Ziba Xəlil- Payız əsintiləri...(və ya üç nöqtəli şeirlər...)

Bu yazıya counter dəfə baxılıb
Həsrətin çilənir buluddan.
Narın-narın, qüssəli.
Sənli  xatirələrdi,
Xəyallardı  süzülən.
Yağan  damcılar ilə
Duyğularındı  enən
Çilənirsən  üzümə.
Üzümdə gülə-gülə
 Hicran yağır gözümə.
Sənə indi  bu cürə
 Qovuşuram yenidən.
Yağan yağmur deyil ki,
Yağan leysan deyil ki...
Sən yağırsan  göylərdən....
                   
***

Səni  necə sevsəm də
İçimdə bir günahsan.
Bəlkə aşkara çıxsan
Savabım olcaqsan.
Ne yapsam, ne etsəm də
Unuda bilimirəm ki...
Mukafatsan, ya cəza?
Yəqin ki Tanrım  bilir.
Mən özüm bilmirəm ki...
Necə hiss eləsəm də,
Sevgim  aləmə  yaddır.
Gizli  qalmağı doğru.
Bəlkə  günəşə  çıxsa
Eşqimizə bu dünya
Cəhənnəm olacaqdır...

***                                                          

Sözlərimi  həbs etmişəm.
Fikirlərim zəncirlərdə.
Xəyalımda payız  günü
Çox uzaqlara getmişəm.
Sözlər dözməz əsirlikdə.
Çıxsalar tufan qopacaq.
Qopsalar  vulkan fışqırar.
Hayqırtım lavalar kimi
Kimləri  yaxıb qasırar.
Düşüncəmin öz içmdə
Üsyan etdiyi  yerdəyəm.
Nə haldısa anlamıram.
Qəlbim sözlər məzarlığı.
Lal bağırtı boğazımda.
Sözün  bitdiyi  yerdəyəm...

***

Bir də gördüm ki, hiss etmirəm səni.
Toxuna bilmirsən  duyğularıma.
Bir də gördüm ki, çıxıb getmisən.
Ağlımdan.
Bir də gördüm ki, yoxsan.
Ürəyimdə...

***


 Sənsizləmişəm...
 Bəlkə də belə yaxşıdı.
 Səni unutmaq üçün.
 Nə dünəndən bir imdad.
 Nə bir ümid sabaha.
 Buraxdım səni  tozlu küləylərə.
 Xəyalını-neftlə bulanıq Xəzərə.
 Bu bir necə sətri  vərəqə
 Güclə dəlmişəm.
 İnan,  yazılmırsan daha.
 Sənsizləmişəm..

***

Qəbimdən asılan daşsan.
 Ürəyim boş qalar,  düşsən.
 Qalsan...
 Qalsan çox ağırsan, ağır.
 Ağırlığın bu balaqca qəlbi...
 Heç bilmirsən...
 Yaman sıxır.
 Yaman sıxır...

***

İtirincə anlar.
Nə itirdiyini.
Amma gec  olar bəzən.
O sevginin
Donmuş hisslər
Tutunca yerini...
***

Bəlkə də darıxacağam sənsiz,
 Sən bunu bilməyəcəksən.
 Bəlkə də ağlayacağam hər gecə
 Sən bunu görməyəcəksən.
 Bəlkə də...
 Bəlkə də unudacağam səni.
 Sən...
 Sən- "hələ sevir..." -düşünəcəksən...




***                                  


Səndən başqa...
Səndən başqa hər kəs anladı məni.
Nə istədiyimi.
Ruhumu, zövqmü,
Təkcə sən.
Təkcə sən bilmədin kim olduğumu.
Oysa bütün dünyaının
məni anlamasını deyil
Sənin duymanı istərdim
Səssiz, sözsüz, baxışla.
Bacarmadın, bağışla!
Anlamadın,  bağışla!

                                                     
***




Nə bağlayırdısa bizi,
O da çözdü düyünü.
Kimsəni  suçlamaq  günah.
Bu nə alın yazısıdı,
Nə də tale oyunu.
Məqsəd –antik,
Səbəb – qədim.
Sən tələsdin, mən gecikdim.
Gülüb  keçəcək  tək bəsit.
Mən tələsdim,  sən gecikdin...



***                                                                    


Beynimdə ilan tək qaynaşır sözlər.
 Beynimin içində danışır sözlər.
 Mən  susun, deyirəm, baxmır sözümə.
 Qalxıb ürəyimlə dalaşır sözlər.
 Nə dilə rəhm edir, nə də ağıza.
 Hərdən məğlub olub, əriyib gedir.
 Hərdən qalib olub, düşür kağıza.
 Qərib ulduzlar tək sayrışır sözlər.
 Bu nə pul, nə mal-mülk
 Nə də var dövlət.
 Eləcə sözlərdi, şeirlər,
 Sözlər..



***

O xatirə salxımından
Bir üzüm qopar mənə,
Mən şirələr dəlisiyəm,
Sıx keçən günlərimi.
Süz badəmə, içəcəyəm.
Apar!
Apar!
O günlərə
gizlicə apar məni...

***


Orucam sənə.
Sənə orucam...
Gündoğandan günbatana.
Günbatandan gündoğana.
İftarım, imsaqım yox.
Nə olar üzülmə!
Müqəddəs bir şey bu.
Orucam sənə...
Səni  görməyim yasaq.
Səni  duymağım yasaq.
Yasaq sənə toxunmaq.
Səni  sevməyim yasaq.
Amma acam sənə.
Acam...
Amma orucam.
Əbədilik orucam.
Orucam...

***
Bu çılpaq qayalar.
Səni  səndən yaxşı  anladırdı.
Səni...

Sevgimizi.
Qulağıma pıçıldamadığın sözləri.
Nəğmələri.
Ruhumun  həsrət  qadığı öpüşlərini.
Dalğalar verirdi mənə.
Səninləydim.
Səni  dənizin diliylə
Qayalıqda dinləyirdim...

***
Məni  ayrılığın yox, şeirlərin yandırır...
Bəlkə də bir ömür yol.
Bəlkə on dəqiqəlik.
Aradak ı məsafə- yol deyil.
Tikanlı kol...
Çarəsizlik virusu...
İynə batırır sağ, sol.
Düşünməyim deyirəm...
Nələr məni qandırır?!
Məni  ayrılığın yox, şeirlərin yandırır...
***

Sənsizlik-səssizlik...
Param-parça həyat, əzik-üzük.
Səssizlik-sənsizlik...
İçimdə hayqırtı, lal bağırtı.
Sənsizlik-səssizlik...
Milyard insan içində
Tək olduğunu düşünmək.
Sənsizlik nə dadlı- xəyalını
İftarda su içər kimi.
Damla-damla, tək-tək..
Səssizlik nə odlu.
Od üzərində ayaqyalın yürümək.
Bu necə bir taledi?!
Nə təhər  eşq oyunu.
Sənsizlik-
Uzun bir yol.
Nə əvvəli, nə sonu...

***


Nə fərqi kim qazandı.
Nə fərqi kim uduzdu.
Bu dünya bir tələdi.
Biz bu tələnin yemi.
Nə sənə sevgi  baha
Nə mən üçün ucuzdu.
Sən əynini soyundun
Mən isə dərdlərimi...
                                                                                
***
Ağlamadım ardınca mən
Yağdım yağışlar kimi...
Soyuqluğun keçdi mənə 
Dondum qara qışlar kimi...
Heç bilmədin kiməm, nəyəm.
Atdın məni uzaqlara.
Dəyərini  bilmədiyin
Bağçamdakı daşlar kimi....

***                                          
Yazmadığm şeirlər kimisən.
Getmədiyim şəhərlər kimi.
Sən... 
Sən... 
Sən...
Sən elə mən kimisən.
Mən elə sən kimi...
                                                   
***
Yarpaqlar üzərindən
Süzülən eşqimiz
Yağış damlası kimi
Bir payız günündə.
Parçalı-buludlu hüzünündə
Və sən...
Və sən ürəyimin içində
Közərən məhəbbətin,
Sözsüz nəvazişinlə.
Uzaqlaşan ümüdüm,
Soyuq hərarətinlə...
Üzümü sənə tuturam, Payızım.
Ağla  məni  gözlərindən
Ağla!
Bəlkə unudam səni...
Yanmayacaq bu oçağa
İndi  od yox, su lazım.
İndi  nə yaz, nə yaydı.
Payız  gəlir əzizim.
Səni
İtirən aydı...



Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ