Tural Sahab
Məscidlə kilsənin kölgəsində eşq hekayəsi.
Elfida mavi gözlü, sarı saçlı
xiristian qızı . Tanrının gözəl əsəri . Baxanlar aşiq olmadan keçə bilmir. İncə dodaqları ilə səlist
danışır , səsi bahar gecələri axan dağ çaylarının səsi qədər aydın və gözəl.
Boynundan asdığı xaçmı gözəlləşdirir onu, yoxsa o gözəl boynumu xaçı bilə bilmir insan. Barmaqları o qədər incədi ki,
insan toxunmağa, əlindən tutmağa qorxur, incitməmək üçün. Gözlərində bir ümmanın dərinliyi,
bilinməzliyi var bu qızın. Onunla danışa bilənlər, gözlərində özlərini görürlər .
Elfida dininə bağlı xiristian idi. Həftə sonları kilsə ayinlərinə qatılar, ön sırada əyləşər və diqqətlə rahibi dinləyirdi. Hər zaman Tanrını
və İsanı düşünər, incili mütaliə edər , insanlara əlindən gəldiyi qədər
yaxşılıq edərdi. Yaşadığı şəhərin uşaqları bir mələk olduğunu düşünür, qocalar isə yeni bir xiristian əzizəsi olduğuna inanırlar .
Həftə sonları kilsədən çıxar , dostları ilə mütləq ya körpələr evini, ya da
qocalar evini ziyarət edərdi. Uşaqlara hədiyyələr alırdı , onun üçün də bazar günü oldumu, uşaqlar həsrətlə
onu gözləyərdilər. Elə ki , həyətdən içəri
girdiyini gördülər, tez həyətə qaçır, onun ətrafında sevgi ilə dövrə
vururdular. Qocalar evini ziyarət etdiyi zaman isə incil oxuyar, ölümü gözləyən
insanlara Tanrı və İsa sevgisini aşılamağa çalışardı. Bax belə bir qızdı,
Elfida
Bu şəhər öz qədimliyi,
tarixi binaları bir də iki dinin nümayəndələrinin bir yerdə əmin -amanlıq içində yaşaması ilə seçilirdi. Müsəlmanlar və xiristianlar
dostca yaşayırdılar. Kimsə, kimsənin yanlışda olduğunu isbat etməyə çalışmadığı
üçün narazılıq yaranmırdı. Qurban və
Ramazan bayramlarında müsəlman qonşularını təbrik edirdilər. Ramazan ayı ərzində
müsəlmanların oruc tutduqlarını bildikləri üçün onların gözləri qarşısında heç
nə yemir , içmirlər. Qurban bayramında isə onların qurban paylarını böyük
sevinclə qəbul edirdilər. Müsəlmanlar da həmçinin İsanın doğum gününü xiristian
qonşuları ilə bir yerdə olmağa, onları təbrik edib, hədiyyələr verməyə səy göstərirdilər
.
Bunların arasında bir tək evlilikdən söz gedə
bilməzdi. İndiyə qədər heç kimsə öz dinindən olmayan biri ilə evlənməmişdi. Heç
sevgi də olmamışdı, dillərə düşəcək qədər böyük. Sadəcə dindar olmayan insanlar gəzir, əylənirdilər, lakin heç onlar
da bu munasibətləri rəsmiləşdirməyə cəhd etmirdilər. Sanki hər kəs nədənsə
qorxurdu . Axşamları və sabahları kilsələrdən gələn zəng səsləri, minarələrdən
yüksələn azan səsinə qarışır göy üzündə xoş bir mənzərə yaradırdı. Şeytanı
incidən bir məqamdı bu.
Bir bazar günü, gözəl bahar bazarı. Şəhərdə yol kənarında olan
ağaclar yamyaşıl donlarına bürünüb, parklarda olan güllərin üzərindən kəpənəklər
uçuşur və Elfida kilsəyə tələsir. Tanrının evinə,Tanrıdan gedən söhbətə gecikmək
olmaz . Gəlir və qapıdan içəri daxil olur. Hələ çox az adam gəlib. Əyləşir ön
sırada olan hər zamanki yerində, çantasından incili çıxarır və ayin başlayana qədərki zamanını dəyərləndirir. İnsanlar yavaş- yavaş
kilsəni doldurur. İndi içəridə boş yer qalmayıb, hələ arxada ayaq üstə
dayananlar da var. Bir az sonra Rahib içəri
daxil olur, dualar oxuya- oxuya. Ayin başlanır. Bəziləri Tanrını və İsanı, bəziləri
isə öz işlərini düşünürlər. Ancaq hər kəs Rahibin etdiyi dualara – amen –
deyir. Kimi ürəyi , kimi də sadəcə dili ilə.
Ayin yavaş- yavaş sona yaxınlaşır və bitir. İnsanlar eyni təlaşla
kilsəni tərk edib, evlərinə dağılışır. Elfida hər kəsdən sonra çıxacaqdı yenə,
Tanrının evində onunla tək başına qalıb, söhbət etməyi çox sevir. Yenə elə
olur, hər kəsdən sonra çıxır kilsədən. Bir az sonra dostları ilə qocalar evini
ziyarət edəcək. Hələ bir az zamanı var. Bu zamanı boşuna xərcləmək istəmir. Fikri yaxınlıqdakı parka addımlamaq, kölgəlikdə
olan skamyalardan birinə əyləşib, dünən mağazadan aldığı romanı oxumaqdı. Asta-
asta parka doğru gedir. Birdən məscidin yanında ayaqları onu saxlayır, məscidin
şadrvanında abdəst alan oğlana baxmağa başlayır. Uzun saçları onun üzünü görməyə
imkan vermir, ancaq günəşdə parlayacaq qədər parlaq, qara saçları Elfidanı
yolundan saxlayır, gedə bilmir. Suyun səsini dinləyir, onun əllərinə dəyib yerə
düşən su necədə gözəl görsənir. Əllərini yuyur öncə, sonra ağız və burnunu.
Üzünə su vuranda, suyun ətrafa sıçraması, yerə düşən su damcıları. Aman Tanrım,
bu nə gözəllikdi. Elfida öz düşüncələrindən, özü qorxur və tez oradan
uzaqlaşıb, parkdakı kölgəlikdə olan skamyalardan birində əyləşir. Kitabını açır
və oxumağa çalışır. Heyhat oxuya bilməz, ağlında qara saçlı bir oğlan varkən,
romandakı sarı saçlı oğlanı oxuya, düşünə bilməz. Kitabı bağlayıb, çantasına
qoyur. Yaxınında olan göyərçinlərə kilitlənir baxışları, düşüncələri onların qanadında göylərə yüksəlir.
***
Gözəl bir bahar səhəri. Günəş
yüksəlməyə başlayır və nəhayət quşluq vaxtı yetişir. Belə bir gözəl gündə Düha
namazını dükanında qılmaq istəmir, dükanı qonşularına əmanet edib məscidə
yaxınlaşır. Şadrivanda əyləşib, abdəstini alır. Daha sonra məscidə daxil olub,
iki rükət namazını qılıb, dualar edir.
Bu şəhərdə doğulmuşdu Sami, bu şəhərdə və bir müsəlman ailəsində.
Uşaqlıqadan məscidlə, quranla həmahəng olmuş, gözəl bir müsəlman kimi
yetişmişdi. Hələ üstəlik quran hafizi idi. Ürəyində Tanrının kəlamını gəzdirdiyi
üçün xoşbəxt idi. Yaraşıqlı oğlan idi Sami. Qara gözləri,səliqəli qaşları
, dodaqları, uzun saçları, hündür boyu gözəl göstərirdi onu . Bu yaraşıqlı oğlanı çox
qadınlar yoldan çıxarmağa çalışsa da, o yolundan dönmürdü. Allah ona Yusifin
gözəlliyini, həm də iffətini vermişdi.
Balaca dükanı vardı, cürbəcür ətirlərin
satıldığı balaca bir dükan. Sabah tezdən
evdən çıxır, sübh namazını məsciddə
qıldıqdan sonra dükanını açar, axşam azanı oxunanda isə bağlayıb, evində
qayıdardı. Yaşlı anası ilə birlikdə yaşayırdı. Qadın hələ o qədər də
qocalmamışdır. Onun yeməyini hazırlayır, paltarlarını təmizləyirdi. Sami də
anasının bir sözünü iki etmir, cənnət anaların ayaqları altındadır hədisini
xatırlayıb, ona qulluq edirdi. Yaşı otuza çatsa da hələ evlənməmişdi. Anası hər
zaman deyirdi; - ay oğul, başına dönüm evlən, qorxuram ki, öləm tək
qalasan- O , isə cavabında; - Allah varkən, tək qalmaram, qorxma ana-
deyirdi. Bu dəfəsə yaşlı qadın nəvə görmək istədiyini, gəlin qulluğu istədiyini
deyirdi, ancaq bütün sözlər havada asılı qalırdı. Sami evlənmirdi ki, evlənmirdi.
Ana da oğlunu üzməmək üçün üstünə getmir, qisməti ilə barışırdı.
Tək sevgi vardı, onun üçün. O
da Allah sevgisi. Qəlbi indiyə qədər başqa bir sevgi tanımamışdı, ancaq
Allahını sevib, ona qulluq etmişdi. Atasının ölümündən sonra ailənin yükü onun
çiyinlərində qalmış, o da elə atasının işini davam etdirib, ətir satırdı. Ev, məscid
və dükandan başqa bir yerə getməzdi. Bir də hərdən yaxınlıqdakı parka gəlir,
göyərçinləri izləyirdi.
***
“ Aranızda günahsız olan ilk
daşı atsın” (Barnabas, 201)
Elfida ən çox bu ayəti sevirdi, onun üçün də bağışlamağı, insanları
incitməməyi bacarırdı. İndi özünü bağışlaya biləcəkdimi, görəsən? Ağlındakı
qara saçlı o oğlan özünü günahkar saymasa da narahat bir halı vardı. Sevgini
iki kitabda- Quran və incildə araşdırmaq qərarına gəldi. İlk öncə islamdan,
Qurandan başladı. Çox kitablar oxudu, araşdırdı. Yusif sürəsinin sevgini və
eşqi anlatdığını öyrəndi. Oxudu, öyrəndi Züleyxanın Yusifə olan sevgisinin,
ehtirasının, ən sonunda da ona qovuşmasını sirrini öyrəndi. İslama görə Yusifi
sevən Züleyxanın tək bir yolu vardı, Yusifin Tanrısını da sevmək. Sevmirdimi?
Əlbəttə ki, sevirdi. İsanın Tanrısı elə Yusifin Tanrısı idi. İslama görə İsa da,
Məhhəmməd də Allahın elçisi idi. Daha sonra İslam alimlərindən Ruminin
yaradıcılığı ilə tanış oldu, onun sevgi ilə bağlı yazdıqlarını hərfbəhərf
oxudu.
Bəli, Rumi də demişkən
“araşdırdım, axtardım dörd kitabda ayrılıq günahdı, gəl” sözlərinin özünə rəhbər
etdi. Bu gün də Məscidin qarşısında gəlib dayandı. Quşluq vaxtı idi. Bir az
sonra Sami gəldi, şadirvanda əyləşib abdəstini almağa başladı. Qara saçları,
yaraşıqlı saqqalı ilə yenə Elfidanın gözlərini qamaşdırıdı. Cəsarətli bir
qızdı, istədiyini, doğru olduğuna inandığı şeyləri əldə eləmək üçün mübarizə
aparırdı. Məscdiə tərəf yaxınlaşmağa
başladı. Gəlib, düz Samin başının üstündə dayandı. Sakitcə gözləməyə başladı.
Sami işini bitirib, ayağa qalxmaq istəyəndə, başının üstündə dayanmış bu sarı
saçlı, mavi gözlü qızı gördü. Başını aşağı salıb, getmək istəyəndə Elfida ona səsləndi;
- Ey, oğlan sizin dində sevgi varmı, sevənlər neynəsin- Bu sualın cavabını onun
dini çoxdan vermişdi “ Sevən, sevdiyini Allahdan istəsin, çünki qəlblər Allahın
əlindədir” O, da bu cavabı verdi və tez məsciddən içəri daxil oldu. Maraqlı bir
cavab olmuşdu. Demək sevən, sevdiyini Allahdan istəməliydi. Duanın yeri və məkanı
olmazdı. Məscidin divarlarına yaxınlaşdı, başını aşağı salıb, əllərini səmaya
açdı və başladı dualar etməyə. Məscidin həyətindən dua edən bir xiristian qızı.
Qəribə bir mənzərə olsa da, bu əslində sevginin bütün dinlərdən üstün olduğunu,
Tanrının da elə sevgi olduğunu göstərirdi.
Davudun dediyi kimi, adam Allahın qoruması altında
olduğu zaman, «quş ovçusunun tələsindən xilas olmuş sərçə kimidir.»
Bəli,
indi o quş kimi azad idi. Duaları ilə məscidin
üzərindən səmaya yüksəlirdi. Saminin dini sevən sevdiyini Allahdan istəməsi,
onun inancı isə sevən sevdiyi üçün mübarizə aparmasını deyirdi. Səbrlə məsciddən
çıxmasını gözlədi. Məsciddən çıxan kimi onu izləməyə başladı, düz balaca
dükanına kimi. Dükana girdikdən sonra, onun arxasınca içəri daxil oldu və ətirlərə
baxmağa başladı. Sami başını aşağı salıb, utanqac bir davranışla işin sonunu gözləyirdi. Ən gözəl ətirlərdən
bir neçəsini seçdi. Dəzgaha yaxınlaşdı, qiymətini soruşdu. Gözlənilməz cavab aldı; - mənim dinimdə hədiyyə vermək
sünnətdi, hədiyyəm olsun - Elfida təşəkkür
edib, gülümsədi. Gözəl bir qızdı həqiqətən. Gözlərinə baxmağa qorxurdu, gözlərinin
maviliyində boğulmaqdan, yox olmaqdan.
Bahar şəhərə
bir az fərqli gəlmişdi deyəsən. Axşam
olurdu, yenə azan və kilsə zənglərinin səsi bir- birinə qarışır,
parkda göyərçinlər nəşə ilə oynaşırdılar. Əlində kitab, sevdiyi skamyada əyləşmişdi.
Günəş qürub etmək üzrəydi , ancaq o evinə getmək istəmirdi. Ayaqları sadəcə dinlənmək,
ürəyi isə ayaqlarına yük olmamaq üçün yerindən qalxmaq istəmirdi.
Atası, anası bir də özündən balaca bir bacısı
vardı Elfidanın. Atası hər fürsətdə yaxın dostunun oğlundan söz açır, onun
inanclı bir xiristian olmasından danışırdı. Məsələ aydındı, evləndirmək istəyirdilər
onu. Lakin o sevgi adlı bir inanca sahibdi ki, məscidin yanında Tanrıya dua eləmək,
kilsədə Məhəmməddən danışmaq onun inancında günah deyildi. Ancaq bunu kimə, necə
anlada biləcəkdi. Hələ sevdiyi insandan belə əmin deyildi, onunla bir yola
çıxmaq istəyirmi?
Sevgi
azad insanların işidi, elə inanc və din də. Yalnız azad insanlar sevə və
inancını seçə bilərdi. Dünya isə sevginin qollarına zənzir vurub, inancı çoxdan
şablonlaşdırmışdı.
***
İnsanları dinlərə, irqlərə, millətlərə
ayırdılar. Bu bəs etmirmiş kimi küçə- küçə, ev- ev böldülər, ayırdılar qardaşı,
qardaşdan. Habillə, Qabildən bu yana insan oğlu;- qardaşımı necə öldürə bilərəm?-
deyə düşünür. Sevgini mənasız
adlandıranlar milyonlarca insanın ölümünə səbəb olan savaşlara haqq qazandırdılar.
Bütün bunları düşünmək Elfidaya əzab versə də, düşünməliydi. Bəlkə nəsə tapdı,
bəlkə əngəl ola bildi nələrəsə, ancaq indi o, heç öz sevgisini insanlara açıb,
deyə bilmirdi. Necə ola bilərdi, axı- bir xiristian qızı müsəlmanlardan birini
sevəcək, ərə gedəcəkdi? Uşaqlar olsa onlar hansı dinə qulluq edəcəkdilər?
Allh gözəldir və gözəl olanı sevir, Allah
sevgidir, sevənləri sevir- Bu sözləri hansısa müsəlman aliminin kitabından
oxumuşdu. Bəli, Allah gözəllik və sevgisə, insanlar niyə əngəl olurlar sevgidən
gözəllik doğmasına. Məscidlə kilsənin
birlikdə qıydığı nigah daha gözəl olmazmı?!
Məhəmməd də, İsa da gözəlliyi, sevgini anlatmaq üçün gəlməmişdimi, məqsədləri
eyni deyildimi? Onlar eyni məqsəd üçün mübarizə aparıblarsa, onların iziylə gedənlərin
düşmən olmasında bir yanlış yoxdumu?
Bütün bunları düşünmək ona əzab versə də, əzab
verməyən bir düşüncəsi vardı ürəyində. Saçları Günəşlə parlayan, o yaraşıqlı
oğlan. Bütün sözlər sevgini anlatdığı, sevgidən yazdığı zaman gözəl
olurdu. Ürək sevdiyini düşündüyü zaman daha ahənglə döyünərdi.
Sami- bu ad onun ya başlanğıcı, ya da sonu olacaqdı, ancaq sevgi sonsuzdu,
sonsuzluğa aparan yoldu. Bu yolda əvvəl – axır , başlanğıc və son sözləri
yoxdu. İndi yenə Şadıvanda abdəst alan
sevdiyinə baxırdı uzaqdan, sonra yaxınlaşdı. Əllərini onun çiyninə qoyub, bütün
sərhədləri aşaraq ;- səni sevirəm, səni çox sevirəm. Bir olan Tanrıya, onun
elçiləri olan Məhəmmədə və İsaya and olsun ki, səni çox sevirəm- söylədi. Bu
sözlər o qədər gözəl səsləndi ki, etiraz edə bilmədi. Necə edə bilərdi ki, əgər
Quranda və incildə yazılanlar ayətdisə, Allahın insana bəxş etdiyi sevgi və gözəllik
də bir ayətdi. Ayağa qalxdı, əllərini tuta bilməzdi – dini izn vermirdi , ancaq
tutdu. İndi yeni bir dinə- eşqə iman etmişdi . Uzun zaman baxışdılar. ,
dodaqları möhürlənmişdi . Gözləri ilə danışır. Sonra Məscidin yanından kilsəyə
doğru addımladılar. Rahiblər əllərinə daşlar alıb, atmaq istəyəndə səmadan bir
səs yüksəldi “ İlk daşı günahsız olan atsın, deyə” susdular. Kilsənin yanından
keçib getdilər. Bu dəfə Saminin dostları əngəl olmaq istədi onlara, ola bilmədilər.
Bir səs daha yüksəldi göylərdən “ Sonunda zamanın, İsa imam olacaq, müsəlmanlara
deyə”
Qoca yazıçı qan- tər içində yuxudan
oyandı. Allah xeyirə çevirsin,gördüyü yuxu nə idi . Tv- ni açdı ki, görsün
dünyada nələr baş verir.
-
Ukraniyada
vətəndaş müharibəsi davam edir!
-
Suriyada
qardaş qırğını səngimək bilmir .
Əsəbləşib, tv ni söndürdü
, yuxuda gördüklərini yazmağa başladı; -
Elfida
mavi gözlü, sarı saçlı bir xiristian qızı........ .
Tural
Sahab.
Daha gözəl bir dünya
üçün, bir gün daha savaşmağa dəyər.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ