-
Kimdir
birinci ?
Amiranə və qadiranə, ehtiyacı qarşılamaq, problemi
həll etmək əzmində bağıran səs sədrin köməkçilərindən işə ən təzə götürülənin səsi
idi. Onu idarənin girişində maşıdan düşəndə görmüşdüm. Düşündüm ki, yaşayış
massivi yeri almaq üçün bələdiyyə idarəsinə
gələn sahibkardır. Sonra otralıqda var gəlindən anlamışdım ki.....
-
Mən....Mənəm
ay bala. 4 saatdır burada bu sözü gözləyirdim...
Tanrıya min şükür. Şükür sənə ya Rəbbim.
Mənim də işim düzələrmiş.
Bayaqkı səsin yanında məzlum, cılız, qocalmış bir səs sahibi Allah
deyə-deyə ümid qapısından içəri keçdi. 5 dəqiqə keçmədi ki, gərəlmiş səslə
Allahdan narazı , deyinə - deyinə, son pənah qapısını hirslə çırpıb getdi. Aylardır
görülən ümid xəyalları, qocalan ailə arzuları bu qapının nə o tayında qaldı nə
də bu tayında.
Barmağımı
dişlədim... həə. Deməli məğrur qoz ağacı biraz qabaq ona görə utanırmış. Axı
birinci dəfə deyildi ki, məğrursuzlaşsın... Hər gün, hər qəbul. Hər şikayət, hər
ümid... Hamısının yükü bu qapının, hamısının babalı Allahın üzərinə düşürdü. Aradan
beş – on dəqiqə keçmişdi. Qəribə idi ki, heç kəs cürətlənmirdi. Heç kəs öz ailəsində
olduğu kimi, televiziya xəbərlərində soyqırım haqsızlığından danışan erməniyə,
ATƏT, MİNSK qruplaşmasının Heydər Əliyev
prospektini ayda 4 dəfə tapdalayaraq, Gülüstan-Türkmənçay restoranında cırıq
qaloşlu , əli qabırlı, nəfəsi aclıq qoxuyan Ayrım Tağının qarğıdalı qarışıq
buğda çörəyinin hesabını vermədən təkrar-təkrar yeməyinə yox gözümüzü yağır eləmələrinə
necə deyinərək cürətləniriksə o cür cuşa gələ bilmirdi. Elə bil, öz qayğı
qapımızın dərd gözlüyündən uzaqlaşanda boş pul kisəmiz kimi cürətimizi də evdə
qoyuruq. Gözləyənlərin səbrinə heyranlıqdan səbrim tükənirdi. Müsəlmançılığın
ehkamlarından biri də səbr etməkdir. Sovet dağılandan sonra bu qədər qısa
vaxtda müsəlmanlaşdığımıza görə Allaha şükür elədim.
Kənardan
orta yaşlı nurani, qayğılı, yorğun lakin, məğrur, qürurlu, əzmli bir kişinin, nəyi
gözləyirsiniz ? İçəridə adam var ? deyərək
irəliləyib qapıya doğru getməsi məni təcübləndirdi. Hamının “Nəyi gözləyirsiniz ? Sualına deyil “içəridə adam var? sualına cavab
verməsi qəribə idi. Axı niyə kimi yox, nəyi gözlədiyimizi bilmirik? Axı niyə hər
zaman kiminsə birinci olmasını eşitmək, görmək, gözləmək fikrində oluruq? Bu qədərmi
uzaqlaşmışıq kimliyimizdən, ilkliyimizdən ? Geri dönüş qapısı o qədərmi bərk bağlanıb ki, aça
bilmirik ? Ah zavallı mənlər, bizlər! Ah zavallı millətim mənim... Kim bizi belə ucuz, aciz etdi ? Kimlər qopardı təpərli köklərimizi
ana torpaqdan ? Eehh...
Qapını
açıb içəri daxil olan kişini məzəmmətləyə başladım. Təbii ki, öz-özümə, üz – üzünə yox. Bu
qədər adamı saymadı, gözləyənləri nə yerə
qoyub? Növbə gözləmək , sırada durmaq bizim işimiz deyil. Hələ bu mədəniyyət
sahibi olmamışıq. Birdən ayıldlm sanki. Həə... Bayaqdan tənələrimlə məzəmmət elədiyim
kişi birdən-birə ucaldı gözlərimin önündə. Sağol dayı, əmi, ata, baba, oğul, əsgər...
Sağol ey növbə gözləməyən , sırada
durmayan vətən övladı. Bəsdir gözlədin siyahısında adının belə yazılmadığı növbələrdə.
Sənin sıran bu növbələrdə birincidir. Keç... Soruşmadan keç!
İçəridən
gələn səslər yavaş-yavaş yüksəlməyə başlayırdı. Adi danışıqlar mübahisəyə
çevrilirdi. Ümid qapısının arxasında özümüzü idarə edən məmurun icazəsiz kabinetə
daxil olmağına görə həmin insana əsəbiləşdiyini güman edirdim. Qapının azacıq
açılmasından sonra eşitdiklərim isə məni məyus etdi. Vətən övladı vətən
torpağının müdafiəsində canını vətəninə fəda edib düşməni məhv edən I Qarabağ müharibəsi veteranı kimi, bir daxma
tikmək üçün 1-cə sot torpaq almağa müraciət edirmiş bizi idarə fədaisinə.
-
A
kişi torpaq zad nə gəzir? Get başına çarə qıl. Səni mən göndərmişdim Qarabağa? Getməyəydin,
heç 1 metr də torpaq zad yoxdur sənə verəsi. Hamısını hərracda satmışıq. Gəlib
vaxtında alaydın.
-
Sənin
kimi səriştəsizlər, şərəfsiz məmurlardır elə bu dövlətə ziyan vuranlar. Yuxarılara
yaltaq - yalnış məlumatlar, aşağılara yalan dərd həqiqətləri ,vədləri...
Ümid qapısı biraz da aralanıb ehtiyac növbəsində
duranlara deyib - eşidə bilmədikləri sözləri çatdırırdı.
-
Vətən,
torpaq, mərdlik, sərvət, hamısı sənindir ey kasıb. Müharibə də sənindir, get
vuruş, savaş, qoru. Sən qoru, mən satacam. Canın çıxsa da sənin payını verməyəcəm...
Elə bilmə ki, oturduğun yer sənə rahatçılıq verəcək. Hələ qurtarmayıb kimlik
savaşımız. Sənin kimi alçaqların ataları, babaları əvvəllcə İrəvanı verdi, sonra
Zəngəzuru, sonra Göyçəni, sonra Qarabağı, sonra mənliyini, kişiliyini, qeyrətini...
Yoox. Siz heçnə verməmisiniz. Gərək nəyinizsə olsun ki, verəsiniz. Siz bu millətdən
törəsəydiniz nəyinizsə olardı! Özgəninkini özgəyə verib gün sürməyi sizə
bağışlamayacaq övladları var bu millətin.
Əlbət bir gün hesab sorar sizdən. Birini verin, birini unutdurun. Bir-bir yox, hamısını birdən alanlar
tapılacaq. Hələ ölməyib bu millətin süuru, mənliyi, mərdliyi! Hələ ölməyib...
düşünən beyinləri...vətən uğrunda ölməyə öyrətsənizdə biz vətən uğrunda öldürməyi
öyrənmişik. Yalnız öldürməyi ...
Səs kəsildi.
Qapı hirslə çırpıldı. Bütün baxışlar sanki özünə baxırmış kimi, bu şəxsiyyətə
yönəlmişdi. Doğrudan da insan özlüyündə olanda kimliyini biləndə nuraniliyi
müdrik qüdrətə, yorğunluğu məğrur əzmə çevrilirmiş.
Mətin
addımlarla geriyə irəliləyən bu insan hər kəsin qəlbində bir oyanış yaratdı. Yorğunluğu
apardı bu 1 daxma yer üçün gəlib əliboş geri qayıdan vətən fədaisi. Üzündəki
qürurdan hiss olunurdu əliboş getmədiyi. Hə, o əliboş getmirdi. Ümidsizliklə
ümid qapısına gələn insanlara isıq gələn tərəfdə yox silah səsi gələn tərəfdə
ümid verib gedirdi. Əlində 200 ildən bəri itirdiyi torpağının sənədi gedirdi. Gülüstanın,
Türkmənçayın 200 illik qara bayramına düşmən başı üzəcək qabırlı əllərində qəzəblə
qərənfil sıxılmış yumruqla gedirdi. Arxasında qəzəbindən çırpılıb yerə düşən
Qarabağ qozundan hazırlanmış, ayaqdaykən məğrursuzlaşan, yıxılarkən məğrurlaşan
ümid qapısına şərəf verib gedirdi... Gedirdi... qayıdırdı torpağına tərəf, bilirdi
ki, torpağı qayıtmayacaq və alınmayacaq. Biz qayıdacıyıq, biz alacıyıq. Aclıq
qoxan nəfəsimizdən od püskürdərək.
Nizami Xaliq
Məmmədli
Qusar 2008
Soyuq qış gecələrindən
bir müəllim xatirəsi...

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ