Zərif tellərinə düşən dən,
Ömrünün əzabıdırmı, ana?
Kaş o, ömrü geri qaytara,
Əzablarını silib ata biləydim.
Yaxud da, o ağarmış saçlarının
Arasında gizlənərək,
Sənə yaxın olaydım.
Titrəyən əllərinlə,
Mənə sığal çəkəydin.
O zaman sızıldayan ağrılarıma
Şəfa yetişərdi ana!
Hərdən səsini eşitmək üçün,
Dəstəyi götürüb zəng edərdim,
Səsini eşidərdim,
Özümü yanında, isti qoynunda
Hiss edərdim,
Nəfəsim nəfəsinə toxunardı.
Sənə olan sevgim
Ürəyimdən süzülərək,
Gözlərimdə həsrət yağışına
Çevrilib, ana.
Ikiyə bölünən bu kəlimə,
Vahidlik təşkil edərək,
Kaş, kaş, kaşların
Sonu gələydi.
Heç olmasa bircə dəfə
Xəfif küləklər kimi,
Yatdığın otağın pəncərəsindən
Gizlicə otağına daxil olub,
Nur üzlü yanağından öpəydim,
Səssiz, səmirsiz.
Bu qədər sənə yaxınkən,
Bu qədər səndən uzaq
Olmayaydım ana!
Gülnarə İsrafilqızı
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ