Mələk yerində donub qalmışdı, heç nə hiss etmirdi. Bəlkə də bu olanları anlamaq istəmirdi. Nece ola bilərdi axı ?! Ondan bir neçə gün idi ki, ayrılmışdı. O qayıdacağına, birlikdə ailə quracaqlarına söz vermişdi. Dörd uşaqları olacaqdı, iki oğlan, iki qiz. Bir evin dayaqları kimi. O inandırmışdı ki, xoşbəxt olacaqlar. Bəs nə oldu, necə oldu, dərk edə bilmirdi.
Həyətin bir küncündə yalnız oturmuşdu, heç səs çıxarmadan. Sanki heç nə olmamışdı. Ovucunda nişan üzüyünü oynadırdı. Üzündən heç bir ifadəni sezmək olmurdu. Nə kədərli olduğu bilinirdi, nə də nəyisə düşündüyü. Anası qızının bu halıyla neyləyəcəkdi, gözünün önündə qızı şam kimi əriyirdi. Heç nişanlısının yasına da getməmişdi. Heç kimlə danışmadığı artıq yeddi gün idi. O, mələyinin səsini yeddi gündü eşitmirdi, nə edirdisə, onu danışmağa razı sala bilmirdi. Ana sonda bir qərara gəldi . Qızına yaxınlaşdi, dedi: -Quzum, axı bəsdi , bu qədər də olmaz, qismətdi . Allah belə yazıb , ölənlə ölünməz. Bilirəm, çox əzab çəkirsən, için yanır, nişanlın bir namərdin gülləsinə getdi. Amma şəhid sayılır, bununla rahatlıq tap heç olmasa. Bax, Vüqar səni belə görsəydi, səncə sevinərdi, bu halda olmağını istəyərdi. Yetər quzum, yazığam mənə belə əzab vermə. Gözəlim, zaman bütün dərdlərə dəvadı. Bunu qəbul et.
Qızından bir reaksiya olmadığını görən ana daha səbr edə bilmədi, qızının əlindəki üzüyü alıb tulladı kənara, ”bəsdi, bəsdi –deyə bağırdi, mən də balamı itirmək istəmirəm, özünə gəl, ürəyimi qurtardın. Ayıl”.
Qızı başını qaldırıb anasının üzünə baxdı, anasının necə əzab çəkdiyini indi gördü, anası qocalmışdımı?! Anasına bunu etməyə haqqı vardımı? Anasının ona yalvararcasına baxdığını görüb, özünü biraz topladı: -Yaxşı, ana, dediyin kimi olsun, amma bil ki, yalnız cismani övlad itirməmisən. Mən ölmüşəm, ana, ölmüşəm, canım gedib bağrım yarılıb. Ana, o var-yoxsuzların gülləsi təkcə Vüqarıma dəyməyib, mənə də dəyib. Səncə mən yaşayıram? Bax, yaxşı bax, mən diriyəmmi?! Yaşamağa məcbur ölüyəm, ana, ölüyəm. Ağlaya bilmirəm, hiss edə bimirəm. Ürək lazımdı ağlamaq üçün . Mənim ürəyimi parçaladılar…
Daha heç nə deyə bilmirdi. Daha sözlər boğazında düyünlənirdi. Üzüyü yerdən götürüb anasına baxdı və evə tərəf getdi.
Ana ürəyində Allaha şükür edirdi ki, qızının səsini eşitdi, bu həyata üsyan olsa da axır ki , o danışdı. Qızına səsləndi:
-Hara gedirsən, Mələyim. Mələk dedi: -Demirdin yasa gedək, sizin üçün vacib olan budu, el aləm görsün ki yasdayam . Yaxşı olsun siz istəyən.
Acıqla qapını çırpdı.
Vüqarın anası, bacıları onu görcək boynunu qucaqlayıb ağlaşırdılar.” Vüqarın yadigarı” , “bəxtsiz qızım”, “Vüqarımdan xatirə” kimi sözlər deyib ağlaşırdılar. Mələk isə sadəcə baxırdı, daha yas mərasimində otura bilmirdi. İçi sıxılırdı. Ona elə gəlirdi ki, burda heç kimi tanımır. “Ana , mən evə gedirəm”- deyib çıxdı mağardan. Hey gedirdi, heç nəyə baxmadan ayağına ilişən yekə çaylaq daşlarını belə görmürdü. Birdən ağrı hiss etdi əlində, o, son günlərdə ilk dəfə idi ki, nəsə hiss edirdi. Baxıb gördü ki, üzüyü o qədər sıxıb ki əlində , öz dırnağı ətinə batıb. Elə bil özünə gəldi, bu işarəydi, nə idisə onu oyatmışdı. Gözlərindən yaş axırdı, içindən var səslə Vüqarı çağırmaq keçirdi. Amma səsi batmışdı sanki, bacarmırdı.
Birdən Vüqarı gördü, o , əsgər paltarında tam qarşısında idi, üzündə həmişəki təbəssüm. Mələk bu gülümsəməsini çox sevirdi. Birlikdə keçirdikləri uşaqlıq günlərini xatırladırdı sanki. Mələk Vüqara sarılmaq istədi. Amma birdən anladı ki, qəbirstanlıqdadı. Sevdiyinin, bütün varlığı ilə sevdiyinin qəbrinin düz yanında. Ayaq üstə dura bilmirdi. Daha bacarmırdı. Qəbrin yanında yerə çökdü, əlləri titrəyirdi. Uzatdığı əllərini indi Vüqarın isti əllərinə yox, soyuq qəbir daşına toxundururdu. İlahi, bu necə də dəhşətli idi. Danışmaq istəyirdi, ürəyini boşaltmaq istiyirdi Vüqarına. Özünü toparlayıb dedi : -Necəsən şəhidim?! Üşüyürsənmi?! Qorumağa getdiyin bu qara torpaq səni qoruyurmu soyuqdan?! Sənin üçün çox darıxıram, zaman tez keçəcək , sənin yanına qayıdacağam deyirdin, sözünə əməl etdin. Gəldin, amma bu gəlişin məni dağladı, canım. Yaşaya bilmirəm, yaşamaq istəmirəm, sən olmadan bacarmıram. Özümü öldürə də bilmirəm, sənə xəyanət olar bu. Amma bir gün sənə gələcəm, məni gözlə…Mütləq gözlə…
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ