Bir az ölmək istəyirəm

Bu yazıya counter dəfə baxılıb

bir  az  qaçmaq,  uzaqlaşmaq,
sevgidən  imtina  edəcək  qədər,
bir azdan daha çox cəsarətli  olmaq,
tənha  qalmaq, şərab dolu 
qədəhlərlə  danışmaq  istəyirəm. 

bir  az  ruhum  donacaq,
bir  az  sevgim  solacaq, 
axı  ruhunun tablosunda 
mənim  rəsmim olmadı heç  zaman.

sən  çox  gözəlsən,  amma
daha gözəl  olduqca 
bir az  daha çox  ögeyləşirsən.
elə  bilirsən  yeni sevgi, yeni  sevgililər
bizi  xoşbəxt  edəcək? 
yeni  sevgi  köhnə  əzabların  sonu  deyil, 
yeni  əzabın  başlanğıcıdır

unuda  biləcəksənmi, isti  qucağımda 
şirin  yuxulara daldığını? 
Qəlbindəki  aynaya baxma, gülüm.
Dərin  boşluq  görərsən,
sıxıntıdan  ölərsən.

Yadındadı  nələr  xəyal  etmişdik?
Hüqonun  Notr  Damında izdivac  qurub, 
Motsartın  Vyanasında bal  ayında olacaqdıq.
Övladlarımıza  Balzakın əsərlərini  oxuyacaqdıq.

Yadındadı  nə  demişdin? səninlə  birgə 
ac  qalmaq da, yoxsul  olmaq da 
mənə şərəfdir, ey yoxsul, şair sevgilim.
Boş  ver bu  Hüqo, Motsart  söhbətin,
Sənə gül  almağa pul  tapmazdım, gözəlim.

Hər  görüşə  gələndə  dostum 
Çingizdən borc  alardım,
sənə  gül dəstəsi  ala bilmək  üçün,
Sonra  dostum  Çingiz  öldü,
sonra  sənin  sevgin  öldü, 
sonra  mənim  sevgim öldü.
sonra özümüz də öləcəyik. 

bəlkə hələ  gec  deyil,
Ölmək  olar,
bir az  ölmək  istəyirəm


                                                                                                    Nicat Həşimzadə
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ