QIYMARAM

Bu yazıya counter dəfə baxılıb

Yenə də fırlanır bu yer kürəsi,
Günəşdən ayrılıb ulduza çatır.
Gözümün önündə bir nağıl kimi
Yumub gözlərini nigarım yatır.
Duyurdum gizlində öz-özlüyümdə,
Durubdu həyatla üz-üzə bu gün.
Həyatın özünə imtahan verib,
Tapbmış cavabı suallar üçün.
Qiymət yazıbdılar həyat elmindən,
Cavab axtaranda suallaram o.
Sevinc tökülərmiş mən indi bildim,-
Yenə can atanda vüsallara o.
Səhərdən-axşama döyünən qəlbi,
Vüsal istəyibdi özündən qabaq.
“Yanmışam oduna illər uzunu”,-
Dili söyləyərmiş gözündən qabaq.
Əvvəli sevgiylə başlanan günün,
Görən düşünürmü bəs nədi sonu?!
Üst-üstə yığılan kitabla birgə,
Görünür, yorubdu bu yollar onu.
Üzündə, gözündə vüsalın eşqi,
Yatsa da, yenə də donub buz kimi.
Həsrətli yollara “sevgi” sözünü,
Düzüb naxış-naxış bir ulduz kimi.
Duyub yaşadıqca ömrün gününü,
Sevincdən titrəsin qəlbinin simi.
Həyata yazılan “Əla” sözünü,
Saxlasın qəlbində bir ilham kimi.
Dəyməsin xətrinə həyatın özü,
Axı çox həssasdı kəlmədən ötrü.
Mən özüm gördüm ki, nələr çəkibmiş,
Illər arxasında hey məndən ötrü.
Gərək ki, özü də itib-batmasın,
Qaldırıb qoynuna alan dünyada.
Qıymaram özgəsi açıb qapını,
Yerindən səsləyib onu oyada.
DURAYDIM YANINDA SƏSSİZ-SƏMİRSİZ
Bəzən də oturub düşünürəm ki,
Salammı söyləyək keçən günlərə?!
Qəlblərdən süzülüb xatirə kimi,
Narahat boylanan köçən günlərə.
Axı ömrümüzün dünən, bu günü,
Gəlib qapımızın önündə durur.
İnan ki, özümdən qabaq qələmim,
Gizlində də “Sevgi sarayı” qurur.
Yeni söz ordumun hər bir əsgəri,
Yolunu gözləyir səndən xəbərsiz.
Qayıdıb gəlsəydin sarayına sən,
Duraydım yanında səssiz-səmirsiz.
GƏL Kİ, SARAYINA SƏNİN HÜSNÜNLƏ
Səhərdən-axşama səninçün, gülüm,
Şeir sarayını qururam yenə.
Sənin xəbərini özgədən alıb,
Hər gecə dünyanı yoruram yenə.
Sel kimi həsrətdən axan göz yaşım,
Arazdan süzülüb Kürə qarışır.
Dastana çevrilən yeni dərdimi,
Özümdən xəbərsiz dağlar danışır.
Bir də ki qurduğum həmin o saray,
İllər həsrətindən xəstə qalıbdı.
Elə bil səsini eşitməyəndən,
Başımın üstünü qılınc alıbdı,
Gəl ki, sarayına sənin hüsnünlə,
Sarayın hər daşı nura boyansın.
Dağılsın gözümdən həsrət, ayrılıq,
Sübh çağı gözümdə sevinc dayansın.
Gəl ki, bu ömrümün şəfəq çırağı,
Səninlə alışsın, səninlə yansın.
Şerimin misrası bir aşiq kimi,
Müdam bu yollarda səni də ansın
Kənan AYDINOĞLU.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ