Günəş
yavaş- yavaş batır, dağlarla göy üzünün
birləşdiyi yerdə buludlar öz qırmızı rəngiylə xəzan çağı yarpaqlarına bənzəyirdi.
Otların qoxusu, cırcırama səsləri, yaxındakı çaydan gələn qurbağaların nəğməsi
sanki birləşib günəşə ismarıc göndərirdi. Qoca əkinçinin alnındakı təri silirdi
külək öz sərin nəfəsi ilə. Çətin keçən bir həyatdan sonra romantik bir ölüm bəxş
edirdi Tanrı ona. Bəli, qoca ölürdü. Bu
gün də tarladakı işlərini bitirib, istirahət üçün lap uşaqlıqdan əkdiyi bir
ağacın kölgəsində əyləşdi, sərin bulaq suyundan bir az içdikdən sonra ayağa
qalxmağa çalışsa da bacarmadı. İllərlə onu daşıyan ayaqlarının bu dəfə ona gücü
çatmırdı. O, da anladı daha sonun gəldiyini, bir daha günəşin doğuşunu seyr edə
bilməyəcəyini. Onun üçün doya-doya seyr etmək istədi günün batmağını. Deyilənə
görə insan ölüm anında bütün həyatını xatırlayır və onun canını almağa gələn
ölüm mələyi ən sevdiyi insanın cildində gəlir. Ölümün gəldiyini görən qoca həyacanlanmağa
başladı. Qorxduğu üçün deyil, ən sevdiyini görə biləcəyi üçün. İnanclı biri
idi, ölümün son deyil də, yeni bir başlanğıc olduğunu çox gözəl bildiyindən
ölümdən qorxmurdu. Yavaşca yerə uzandı. İndi sadəcə gözlərinə hökm edə bilirdi,
hər şeyə hökmü çatan Tanrıya sığındı. Qəribədir Günəş tam batacaqkən dayanmış
göy üzündə sanki onu gözləyirdi. Yaxınlıqdakı bulağın səsi susuzluqdan çatlayan
dodaqlarını nəmləndirir, ona həyat təravəti bəxş edirdi...
Keçmişə qayıtdı qoca əkinçi, bir kəpənəyin
qanadlarında. Düz uşaqlığına. İndi həyətlərində idi. Anası, atası bütün
yaxınları orada bir süfrənin ətrafına yığılmışdı. Özünü də gördü. O, da əyləşmişdi.
Anasının hazırladığı yeməklərdən yeyirdi. Zəngin deyildilər, ancaq xöşbəxtdilər.
Anası atasını çox sevirdi, atası da anası üçün yaşayırdı. Sabahdan axşamacan
günün altında işləyir, alın təri ilə qazandığı çörəyi ailəsinə gətirirdi. Anası
qoşulub qaçmışdı atası ilə. Kasıb olduğundan ona vermək istəməmişdi ailəsi,
ancaq o sevdiyi ilə qaçmışdı. Atası da ona söz deməsinlər, qaçdığı üçün peşiman
olmasın deyə əlindən gələni elədi bir ömür boyu. Onlar hər zaman dua edirdilər
ki, uşaqlarını böyüdüb, əllərini çörəyə çatdırdıqdan sonra Allah onların canını
birlikdə alsın. Bu dua qəbul olmuşdu. Qoca indi ata, anasının cənazəsində idi.
Ağlamırdı, xöşbəxtdi, çünki onları ölüm belə ayıra bilməmişdi. Çox şeyləri
gördü keçmişində - yenidən güldü, ağladı, həyacanlandı. Ən çox sevdiyi qızı
xatırladı, ən çox onda acıdı canı. Niyə getmişdi ki, görəsən, niyə cəsarəti
çatmamışdı onunla qaçmağa. O zaman anasının nə qədər böyük olduğunu, onun
etdiyini hər kəsin edə bilməyəcəyini anlamışdı. Onun da bir arzusu vardı, öldüyü zaman sevdiyinin cildində gəlməsin
ölüm mələyi, elə canını almaq üçün sevdiyinin özü gəlsin. Ona illərdir beynində
dolaşan sualları vermək istəyir, ölüm anında onun gözlərinə baxaraq sonsuzluğa
qaçmaq istəyirdi.
Bir an vardı ki, çoxdan gözləyirdi və o an
indi gəlmişdi. Və o, o anı yaşamalıydı. Diz çökdü sinəsi üstə sevdiyi qadın, bəmbəyaz
gəlinliyi ilə.
- Getmək
vaxtıdı, sevgilim, hazırsanmı? - deyə soruşdu
Qocanın gözləri gülürdü, sadəcə: “Sən mənim
suallarıma cavab verməyə hazırsanmı?” deyə keçirə bildi içindən
Ölüm mələyi olan sevdiyi düşünmədən cavab
verdi,
-
Bağışla, sevgilim, mən güclü deyildim, getməliydim. Məndən başqa düşünəcək
doğmalarım vardı.
-
Bəs
deyirdin, sənə bir şey olsa mən yox olaram, bitib- tükənərəm, mən bu acıları çəkərkən
canın heç yandımı, deyirdin evlənməyəcəm, sən ilk sevgimsən, səni ölənə qədər
gözləyəcəm.
-
Mənim
romantik sevgilim, yadındamı Tahir və Zöhrənin nağlını danışardın həmişə mənə
-
Yadımdadır, səninlə bağlı heç nəyi unutmamışam. Niyə suallarıma cavab vermirsən?
-
Sən məni heç gördünmü, heç məndən xəbər
aldınmı, sonuncu görüşdən sonra?
-
Yox,
sən evlənmiş olardın, başqasının arvadını necə görəydim.
-
Mənim
uşaq qəlbli qocam, sən heç böyümədin, sən heç özünü mənim yerimə qoyub,
acılarımı bilmədin. Elə bilirdin sadəcə acı çəkən sənsən.
-
Acı
çəkən gələrdi...
-
Ya
gələ bilməyəcək bir yerdəsə?
-
Məsələn
harda?
-
Məsələn
ölə bilməzdimi? Elə bilirsən təkcə sənmi sevdin, sənmi acı çəkdin. Bir ömrü sən
canını almağa gəlim deyə məni gözlərkən, mən hər zaman sənin yanındaydım,
sevgilim. Sən Günəşin altında işləyib tərlərkən, alnına bir soyuq rüzigar olub
dəyən məndim. Sən dözə bilməyib mənsizliyə ağlarkən, nə qədər ağlasan da göz
yaşların yanaqlarına düşməzdi, xatırlayırsanmı?
-
Bəli, elə bilirdim Yaşı quruyub gözlərimin.
-
Yox,
sevgilim. Nə zaman ağlasan, nə zaman gözlərindən yaş axsa, yanaqlarına düşməzdi.
O yaşlar gözlərindən mənim ürəyimə damclayardı.
Qoca ağlayırdı yenə, yanlış düşündüyü üçün
özündən utandı, hər zaman yanında imiş məgərsə sevgilisi.
-
Sevgilim,
yadındamı sənə hər zaman deyərdim əsas olan bədənlərin qovuşması deyil,
ruhların qovuşmasıdı, sən məni ilk öpdüyün gündən mən sənin qadının olmuşdum,
ruhlarımız, ürəklərimiz qovuşmuşdu, biz heç ayrılmadıq, sevgilim, heç bir
zaman!
-
Mənə Tahir və Zöhrənin hekayəsini bu dəfə sən
danış sevgilim, o hekayəni danışmağa sən məndən daha çox layiqsən.
-
Başını qaldır və ətrafa bax, sevgilim!
Qoca
gözlərini səmaya çevirdi. Göy üzündən bir buludun üzərində iki nəfər enirdi.
-
Bax,
onlar Tahir və Zöhrədir sevgilim, sənin üçün gəlirlər. İkimizin sevgisini
alqışlamaq üçün. Biz göy üzündə aşiqlərlə birlikdə olacağıq, onların mərtəbəsində.
Tahir
yaxınlaşıb əlini qocanın çiyninə qoydu: “ Qardaşım, təbrik edirəm, sən bu qısa
həyatında ehtirası, dünyanı deyil də, eşqi seçdin”.
-
Mənə
gülürdülər, mən sevgi deyəndə, eşq deyəndə. Unudacaqsan, o qədər qız var ki,
biri ilə evlənərəsən, deyirdilər.
-
Qardaşım,
onlar sevgini bədəndən ibarət görənlərdir, tən üçün fərqi yoxdu kimin olursa
olsun. Onlar heç vaxt anlaya bilməyəcəklər aşiqi və eşqi, hər kəs anlaya bilsəydi,
kitablar sevgi dastanları ilə dolardı.
Zöhrə də onlara yaxınlaşıb, gülümsədi. İndi
qoca əkinçinin sevgilisi onun üçün ən gözəl hekayəni danışırdı.....
-
İndi
gedək, sevgilim, ən sevgiliyə doğru. İndi qovuşmaq zamanıdır.
Onlar
üçün də bir bulud endi göylərdən, qoca gözlərini açdı. Bəli, yummadı açdı. Ölüm
gözlərin açılması idi, yumulması deyil. Göy üzünə doğru yüksələrkən hər ikisi
bir az daha acı çəkmədikləri üçün heyifsilənirdilər. Aşiqlərin dərəcəsi,
onların cənnəti dünyada çəkdikləri acılar, göz yaşlarıdır.
Onlar göy üzünə qalxanda artıq günəş
batırdı...
Səhər
qocanın cəsədini tapıb dəfn etdilər. Adamlar “övladı olmadı, kimsəsiz
öldü”- deyib qeybət edir, öz aləmlərində
qocaya acıyırdılar. Qoca isə göy üzündən onlara baxıb gülümsəyirdi.
Tural Sahab
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ