Müsahibimiz AMEA Folklor İnstitutunun şöbə müdiri, Əməkdar mədəniyyət işçisi, folklorçu alim Elxan Məmmədlidir.

-Elxan müəllim, Azərbaycan folklorunun toplanması, tərtibi, tədqiqi və nəşri işləri bu gün hansı səviyyədədir?
Azərbaycan folklorunun toplanması, tərtibi, tədqiqi və nəşri işlərinə ötən əsrin 20-ci illərindən başlanmışdır. Bu sahədə mərhum tədqiqatçılardan Vəli Xuluflu, Hənəfi Zeynallı, Salman Mumtaz, Hümmət Əlizadə, Əliheydər Tahirov, Osman Qurbanov, M.Təhmasib, H. Qasımov, Ə.Axundov, N.Seyidov, bir qədər sonralar İ.Abbaslı, B.Abdulla, F. Fərzəliyev və başqalarının böyük xidmətləri olmuşdur.
Milli Elmlər Akademiyasının nəzdində ayrıca Folklor İnstitutu yaradıldıqdan sonra bu iş daha intensiv xarakter almışdır. Hazırda institutun əlaqədər şöbəsində toplama, tərtib, tədqiq və nəşr işlərinə xüsusi önəm verilir. İnstitut əməkdaşlarının ayrı-ayrı bölgələrdən topladıqları folklor örnəkləri ardıcıl olaraq kitab halında nəşr olunur. Bu sahədə elmi araşdırmalar İnstitututun özünün nəşr etdirdiyi “Dədə Qorqud” dərgisində, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” silsilə kitablarında və monoqrafiyalar şəklində nəşr olunmaqdadır. Bu illər ərzində Azərbaycan folklor örnəkləri regionlar üzrə toplanmış 30 kitabda cəmləşdirilərək İnstitut tərəfindən nəşr edilmişdir. Eyni zamanda İnstitut əməkdaşlarının tərtib edib nəşr etdirdiyi çoxcildlik “Azərbaycan folkloru külliyatı” seriyasından 25 dən çox kitab nəşr olunmuşdur.
-Bildiyimiz kimi aşıq yaradıcılığı özündə üç xüsusiyyəti birləşdirir. Şer, musiqi, dastan. Yəni hər bir aşığın bu üç xüsusiyyətə yiyələnməsi çox vacibdir. Bu gün hər üç xüsusiyyəti özündə birləşdirən çoxmu aşıq var?
-Təbii ki, aşıq yaradıcılığını şersiz, musiqisiz və dastansız təsəvvür etmək mümkün deyil. Zaman-zaman bu keyfiyyət aşıqlıq üçün əsas götürülüb. Etiraf etmək lazımdır ki, bu gün müasir aşıqlarımızda dastançılıq başa çatmışdır. Bu gün bəyənmədiyimiz sovet dövründə Azərbaycan televiziyasında tez-tez təqdim olunan “Dastan axşamı”, “Deyişmələr”, “Aşıq musiqisi” başlığı altında seyr etdiyimiz verilişləri çoxdandır ki, görə bilmirik. Əvəzində bir sıra telekanallar aşıqlığımıza zərbə vurmaq məqsədi ilə ucuz şöhrət axtaran bəzi yüngül aşıqları şou proqramlarda təlxəyə çevirirlər. Belə məqamda dastandan söhbət gedə bilməz.
-Bu gün beynəlxalq miqyasda tanınan, aşıq poeziyasını dünya ədəbiyyatı ilə birləşdirən aşıqlarımız varmı? Məsələn, sovetlər dönəmində deyək ki, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Pənah, Aşıq Qurban ən azı ətraf ölkələrdə tanınırdılar.
-Məsələ ondadır ki, bu gün poetik yaradıcılığına güvənəcəyimiz aşığımız yox dərəcəsindədir. Əslində əlinə saz götürüb efirdə səslənən, ekranda görünənlərin 90%-dən çoxunu aşıq hesab etmək mümkün deyildir. Aşıqlığın şərtləri var. Hələ yaxşı saz çalmaq, sazın müşayəti ilə oxumaq aşıq olmaq sayılmaz. Aşıq hər şeydən əvvəl ustad dərsi keçməlidir. İllərcə ustaddan dərs almalıdır. Hanı o ustadlar, hanı o inadkar, məsuliyyətli şagirdlər? Böyük ustadlarımız zamanında öz işlərini namusla və qeyrətlə yerinə yetirirdilər. Şəyirdlər yetirdilər, xoş xatirələri ilə ürəklərdə qaldılar. İndi Borçalıdan Aşıq Məhəmməd Sadıxlını, Aslan Kosalını, Qazaxdan Ədalət Nəsibovu, Ağstafadan Şəhadət Gülməmmədovu, Gəncədən Aşıq Maisi, Tovuzdan Mahmud Məmmədovu, Şirvan bölgəsindən Aşıq Xanmusanı, Aşıq Şərbəti, Aşıq Əvəz Fərmanoğlunu, Abbas Musaxanoğlunu, Aşıq Əhlimanı çıxmaq şərtilə ustad dərsi keçmiş aşıqmı qalıb? Adlarını çəkdiyim bu insanlara nəyisə öyrənməyə çoxmu müraciət edən gənclər var?
-Elxan müəllim, niyə keçmişdə aşıqlara-məsələn Sarı Aşığa, Miskin Abdala haqq aşığı deyirlər? Bəs niyə bu gün aşıqlarımıza haqq aşığı deyilmir?
-Haqq aşığı - Haqqın-Allahın aşığıdır. Haqq aşığı kamil insandır. Haqq aşığı özü bir möcüzatdır. Elmli, savadlı, Mövlaya bağlılığı, uzaqgörənliyi, qeyri-adi istedadı və qabiliyyəti ilə seçilən aşıqlara Haqq aşığı deyiblər. Bu gün bu dediyim ölçülərə cavab verən aşıqlarımız varmı?
-Müasir aşıqlar qədim ozanların varisləridir. Və bu aşıqların ozanların yolu ilə getməsi şərtdir. Amma yeniliklərdən qaçmaq mümkün deyil. Bu barədə siz necə düşünürsünüz?
-İstənilən sənət sahəsində varislik önəm daşıyır. Müasir aşıqlar mahiyyət etibarı ilə ustadlardan gələn funksiyaları yerinə yetirsələr də, əməli fəaliyyətlərinə görə ustadlardan çox uzaqlaşıblar. İndi məclislərin xarakteri də, aşıqlara verilən imkanlar da, şərait də, tələb də bir varis kimi aşıqlarımızı kökdən ayırıb. İndi aşıq üçün ötən əsrin 50, 60, 70-ci illərində yaradılan şərait yoxdur. İndi toylarımız da, məclislərimiz də məna və mündərəcəsini dəyişib. Keçmişdə aşığı ustadla yanaşı məclislər də yetişdirərdi. İndi nə ustad o ustaddır, nə də o məclislər var. İndi toylarda aşığa ən uzağı 20-30 dəqiqə vaxt verilir. Ona görə də qulaq asan olmur. Aşıq da bundan istifadə edib 5-10 manatını alıb növbəti məclisini gözləyir. Bəzən də aşıq nəzər diqqəti çəkmək üçün görürsən ifa zamanı sazın başına oyun açır. Sazı gah başının üstünə qaldırır, gah da arxası üstə uzanıb simləri döyəcləyir. Sərxoş məclis əhli də bu “yenilikçi” aşığı cibindən çıxarıb səpələdiyi pulla mükafatlandırır. Yenə də dinləyici zövqü. Əllaməçi və təlxək aşıq, bir də nadan-puldan, paradan ehtiyacı olmayan səviyyəsiz “saz həvəskarı”. Təəssüflər olsun ki, bu həyatımızın reallığına çevrilməkdədir.
-Aşıq sənəti yaranandan bu günə qədər hansı dövrü aşıq yaradıcılığı üçün ən uğurlu dövr hesab edirsiniz?
-Ozan sənəti öz başlanğıcını Dədə Qorquddan götürsə də, bu mərhələ təxminən XV yüzilliyin sonu, XVI yüzilliyin əvvəllərinə qədər davam etmişdir. Aşıq sənətinin tarixinin XVI yüzillikdən, Qurbanidən başlandığını iddia edən mütəxəssislər həm də bu dövrü haqlı olaraq Ozan sənətinin davamı kimi qiymətləndirirlər. Adları və yaradıcılıqları günümüzə çatan Miskin Abdal, Qurbani (XVI əsr), Abbas Tufarqanlı (XVII əsr), Xəstə Qasım, Aşıq Valeh (XVIII əsr) kimi sənətkarların aşıq sənətinin inkişafında müstəsna xidmətləri olsa da aşıq poeziyasının, həm də umumaşıq yaradıcılığının ən yüksək mərhələsini XIX əsr aşıqlığı ilə bağlamaq daha doğru olardı. Həqiqətən də XIX yüzildə bu sənətin əlçatmaz ustadları meydana gəldi. Ağ Aşıq, Aşıq Alı, Şəmkirli Aşıq Hüseyn, Aşıq Musa, Aşıq Ələsgər, Molla Cuma, Ağdabanlı Qurban və onlarla bu kimi qüdrətl sənətkarlar öz yüksək poetik yaradıcılıqları ilə bu sənəti yüksəyə qaldırdılar. Yüksək dastançılıq, saz-söz ifaçılığı baxımından isə XX yüzilliyin 30-70-ci illəri xüsusi bir araşdırma mövzusu ola bilər.
-Türkiyə dünyada türkçülüyün ən əsas dayağı olsa da türk mədəniyyətinin özülü sayılan aşıq yaradıcılığı bizdəkindən zəifdir. Fikrinizcə bu nə ilə bağlıdır?
-Türkiyədəki aşıqlarla özümüzkünü müqayisə etdikdə onların aşıqların bizimkindən zəif olmaları fikri ilə razılaşa bilmərəm. Əksinə, indinin özündə də Türkiyədə davam edən deyişmə ənənəsi bu gün yüksək səviyyədə həyata keçirilməkdədir. Təsadüf elə gətirib ki, mən həm 2012, həm də 2013-ci ildə Türkiyənin Qars şəhər bələdiyyəsinin keçirdiyi Murad Çobanoğluna həsr olunmuş 7 və 8-ci uluslararası aşıq müsabiqəsində ekspert kimi iştirak etmişəm. Tədqiqatçı dostum Nazim bəy Tanrıqulunun böyük bacarıqla idarə etdiyi bu törən tarixi aşıqlıq ənənəsini deyərdim ki, tamamilə özündə yaşadırdı. Tamaşaçılar əyani olaraq yarışanlara təqdim olunan qafiyələri sənətkarlıqla ifa edən aşıqlara heyran kəsilirdilər. Deyişmələrin bütün şərtlərinə əməl olunurdu bu yarışmalarda. Qafiyə üzərində deyişmə, hərf üzərində deyişmə, rəvayət qurmaqla deyişmə, hərbə-zorba üzərində deyişmə və ən çətini dodaqdəyməz sözlər üzərində deyişmə. Tədbirin sonunda səlahiyyətli münsiflər heyəti aşıqları qiymətləndirdi və yerləri müəyyənləşdirdi. Belə tədbirlər təkcə Qarsda deyil, demək olar ki, Türkiyənin bütün bölgələrində keçirilməkdədir. Bütün bu üstün cəhətlərinə baxmayaraq türk aşıqlarının havacatları bizimki kimi zəngin deyil. Eyni motivli havaları dinlədikcə insan yorulur.
-Bu gün Azərbaycanda bir neçə aşıq məktəbi var. Bu məktəblərin hansını daha doğru hesab edirsiniz? Bu məktəblərin hansı özündə aşıq yaradıcılığının qədim ənənələrini daha çox yaşadır?
-Əslində Azərbaycanda aşıq məktəbləri yox, aşıq mühitləri mövcuddur. Eyni sənət funksiyasını, tarixi ənənələri yaşatdığına görə bu mühitlər təbii ki, eyni məqsədə xidmət edir. Ancaq üslub və havacat fərqinə görə elmi ədəbiyyatda mütəxəssislər şərti olaraq aşıqlarımızı iki məktəbdə təqdim ediblər. Şirvan aşıq məktəbi və Qərb aşıq məktəbi. Şirvan aşıq məktəbinə Şamaxı, Ucar, Göyçay, İsmayıllı, Kürdəmir, Qazıməmməd, Salyan, Zərdab, Ağsu rayonları, Qərb aşıq məktəbinə isə Göyçə və Borçalı da daxil olmaqla Gəncəbasar, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən, Göygöl və başqa rayonlar daxildir. Qaldı sualın ikinci hissəsinə- deyə bilərəm ki, hər iki məktəbin zaman-zaman çox qüdrətli ustad sənətkarları olmuş və qədim aşıq sənətini də ləyaqətlə təmsil etmişlər. Bu gün isə yuxarıda sadaladığım çatışmazlıqlar hər iki məktəbə də aid olduğundan -kim daha çox qədimliyi yaşadır- sualına birmənalı cavab tapa bilmirəm. Bu barədə təbii ki, düşünməyə dəyər. Qədimliyi bərpa etmək üçün aşıqlara şərait yaratmaq və onların ardıcıl təbliği vacibdir.
-Elxan müəllim, əsil aşıq ustadsız yetişə bilərmi?
-Əsil aşıq ustadsız yetişə bilməz. Ustadsız aşığı inqibatorla müqayisə etmək daha dürüst olar. Nə yazıq ki bu “inqibator”ların sayı bu gün az deyil.
-Gənclərin aşıq yaradıcılığına marağı necədir? Bu gün bu sahəyə axın varmı?
-Mən deməzdim ki, bu gün gənclərin aşıq sənətinə axını var. Ancaq bu sənətə meyli olanlar var. Bu işin sürətlənməsi televiziyalardan çox asılıdır. Meyxanaları Abşeron səviyyəsindən çıxardıb xarici dövlətlərə qədər təbliğ edən Azərbaycan televiziyaları bu sənəti də göylərə qaldıra bilər. Nə yazıq ki, aşıqları təlxəyə çevirən bəzi kanallar bilərəkdən aşıq sənətinin yurdunda turp əkməklə məşğuldurlar. Muğam müsabiqələrinin nəticələri bu gün göz qabağındadır. Az bir zaman kəsiyində bu müsabiqələrdə neçə-neçə istedadların meydana çıxdığı hamıya məlumdur. Bu gün aşıq sənətində Dövlətin qayğısı təqdirəlayiqdir, bu , alqışlanmalıdır. Buna baxmayaraq əlaqədar təşkilatlar, Azərbaycan teleməkanı və mətbuat dövlətin tələb və tapşırıqlarına layiqincə əməl etmir. Mənim ən çox umacağım ana televiziyamızdandır. Əminəm ki, AzTV aşıq sənəti ilə bağlı tarixi ənənəsinə sadiq qalaraq yaxın gələcəkdə mötəbər münsiflər heyətinin iştirakı ilə SMS-siz aşıq müsabiqəsi keçirəcək. Bildiyimiz kimi bədii əsərlər böyük təsir gücünə malikdir. Deyirlər ki, Şah İsmayıl Xətai döyüş vaxtı əsgərləri üçün saz çalar, qızılbaş qazilərini qələbəyə ruhlandırardı. Və onlar da bu müsiqinin təsiri ilə daha şövqlə vuruşar, ölümə belə həvəslə gedərdilər. Bu gün necə, aşıqlar cəbhə bölgəsində əsgərlərimizin qarşısında çıxışlar edirlərmi? Ya dövlət səviyyəsində, ya da şəxsi istəkləri ilə. Qarabağ hadisələri ilə bağlı hamıya məlumdur ki, bütün xalq ayağa qalxmışdı. Qızğın döyüşlər zamanı döyüşçüləri ruhlandırmaq məqsədi ilə sənət adamları-aktyorlar, musiqiçilər və aşıqlar tez-tez cəbhə bölgələrinə gedirdilər. Özümün də bir neçə dəfə şahidliyimlə bir zaman bu proses davam etdi. Tanıdığım aşıqların bir neçəsi dəfələrlə sazını da götürüb cəbhəyə yollandı, əsgərlər üçün konsertlər verdi. Aradan illər keçib, nəsə bu vacib tədbirlər nəsə səngiyib.
-Güney Azərbaycan aşıqları ilə əlaqələr hansı səviyyədədir?
-Güney Azərbaycan aşıqları ilə mütəmadi olaraq əlaqələr saxlayırıq. Şəxsən özüm də yaxından iştirakımla 20 ildən çoxdur ki, Təbriz, Qaradağ, Urmiya aşıqları ilə əlaqələr yarada bilmişik. Onların çoxu ilə ailəvi dostluq əlaqələrimiz var. Tez-tez onları Bakıya dəvət edir, radio və televiziya vasitəsi ilə çıxışlarını təşkil edə bilirik. Onların vasitəsi ilə institutumuz Güney Azərbaycanın folklor nümunələrini toplamağa başlamışdır. Bu işdə bizə şəxsən Təbriz-Qaradağ aşıqlar birliyinin sədri, güneyli qardaşımız Böyük bəy Hacı Ələkbər oğlu Zəndəbadi yaxından köməklik göstərir.
-Elxan müəllim, əlində saz, çayxanada oturub müştəri gözləyən, necə deyərlər “toy tutan” “aşıqlara” necə münasibət bəsləyirsiniz?
-Tarixən elə dastanlarımızın çoxunda da aşıqlarımızın çayxanalarda, onların öz təbiri ilə desək “draxtın”larda əyləşib deyişməsi bizə məlumdur. Bu ənənə son illərə qədər Borçalıda, Tovuzda, Qazaxda, Gəncədə və başqa bölgələrdə davam edirdi. Toy sahibi də ona lazım olan aşığı axtarıb həmin çayxanada tapırdı. Bu aşıqlar çayxanalarda boş-boşuna müştəri gözləmirdilər, onlar həm də bilmədiklərini bir-birlərindən öyrənirdilər, kamilləşirdilər. İndiki aşıqları mən həmin aşıqlarla müqayisə etmək istəməzdim. İndi öyrənməyə cəhd edən aşıq o qədər də çox deyil. Bir də ki, yaxşı aşığın müştərisi bağlı qapı arxasında olsa belə tapılar.
-Gənc aşıqların hansının haqqında daha çox ümidlisiniz?
-Əsasən üzdə olan aşıqlardan Ədalət Dəlidağlı, Əli Tapdıqoğlu, Altay Məmmədli, İlham Aslanbəyli, Şaiq İncəli, Qalib Kəlbəcərli, Ramin Qarayev, Cahangir Quliyev, Əşrəf Qəriboğlu, Vüqar Mahmudoğlu və adlarını unutduğum daha bir neçə aşıq da var ki, onlara qulaq asa bilirəm. İstəsələr klassik aşıq sənətimizi layiqincə təmsil edə bilərlər.
-Hansı şer şəkli aşıq yaradıcılığına daha çox uyğun gəlir?
-Aşıq şerləri öz qəliblərinə görə bütün havalara uyğun gəlir. Məsələn, gəraylının öz 8-lik qəlibi var. Bu qəlibə “Sarıtel”, “Baş sarıtel”, “Dubeyt” və sair havalar, qoşma-11 hecalıdır, bu qəlibdən olan havalar “Qaraçı” və sair, müxəmməs də divani də, eləcə öz qəlibinə uyğun havalarda oxunur.
-Aşıq yaradıcılığının təbliği yolunda mətbuatın rolunu necə qiymətləndirirsiniz?
-Deyəsən ötəri də olsa yuxarıdakı sualları cavablandırarkən bu sualı da cavablandırdım. Aşıqlığın təbliği bir neçə radio (AzTV və İTV) verilişlərini və bir neçə ədəbi dərgiləri çıxmaq şərti ilə nə televiziyalarda, nə də geniş mətbuat səviyyəsində təbliğ olunmur. Düzdür, professor M.Qasımlının apardığı ”Musiqi xəzinəsindən” verilişi öz professionallığı ilə seçilir. Ancaq söhbət sənətin nüfuzunu qaldırmaqdan gedir. Bu sənəti də musiqimizin səviyyəsinə qaldırmaq üçün təcili tədbirlər görülməlidir. Mən inanıram ki, ardıcıl təbliğat və əlverişli şərait yaradılsa istənilən qədər gənc istedadlar üzə çıxacaq. Təsadüfi deyil ki, aşıq sənəti artıq YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Yeqzar Cəfərli
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ