MƏNİMLƏ BİR YERDƏ (hekayə)

Bu yazıya counter dəfə baxılıb
 Akif ABBASOV

Kamilin oğlu universitetə qəbul olunmuşdu. Ka­mil dilindən çıxmışdı ki, dostlarına yaxşı qonaq­lıq verəcək. Şad xəbəri alan kimi onları başına yığdı. O, doqquzmərtəbəli binanın beşinci mərtəbəsində yaşayırdı. Həyətin bir başında bir yeri hasarlayıb özü üçün balaca bağça düzəltmişdi. 9-10 kiloqramlıq bir quzusu vardı. Tez onu yerə yıxıb başını bədənindən ayırdı, dəridən çıxartdı. Manqalı hazırladılar. Kömür də, doğranmış taxta da vardı. Ət xırda-xırda doğranıb şişlərə çəkildi.
Kamilin yaxşı zoğal, həm də tut arağı vardı. Onları süfrəyə qoydular. Boşqablar, salatlar, mineral sular düzüldü. Baş soğan, sarımsaq da öz yerində. Kabablar hazır olana qədər pendir-çörək və pomidor-xiyarla adama yüz qram vurdular. Kamil manqalın yanında idi. Ona müraciətlə:
-Kamil, təbrik edirik, xeyirli olsun. Gün o gün olsun, təhsilini başa vursun, yığılıb qeyd edək!
-Amin!
İçdilər. Kabablar gəldi. Doyunca yedilər. Məc­lis tamama yetəndə Kamil dostlarının fikrini öyrən­mək istədi:
-Hə, qonaqlıq necə oldu, xoşunuza gəldi?
Hamı bir ağızdan:
-Əla idi, əla.
Cəmil özünü saxlaya bilməyib:
-Yaxşı idi sənin qonaqlığın, amma…
-Nə amma?
Rəsul onun ətəyini çəkdi, o isə dartınıb sözünü axıra qədər dedi:
-Kabab yaxşı bişmişdi, amma nə isə ətin dadı yox idi.
Məsələ açıldığından o birilər də başları ilə təsdiq etdilər:
-Doğrudan da, quzu gözümüzün qabağında kəsildi, əmlik quzu idi, amma ətin dadı yox idi.
Dostlar elə bildilər ki, onların sözləri Kamilin xətrinə dəyəcək. Fikirləşəcək: ”Bu da onların “sağ” olu. Yeyib içiblər, indi də süfrəmi bəyənmirlər”.
Amma onların düşündüklərinin əksinə olaraq Kamil gülərək:
-Sözünüzdə həqiqət var, - dedi. – Quzunun dadı haradan olsun? Bu quzu mənimlə birgə televizora, futbola, kinoya, konsertə baxır, radioya qulaq asır, mənimlə çiyin-çiyinə əyləşib yemək yeyir, mineral su içir, yıxılıb eyvanda yatır. O da mənim bir tayım idi. Mən ona, o da mənə həyan idi. Sizdən keçə bilmədim, verdim bıçağın ağzına. Ondan nə dad gözləyirdiniz? Ot, yonca, dağ çiçəyi yeyən, meşənin təmiz havasını ciyərlərinə çəkən heyvanın əti dadlı, ləzzətli olar… Hə, belə-belə işlər...


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ