Narıngül - Dostoyevskini göylərdən endirən qadın...

Bu yazıya counter dəfə baxılıb







       Şəxsiyyəti ilə yaradıcılığı arasında heç bir paradoksa yer qoymayan  böyük rus yazışısı M.F. Dostoyevski  insan temperametri növlərininin bir çoxunu  özündə cəmləşdirən maraqlı  insan tipidir.
       Onun romanlarının əsas özəyi  qəlbi sevgi və ehtirasla dolu olan böyük Dostoyevski şəxsiyyətindən qaynaqlanır.  Hətta, böyük yazışı öz fərdi-psixoloji xüsusiyyətləti ilə  romanlarındakı insan surətlərindən  xeyli  irəlidə qərar tutmağı da bacarmışdı.
        L.Qrossman tərəfindən məharətlə qələmə alınmış “Dostoyevski portreti"nin qarşısında dayanaraq insan xarakterinin ən inçə cizgilərinə heyranlıqla tamaşa etməmək, ecazkar insan dühası qarşısında mat qalmamaq  qeyri-mümkündür. 
       Bu insan-portretini  insanlıq tarixinin ən möhtəşəm əsərlərindən biri adlandırmaq olar və bu portretin əsas ştrixlərindən biri sevgidir.
       Bütün ömrü boyu yaradıcı olan Dostoyevski öz sevgisində də yaradıcı idi.
       Sevgi təzahür istiqamətindən asılı olmayaraq maksimalizmdir və Dostoyevski insan həyatının bütün hallarında maksimalist idi.
       Yaradıcı və maksimalist  Dostoyevski sevgi üçün çox yararlı bir tip idi. O, həyatındakı qadınların hər birini özünəməxsus çılğınlıq və nəvazişlə sevirdi.
Dostroyevski sevgisində çox zəhmətkeş idi. Onun coşğun emosiyası, qəlbinin  bir yerdə qərar tutmayan,  məcrasından çıxaraq aşıb-daşan duyğu seli, bir qadına olan istək çərçivəsində sərhədlənə bilməzdi.
       Dostoyevski tez-tez aşiq olurdu. Həyatındakı qadınların sayı bunun sübutudur: Mariya Dmitriyevna, Apollinariya Suslova, Anna Vasilyevna, Anna  Qriqoryevna ...
       İstedadı ilə ərafdakıları heyran edən, öz parlaq dühasıyla başqalarından seçilən və ucada dayanmağı bacaran dahi yazıçı sevgi qarşısında  çox açiz idi. Sevgi, gözəllik və mərhəmət -   bunlar böyük yazıçının keçə bilmədiyi baryerlər idi. O, bu acizliyini çəkinmədən etiraf edirdi: ”Mən daha heç bir şey haqqında düşünmürəm.
Təki onu görüm, onun səsini eşidim... Mən bədbəxt divanəyəm. Bu cür sevgi  xəstəlikdir. Mən bunu hiss edirəm”. (Qrossmanın kitabından)  
Və etiraf böyüklükdür!..
       Dostoyevski sevgisi məlum bir  “obyektə” yönələrək öz sonluğunu tapan  sevgi deyildi.
Bu, daim can atan, dəyişən, narahat bir sevgi idi. 
       Sevgi yenilməyi sevir.
Başqa çarə yox! İtirmək təhlükəsi olan yerdə yenilməkdən  başqa yol qalmır. Bir halda ki, qarşıda sərt divardır...
       Sevgidə güzəşt insanın öz hisslərinə təslim olmaqdır. Ədib öz sevgisi uğrunda hər cür “enişə, “yerlə-yeksan” olmağa hazır idi: ”Dostoyevski soyuq bir ümidlə, aciz və sust halda qızdan xahiş edirdi ki, onunla dostluq etsin, görüşlər təyin etsin, məktublaşsın. “ Bəlkə İtaliyaya gedək? Mənim dostum, qorxma, mən sənin ancaq qardaşın olacağam...” (L Qrossman).
       Melanxolik insanlar sevgiyə qarşı daha həssas olurlar. Və daha böyük coşquyla sevirlər. Bəlkə də, bu insanlar üçün sevgi həm də darıxmaq hissini yox etmək instinktidir.  Təbiətcə melanxollik insan tipinə yaxın olan  Dostoyevski sevgisində tez-tez uğursuzluğa düçar olurdu.
Bəlkə də, bu uğursuzluq onun sevə bilməməyində idi. O,  həm dəlicəsinə sevir, həm də sevgi adlanan nəsnənin qayda-qanunlarına riayət etmirdi.
       Onun sevgisində həmişə nə isə düzgün olmurdu. Coşğun xəyalpərəst və gözəllik vurğunu olan Dostoyevski real olanlardan yan keçir, qeyri-adi və uzaq olanlara üz tuturdu. Həyatındakı qadınlar isə real idilər və onlar  hər dəfə ürəkdən, bütün varlığı ilə sevən bu aşiqi çətin vəziyyətdə qoyur, özlərinə başqa sevgili tapırdılar.
       Görünür, ehtiraslı qadın qəlbinin çox zaman şeytani tamah hissinə də açıq olması, öz işini asanlıqla görürdü və bu, məhz yazıçının payına düşürdü.
       Hər dəfə sevdiyi qadının başqasıyla olan eşq macərasını dinləmək, ona şəfqətlə məsləhətlər vermək, Dostoyevski taleyinə yazılmış bir sınaq yazısı idi. Amma bu fədakar aşiq heç vaxt  geri çəkilmir, bütün qəlbi ilə mübarizə aparırdı.
       Onun ilk və ən möhtəşəm sevgisi 35 yaşında ikən  Kuznetskdə tanış olduğu Marina Dmitriyevnaya ünvanlanmışdır.
Katorqadan yenicə qayıtmış, qəlbi yaşamaq eşqi və yaradıcılıq həvəsi ilə coşub daşan ədibin bu sevgisi ona eşqin bütün əzablarını  daddıra bilmişdi. Dostoyevski bu qadını sevərkən o, ərdə idi.  Ərli bir qadını sevən yazıçı elə ilk andan öz qucağını iztirablara açmalı olmuşdu.
       Dostoyevski həyatının bu qadına bağlı olan anı insan qəlbinin ehtirasdan bayıldığı, ağıl və idrakın öz hökmünü itirdiyi bir an idi. Marinanın əri öləndən sonra yazıçının qarşısında yaşıl işıq yansa da, bu qadın tezliklə onu yenidən başqa bir əzab səddini aşmağa vadar etmişdi.
Bu dəfə  isə dərdindən ölməyə hazır olduğu  sevgilisi bəsit təfəkkürlü, sadə dünyagörüşlü bir əyalət müəllimini böyük mütəfəkkirin qarşısına çıxartmışdı.
       Başqa bir sevgilisi - Apollinariya da “öz səxavətini” ondan əsirgəməmiş, yazışıya yetərincə sevgi  iztirabları yaşatmışdı.
       Hər an xəyanətə hazır olan bu qadın təlatümlü Dostoyevski duyğusuna, dəlicəsinə vurulduğu bir fransız tələbənin  sevgisini də qatmış və bu "qatqını" təmizləməyi inadkar aşiqin  ixtiyarına buraxmışdı.
     Yenə eyni təzadlar, eyni iztirablar.... Lakin bu iztirablar həyatın özü qədər nəşəli və möhtəşəm idi.
       Öz mübarizəsindən əl çəkməyən Dostoyevski inadla və usanmadan bir zərrə işığa üz tutaraq özünə nəfəslik açmağa nail olurdu.
Böyük iradə sahibi və fədakar aşiq tanrının ona bəxş etdiyi  enerji və istedad  ilə hər şeyi yoluna qoymağı bacarırdı.
Bütün bu psixoloji keçid mərhələlərində onun daha bir  insani keyfiyyəti üzə çıxırdı. Ədib onu  lovğa və təkəbbürlü bir tələbə ilə dəyişməyə hazır olan Suslovanın şıltaqlıqlarına dözür, qadını  intihardan çəkindirirdi.,Dəli aşiq bununla kifayətlənmir, ilk eşqi olan Mariya Dmitriyevnanın ərə getməyə hazırlaşdığı adama - Verqunova kömək etməyə çalışırdı.
       Yazıçı nüfuzlu Vrangelə məktub yazaraq Verqunova yaxşı bir iş tapmağı xahiş edirdi. Eyni zamanda,  əndazəsini aşmış fədakarlığına görə özünə “bəraət” qazandırırdı: "Bunların hamısı o qadın üçündür, yalnız onun üçün. Heç olmasa o, yoxsulluq içində qalmayaydı”.
       Bu xətti Dostoyevskinin həyat salnaməsində insanlığın ən ali mərtəbəsi kimi dəyərləndirmək olar. Və bütün mübarizələrin kökündə, insan həyatınin  ən ali məqamı olan sevgi dayanırdı. Sevgi macəraları ilə dolu olan həyatının  ən kritik anlarında belə Dostoyevskinin güclü iradəsi təslim olmur, inadla çıxış yolu axtarırdı.
       O, dəlicəsinə aşiq olduğu qadını – Mariya Dmitriyevnanı itirmək ərəfəsində, hər şeyin tamamilə yox olduğu vaxtda  mübarizəyə atılır.
Onu həyatın müflisləşmiş üzünə sürükləyən, qumarxanalara aparan güclü iradəsi bu dəfə sevgisi uğrunda mübarizədə sərkərdə rolunu oynayır  və ona qələbə qazandırır.
Bütün hislərin sonu lal, sakit bir məcraya yönəlməyə məhkumdur.Yoxsa, həyatın səsini dinləmək olmaz, insan öz səsi içində boğula bilər.
Sözsüz ki,Dostoyevski də tanrının yaratdığı adi insanlardan biri idi. Nəhayət ki, uzun-uzadı sevgi macəralarından keçmiş  yorğun, taqətsiz Dostoyevski, ömrünün son mərhələlərində onu anlayan birinə - sevgidən çox dostluq, şəfqət umduğu,  ata kimi qeydinə qalacaq qadına üz tutur.
       Ədibin həyatındakı sonuncu qadın  Anna Qriqoryevna, onun həyatını sahmana sala bildi. Dostoyevskini sakit bir məhəbbətlə sevən bu qayğəkeş qadın, əvvəlcə bir stenoqraf  kimi ədibin əsərlərinə, sonra isə dağınıq insan  həyatına “ustalıqla əl gəzdirdi”. Bu evlilik, onun dəli eşq  salnaməsinin son akkordu oldu. Bu qadın ona uşaq bəxş etdi, son nəfəsinə qədər  qayğısına qaldı      Bu həm də, ehtirasdan sağ-salamat çıxmış insanın reallığa qayıdışı idi.


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ