İradə Aytel- İsa Şahamarlının ölümündə günahkaram !!!

Bu yazıya counter dəfə baxılıb
Topları hazırlayın, bir azdan məni topa tutacaqsınız!

             “Min bir gecə” əsərini hamımız oxumuşuq. Şərqin klassik ədəbiyyatının atasıdır bu kitab. Orada bir səhnə var, təxminən belədir, sevdiyi oğlandan ayrı düşən qız uzaq diyarda səadət quşunun başına qonmağı ilə taxta çıxır. Lakin rəiyyət bu şahın qız olduğunu bilmir, çünki qız saçlarını papaq altında gizlədir, kişi paltarı geyirdi. İllər sonra qızın sevgilisi də o diyara gəlir. Şah oğlanı tanıyır və gecə yanına çağırır. Gənc və yaraşıqlı oğlan şahın yatağında ağzıaşağı uzanır. Onun üstündəki “kişinin” zərif bədəni, kürəyinə toxunan yumru sinəsi oğlanı təəccübləndirir. Və sonra bir-birini tanıyan aşıqlər sevişirlər.
                 Bu nə deməkdir, yəni eynicinslərin sevişməsi adi hal idi. Onu da bilirik ki, bütün şahların hərəmində qadınlarla yanaşı, yaraşıqlı oğlanlar da olub. Bu, hətta Fateh İsgəndərin həyatından da ötüşməyib.
                 Əslində cəsarətli birisi deyiləm. Bəzən yazmaq istədiyimi ictimai qınaqdan çəkinərək içimə gömürəm. Bu dəfə isə susa bilmədim. Bir ananın bala dağı sinəmi yandırdı, içimi göynətdi. Onun “Anama deyin ki, onu çox istəyirəm” ismarıcı dünyamı alt-üst elədi. Yazıq ana övlad dünyaya gətirəndə nə bilirdi ki, sonu necə olacaq.
                İndi o ana yanır. O yanğı cəmiyyətin iyrənc baxışları qarşısında ananın sinəsindən çölə çıxa bilmir, ananın içini yandırır.
                 Bu gün homoseksualizmin ocağı kimi Qərbi topa tuturuq. Lakin həqiqət bu ki, elm-mədəniyyət Şərqdən doğduğu kimi elə homoseksualizm də Şərqdə yaranıb. Və bu günə gəlib çıxıb (Koroğlunun Eyvazı). Bütün bunların səbəbini, Şərqdə daha çox olmasını isə qızlarla oğlanların bir-birindən təcridində görürəm. Orqanizmin cinsi yetişkənliyi, tələbatı zamanı eynicinslər bu atəşi bir-biri ilə söndürmək məcburiyyətində qalır. Onu da dəqiq bilirəm ki, əgər yenə də əski zamanlardakı kimi qızlarla oğlanları bir-birindən ayırsalar homoseksualizm daha çox artacaq.
                  Sevgi insanların bir-biri ilə daha çox ünsiyyətindən yaranır. Və əkscinsi ilə ünsiyyətdən məhrum olan eynicinslər özləri də bilmədən homoseksualizmə meyl edəcəklər (etiraf edək ki, cinsi azlıqlar arasında bir-birini həqiqi mənada sevənlərə də rast gəlinir).
                   Bu gün eynicinslərin münasibətindən söz düşəndə “daş atıb başını altına tutan” Şərq (İranSomali və Səudiyyə Ərəbistanı) əslində doğrunu dəstəkləyən Qərbə (2001-ci ildəHollandiyada geylərin evlənməsinə rəsmən icazə verilmişdir. Hollandiyada eyni cinsdən olanlara evlənmək və övladlığa uşaq götürmək hüququ verildikdən sonra BelçikaİspaniyaKanada,CARNorveçİsveçPortuqaliya və İslandiyada da oxşar qanunlar qəbul edilmişdir) çəp baxır.
                   Niyə doğrunu dəstəkləyən deyirəm; Əslində Qərb belə intiharların, hüquqlarını qorumaqda borclu olduğu vətəndaşlarının cəmiyyətdən təcrid edilməsinin, fahişəliyin qarşısını alır. Guya ki, bizdə homoseksual Qərbdən azdır? Əsla, bəlkə də daha çoxdu. Sadəcə onlarda belələri özlərini gizlətməkdən çəkinmirlər, bizdə isə gizlədirlər. Homoseksuallıq ən ucqar kənddə belə var.
                 Bu yaxınlarda eşitdiyim söhbət sözün həqiqi mənasında məni sarsıtmışdı. Kəndimizdəki Qulam (adı şərtidir) gəncliyindən kişiləri xoşlayırmış. Kənddə hamı bilirdi ki, o adam xəstədi, filan işlə məşğuldu (homoseksualizm 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Bunun əksinə olaraq, homofobiya (homoseksuallara nifrət etmə) Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlik olaraq qeydə alındı). Demək, həmin Qulam kasıb bir gəncə aşiq olur. Bu gənc də nəyinsə xatirinə Qulamin xətrinə dəymirmiş. Zaman gəlir, Qulam qızını həmin gənclə evləndirir. Təbii ki, öz xatirinə. Toy gecəsi isə gedib kəsdirib bəy otağının pəncərəsinin altını (qızın məsələdən xəbəri yox imiş). Bunu görən bəy dostlarına məsələni deyir və Qulamı ordan zorla aralayırlar.
                  Bu kimi hadisə bir deyil, iki deyil. Vəzifədə əyləşən, vəzifəyə keçmək istəyən, bütün günü efirlərdə xalqın sevgisini qazanan o qədər homoseksual oğlanlar var ki... (şükür ki, bizdə cinsi azlıqların qadın nümayəndələri kişilərə nisbətdə azdı) bunlara susuruq, amma biri cəsarətli çıxıb, özünü gizlətməyəndə onu qınayırıq.
                Sizə sual edirəm, qızını zorlayan ata, bacısını zorlayan qardaş, gəlininə təcavüz edən qaynata, anasını yuxuya verib, onunla cinsi əlaqədə olan oğul, beş yaşlı qızını beş kişi dostu ilə zorlayıb öldürən ata və s. bunlarmı cəmiyyətdən təcrid edilməlidir, yoxsa kimsəylə işi olmayan, öz həyatını yaşamaq istəyən homoseksualmı?
                  Mən cinsi azlıqların nümayəndələri ilə çox dialoqa girmişəm, hətta bir zaman onlardan yazmaq da istəmişəm. Və bir iş yerimdə xətrini istədiyim bir nəfər də cinsi azlıqlardan idi. Müşahidələrimdən belə qənaətə gəlmişəm ki, onlar ürəyiaçıq, sadə, pisliyi bacarmayan, yolagedən, içində həyat eşqi qaynayan, qətlə törətməyən, döyməyən, aldatmayan, sakit... olurlar.
               Yox, mən cinsi azlıqları dəstəkləmirəm. Bu, həm mənəvi, həm psixi, həm də fiziki cəhətdən çatışmazlıqdır. Ancaq belələrini intihara sürükləməkdənsə, bu yoldan qaytarmaq üçün fikirləşməliyik, onlara kömək olmalıyıq. Axı onların çoxu bu yolu istəyi ilə tutmur. Birini uşaq vaxtı qorxudaraq zorlayırlar, biri zəif olur, əsgərlikdə bu işə vərdiş etdirirlər, birinin genində çatışmazlıqlar olur və s.
               Bir də ki, eynicinslilərin münasibəti elə heyvanlar arasında da mövcud deyilmi? Niyə biz təbiətin bu qanununa qarşı çıxmalıyıq?
               O uşağın ölümündə hamımız günahkarıq. Mən əla bilirəm ki, İsanın bir gün əvvəl verdiyi cəsarətli müsahibədən sonra onu qınaq atəşinə tutublar, sıxışdırıblar, bəlkə qorxudublar, nəhayət intiharına səbəb olublar.
                 Gəlin keçmişimizə boylanaraq, sivil ölkələrə baxaq. Bu kimi hallar onsuz da qarşısıalınmazdır. Homoseksual yenə öz bildiyini edəcək, fahişə bədənini satacaq, insan alveri durmayacaq. Məncə bunları elə qanuni yolla etmək daha məqsədəuyğundur. Ən azından cəmiyyətdə yayılan xəstəliyin, fobiyaların və intiharların qarşısını almaq üçün...
               Yenə də o uşağın anasının içindəki atəş məni yandırır...
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ