Ayna Məmmədova - Komsomol ola bilmədik…

Bu yazıya counter dəfə baxılıb

Əvvəl oktyabryat oldum, sonra pioner, komsomol ola bilmədim… Sinifdən 5 nəfər əlaçı şagirdi seçib mədəniyyət evinə göndərdilər. O vaxt hələ 3-cü sinifdə oxuyurduq. Biz pioner sıralarına qatılacaqdıq. Mahiyyətini anlamasaq da sevincli idik. İlk dəfə bizi o sevinc birləşdirdi. Mahiyyətinə varmadığımız, dərk edə bilmədiyimiz sevinc... Sevincdən ağlamaq deyirlər a, elə o da sevincin natamamlığı deməkdi. Tamlıq deyilən bir şeydə heç nə təbii ola bilməz. Bütün hər şey natamam olanda təbiidir, mahiyyətini anladıqca o sənin gözündə çirkinləşir, eybəcərləşir. Hələ böyüməmiş, qol-qanad açmamış, bir uşaq məsumluğunu özündə saxlayan sevinc birləşdirdi bizi ilk dəfə... Sonra orta məktəbi bitirdik, son zəng günü qartopu ilə məni necə vurmağından danışıb güldün. Bu gülüşdə bir az böyüklük vardı, bir az məsumluğu azalmışdı, bəlkə indi qar yağsaydı mənə qartopu atmaz, qar yedizdirərdin... Sonra bizi universitetin yubileyi birləşdirdi. Həmin gün universitetin qabağında möhtəşəm qələbəlik vardı. Əlinlə yüngülcə çıynimə vurub: “səndəmi bura daxil olmusan dedin”. Başımı tərpədib, gülümsədim. Elə öz gülüşüm də mənə sən deyən təbii gəlməmişdi. Bir neçə ay sonra yenidən universitetin həyətində qarşılaşdıq. Güclü yağış yağırdı. Bizi ilk dəfə çətir birləşdirdi- yağışdan islanmamaq üçün çətirin altında birgə irəliləyirdik. Bilirsən çətir bəlkə də insanları müəyyən çərçivədə saxlamağı xoşlayır. Çətir həm də duyğuların, hisslərimizin çəpəridir. Çətir bəlkə də özünügizlətmə vasitəsidi. Bəlkə də çətir altında insan daha da cəsarətli ola bilər, bəlkə də cəsarətsiz. Sən çətir altında da mənə sevgini bildirə bilərdin, bilirəm yağışın romatıkasını çox sevirdin. Ona görə yox ki, həmişə sovet ədəbiyyatına meylli olmuşdun. Amma yox, yadıma düşdü, mənə danışmışdın ki, yağışı nə qədər sevsəm də sonra yağış yağanda sevinə bilmədim. Axı kiminsə ayaqqabısının olmamasını, kiminsə küçədə ac-yalavac bir qarnı ac, bir qarnıtox işlədiyini deyirdin. Bəlkə də çətir kiçik bir evi də xatırladır. Pəncərəsiz bir evi. Sanki Pirquluya istirahətə getmisən və qəfildən leysana düşmüsən. Çətir bəlkə də bizə sərhəddimizi göstərir. Yəni bu dairədən kənara çıxsan başın çox bəla çəkər. Hələ qulpu qırılmış çətirləri demirəm- sanki evin başına uçub... Uzun qulplu çətirlər vardı o zamanlar- bir məsəl var e, kölgəsi özündən böyükdü, adamın ilk ağlına bu gəlir... Qulpu qırılmış çətirlər şikəst insanlara oxşamırmı? Elə bəlkə də düz eləyib sevgi etirafını çətir altında deməmisən,sonra azadlıqdan danışa bilməyəcəkdin axı... Sonra metroda tez-ez rastlaşdıq. O vaxt “Azadlıq” metrosu yox idi. Bizi stansiyalar yaxınlaşdırdı, vaqonlar bizi bir-birimizə yaxınlaşdırdı. Sonra yollar, sonra udduğumuz hava, sonra içdiyimiz su... Bir gün əlində jurnal məni kolidorda gördün. “Bayram şəkərburasına dönmüsən dedin”. Yenə gülümsədim.Əlimi ağ xalatımın cibinə salıb sənə “tik-tak” vermək istədim. Utandım, sıxıldım. Bizi elə utancaqlıq da birləşdirirdi... Tez-tez görüşdük universitetin həyətində, mənə heç nə demədin, düzü deyə bilmədin. Bilirsən qadınlar ağıllı kişiylə məsləhətləşər, səfeh kişilərə vurulurlar. Bu məntiqi gərək unutmayaydın. Amma sevdin məni, qəlbində, ürəyində, bəzən gizli, bəzən aşkar.. Amma yolumuz ayrıldı. Səbəbini illər sonra bildim. Axi biz komsomol ola bilməmişdik...
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ