Zəka sözünün sehri

Bu yazıya counter dəfə baxılıb

Onda orta məktəbdə oxuyurdum. Atamdan Məcid ağanın adını tez-tez eşidirdim. Məni çox maraqlandırırdı. Görəsən bu Məcid ağa kim olub? Biləndə ki, erməni daşnaqlarına və rus imperiyasına qarşı uzun müddət mübarizə aparıb, mənim bu xalq qəhrəmanına qarşı marağım daha da artdı.

Onun haqqında kitablardan, qəzetlərdən, adamların dilindən nəsə öyrənməyə çalışırdım. Hələ orta məktəbdən yazı-pozu ilə məşğul olduğuma görə, xalqın sevimli qəhrəmanı haqqında nəsə yazmaq fikrinə də düşmüşdüm. Sonralar biləndə ki, gözəl yazıçımız Zəka Vilayətoğlu Məcid ağa haqqında sənədli-tarixi roman yazıb, sevindim. Elə bildim böyük bir yükü mənim çıynimdən götürüb. Əsərin adı “ŞAH ÖLÜM”dür. Oxudum və heyran oldum!
Əsərin qəhrəmanı Məcid ağa Gəncəbasar zonasında xeyirxah, cəsur bir ağa kimi nüfuz qazanmışdır. 1918-ci ildə daşnaq ermənilərə, 1929-30-cu illərdə faşıst rus imperiyasına qarşı amansız mübarizə aparmışdır. Məcid ağa ölümü məğlubiyyətdən uca tutmuşdur. Şura əsgərləri ilə döyüşdə güllə ehtiyatının tükənməkdə olduğunu görən ağa silahı ilə sevimli atını və özünü vurur. Bir neçə gün şura əsgərləri Məcid ağanın cənazəsinə belə yaxın gedə bilmirlər. Əsl qəhrəmanlıq nümunəsidir- əsir düşməkdən ölümü uça tutma!. Tariximizin ən şanlı səhifəsi...
   Daha sonra mən Zəkanın bəddi və estetik cəhətdən bir-birindən dəyərli bir neçə hekayəsini oxudum. Ürəklə deyə bilərəm ki, bu hekayələr məni çox heyran etdi. Hələ öncədən dəyərli bir səs sahibi, gözəl müğənni və ləyaqətli insan kimi tanıdığım Zəkanın bütün əsərlərində onun səsinin şirinliyini, şəhd-şirəsini duydum. Dildəki sadəlik, axıçılıq, sözlərin seçimi, yerində işlənməsi, oxucunu yormur və öz axarıyla apara bilir. Hekayələrin mövzuları da fərli və maraqlıdır.Bir sözlə, Zəkanın bədii yaradıcılığının bir özünəməxsusluğu var.Musiqi burda da öz təsirini göstərə bilir. Nəsrdə poetika aşkarca duyulur və cəsarətlə deyə bilərəm ki, bu, bir yazıçı, nasir olaraq, on, sözün yaxşı mənasında başqalarından çox fərqləndirir.Bütün bu xoş sözlərimlə yanaşı Zəkanın yaradıcılığıyla bağlı bəzi iradlarım var. Bu da ondan ibarətdir ki, bəzi əsərlərində bir qədər tələskənlik var. Sanki bir nəfəsə bütün fikrini söyləmək istəyir və bu zaman müəyyən xətalar da baş verə bilir, təbii. Bəzi məqamlarda hadisəçilik də özünü göstərir.Bir oxucu kimi istərdim ki, psixoloji məqamlara daha böyük önəm verilsin. Tələskənliyə gəldikdə isə, düşünürəm ki, bu, Zəkanın, müasir oxucunu yormaq istəməməsi və söz yolçusunu mənzil başına dolama, kələ-kötür yollarla deyil, kəsə və daha rahat yollarla aparmaq istəməsindən baş verir. Bununla belə müəllifin nə demək istədiyi onsuz da oxucuya bəlli olur!

  Zəkanın qələmindən çıxan “GÜLLƏLƏNMİŞ QARANLIQLAR” povestı, deyərdim ki, ədəbiyyatımızda ən az işlənmiş mövzulardandır. Mövzu baxımından da, müşahidə və peşəkarlıq baxımından da bu əsər təqdirəlayiqdir. Əsəri əvvəldən-axıracan həyəcansız oxumaq mümkün deyil. Burda gərgin psixoloji məqamlar da yetərincədir. Qısaca məlumat verim: dolanışıq ücbatından, Rusiyaya qazanc dalınca gedən həmvətənlilərimizin acınacaqlı həyat hekayətləri təsvir olunur. Həyat yoldaşının getməsini istəməyən şairin arvadının dilindən səslənən:”Ayaqlarına qurban olum, getmə o dağılmışa, o xaraba qalmışa, ora gedən geri qayıtmır! Qorxma, acından ölmərik! Hamı necə, biz də elə! Bir tikə şor-çörəyimizə nə gəlib, a dərdin alım?.. Görmədinmi,  qonşumuz Alının başına nə gəldi?..”Sanki bu bir nəfərin dilindən səslənən butun qadınlarımızın etiraz notları idi.
  yaxud qürbətdə dəftər-qələm satan şair təsirlənır, yaşadığı həyata etirazını bildirir: “Mən vətəndən çox-çox uzaq qürbətdə dəftər-qələm  satıram, balalarımsa vətəndə dəftər-qələm almağa pul tapmırlar ki, məktəbə gedib savad alsınlar...”

Son oxuduğum “MİLENA”dır. Bu əsərdə bədii tərtibatına, estetik gözəlliyinə görə son vaxtlar maraqla oxuduğum, çox xoşuma gələn, məni təsirləndirən bədii əsərdir. “MİLENA”nı  oxuyub təsirlənməmək qeyri mümkündür.
 Kənddə doğulan, doğulduğu gündən ağır məhrumiyyətlər içərisində yaşayan, ata-anasını qəza nəticəsində itirən, baba-nənə himayəsində yaşayan istedadlı bir gəncin enişli-yoxuşlu, acılı-şirinli həyat hekayəsidir.  Gənc Eynarın rəssamlıq istedadı olsa da böyüyüb boya-başa çatdığı bir diyarda istəklərinə çatmağa yol tapa bilmir. Imkansızlıq, köməksizlik onun sənətə gedən yolunu bağlayır. O, hərbi xidmətdən sonra Rusiyada qalır, öz arzularına qovuşa bilir. Bir rəssam kimi sənətin yüksək pillələrinə qalxır. Bu yol tatar qızı Milena ilə aralarında bir körpu salar. Oka çayı sahilində Milenanın şəklini çəkir. Milena onun sənətinə vurulur. Bu vurgunluq  sevgiyə çevrilir. Onlar ailə qururlar. Xoşbəxt ailə həyatı yaşayırlar. Sevimli qızları dunyaya gəlir. Xoşbəxt yaşasalar da, bu xoşbəxtlik çox uzun sürmür. Eynar doğulduğu kəndə qayıtmalı olur. O, Milenaya söz versə də  gerı qayıtmır. Yaxınlarının təsirinə düşür. Qohumlarının məsləhəti sevmədiyi, hətta kənddə heç kəsin bəyənib ailə qurmaq istəmədiyi bir qadınla evlənir. Bu qadınla yaşamaq onun üçün çətin olur. Fərqli dunya görüşünə malık insanlardır. Eynarın sənətini dərk etməyən arvadı onu başa düşə bilmir. Fikri ancaq təsərrüfatla məşğul olmaq olur. Neçə illik ailəlikdən uşaqları olmur. Eynar arvadından ayrılmaq istəsə də, ilk addımı arvadı atır. Eynarı tərk edir. Eynar yenidən Rusiyaya qayıdıb Milenanı tapmaq arzusuna düşür.
 Əsərdə  Eynarda bir laqeyidlik görünür. Bu laqeyidlik onun həyatının faciəsi ilə nəticələnir. O, qatarda ətir satan qadından xoşu gəlsə də, qadının ona qarşı meyli olsa da, yaxınlıq edə bilmir.
Milenanı axtarmağa gedən Eynar uzun müddət  Moskvada ləngiyir. Burdan belə qənaətə gəlmək olur ki, onun sevgisi inamsız bir sevgidir. Tərəddüdlər, inamsızlıq və səhhətində qəfil baş verən problemlərin də bu ləngimədə öz təsiri var.
Moskvada Milenanın oxşarı başqa Milena ilə ünsiyyət yaratsa da  ona qarşı da laqeyid olur və ünsiyyət qırılır.
Eyni zamanda Eynar safdır, ürəyi təmizdır. Istəmir ona görə millətinin adına ləkə gəlsin. O,qaldığı yataqxananın lefon danışıqlarıyla bağlı olan borcunu ödəməyi unutsa da, xatırlayanda dərhal geri qayıdıb  pulu ödəyir.Bununla da Nijni-Novqoroda aparan qatara gecikir həmin gün...Səhəri gün Milenanın yaşadığı Nijni-Novqorada gəlsə də onu tapmır Moskvada rastlaşdığı qadının, həqiqətən öz Milenası olduğuna yenidən inanır və onu itirdiyi üçün çox sarsılır. Sonda, bir başqası tərəfdən bıçaqlanmış bir həmyerlisini xilas etmək istədiyi halda, özü günahkar qismində həbs edilir. Günahsızlığı sübuta yetirilincə həbsdə qalır və ordan azadlığa buraxılanda pulsuz-parasız, ac-susuz halda bir səfil görkəmiylə, həmvətənlərinin ticarətlə məşğul olduğu bazarda dolaşır, köhnə tanışlarından kimisə tapıb, kömək istəyində bulunur. Təssüf ki, heç bir tanışını tapa bilmir və son anda Milena ilə tanış olduğu həmin yerə-Okanın sahilinə gəlir. Orda köməksiz vəziyyətdə infarktdan dünyasını dəyişır.Bir oxucu kimi son qənaətim budur: Milena adi bir eşq hekayəti deyil. Burda uğursuz bir eşqlə yanaşı, vətən, vətənsizlik xətti də önə çıxarılır, müəllif tərəfindən.Eyni zamanda qətiyyətsizliyin, iradəsizlik və sadəlövhlüyün insan həyatına necə ağır zərbələr vurduğunun da şahidi oluruq!
Son olaraq, onu da qeyd edim ki, bunlar mənim bir oxucu yanaşmam və mülahizələrimdir!..
  Müəllifə uğurlar arzusu ilə...



Qalib Şəfahət, şair

Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ