“Ey Sevgili, Sən Məndən heç vaxt Yalan və Xəyanət gözləmə!!!
Çünki, əgər söyləyəcəyim Yalanın və edəcəyim Xəyanətin mükafatı “Cənnət” , Sadiqliyim və Dürüstlüyümün cəzası “Cəhənnəm” olsa belə, əmin ol ki, Mən Sadiqliyimdən dönmərəm !!!”
Gəl ey Sevgili, Sənsiz dünyam zülmət, günəş qaranlıq bir kürə, yağışlar üzərimə yağan dəhşətli alovdur, ayaqlarımı basdığım torpaq uçurum kənarıdır sanki.
Gəl ey Sevgili, gələcəyin yollara baxmaqdan gözlərimi tor bağlayıb, əllərim havadan asılı qalıb, ürəyim həsrətinin yanğısından külə dönüb.
Gəl ey Sevgili, həyatımın anlamı Sənsən, torlu gözlərimə işıq saçan Sənsən, ruhum qidası, ömrümün baharı Sənsən ey Sevgili.
Gəl ey Sevgili, Sənsiz ürəyimin alovu hər an güclənir, bütün vücudumu yaxır, yandırır, Sənsiz üzüm payız xəzəlləri tək saralıb, gözlərim yaşlı, xəyallarım başsız, simam gülüşsüz, dodaqlarım öpüşsüz qalıb. Nəfəs qədər ehtiyacım var Sənə. Gəl.
Gəl, bu vəfasız dünyada bircə vəfalım,
Gəl, həyatımı aydınlatan nur camallım,
Gəl, canıma can qatan canım,
Gəl, tək ümidim, tək xəyalım, pənahım.
Gəl ey Sevgili, Sənsiz gözlərim görməz olub, Sənsiz əllərim tutmaz olub, Sənsiz ürəyim "SƏN" deyə haraylayır. Sənsiz sevgim yetim qalıb. Gəl ürəyimi sevindir, Gəl gözlərimi güldür, Gəl ruhumu dindir Sevgili.
Gəl ey Sevgili, Sənsiz gecələrdə dinlədiyim mahnılarda Səni duyuram, Sənsiz gəzdiyim küçələrdə Səni soruşuram, Sənsiz hər yerə baxdığımda Səni görürəm ahu gözlərinə qurban olduğum. Gəl. Bu mahnılar, bu küçələr, bu sahillər Səni gözləyir.
Səni gözləyir, bu yaşlı gözlərim,
Səni istəyir, yaralı ürəyim,
Səni arzulayır yetim sevgim,
Səni səsləyir Sən dolu xəyallarım.
Ey ürəyimin əvəzsiz sahibəsi, Gəl, ürəyim Sənin olsun. Gəl, o zərif əllərini tutub ahu gözlərinə saatlarca tamaşa edim. Gəl, alım Səni boynuma dünyanın Səninlə necə gözəl olduğunu göstərim.
Ey gözlərimin nuru, Gəl, gözlərimin yaşını qurut, Sənsiz oyuncağı əlindən alınmış körpə kimiyəm, Gəl, ürəyimə hakim ol, gəlişinlə mənə Cənnəti bəxş et.
Sən ən şirin yuxularımsan Sevgili. Sən sevgi şəhərimin Şahzadəsisən. Sən baş tacım, ruhum qidasısan. Sən söylənəcək sözlərin ən gözəli, ən özəlisən. Sən xoşbəxtlik dənizimsən. Sən dərdlərimin tək əlacısan. Gəl, saçlarına sığal çəkim, Gəl, Sənə xoşbəxtliyin Sənin yanında olmaqda olduğunu söyləyim. Gəl, qaranlıq və soyuq otağıma istilik gətir. Əllərim Sənsiz qalıb, Qollarım Səni arzulayır. Sənsiz çox üşüyürəm Gəl. Gəl gözlərimə bax gülümsə. Sənin gülüşünlə mən də gülüm. Sənin gülüşünü görmək tək xoşbəxtliyimdir Gəl.
Hər gecə qaranlıq və səssiz otağımda Səni düşünürəm. Səni arzulayaraq yuxuya gedirəm. Gəl ey Sevgili, gəl artıq qurtar məni bu əzablardan, azad et bu zillətdən, xilas et kül edən alovlardan. Gəl, saçlarıma sığal çəkərək oyat məni. Oyat məni bu Sənsiz yuxulardan. Səni görmək istəyirəm. Səni gözləyirəm. Gəl...
Müəllif: İntiqam İsmayılov

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ