Son zamanlar “fətva alimləri”nin ardı-arası kəsilməyən
“sürpriz” fətvaları heç kimi təəccübləndirməsin. Quranı-kərimi
İslamın əsas qaynağı olaraq qəbul etməməyin nəticəsinin
belə olacağını öncədən hesablamaq çox da çətin deyildi. Ağlına
gələni din adına fətva verən alimlərin ortaya
çıxması insanların Qurani-kərimə deyil, etibar edib
güvəndikləri alimlərin fətvalarına daha çox üstünlük verməsinin
nəticəsidir. Bu alimlərə etibar edilməsə, heçkim cəsarət
edib sürpriz fətvalarla xalqın önünə çıxa bilməz. Allah
Quranda insanlar üçün ən kiçik məsələdən tutmuş ən böyük məsləyə qədər hər
şeyi çox incə təfərrüatına qədər açıqlamışdır. Allah bir Quran
ayəsində: “...Biz Quranı sənə hər şeyi izah etmək üçün,
müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl
surəsi, 89) -şəklində buyurur.
Ancaq müsəlmanlara davamlı olaraq Quranda hər şeyin
izah olunmadığı, Quranın dini yaşamaq üçün kifayət etmədiyi inancı
doğru kimi aşılanıb təlqin olunur. Qurandan kənar fətvalar verib
özlərini fətva məqamında görmək istəyənlər Qurani-kərim haqqında bu cür
yanlış inancları təəssüf ki, müsəlmanların böyük əksəriyyətinə məqsədli
şəkildə qəbul etdirmişlər. Fətva alimlərinin bu inancı insanlara
qəbul etdirmək istəklərinin pərdə arxasında Qurani-kərimin olduğu kimi
qəbul edildiyi halda, öz titullarını
itirmək qorxusu dayanır. Bu səbəbdən, Allah`ın
Quranda hər şeyi açıqlamadığı kimi yanlış inancı insanlara qəbul
etdirməyi özləri üçün tək qurtuluş yolu olaraq görürlər. Allah
Quranın hər şeyin açıqlayıcısı olduğunu
bildirdiyinə baxmayaraq, “Quranda hər şey
açıqlanmamışdır”, -deməyə cəsarət tapanlar, təbii ki, Quranı
kifayət görmədikləri üçün öz dar düşüncələrinə uyğun fətvalar
verəcəklər. Ancaq Allah “Ənkəbut” surəsinin 51-ci ayəsində onların
tam əksinə olaraq: “Məgər oxunmaqda olan kitabı sənə nazil
etməyimiz onlara kifayət etmədimi?...” -buyuraraq əsl
həqiqətdə müsəlmanlar üçün Allah`ın göndərdiyi kitabın əsaslıolduğunu
bildirir. Allah başqa bir ayədə: “...Siz dininizi
Allah`amı öyrədirsiniz?...” (Hücurat surəsi, 16) -buyuraraq Allah`ın
dinini Allah`a öyrətmək istəyən (Allah nöqsan sifətlərdən uzaqdır) bu
cür insanların çıxacağını bizə bildirmişdir.
Allah`ın endirdiyini kifayət görməmək, eyni
zamanda,dində “çatışmayan” hökmlərin fətvasının verilməsini gündəmə
gətirir. Təbii ki, bu zaman əsas iş artıq öz nəfslərində qurduqları dini İslam
adına insanlara təqdim etmək istəyən “fətva alimləri”nə qalmışdır. Quranda
olmadığını iddia edərək istədikləri mövzuda fətvalar yağdırmaq insanları
Quranın kifayət olmadığına inandırdıqdan sonra daha asan hala
gəlmişdir. Artıq insanlar bu “peşəkar din alimləri”nin fətvalarına
möhtac hala gətirilmişlər və onların ağzından çıxan hər söz sanki Quran ayəsi olaraq
qəbul edilir. İnsanlara Quranın mütləq ərəbcə oxunması və alimlərin
açıqlamalarından başqa insanların Qurandan heç bir şey başa düşməyəcəyi
ciddi-cəhdlə təlqin edilir və verilən fətvaların Qurana zidd olduğunu
anlayıb dilə gətirənlərə isə: “Bu qədər alimlər səhv anladı,
sən düz bilirsən”, -deyilir və onlara,
beləcə,“həd”ləri bildirilir.
İslam dinini verdikləri
fətvalarla, adətən, yaşanmaz hala gətirən bu
alimlərin qadınların sünnət edilməsinin faydalarından
tutmuş kişilərin cinsiyyətlərini dəyişə
biləcəklərinə dair İslamda heç bir yeri
olmayan fətvaları,təəssüf ki, bir çox insan tərəfindən İslam dininin
hökmü kimi qəbul edilir.
Bütün bunların nəticəsi isə, gördüyümüz
kimi, İslam dininin məzhəblərə, təriqətlərə, firqələrə bölünməsi ilə
nəticələnmişdir. Bu vəziyyətdən yeganə çıxış yolu olaraq,bütün
müsəlmanlar Peyğəmbərimiz (səv) kimi Quranı əsas
götürməli və dini Qurandan açıqlayan
alimlərə etibar etməlidirlər.

Ramiq Vəliyev
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ