Avtobusda yanında əyləşən
ağsaqqal kişinin “yola nərdivan salmaq” cəhdi dəfələrlə boşa çıxdı. Onun
suallarını “bəli” “xeyirlə” cavablandırıb kişinin ağzını boza verdi. Ancaq hərdən
dönüb kişini gözaltı süzürdü də... Adamların hərəkətlərini müşahidə etməklə kimin
kim olduğunu hansı ağılla qulluq elədiyini müəyyənləşdirirdi. BU, onun ən
sevimli məşğuliyyəti idi. Yol yoldaşı
haqqında gəldiyi qənaət isə belə oldu: “Çox danışan adama oxşayır çənəsinin
altına düşsəm, batdım. Mətləb üstünə gennən gələnlərdəndi. Uzun-uzadı məsəllər,
xatirələr... ən axırda həzrəti-mətləb. əşşi nə isə...” Rayona az qalırdı. Payız
sarı çuxasını sürüyüb keçmişdi bu yerlərdən. Yolun hər iki tərəfində uzanan
ucsuz-bucaqsız düzənliyin qərib görkəmindən nisgil yağırdı. Küləyin soyuğu
bayırda qalsa da, səsi avtobusun içinə təpilmişdi. Ürəyi sızıldadı. Ona elə gəldi
ki, ürəyinin sızıltısı küləyin vıyıltısına dəm tutur və bu səslərin ahəngindən
yaranan həzin melodiyanı bütün sərnişinlər dinləyir. Yoldan xeyli aralıda- düzənliyin ortasında
görünən tənha Qovaq ağacının olan-qalan yarpaqlarını da külək yolub aparırdı.
Küləyin əsdiyi səmtə əyilən qos-qoca ağac qoşa qollarını irəli uzadıb yel
ağzında gedən yarpaqlarının ardınca qaçmaq istəyirdi elə bil. “ hə deməli istəsən
aran yerinin də təbiətində qəribəliklər görə bilərsən” deyə düşündü. Yadına düşən
əhvalat isə qoca Qovağın görkəmini bir az da mənalandırdı. Bakının küləkli günlərinin
birində çəliklə yeriyən bir qocanın qoltuğundan qara, meşin bloknot yerə düşür.
Bloknotun qopmuş vərəqlərini külək ətrafa dağıdır. Qoca: “kömək edin, onlar illərdən
bəri yazdığım xatirələrimdi, gündəliyimdi” deyə qışqırır...
Hər dəfə Aran rayonlarına ezam olunanda qanı qaralırdı. Nədənsə aran
yerindən xoşu gəlmirdi. Ancaq bu ezamiyyət ürəyincə idi. Hətta sevincinin həddi-hüdudu
yoxuydu. On ildir ki, indi görəcəyi bir kiçik şəhərin həsrətiylə yaşayırdı. Məzuniyyət
günlərində vaxt tapıb o rayona getmək, şəhərin bütün küçələrini gəzmək dəfələrlə
ürəyindən keçmişdi. Ötən illərin kağız-kuğuzunu, cib dəftərlərini nə qədər
varaqlasa da tapa bilməmişdi onu bu şəhərə bağlayan ünvanı. Son günlər isə hər
şey tamam dəyişmişdi. Və bu gün düşünürdü: “Allahın işinə bax, ünvanı tapdığımdan
bir həftə keçməmiş məni həmin rayona göndərirlər.”
***
Bu da on günlük ezamiyyətin sonu, on ildi gözlədiyi an... Dolaşacaq bu şəhərin
küçələrini, bir evi, bir ünvanı axtaraxcaq.
Rayonun vəzifəli şəxslərindən biri pilləkəni tənginəfəs düşüb onu
saxlayır:
-Altay müəllim, tələsməyin, sizi Bakıya qədər maşın aparacaq.
-Yox əziyyət çəkməyin, mən özüm gedərəm.
-Əşşi nə danışırsınız, elə şey olar? Bir az pay-püşkümüz də var, necə deyərlər
rayon sovqatı... Nazirlikdəki dostlara da salam deyin.
-Təşəkkür edirəm, əziyyət çəkmisiniz, ancaq inciməyin mənə heç nə lazım
deyil. Şəhərinizdə bir az gəzişmək istəyirəm. Salamınızı da çatdıraram.
Məmur pərt olsa da özünü o yerə qoymadı.
-Paho, bu on gündə iş başımızı nətəhər qatıbsa, sizi rayonumuzun görməli
yerləri ilə tanış edə bilməmişik. Bu saat sürücünü çağıraram.
-Yox mən tək və piyada... di hələlik- deyib uzaqlaşdı. Soyuqqanlı və quru
görkəmini heç zaman dəyişməyən bu adam and içib desəydi ki, mənim sinəmdə
duyğusal, odlu bir ürək döyünür, heç kim inanmazdı.
Şəhərin mərkəzi küçələrindən biriylə ətrafa baxmadan gedirdi. Cib telefonunu çıxarıb yaddaşa yazdığı ünvana
bir də baxdı: “Muğan küçəsi, ev 39.” Və indi getdiyi küçənin Muğan küçəsi
olmadığına əmin idi. Aradığı ünvan şəhərin kənarında palçıqlı, yoxsul, siqaret
çəkimi qədər qısa bir küçədə olmalıydı. Hər halda o belə düşünürdü. Gedəcəyi
evi, döyəcəyi qapını da on ildən bəri xəyalında düzüb-qoşmuşdu. Bir mərtəbəli
kiçik həyət evi, rəngi solmuş taxta darvaza və s.
Universiteti bitirdikdən sonra hər gün buraya gəlmək haqda düşünür, xəyalında
müxtəlif planlar cızırdı. Onun gəlişindən bu evdə yaşanacaq hər cür duruma
hazır idi. Yaxşı və ya pis qarşılanmağa, ittiham olunmağa, qapıdan qovulmağa,
hatta dava-dalaşa da... yaxud evdə müxtəlif hadisələr ola bilərdi. Toy, yas, ad
günü... yaxud gəlib görə bilərdi ki, evin köhnə sakinləri köçüb, indi başqa
adamlar yaşayır, və ya bu ev yeli-dibli yoxdur. Söküb yerində başqa bina tikiblər.
Məsələn çayxana, şadlıq sarayı, ticarət mərkəzi... üzləşəcəyi istənilən duruma
hazır idi. Hansı vəziyyətdə nə edəcəyini, nə deyəcəyini yaxşı bilirdi. Havayı
deyil, on ildi eyni xəyalları qurur, eyni sözləri əzbərləyirdi.
Bazaraın həndəvərinə gləlib-çatdı. Yeməkxanalardan havaya təpilən kabab
qoxusu burnuna doldu. Saata baxdı, birə qalmışdı. Mədəsnin ac uşaq kimi
qışqırdığını hiss etdi. “Yaxşısı budur əvvəl toqqanın altını bərkidim,
sonrasına baxarıq”. Həm də bir az vurmaq verdi beyninə. Ezamiyyət müddətində
rayonun ən yaxşı restoranlarında onun şərəfinə ziyafətlər verilsə də dilinə
araq vurmamışdı.
Ilk baxışdan ədalı və qürurlu görünən bu adamın sadə bir yeməkxanaya təşrif
gətirməsi ordakıların marağna səbəb olmaya bilməzidi. Pəncərə tərəfdən küncdəki
masada əyləşən kimi xidmətçi yanında hazır oldu:
-Xoş gəl...
Sözünü sona çatdırmağa qoymadı:
-Ə yeməyə nəyiniz var?
-lülə tikə basdırma, hinduşka...
- Ə bir nəfəs al görüm, hara tələsirsən? Kabab istəmirəm.
- Qazan yeməklərindən boz... bu dəfə də sözü ağzında qaldı. Amma bu dəfə
mətbəx tərəfdən yüyürüb gələn lopabığ kəsdi xidmətçinin sözünü.
- Ay uşaq yüz dəfə sənə demişəm qonaq qarşılamağı öyrən. Bu kişi sənnən
ötrü avtobus şoferi zad döyül- və dönüb nəzakətlə- müəllim xoş gəlmisiniz nə
yeyəcəksiniz? – dedi.
Lopabığın sözündən başa düşdü ki, bu yeməkxanada daha çox kənd
avtobuslarının sürücüləri otururlar. Sonra da borş, kartof püresi, bir şüşə də
araq sifariş verdi. Son zamanlar kasetləri yayılan qadın müğənninin səsi yeməkxananı
başına götürmüşdü. Guya muğam oxuyurdu. Hansısa el şairinin zəif şeirlərini səsləndirən
xanəndənin ifası muğamdan çox ağıya bənzəyirdi. Bir anlıq ona elə gəldi ki,
maqnitofondan qışqıran xanəndə qadın- ağıçı, yeməkxanadakılar isə meyidlərdi.
Düşündü: “Öləndə belə bir ağıçının çənəsinin altına düşəcəm. Vay-vay”. Bu
fikirdən də yaxasını qurtarmaq isdədi və sevimli məşğuliyyəti köməyinə çatdı. Yanaşı
masadakı üç nəfəri gözaltı süzdü: “bax bu keçəl yelbeyin adama oxşayır, yüz
qram içəndən sonra dil boğaza qoymayacaq, gic-gic sağlıqlar deyəcək. Bu sarı,
çilli isə içdikcə qızaracaq. Dinib-danışmadan və deyilənləri də dinləmədən yemək
təpişdirəcək. Üzbəüz oturan sadəlövh adamdı, əlacsız qalıb keçəlin sözlərini təsdiqləyəcək,
sağlıqlarına amin deyəcək”.
Araqdan bir stəkan süzüb böyük bir məclisdə təntənəli tost deyəcəkmiş
kimi yuxarı qaldırdı. Bu, onun köhnə adətiydi. Təkbaşına oturub yeyib-içməyə tələbə
vaxtından üstünlük verirdi. Özü demişkən: “lətafətli dostların bəlağətli
tostları”ndan bezmişdi. Özü üçün qurduğu belə “məclislərdə” badəni indiki kimi
yuxarı qaldırar, buna bəndmiş kimi xəyal onu ömrün ən mənalı anlarına aparıb
çıxarardı. İndi də əlindəki araq stəkanına baxıb “elə o vaxt da bu arağın
zibilinə düşdüm, hər şeyi bu şoğərib alt-üst elədi” desə də yaxasını xəyalların
əlindən ala bilmədi...
Yanvarın soyuq günlərinin birində, beşmərtəbə bina ilə üzbəüz səkidə
hündürboy, çəlimsiz bir oğlan işıq dirəyinə söykənib müvazinətini güclə
saxlayır. Nimdaş, meşin gödəkçəsi az qalır ki, sürüşüb çiyinlərindən düşsün.
Iki qatlayıb toqqasının altına keçirdiyi mühazirə dəftərindən tələbə olduğu
açıq bilinir. Qısaboylu, dolubədənli başqa bir oğlan isə onu çəkib aparmağa
çalışır:
“Altay , gəl gedək evə, indi keyflisən, sabah söhbət edərsən.”
“Yox, axı o mıəndən niyə küsməlidi? Niyə başqasının sözlərinə inanır? Mən
onu aldatmıram.”
Beşinci mərtəbədəki eyvanların birində qarabuğdayı uzunsaçlı gənc qız
tez-tez pəncərə arxasında görünür itir. Heyrətdən bəlkə də qorxudan böyüyən
gözləri ilə aşağıda baş verənləri izləyir. Qısaboy oğlan dostunun inadından
dönməyəcəyini görüb incimiş halda çıxıb gedir. Sərxoş oğlan isə binanın həyətinə
sarı yollanır. Qışın soyuğinda tər süzülən saçlarını gözünün üstündən geriyə
sığallayıb binanın birinci giriş qapısından içəri girir. Bayaq yuxarıdan baxan
qarabuğdayı qızın bu binada 40-nömrəli evdə kirayənişin olduğunu bilirdi. Hər
gün binanın arxasına qədər qızı ötürürdü. İndi 40-cı mənzilin hansı blokda
olduğunu dəqiqləşdirə bilmirdi. Bu səbəbdən binanın bütün girişlərindən içəri
girir, beşinci mərtəbəyə qalxır, 40 nömrəli qapını axtarır, axır ki, tapır. Zəngi
basır. Qapının gözlüyündə nöqtə boyda işıq görünür, yox olur. Gah zəngi basır ,
gah yumruqlarıyla qapını döyür, nəhayət 40-cı qapının açılmayacağını duyub geri
dönür.
Arağı başına çəkib stəkanı yerə qoydu. Yeməkdən bir- iki tikə alar-almaz
ağlına gələn fikir tikəni boğazında qoydu: “qəribədi, o qız öz doğma şəhərində
39-cu evdə, tələbə olduğu şəhərdə isə 40-cı mənzildə yaşayırdı. Bəlkə burda bir
əlamət var? əşşi təsadüfdü”
Qonşu stolda məclis qızışmışdı. Keçəl
sağlıq deyir, sarı çilli yemək təpişdirir, üzübəri oturan isə əlacsız halda keçəli
dinləyirdi. İkinci badəni doldurdu, yuxarı qaldırdı...
***
Bayaqdan bəri vaxt öldürmək üçün
istifadə etdiyi adam tanımaq qabiliyyəti indi işinə yaramalıydı. Yolun kənarında
sıra ilə dayanmış taksilərin qarşısınca gəzinir, sürücüləri nəzərdən keçirirdi.
Qəsdi sakit, üzüyola bir adamın maşınına əyləşmək idi. Əslində sürücünün fərqinə
varmadan rahat bir maşına da otura bilərdi, ancaq məsələ bir az qəliz idi.
Aradığı qadının- Gülətənin atasının, qardaşının adlarını unutmuşdu. İndi rayon
yerində qadın adı ilə ünvan axtarmalıydı və bunun söz-söhbətə səbəb olacağından
ehtiyatlanırdı. Orta yaşlı, məzlum görkəmli bir adamın köhnə “Jiquli”sinə əyləşdi:
-Muğan küçəsinə sür.
Sürücü bir az duruxdu:
-“Muğan” küçəsi? Hə hə hamamın
yanı- sualını özü də cavabblandırdı- o
küçədə hansı ünvana gedəcəksiniz?
-Mənzil 39-a
-Ay səni sağ olasan, bura rayon
yeridi kimdi nömrə ilə ev tanıyan. Kimin evinə gedisiniz?
-Orda bir tələbə yoldaşım yaşayır,
evdə tək onun adını bilirəm. Adı Gültəndi.
Sürücü dinmədi. Gözünü yola zilləyib
maşını sürdü. Altay isə yerində qurcalandı: “rayon yeridi birdən söz-söhbət
yayılar ki, filankəsin ərdən boşanmış qızını bir kişi axtarırdı”. (boşanmaq
söhbətini isə bu yaxınlarda görüşdüyü başqa bir tələbə yoldaşından eşitmişdi)
Əvvəlcədən hazırladığı yalanı dilinə gətirdi:
-Rayonunuzda şirkət açmışam, hələ fəaliyyətə
başlamamışıq. Işçi lazımdı bizə. Deyirəm tələbə yoldaşımdı də, bəlkə işi-gücü
yoxdu. Götürərəm işləyər.
Elə bil sürücünün üstünə gün doğdu.
Sevincək:
-Əşşi işdən danışma, bizim də uşaq
institutu qutrıb, əsgərdən də gəlib. Ona da iş tapa bilmirəm.
-Sağlıq olsun, bir şey fikirləşərik.
Maşın şəhərin kənarında həyət evlərindən
ibarət torpaq küçəyə çatanda sürücü:
Buradı-dedi. Amma bilmirəm sağa dönək,
yoxsa sola- xozeynin üzünə baxdı. Altay isə dinmirdi. Bu palçıqlı küçəni on
ildi ki, xayalında yaşadırdı. Indi tən ortasına gəlib çıxdığı bu küçə onun təsəvvüründəkindən
az fərqlənirdi.
-Sağ tərəf təzə məhlələrdi, sol tərəf
köhnə məhlələr. Bəlkə sağdan başlayaq.
-Nə deyirəm.
Əslində ona lazım olan ünvanın köhnə
hissədə olduğunu təxmin edirdi, ancaq dillənmədi. Nə isə oraya gec çatmaq istəyirdi.
Bəlkə də heç o evi görmək istəmirdi bu saat. Bəlkə də cəsarəti çatmırdı o
qapını döyməyə.
İş yeri söhbətindən sopnra sürücünün
canfəşanlığı artmışdı. Müştərisinə əməlli- başlı xidmət etmək istəyiridi. Burda
həyət qapılarının heç birinə nömrə yazılmamışdı. Sürücü başını maşının yan şüşəsindən
çıxarıb qarşısına çıxanlardan 39 nömrəli evi xəbər alırdı.
-Müəllim burda ev nömrələri ilə çətindi,
bəlkə qızın adını soruşaq?
-Nə deyirəm.
-Bacı Gültən harda yaşayır? – deyə
maşının yanından ötüb keçməkdə olan qadından soruşdu.
- Budey burda. – qadın üzbəüz
darvazanı göstərdi.
Sürücü maşından düşüb darvazaya
yaxınlaşdı. Altay yerindən tərpənmirdi. Dizinin üstünə qoyduğu portfelini sinəsinə
sıxıb laqeyd halda sürücünün hərəkətlərini izləyirdi. Sürücü yerdən xırda daş
götürüb qapını döydü. Qapını açan uşaq bu evdə Gültən adlı qadın yaşamır, Gülşən yaşayır dedi. Sürücü
heç nə anlamayıb maşına qayıtdı. Altay isə yaxşı başa düşdü ki, bayaqkı qadın
Gültən adını Gülşən eşidib.
Küçənin köhnə hissəsində həyət
qapılarının üstünə nömrə yazılmışdı. Bayaqdan laqeyd görünən Altayın həyəcanı
artır, hərəkətlərində, danışığında tələsiklik hiss olunurdu. Maşın məktəbin
qabağından ötəndə ürəyindən sızıltı keçdi. “Bu məktəbdə oxuyub, uşaqlığı burada
keçib”. Küçənin sonuna çatdılar. Yolun solunda tək, sağında isə cüt rəqəmli
qapılar yan-yana düzülmüşdü. 35, 36, 37, 38 və küçənin axırı. Bundan sonra
bomboz düzənlik. Sürücü təşvişə düşdü:
-A qardaş burda heç 39 nömrəli ev
yoxdu ki.
O isə qətiyyən narahat deyildi.
Maşından düşüb küçənin başına doğru addımladı, üzü düzənliyə tərəf dayandı. Sinə
dolusu nəfəs aldı. Sürücü də yanında hazır oldu. Əllərini çarəsiz halda irəli
uzadıb:
-Müəllim, görürsüz, burda belə ünvan
yoxdu.
O, qaşlarını yuxarı dartıb sürücüyə
baxdı. Ona elə gəldi ki, sürücünün əli ətəyindən uzundu. Gülümsədi. 39-cu
qapının yerini yaxşı bilirdi. Bu artıq onun intuisiyası deyildi. Gültən həmişə
deyirdi: “qapımız küçəyə baxmır, ucszu-bucaqsız bir düzənliyə tərədf açılır. Tətil
vaxtlarında qapı ağzındakı qara daşın üstündə oturub düzənliyə tərəf baxıram və
o düzənlikdən sənin üzübəri gəldiyini görürəm”.
Sol tərəfə döndü. Sürücü də ardınca gəlirdi.
Bu da düzənliyə tərəf açılan qapı, qapının üstündə sovet dövründən qalmış paslı dəmir lövhə, lövhənin
üzərində 39 rəqəmi... Bayaqdan bəri çox soyuqqanlı görünən Altayın dodaqları
titrəyir, əlləri əsir, qapını döyməyə ürəyi gəlmirdi. Deyəsən sürücü də hiss
etdi bu halı. Irəli keçib qapını döydü. Qapını azacıq aralayıb baxan gənc
qadının sual dolu baxışları sürücünün üzünə zilləndi.
-Gültən burda yaşayır? Sürücü soruşdu
-Yox indi o başqa rayonda yaşayır. Nə
olub Gültənə?
-Heç, tələbə yoldaşı gəlib onu
axtarır.
Gənc qadın qapını daha geniş açaraq
gözlərini döyə-döyə çağırılmamış qonaqlara baxdı. Özünü itirdiyindən heç nə deyə
bilmədi. Bayaqdan bəri qapının ağzında quruyub qalmış Altay dillənmək istədi,
ancaq on ildən bəri əzbərlədiyi sözlərdən heç biri yadına düşmədi. Axır ki,
bayaq uydurduğu yalanı təzələməli oldu.
-Xanım, narahat olmayın, rayonunuzda
təzə şirkət açmışam, Gültəni işə qəbul etmək istəyirəm.
-Aa keçin içəri niyə qapıda durmusuz?
Özümü necə itirdimsə sizi içəri dəvət etmək də yadımdan çıxdı.
Həyətə girdilər. Həyətdə qapını açan
qadından başqa da qız-gəlin vardı, nə isə bir məclis ovqatı hiss olunurdu.
Qadınlardan kimisi ət doğrayır, kimisi qab-qacaq silirdi. Qapını açan qadın evə
yüyürüb həyətdəki kətillərin üstünə qoymaq üçün döşəkçələr gətirdi. Oturmaq
üçün yer göstərdi. Altay sözəbaxan uşaq kimi dinməzcə keçib oturdu. Ev sahibəsi də onunrla üzbəüz əyləşdi.
-Deməli tələbə yoldaşısız Gültənin. O,institutu
qurtaran kimi ailə qurdu. İndi yoldaşı ilə başqa rayonda yaşayır. Uşaqları da
var. Əri işləməyinə icazə vermir. Sabah gələcəklər xeyir işimiz var.
“Deməli boşanmaq söhbəti yalan imiş”.
Altay düşündü.
-Deyirsiz sabah gələcək eləmi? Mənim
gəldiyimi deyərsiz.
-Sizin adınız nədir?
Adını deyir. Gənc qadın onu daha diqqətlə
süzməyə başlayır. Birdən qadının gözlərində cinlər oynayır elə bil:
-Axı tələbəlik şəkillərini görmüşəm. Siz
o uşaqlardan heç birinə bənzəmirsiz.
-O şəkillərdən sizdə qalıbsa zəhmət
deyilsə gətirin, bir yerdə baxaq.
Qadın yaş əllərini önlüyünə silərək
evə tərəf getdi. Çox keçmədən əlində bir neçə fotoşəkil geri döndü. Altay on-on
beş tələbənin şəkilindən ibarət fotoda lap kənarda dayanan arıq, çəlimsiz
saçları gözünün üstünə tökülmüş oğlan göstərdi. Qadın qarşısındakı şişman,
gicgahları çallanmış, alnının tükü tökülmüş adamı fotodakı adama oxşatmadı:
-Siz harada yaşayırsınız?
-Bakıda.
-Bu oğlan bakılı deyil-
Altay doğulub böyüdüyü yerin adını çəkdi.
Qadının üzündəki təbəssüm birdən-birə əridi. Qaşlarını çatıb sərt bir baxışla
qonağı süzdü.
Tez də baxışlarını yerə dikdi:
-Altay müəllim, gecikmisiz, sizi
on-on beş il əvvəl gözləyirdik- deyərək, hələ də qapının ağzında daynmış sürücü söhbəti eşitməsin deyə lap astadan
danışdı. –Yaman insafsız adamsınız. O, dəfələrlə sizinlə barışmaq istəyib, siz
qürurunuzu sındırmaq istəməmisiniz. İndi də həmin qürur sizi səmimi olmağa
qoymur. Sevdiyiniz qızı axtardığınız halda tələbə yoldaşımı işə düzəltəmk istəyirəm
deyirsiniz. Altay deyilənləri başıyla təsdiq
elədi. Qadının ittihamları isə dayanmaq bilmirdi.
-O, ailə qurmaq istəmirdi, sizin nə
vaxtsa gələcəyinizə inanırdı. Küçədən zorla qaçırmışdılar onu. Alatay başını
aşağı salıb dinmədi. Cibindən vizit kartını çıxarıb qadına uzatdı:
-Mənim ünvanım, telefon nömrələrim
burada yazılıb. Istəsə əlaqə saxlaya bilər. Hər halda sabah gəlib uzaqdan da
olsa onu görəcəyəm. Di hələlik.
Həyəcanlı idi. Söhbət etdiyi qadının
kim olduğunu soruşmağı, Gültənin indi harda yaşadığını xəbər almağı belə
unutdu. Ona elə gəldi ki, qapının üzərindəki 39 rəqəmi bir cüt gözə çevrilib
onu yola salır. Dayanıb düzənliyə tərəf baxdı. Küçənin axırıncı eviydi 39. Qırxıncı qapı isə illərin o tayında qalmışdı.
Birdən ağlına gəldi ki, bəlkə o qız hələ də o 40-cı qapının arxasındadı... bu
fikrindən vahimələndi, sonra da özünə təskinlik verdi: “əşşi sabah allah qoysa
görəcəyəm onu”. Maşına oturdu:
-Mehmanxanaya sür.
Çırtma vursaydın sürücünün qanı
çıxardı. Bayaqdan özünü oda- közə vuran bu adam dinməzcə maşınını sürürdü.
Oğluna iş düzəltmək arzusunun boşa çıxdığınımı anlamışdı, şahidi olduğu hadisənin
təsirinəmi düşmüşdü, bilmək olmurdu. Maqnitofonun düyməsini basdı. Xanəndə
Füzulidən oxuyurdu:
Edəmən tərk, Füzuli səri- kuyin
yarın,
Vətənimdir, vəənimdir, vətənimdir, vətənim.
***
İkimərtəbələli kiçik mehmanxanın
qapısından içəri girəndə keyfi yuxarıydı. Növbətçi qadından açarları alandan
sonra qadına zəndlə fikir ferdi. Üz-gözünü yaşına uyğun olmayan tərzdə şit
boyamış qadının da kimliyini dəqiqləşdirdi. “Rayonun qoca q...lərindəndi.
Cavnlıqda babat şey olub. Raykomla, prokurorla oturub durub”
Çirkli otağın nartahatlığına da bənd
olmadı, çarpayının üstündəki köhnə adyalın altından çıxan, kirdən saralmış döşək
ağına da fikir vermədi. Siqaret yandırdı. Tüstünü ləzzətlə ciyərlərinə çəkib
sabahkı görüş ücün xəyallar qurmaq istəyirdi ki, növbətçi qadın içəri girdi:
-Necədi? Xoşuna gəlir? Qız-mız
lazımdı təşkil edək?
Siqaretdən dərin bir qullab vurdu, tüstünu
tavana üfürdükdən sonra qaşlarını yuxarı dartıb məzəmmətlə qadına baxdı.
-Elə niyə baxırsan ə! Buna bax bir...
Cavanlığımda sənın kimilərini saya almırdım, raykomla, prokurorla oturub
dururdum.
Cavab vermədən üzünü pəncərəyə tərəf
çevirdi. Qadın qapını çırpıb getdi. Mobil telefonunu cibindən çıxartdı: ”Evə zəng
vurum. Məni bu gün gözləyirdilər. Deyim ki, sabah gələcəm” Nömrəni yığdı, arvadıyla
hal-əhval soruşandan sonra:
-Mənim Aytac balam necədir?
Arvadı uşağın möhkəm soyuqladığını, qızdırma
içində həkimə apardıqlarını dedi:
-İndi yaxşıdı narahat olma, cıddi bir
şey yoxdu, qrip düşmüşdü. Qızdırması da düşüb, bir az öskürür, o da keçib gedəcək.
Telefon söhbətindən sonra halı dəyişdi:”Kaş
zəng etməyəydim”. Sonra özünə təskinlik verdi: ”Uşaqdı də bir az soyuqlayıb, olan
şeydi, deyir indi yaxşıdı”.
Paltosunu və pencəyini asılqana
keçirdi, qalstukunu açdı, çarpayıya uzandı. Sabahkı görüşü təsəvvüründə canlandırmaq
istədi. Yox alınmırdı, gözünün qabağına Gültənin əvəzinə yataqda qızdırma içındə
inləyən üç yaşlı qızı Aytac gəlirdi. Ona elə gəldi ki, bu saat uşaq “atam gəldi,
atam gəldi”deyə sayıqlayır...
Paltosunu , pencəyini necə geyindi, açarları
növbətçi qadına necə verdi, mehmanxananı nə zaman tərk etdi və indi yol getdiyi
taksiyə harada oturdu xatırlamırdı. Əlini köynəyinin boynuna atdı qalstuk
yoxuydu, mehmanxanada qalmışdı. Qısa payız gününün son işartıları da əriyib
getmışdi, şər qarışırdı. Yol kənarına sərilmiş ucsuz-bucaqsız düzənliyin
ortasında tənha Qovaq ağacı görünürdü. Ağacın üstündə bir dənə də yarpaq
qamamışdı...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ