılaşsanız – Fəyaz sizin, razılaşmasanız – oğlunuzu bir daha görməyəcəksiniz. -Əlbət razılaşarıq. -Əlli min manat istəyirlər. Muradla Mustafanın boğazı qurudu. Hər ikisi bir ağızdan: -Əlli min manat? -Bəli, əlli min manat. Muradla Mustafa bir-birinə baxdılar. Kənd yerində bu qədər pul kimdə ola bilərdi? Gərək qapı-qapı gəzib, dilənəsən, yalvarıb, dil çıxarıb yığasan. Yığdın, bəs sonra? Axır bu pulları qaytarma¬lısan. Amma razılaşmaqdan başqa çarə yox idi. Odur ki, tez: -Biz razı, - dedilər. Hikmət sözünə davam etdi: -25 min manatı indi verirsiniz, qalanını da oğlunuzu təhvil alanda. Qudalar əl-ayağa düşdülər. Fəyazın tapılma xəbəri onları o qədər sevindirmişdi ki, çağırılmamış qonağın bircə adını soruşmaqla kifayətləndilər. O da ağzına gələn ad dedi: “Qulam”. İndi qudalar ondan necə xəbər alsınlar ki, kimsən, harada yaşayırsan, pasportunu göstər. Xətrinə dəyər. Üzünü çevirib gedər, ondan sonra gəl axtar görüm Fəyaz haradadır, kim onu girov götürüb, harada saxlayırlar, o, nə yeyib-içir? Polisə xəbər versələr, Fəyaza xətər toxundurarlar. Mustafa gedib on min manat gətirdi. Könül sevincindən qanad açıb uçurdu. Bir ilə yaxın idi ki, Mustafa onu belə şən görməmişdi. Bir ətək pul töksəydi belə, Könülün kefini indiki kimi aça bilməzdi. Murad da küncü-bucağı töküşdürüb 8 min 300 manat pul düzəltdi. Qalanını da gecəylə Tutibikənin dayısından aldılar. Vədə¬ləş¬dilər ki, pulun qalanı qonşu rayonda təqdim olunacaq. Sabira¬ba¬dın mərkəzindəki “Əlibala market”in qabağında onları gözləyə¬cəklər. Qalan pulu da gətirərlər, Fəyazı təhvil alarlar. Hikmət çıxıb getdi. Həmin gecə Mustafanın da, Muradın da ailəsində yatan olmadı. Səhəri diri göz açdılar. Səhər ertədən evdə hazırlıq işləri görülməyə başlandı. Quzular kəsildi, qazanlar asıldı. Qohum-əqrəbadan daha 25 min manat da toplayıb, Mustafanın oğlu Baloğlanın “Jiquli”sində Sabirabada yola düşdülər. Fəyazı gör¬məkdən ötrü onların ürəyi tir-tir əsirdi. Könül də onlara qoşulub get¬mək istəmişdi. Mustafa: “Ayıbdır, qızım, səbrin olsun, gələr, görərsən”, - demişdi. Bir saatdan çox vaxt keçmişdi. Özünü Qulam kimi qələmə vermiş Hikmət gəlib çıxmaq bilmirdi. Bu minvalla onlar dalbadal üç gün Sabirabada gəlib-getdilər. Üç gün, özü də hər dəfə 2-3 saat “Əlibala market”in qarşısını kəsdirib dururdular. Qulam nə gəzirdi? Axırda “Əlibala market”in sahibi onları içəri çağırıb çay verdi. Bu neçə gündə onların burada nə üçün dayandıqlarını, kimi gözlədiklərini soruşdu. Qudalar başlarına gələni danışdılar. Marketin sahibi onlara acıdığını bildirdi: -Hələ yaxşı qurtarmısınız. 25 manatınız cibinizdə qalıb. Zərə¬rin yarısından qayıtmaq da xeyirdir. Dələduza rast gəlmisiniz. Qudalar yanıb-yaxıldılar: -Demək, bizə kələk gəliblər, bizi ələ salıb, barmaqlarına dolayıblar? -Bəli, belə görünür. - Maraqlıdır, görəsən, bu əhvalatı haradan öyrənib? Sahibkar sualı cavabsız qoyub Qulam deyilənin nəm-nişanı ilə maraqlandı. Təsvir etdilər. Sahibkar əlini əlinə vurub: -Hə, bildim, bu Hikmət olacaq. Hikmət məşhur fırıldaqçıdır, dələduzdur. O, axtarışdadır. Tez polisə xəbər verin. Qudalar suallarını təkrar etdilər: -O başqa rayondandır. Bəs bizim əhvalatı haradan öyrənib? -Ona Hikmət deyərlər. Yəqin kimsə söhbət edəndə eşidib. Qudalar ayağa qalxdılar. * * * Əvvələ qayıdaq. Hikmət avtobusla İmişliyə gedirdi. O, quşdan ayıq idi. Bir fürsət axtarardı ki, ondan yararlansın. Özü də indiki vaxtında. Əli aşağı idi. Xoşbəxtlikdən belə bir imkan yarandı. Qabaq cərgədə oturan orta yaşlı qadınların söhbəti onu özünə cəlb etdi. Evdəgül soruşdu: -Ay Çöldəgül, qonşunuz Murad kişinin yetimçəsindən bir xəbər var? Çöldəgül acı təəssüf hissilə: -Hardan, ay Evdəgül?! Yazıqlar iynə üstündə oturublar. Sağ-salamat gedəsən, nə ölün gələ, nə dirin. Ay parçası kimi igid bir oğlan idi. Yada düşəndə adamın tüstüsü başından çıxır. -Özü də, deyəsən, nişanlı idi. -Day demə. Bir yandan Muradgil, Tutibikə, o yandan Mustafa Gülbaharla qalıblar odla su arasında. Yazıq qızcığaz... Könülü deyirəm, Fəyazın adaxlısını, bədbəxt oldu. -Bədbəxt niyə olur? Əl dəyməyib, qız uşağıdır. Başqa birisinə gedəcək ərə. Çöldəgül onunla razılaşmadı: -Elə demə, ay Evdəgül. Yaxşı, sədaqətli qızdır, tərbiyəlidir, ev uşağıdır. Evdəgül elə çaldığını çalırdı: -Vay ölənin, itənin halına. Torpağın üzü soyuqdur. 3 ay, beş ay, bir il, iki il axırda unudacaq. Uzağı birisinin qoynuna girənəcəndir. Adını necə dedin o oğlanın? -Fəyaz. -Onun Rusiyətdə nə iti azmışdı? Yəni niyə getmişdi? Nə işlə məşğul idi? -Nə işlə məşğul olduğunu bilmirəm. Bir parça çörəyin dalınca getmişdi binəva. Qazandıqlarını toy bazarlığına xərcləyəcəkdi. Kəndlərdən birinə çatanda qadınlar avtobusu saxlatdırdılar. Hikmət yolun kənarındakı dirəyə baxdı. Kəndin adı yazılmışdı: “Arazqırağı”. Hikmət hələ xeyli yol getməli idi. Lakin qadınların düşdüyünü görüb o da ayağa qalxdı. Heç kim bilet almamışdı, yol haqqını sürücüyə verirdilər. Odur ki, kimin harada düşəcəyini yalnız sərnişinlərin özləri bilirdilər. Hikmət xeyli məsafə saxlayıb qadınların ardınca getməyə başladı. O, Çöldəgülü qaralamışdı. Fəyazgillə qonşu olan o idi. Hikmət dayanıb siqaret çəkdi. Eyni zamanda Çöldəgülü gözdən qoymadı. Qadınlar xudahafizləşib ayrıldılar. Hikmət Çöldəgülün hansı həyətə girdiyini gördü. Demək, onunla qonşuluqdakı evlərdən biri Muradın, Fəyazın atasının evi olmalı idi. O tərəflərdə uşaqlar oynayırdılar. Hikmət ağır addımlarla onlara yaxınlaşıb Muradın evini xəbər aldı.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ