Müsəllə

Bu yazıya counter dəfə baxılıb

Qanun Ümman

Hə, elə yaxşı deyiblər, bəlkəni əkərsən yerə, çuğundur bitər. O vaxtlar babalarımız əkinin taptaq hissəsinə, axar su tutmayan əkin hissəsinə bəlgə deyirmişlər. O da ki, ya fələk, ya qismət. Həmin yerlərdə zəmi cücərsə, min dəfə Allaha şükür edər, sevinərmişlər. Bəlgələrdən o vaxt sünbül cücərərmiş ki, həmin il yağış suları bol olsun. İşdir, əgər il quraqlıq keçə imiş, deməli, bəlgələrdən də bir dənə buğda, arpa dənəsi götürmək mümkün olmazmış. Nə isə, yenə fikrim uzaqlara getdi.
Uzaqlardan söhbət düşmüşkən, qonşu kənddə baş verən bir hadisəni yada salmaq istəyirəm, amma düzünü deyim ki, mən bu hadisəni yada salanda o qədər gülürəm ki, az qala, gülməkdən qarnım ağrıyır. Keçim əsas məsləyə. Deyirlər ki, dağların arxasında yaşllıq, göylük bir kənd var. Əslində, o kəndin yağışı, suyu heç əksik olmaz: hər tərəfində kəhriz, bulaq. Adı üstündədir: göylük. Amma il ildən bəd gəlib. Bir il fırlanb gəlib ki, həmin kənddə çox quraqlıq olub. Əkin yerləri, kərdi-külə əkmək mümkün olmayıb. İndi bir məsələ də var ki, kəndlinin gümanı həyət mədaxılına gəlir. Əgər həyətdə meyvədən, tərəvəzdən olmasa, yaxud mal-qara otlaqdan, örüşdən ot tapıb yeməsə, o zaman vay kəndlinin halına. Necə dolanar, nə tapar yeməyə? Bu hadisə də o zaman baş verib ki, insanlar ikinci cahan savaşından təzə çıxıblar. Kimisi yağlı, kimisi yavan yaşayıblar. Yaz gələndə quşəppəyi, yemlik, çaşır, baldırqan, kiriş yığıb yeyər, qışın “acısını” yazdan çıxarmışlar. Bu il yağış olmadığından kənddə vəlvələ düşüb: “Neynəyək, necə eləyək?”- deyə kənd camaatı narahat olmağa başlayıb. Hərə bir söz deyib, hərə bir tədbir töküb, ağsaqqal, cavan qarşılıb bir birinə. Bir gün kəndin ağsaqqallarından olan, özü də hədsiz dərəcədə dindar olan Nəcəf kişi oturub kiçik bir təpənin üstündə, əkin yerlərinə tərəf məlul-məlul baxır. Bir xeylək kənd adamı da, otrub onun əhatəsində və hamı gözləyir ki, görək ağsaqqal nə deyəcək. Birdən Nəcəf kişi bığlarını eşir və qəmli təbəssümlə deyir: - Vallah, belə getsə, əkin yerlərinin hamısı bəlgə olacaq. Nə yaşıllıq var, nə ot-alaf var. Mal-heyvan tavlada qırılacaq, sahabları da özləri kimi. Cammat, bu axırıncı sözə bir istədi gülsün, bir istədi ağlasın. Hamı bir dərin nəfəs alıb dayandı. Nəcəf kişi də papağını bir az gözünə tərəf endirib heyifsiləndi: -Bala, nə edək? Biz ki, haşa, Allah deyilik. Mərhəmət Allaha məxsusdur. İnşallah, bu biçarə bəndələrini görər. Yəqin, nəsə günah eləmişik, ona görə bizə qəzəbi tutub. And olsun, dədəmin göruna ki, hər namaz qılanda dua eləyirəm. Duamın əvvəli də, sonu da yağışdır. Yağış da ki, yağımır ki, yağmır. Bir-iki bulud hərlənir-fırlanır, amma yağmır. Gedib gərəksiz yerə, Üçqardaşa yağır.Allaha qurban olum, ha fikirləşirəm, bir çarə ağlıma gəlmir ki, gəlmir. Donuq gözlərində yağış həsrəti gəzdirən kəndlilər bir az da diqqətlə qulaq asır, sanki hamı ağsaqqaldan bir çarə gözləyirdi. Yazıqlar nə etsinlər, evdə ailə, uşaq. Hərəsinin dörd-beş uşağı, onun yeməyi, geyimi.... Hardan alsınlar pulu-paranı? Hətta o yazıqların arasında müharibədə şorbayla, horrayla böyüyən yetim-yüsür də vardı. Düzdü, çətinlik görmüşdülər , amma bu ilin acısı , deyəsən, daha ağır olmuşdu. Kəndin bu ağır günlərində, bir çoxu, atasından qalan torpağını satır, bəzi nənələr helini, çəçiyini, hətta nişan üzüyünü satıb pulu ilə güzaran edirdilər. Kimisi də nişanlı olan oğlunun, qızının toy etmək dərdi ilə külə dönürdü. Nəcəf kişi anidən yerdən qızıl tapmış kimi diksindi: -Tapdım, tapdım, yağışın çarəsini tapmışam. Yerdəkilər də elə diksinib qalxdılar ki, elə bil yüz ilin həsrəti sona çatırdı.Yerdən səslər ucaldı: -A kişi, nəyi tapdın? Rəhmətliyin oğlu, de biz də bilək də. - Vallah, yaxşı bir fikir yadıma düşüb. Babam deyirdi, ki quraqlıq olanda, yağış yağmayanda müsəlləyə çıxarmışlar. Nəcəf kişiylə üzbəüz otrmuş Qulam kişi həyəcanını boğa-boğa dilləndi: -Hə, mənimdə yadıma elə bir əncam düşür amma, tam xatırlamıram. Nağıl kimi yadımda qalıb. Nəcəf kişi: -Müsəllə o deməkdi ki, yağış olmayanda cammat yığışıb kəndin ən hündür yerinə çıxırmışlar, orada qoyundan, quzudan qurban kəsib dua oxuyurmuşlar, Allahdan yağış istəyirmişlər. Allah da onları eşidib, dualarını qəbul edərək yağış yağdırırmış. Gərək biz də yığışaq qoyun kəsək, dua eləyək, bəlkə, o zaman duamızı qəbul edib Allah buralara da yağış yağdıra.Yoxsa, Allah haqqı, hamımız acından öləcəyik. Kənd camaatı rahat bir nəfəs aldı. Və Nəcəf kişidən yeni bir təklif gəldi: -Hə, gəlin yığışıb iki qoç alaq, gedək odey o dikin başında kəsək, dua eləyək. Razısız? Əslində, hamı razı idi. İki qoç nə idi ki, amma Qabil adlı bir bədxah çıxıb etiraz etdilər ki, iki qoç kəsincə, bir böyük erkək dana kəssinlər. Ona görə ki dana kəssələr, daha çox yağış yağar. Sadə camaat da qoşuldular bir birinə, yığışıb yekə bir dana aldılar və apardılar kəndin ən uca təpəsinin başına. Təpənin başında Nəcəf kişinin dediyi hər sözü kəndlilər üç dəfə təkrar etdilər və yıxıb yerə dananı da kəsdilər. Qurban elə qurbandır, iki qoç kəsmiş, ya bir dana kəsmiş, fərqi yox idi, amma bunlar ikincini etdilər ki, guya yağış daha çox yağsın. Elə dananı kəsib qurtarmışdılar ki, aşağıdan qara dumanlar çadır kimi, göyün üzünü tutdu. Vallah, heç bilmədilər nə etsinlər, vahimə düşdü. İndi bir dolu yağır ki, gəl gör.Təsadüfmü, həqiqətmi? Üz qoydular kəndə tərəf , əti də yığdılar torbalara, atdılar çiyinlərinə, düz kəndə. Gəlib gördülər ki, nə?? Bu həmin kənddi? Elə bil kəndi süpürmüsən. Damı uçan, şiferi qırılan, toyuğu seldə gedən, dədəsini haylayan, balasını axtaran qarışıblar...Havar-həşir, qışqırıq, qiyamət. Həmd olsun, heç kim bilmədi ki, bu sel-su müsəllənin təsirindəndi, yoxsa təbiətin hökmündən. Amma bir onu bildilər ki, Nəcəf kişi oyunpozan Qabili çağırıb yanına doyunca danladı və dedi: -Allah sənin bəlanı versin, Qabil, iki qoç kəssəydik, indi normasında yağış yağmışadı. Dananı kəsdik, eli-aləmi su apardı. Mən də məəttələm, görəsən, doğurdanmı, müsəllə işə yaramışdı, ya .... Amma bir də o həqiqətdir ki, bəlgə yerləri də suyun içində itmişdi.
İmza: Bəsirət 11 may 2014
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ