Gözlərində tənhalığımın qənimi gizli,
Gözlərində xoşbəxtliyimin zəmini gizli...
Gözlərində, elə bil ki, nəsə məni titrədən,
Amma bütövləşməyə ruhun təyini gizli.
Gözlərində hiss edirəm bir məsum kədəri də.
O kədərdə nə qədər xəzinə sözləri də.
Kimsənin duymadığı, ya da kəşf etmədiyi
Hislərin qucağında yoğrulan günləri də!
Hələ gecələr də var, parlaq bəbəklərində...
Ümidini itirməz, zülmətə bürünsə də.
Hələ gündüzlər də var, uzun kirpiklərində,
Hədəfindən yayınmaz, hərdən nəm görünsə də.
Hələ o gözlərinə bir şair də sığınıb,
Bölünüb iki yerə, bəbəklərə yığılıb.
Bir parçası qocalar, bir parçası gəncləşər...
Mənim gözlərimə bax: burda körpə doğulub!
Bir gözümdə gələcək, bir gözümdə məhəbbət,
Sağı-solu yoxlama, irəliyə bax, əlbət!
Nə deyim, gözlərindən könlünə düşmək üçün?
Nə bilim, şeir ömrü göz qırpımına qismət!
Rüfət Əhmədzadə,
24,01,2014.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ