Mayası
poeziyadan yoğrulan nəğməkar şair

Ömür deyil əbədi,
Eşq varlığın tələbi
Yaşamağın səbəbi
Məhəbbətdi, məhəbbət.
Daim musiqiçilərin, sənət
adamlarının əhatəsindədir. Bu bir yandan şairin təbiəti ilə bağlıdırsa, onun
işi televiziya ilə müəyyən qədər bağlı olduğundan bunu bir yandan da onun
işgüzarlığı ilə bağlamaq olar. Onlarla sənət adamlarına şeirlər həsr edib.
Onları musiqili şeirlərinin dili ilə aydın, oxunaqlı, şirin bir dillə təqdim
edib.
Təbiətən sakit, heç kimin xətrinə
dəyməyən şair öz gühanını məhəbbətlə yumağa çalışır.
Bica yerə dəymişəmsə
xətrinə,
Ətrin hopub şeirin
hər sətrinə,
Bağışla sən məhəbbətin
xətrinə
Bağışla sən, günahımı
bağışla.
Hər bir şairin yaradıcılığının
şah beyti olur. Məncə, Vüqar Əhmədin yaradıcılığının zirvəsini “Anam mənim” şeri hesab etmək olar. Bu
şeri anaların himni də adlandırmaq olar.
Hifz eyləyən
duasıdır,
Səsi quran sədasıdır
Elimizin anasıdır,
Anam mənim, anam mənim.
Öz anasını bütün elin anası
hesab edir. Kiçik bir misrada ananı, analıq duyğusunu bacarıqla təsvir edən
şairin bu şeiri bu gündə istər şeir kimi, istərsə də musiqi kimi sevilə-sevilə
oxunur.
Vüqar Əhmədin poeziyası qədər
elmi yaradıcılığı da zəngindir. O, Güney Azərbaycanda azadlıq hərəkatının
öncülü Şeyx Məhəmməd Xiyabani haqqında monoqrafiya yazmaqla Xiyabanişünaslığı
inkişaf etdirdi. Çünki, milli azadlıq mücadiləsinin mücahidi olan Xiyabani
haqqında bir çox bədii əsərlər yazılsa da, sanballı bir monoqrafiyanın
yazılmasına böyük ehtiyac vardı. Bu monoqrafiyada o, təkcə Xiyabaninin həyat və
fəaliyyətini deyil, Güney Azərbaycanda milli azadlıq hərəkatının xarakterini,
önəmini işıqlandıraraq həm güney, həm də quzey mətbuatının Xiyabaniyə münasibətini
göstərir. Kiçik bir yazıda biz bu monoqrafiyanı tədqiq etmək fikrindən uzağıq.
Məqsədimiz hələ bu monoqrafiya ilə tanış olmayan tələbə və müəllimlərin diqqətini
buraya yönəltməkdir. Müəllif təkcə bu monoqrafiyanı yazarkən 60-dan yuxarı mənbəni
araşdırması bir daha əsərin zənginliyini artıran amillərdəndir.
Vüqar Əhməd Güney Azərbaycanda
azadlıq hərəkatının öncülü “Mən azad doğulmuşam, azad da bu dünyadan gedəcəyəm”-deyən
bu talesiz insanın həyat və fəaliyyətindən geniş söz açır, öz azadlıq ideyalarına
sonsuz sadiq qalan, lakin siyasətdə yetkin olmayan bu azadlıq fədasinin mübarizə
yolunu işıqlandırır. Bildiyimiz kimi nə Səttarxan, nə Ş.M.Xiyabani, nə də
S.C.Pişəvəri Azərbaycanın bağımsızlıq məsələsini ortaya qoymurdular. Onlar
İranın tərkibində Azərbaycana muxtariyyət vermək tələbi ilə çıxış edirdilər.
Vüqar Əhmədin çap etdirdiyi və
Ali məktəblərin “Filologiya” fakültəsinin
tələbələri üçün nəzərdə tutduğu “Ədəbiyyatşünaslıq
dərsliyi” diqqət çəkir. Dilinin sadə və oxunaqlı olması və burada Azərbaycan
ədəbiyyatında islam dininin mövqeyinin əks olunması onu digər dərsliklərdən fərqləndirən
başlıca özəlliklərdəndir.
Öz qələmi romançılıqla da
sınayan Vüqar Əhməd 2012-ci ildə “Qarabağ
yuxusu və ya yuxuda qələbə” romanını yazdı. Müəllif əsərdə özü, mənsub
olduğu soyun tərcümeyi-halını verməklə eyni zamanda özünün həyata baxışlarını,
arzularını da ifadə etmişdir. Bütün bunlar hələlik bir yuxu olsa da bir zaman gələcək
bu yuxu da həqiqətə çevriləcək.
Gah sevgilisinin gül ətrindən,
dünyanın gözəlliklərindən ilhamlanan şair, bəzən də olur ki, bədbinləşir, həyata
küsür, fəryad qoparır, lakin onu heç kim duymur və o özünü yalnız, tənha hiss
edir.
Qara bəxtim
oyanmadı
Qara günlər
dayanmadı
Bir kəs məni
duyammadı
Bəxtim qara, özüm
bədbəxt.
Vüqar
Əhmədin yaradıcılığında vətən, torpaq anlayışlarına tez-tez rast gəlirik. Bu da
təsadüfi deyil. Vətəninə, elinə ürəkdən bağlı olan şair fərəhlə onun gözəlliyini
vəsf edir. Lakin vətənin başına gətirilən müsibətlər, ağrı-acı onun vətənpərvərlik
baxışlarının digər tərəfidir. Zaman-zaman gerçəkləşən işğallar, yurdumuzun
başını alan qara buludlar şairi ciddi narahat edir və o bütün bunlara görə təəssüflənir.
Əsir düşən, işğal
olan vətənə
Yerli-yersiz ona
buna yetənə
Qəlbi mənlə, məndən
uzaq ötənə
Görməyən gözünə
heyifslənirəm.
Vüqar Əhməd yaradıcılığın
başqa bir tərəfinə də diqqət çəkmək istərdim. Biz insanlar adətən bir günah edərkən
və ya hər hansı düzgün olmayan işin qulpundan yapışanda və ən əsası sonda
uğursuzluğua düçar olanda bu uğursuzluğun kökünü özümüzdə deyil, başqalarında
axtarırıq. Başqa sözlə günahımızı başqasının üzərinə atırıq, əsasən də
dünyanın. Buna poetik dillə bacarıqla münasibət bildirən şair dünyanı deyil,
insanı “yalançı” adlandırır. Şair düşünür ki, onsuz da dünya vəfasızdır. Əsas
odur ki, insan ona aldanmasın, öz ləyaqətini, şərəfini qorumağı bacarsın.
Dünyaya sağlam gözlə baxsın, onun dəyərlərindən, gözəlliklərindən, müsbət
keyfiyyətlərindən lazımınca faydalana bilsin.
Dünya yalan deyil,
dillər yalandı.
Mənasız yaşayan
illər yalandı
Bu dünyanın düz
vaxtını görmədim
Vəfasız dünyanın nəyindən
küsüm.
Vətəninin gözəlliklərini,
ağrı-acısını bacarıqla qələmə alan şair doğma torpağını da unutmur. Kiçik bir
poema ilə doğlulub boya-başa çatdığı doğma Abşeronun əsrarəngiz təbiətini, görkəmli
şəxsiyyətlərini-şair və yzıçılarını, xanəndlərini vəsv edir vəsf edir, ona cani-dildən
bağlı olduğunu demək olar ki, hər misrada bildirir. Bu poemanı “Abşeron haqqında ballada” adlandırsam, yəqin ki, oxucular mənimlə
razılaşar.
Şeir və nəsr yaradıcılığı ilə
müntəzəm məşğul olan Vüqar Əhməd öz dəyərli əsərli ilə çağdaş ədəbiyyatımızı zənginləşdirir.
Lakin gənc bir yazar, tənqidçi kimi, ən əsası da onun yaradıcılığına müəyyən qədər
bələd olan biri kimi düçünürəm ki, Vüqar Əhmədin şeir yaradıcılığı nəsr
yaradıcılığından daha zəngin və rəngarəngdir. Düşünürəm ki, poeziya
yaradıcılığı ilə öz möhürünü vurmağı bacarıb. Mən onu tanıyanda şair kimi
tanımışam, sevmişəm. Nəsr yaradıcılığı ilə məşğul olduğunu daha
sonra-yaradıcılığı ilə yaxından tanış olmağa başladıqdan sonra öyrəndim.
Vüqar Əhməd əlli yaşında öz
şöhrətinin zirvəsindədir. Qayğıkeş insan, gözəl şair, Filologiya elmləri
doktoru, professor. Bu siyahını uzatmaq da olar. Ən böyük mükafat düşünürəm ki,
xalqın ona olan sevgisidir. O, bu gün də durmadan çalışır, yazır və öz
yazıları, şeirləriylə mətbuatda müntəzəm çap olunaraq oxucuları sevindirir.
Sevimli şairimizin 50 yaşı
tamam olur. Biz də ədəbi gənclik olaraq sevimli şairimizi təbrik edir, ona
yeni-yeni uğurlar, müvəffəqiyyətlər azru edirik. Bu yazımı da onun özünün qələmə
aldığı bir misra ilə bitirmək istəyirəm.
Kimi nənə, kimi
ata-babadır,
Arzularım sahilsiz
bir adadır.
Nəvə dadı bir şərbətdir,
bal dadır.
50 yaşın mübarəkdi,
a dostum.
Yeqzar Cəfərli
Dünya Gənc Türk Yazarlar Birliyi başqan yardımçısı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ