Son günlər dünya gündəliyini yenidən İslam adına ortaya çıxan
radikal qruplarla mübarizə müzakirələri zəbt etdi. İraq və Suriyada İslam adına
ortaya çıxan və öz inancından olan
insanlara da amansız divan tutan radikal qrupların yayılan tükürpərdici
videoları demək olar ki, dünyanı lərzəyə gətirdi. Onsuz da qan və göz yaşı
içində olan İslam aləmi daha bir təhdidlə üz-üzə qaldı. Lakin yaşananlar bu
təhdidin sadəcə İslam aləmini deyil, bütün dünyanı əhatə edəcək şəkildə böyük bir təhlükə
olduğunu üzə çıxardı. Dünya mediası bu amansızlığı gündəlikdə tutarkən,
təhlükəni özünə yaxın görən ölkələr isə ciddi tədbirlər almağa başladı.
Lakin radikal qruplara qarşı hansı
tədbirlərin alınacağı haqqında gedən müzakirələrdən görünür ki, bu mübarizədə yenə də yalnız şiddət və güc vasitələrindən istifadə ediləcək. Ancaq əvvəlki praktikalar bizə radikal
qruplara qarşı yalnız gücdən istifadə edilərək aparılan mübarizənin istənilən
nəticəni verməyəcəyini göstərdi.
Aparılan genişmiqyaslı antiterror əməliyyatları radikal qrupları
tamamilə zərərsizləşdirə bilməməklə yanaşı, minlərlə günahsız insanın ölümünə,
on minlərlə insanın isə yaşadığı bölgələri tərk edərək çətin və ağır şərtlər
altında yaşamağına səbəb oldu. Son günlərdə yaşananlar isə gücdən istifadə
edilərək aparılan mübarizənin radikal qrupları tamamilə yox etmədiyini, əksinə, əvvəlkilərdən daha
təhlükəli və geniş miqyaslı radikal qrupların ortaya çıxması ilə
nəticələndiyini göstərdi. Maarifləndirmə işi aparılmadan sadəcə gücdən istifadə
edilməsi zamanla qarşı tərəfin gücünün azalmasına deyil, artmasına səbəb olur.
İslam adına ortaya çıxan radikal qruplarla
ən gözəl mübarizə üsulu onların İslam adına qaynaq göstərdiyi yanlış
məlumatların, əslində, İslamla heç bir əlaqəsinin olmadığını geniş şəkildə
təbliğ etməkdir. Çünki törədilən vəhşilik və cinayətlər İslam adına uydurulmuş
qaynaqlar əsas göstərilərək həyata keçirilir. Şiddət və terrora dəlil kimi
göstərilən məlumatların doğru olmadığı
təbliğ edilmədiyindən, bəzi
müsəlmanlar şiddət və radikalizmin dinin
hökmlərindən qaynaqlandığını zənn edir və bu qrupları dəstəkləməyə başlayır.
Eyni zamanda, bu yanlış məlumatlandırma xüsusi ilə Amerika və Avropada yaşayan
insanların İslamı düşmən görməsinə və İslamofobiyaya səbəb olur.
Bu
gün bir çox mötəbər dini qaynaq sayılan
əsərlərdə şiddəti, öldürməyi təşviq edən məlumatlar vardır. Bu
məlumatların İslam adına insanlara öyrədilməsi din adına şiddətin yaşanmasının
əsas təməlidir. Bütün bunların yaşanmamağı üçün ilk öncə müsəlmanlar radikalizm
və şiddətə təşviq edən məlumatların dinlə heç bir əlaqəsinin olmaması və bu
məlumatların yanlış olması ilə bağlı maarifləndirilməlidir. Çünki şiddətə
təşviq edən yanlış məlumatlar dini qaynaqlardan ayırd edilmədikcə radikalizm
tərəfdarlarının müsəlmanların içərisindən tərəfdar toplaması çətin olmayacaq.
Radikal qruplar, əsasən, yanlış dini məlumatlarla dolu mənbələri müsəlmanlara
qaynaq göstərib əsaslı təbliğat işləri
aparır və bu yolla tərəfdar toplayırlar. Saylarının az olmasına baxmayaraq, on
minlərlə insanı dini qaynaqlardakı yanlış məlumatları əsas gətirib təsirləri
altına sala bilirlər. Məsələnin birdəfəlik
və köklü şəkildə həll olması üçün bu yanlış məlumatlar hər nə qədər
mötəbər qaynaqlarda olmuş olsa da, Qurani-kərimə zidd olduqları üçün İslami mənbə
olmaqdan çıxarılmalıdır.
Quran sevgi və sülh prinsiplərini insanlara
ən gözəl şəkildə tövsiyə edən İlahi kitabdır. Din insanların könüllü şəkildə
yaşadığı İlahi qanunlar toplusudur. Quranda dini ibadətləri yerinə yetirmək
üçün məcbur etmə və ya cəza sistemi yoxdur.
Dinimizin təməl qaynağı olan Qurani-kərimdə dini ibadətləri yerinə
yetirməməyə və ya başqa bir dinə mənsubluğa görə heç bir cəza sistemi yoxdur.
İslama görə, insanlar istədiyi dinə inanmaqda azaddırlar. Allah bir ayədə:
“Dində məcburiyyət yoxdur...” (Bəqərə Surəsi, 256), -buyurmaqla dinin digər
insanlara təzyiq edilməklə yaşanmasını qadağan etmişdir. Bu ayə, eyni zamanda,
İslamın dünyəvi dövlət prinsipləri ilə ziddiyyət təşkil etmədiyini açıq şəkildə
göstərir. Dünyəvi dövlət quruluşu insanların inancını sərbəst şəkildə yaşayıb,
digər insanları buna məcbur etməməsinin qarantiyasıdır.
Bir an belə
vaxt itirmədən bütün kütləvi informasiya vasitələrindən istifadə edib
İslamın sülhü, sevgini, mərhəməti, keyfiyyəti, estetikanı təşviq etdiyini və həmçinin
şiddəti, mərhəmətsizliyi, kin və nifrəti qadağan etdiyini təbliğ etməyə
başlamaq lazımdır.
Ramiq Vəliyev
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ