Mərdlik timsalı

Bu yazıya counter dəfə baxılıb


Süleyman Əsgəri bəy Osmanlının son zamanlarında döyüşdüyü hər cəbhədə fədai taburları qurmuşdu…


Nə qədər çox qəhrəman var gizli tariximizin ağ qara albomunda, nə qədər çox igid… Nə qədər məhsuldardır torpağımız, nə qədər çox can alıcı… Hə qədər də çox üsyankar bir ruhu var yurdumuzun… Nə qədər çox ölüm var taleyimizdə, nə qədər çox hüzün… Nə qədər çox gözyaşı var qismət bulağımızda, nə də çox ah… Nə qədər desən yarımçıq həyatlar var millətimizin yaddaşında və eyni zamanda nə qədər də adsız qəhrəmanlar…
 Bir qəhrəmandan, bir igiddən, bir üsyankardan, bir böyük adsız qəhrəmanın həyatından bəhs etmək niyyətindəyik bu gün sizə. Qalın bir duman pərdəsinin ortasında qalan, dumana qapılıb gedən, hətta dumana çevrilən bir həyat. Bir dastanın sətirlərini yumağını toxuyan barama kimi səbrlə, diqqətlə işləyən bir bəni-adəm. Məlul qəmli bir hekayə, qanadı qırıq bir mənqibə …
 Süleyman Əsgəri bəy. Var bu gün bu adı xatırlayanınız, bu adı yad edəniniz? Gəncliyini, bütövlükdə ömrünü bir idealın atına mindirib o cəbhədən bu cəbhəyə dördnala çapan bir igid oğlu igid, bir ər oğlu ər. Andlarını bir sevgiliyə yox, bayrağa, vətənə, namusa, şərəfə içənlər… Bir həsr olunmuşluq andı… Özləri bu fani dünyadan səssizcə çəkib gedərkən arxalarında bir müqavimət şeirini xatirə qoyanlar…
 Həyat hekayələri ilə bizləri heyrətə salan, dərin ağrıların, məğlubiyyətlərin ümmanında bir ümid, rifahla, rahatlıqla heç barışıq olmayan Süleyman və yoldaşlarının şərəfli həyat hekayələrini Təşkilati — məxsusə ilə dissertasiya yazan amerikalı Dr. Filip H.Stoddardın hazırladığı «Təşkilati — Məxsusa» adlı kitab və kitabı hazırlayarkən fikirlərinə müraciət etdiyi təşkilatın ən əhəmiyyətli adamlarından Kuşçubaşı Eşref səbəbindən daha yaxından tanıyırıq.

Təşkilat — Məxsusanın əsası Tripolisdə qoyulub

Osmanlı dövlətinin bir yanğın yerinə döndüyü, bütün cəbhələrdən məğlubiyyət xəbərlərinin gəldiyi, birliyin və dirçəlişə pozulduğu bir dövrdə doğuldu Süleyman Hərbi. 1884-ci ildə talan edilmiş bir yurdun içində doğuldu. Atası Vehbi Paşadır. Hələ iyirmi bir yaşında hərbi məktəbi bitirib qərargah kapitanı kimi Monastra təyin edilir. Bura Osmanlının ən qarışıq yerlərindən biri idi. Burada xidmət edəndə hökumətin elanını görür. Gənc yaşında insanın başını fırladan bir sürətin və hərəkətliliyin ortasına düşür. Hətta küləyin tərkində çox sürətli…
 Gəncliyinə, bütün təcrübəsizliyinə baxmayaraq çalışqan, cəsur, gözünü budaqdan çəkməyən bir əsgərdir Süleyman bəy. Manastırdan sonra Bağdad Cəbhəsinə göndərilir. Bura baş verən geosiyasi hadisələr baxımından böyük əhəmiyyətə malikdir. İngilislər neft qaynaqlarına göz dikmiş, almanlar qatar yolu getmək üçün inşaata başlayır. Kafirin təhriki qiyamlar… Hər yer qan rəvan. Hərbi buradakı jandarma birliklərini nizama salmaqla vəzifələndirilir. Yenə başı dumanlı dağlar kimi əyilmədən, bükülmədən çalışıb səy göstərir.
 Bir müddət sonra Tripolisə gedir. Bölgəni işğal edən italyanlara qarşı Osmanlının görəcəyi böyük bir iş qalmamışdır. Yenə də vuruşa-vuruşa çəkilmənin strategiyasını mənimsəyir Süleyman bəy və yoldaşları. Nurettin Şimşekin «Təşkilati — Məxsusa»nın rəisi Süleyman Əsgəri bəy» adlı kitabında da ifadə etdiyi kimi Ənvər Paşanın nəzarətində və Süleyman Əsgərinin başçılığında «Təşkilati — Məxsusa»nin təməli burada yəni Tripolisdə qoyulur. Fəda Zabıta adı ilə yaradılan könüllü birliklərdir «Təşkilati — Məxsusa»nın əsasını qoyan qüvvələr. Məqsədləri Osmanlı yurdunu işğal edən kafirə qarşı müqavimət göstərmək olan yüzlərlə könüllünü bir araya gətirən təşkilat, Osmanlının döyüşdüyü bütün cəbhələrdə epik nisbətdə bir mübarizəni tarixin qalın kitabına yazdırmışdır. İlk özül burada qoyulur. Könüllülərlə və az imkanlarla Tripolisdə uzun müddət italyanları pərişan edirlər.

Xərək üstündə döyüşür

Tripolis cəbhəsindən sonra Qərbi Trakyaya göndərilir Süleyman Əsgəri bəy. Süleyman Əsgəri bəy burada qiyam qaldıran və müstəqilliklərini elan etmək istəyən yunan, bolqar və serblərə qarşı Kuşçubaşı Eşref və təşkilatın digər könüllü əsgərləri ilə birlikdə böyük bir mübarizə aparır. Düşmən yerlə-yeksan edilir. Nəhayət, burada Batı Trakya Respublikası qurulur və ilk dövlət başçısı da Süleyman Əsgəri bəy olur. Qısa bir müddət sonra müəyyən şərtlər ucbatından Qərb Trakya Respublikası ləğv edilir.
 Camal Kamalın «Birinci Dünya müharibəsi və sonrasında Mosul məsələsi» məqaləsində ifadə etdiyi kimi 23 Noyabr 1914-cü ildə ingilislərin neft üçün Bəsrəni işğal etməsi ilə Süleyman Əsgəri bəy Bəsrə Qubernatoru və İraq Cəbhəsi komandanı vəzifəsinə təyin edilir. Əslində elə burada başlayır Süleyman Əsgərinin bir ulduz kimi parlaması. Hərçənd o, hər yerdə ulduzdur, amma bura başqa bir yerdir. Süleyman bəy, daha əvvəl birlikdə döyüşdüyü yoldaşları və bölgədəki könüllülərlə birlikdə «Osmancıq» adında könüllü bir fədai batalyonu qurur. Məqsəd Bəsrəni ingilislərin şərindən və işğalından qorumaqdır. O, kiçicik taburla çox böyük işlər həyata keçirilir. Region ingilislərin cəhənnəmi halına gətirilir. Süleyman bəyin özünü davasına həsr etməsi, fədakarlığı bir dastan kimidir sanki. Cəsur, ürəyi qüvvətli, son dərəcə intizamlı… Hər şeyin kənarında başdan ayağa mərdlik timsalı.
 Süleyman bəy və yoldaşları İngilislərə qarşı qəhrəmancasına döyüşərkən bir qarşıdurma əsnasında Süleyman bəy iki ayağından da yaralanır. İstirahət etməli və arxa cəbhəyə göndərilməlidir. Lakin o, bu xəbərdarlıqların heç birini ciddi qəbul etmir. Xüsusi olaraq hazırlanmış xərəyində döyüşü idarə edir. Hər cür çətinliyə, yoxluğa baxmayaraq günlərlə bu xərəyin üstündədir. Heyrətamiz bir əzmlə taburunun başındadır.
 Nəhayət, 12 Aprel 1915-ci il tarixində Şuayyibə yaxınlığında qarşıdurma başlayır. Yenə xərəyin üstündədir o, ən ön sıralarda… İngilislərə köməyə gələn əlavə qüvvələr ucbatından çox çətin anlar yaşanır və bir çox əsgər şəhid olur. Yaralı qıçları ilə xərəyin üstündə döyüşü idarə edən Süleyman Əsgərinin uca könlü məğlubiyyətə və daha çox əsgərin şəhid olmasına razı olmur. Üzgündür, həm də çox… Bir tərəfdən yoldaşları bir-bir torpağa yıxılır, digər tərəfdən vətən torpağı düşmən çəkmələrinin altında inildəyir. Ömürü boyunca şərəfindən, ləyaqətindən zərrə qədər də olsa vaz keçməmiş böyük komandir silahını çəkib həyatına son qoyur. Süleyman bəyin bu qəmli sonunu Əli Sabis Paşa da xatirələrində detallı olaraq izah etməkdədir.
 Süleyman Nazif — «Süleyman hərbi, vətəni üçün vətənindən başqa hər şeyini istəyərək və gülərək fəda etmiş bir Osmanlı idi» — deyərək otuz bir illik həyatını vətəni üçün heçə sayan Süleyman Əsgəriyə əsl dəyəri verir…

 Süleyman Əsgəri bəylər yaşadıqca bu məmləkət var olacaq!

Oktay Hacımusalı.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ