Gülüm, qəddi dərd əyir, elə-belə əyilmir
Sirr var ki, anaya da, bacıya da deyilmir.
Söz var ki, neçə batman bal ilə də yeyilmir,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!
Bu möhnət üzər səni, sıxılarsan uzaqda:
Kövrəlib üşüyərsən təklik adlı sazaqda.
Kimsə anlamaz səni, duymaz oğul-uşaq da,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!
Mən sevinc topasında qəmi seçə bilirəm,
Dərd arısı verəcək nə vaxt beçə, bilirəm.
Hər səhvinə göz yumub, üstdən keçə bilirəm,-
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!
İllər köçür durnatək, günlər sözə baxmayır,
Səngidir ocaqları, oda-közə baxmayır.
Dostlar daha yan keçir, qardaş üzə baxmayır,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!
Ürək yaman kövrəlir yaş ötəndə bilirəm,
Qarmı gəlir, yağışmı yel əsəndə bilirəm.
Ürəyində nə varsa, deməsən də bilirəm,-
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!
Son Zəng
İnnən sonra başlanır hələ bizim dərsimiz,
Az qalırdı sındıra şüşələri səsimiz.
Lövhəyə dovşan çəkdik, bərk tutanda hirsimiz,
Yadındamı, a məktəb?!
Arı tək vızıldayıb, o quş uçurtduğum gün,
Uşaqları tovlayıb dərsdən qaçırtdığım gün.
Qızların üst-başına o su sıçratdığım gün
Yadındamı, a məktəb?!
Anam güclə durğuzub yerimdən səhər məni,
Qiymətim kəsiləndə boğardı qəhər məni.
Dostlarım ovudardı sonra birtəhər məni,
Yadındamı, a məktəb?!
Əmir müəllim çubuqla hey yandırıb yaxardı,
Pərgarın arasında əlimizi sıxardı.
Ağlağan uşaqların gözündən yaş axardı,
Yadındamı, a məktəb?!
Pəncərəni sındırıb, divarını cızmışam,
Səs salıb müəllimlərin əhvalını pozmuşam.
Bir gözəlin adını partalara yazmışam,
Yadındamı, a məktəb?!
Səndən ötrü burnumun ucu çox göynəyəcək,
Bu əkdiyin fidanlar qalxacaq, böyüyəcək.
Məndən sonra hələ çox məzunların deyəcək,
Yadındamı, a məktəb?!
Ürəyim bərk döyünür, son zəngə bir az qalır,
Köksüm altda alovum, o qoyduğun köz qalır.
Hərədən bir xatirə, bir-iki də söz qalır…
Bu gün səndən ayrılıb gedir balan, a məktəb!
Mən əlvida demirəm, bir də salam, a məktəb!
Yadındamı, a məktəb?!
Saqif QARATORPAQ
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ