Vicdan nədir?

Bu yazıya counter dəfə baxılıb
İnsanı ən doğru düşüncə və hərəkətlərə sövq edən mənəvi nəzarət mexanizmi. Məncə vicdanın ən gözəl tərifi budur. Kimliyindən asılı olmayaraq, hər insan vicdan mexanizmi ilə birlikdə yaradılır. İnsanları bir-birlərindən ayıran xüsusiyyət isə onların öz vicdanlarını nə qədər istifadə etdikləridir. Hər insanda vicdan var. Lakin vicdan nə qədər istifadə edilir, mühüm olan budur. Vicdan da ağıl, qətiyyət, səbir, Allah qorxusu kimi əxlaq xüsusiyyətidir. Əxlaqlı olmağın bir ölçüsüdür. Vicdanlı olmaqla əxlaqlı olmağı bərabərləşdirirlər bəzən, lakin bu doğru deyil. Çünki əxlaqlı olmaq yalnız vicdani hissləri duymaq deyil, vicdanın əmr etdiyini yerinə yetirməkdir. Vicdana tam təslim olmaqdır. İnsanı vicdanına təslim olmaqda səmimi hərəkət etməyə yönəldən qüvvə isə imandır.
Bir insan aşkar olan bir zülmü, müharibəni, acından və ya soyuqdan ölən insan mənzərələrini, insanların yoxsulluq içində yaşamasını istəməz bəlkə də. Lakin iş hərəkətə keçəndə, insanların bir çoxu bu həqiqətləri görməməzliyə vurur, öz yaxasını kənara çəkir. “Guya mən qurtaracam dünyanı? İstəsəm də, tək nə edə bilərəm ki? Dünya belə gəlib, belə gedəcək” məntiqi ilə göz qabağındakı hadisələrdən üz çevirir, heç bir cəhd etmir, bu vəziyyətə razı olur sanki.  Yəni vicdanının səsini eşitsə də, ona qulaq asmır, vicdanın əmr etdiyini yerinə yetirmir. İmanda isə vicdanın səsinə qulaq asılır. İnsan öz maddi rahatlığını da qurban verir. Sadəcə onu Yaradanının razılığını özünə hədəf etdiyinə görə fədakarlıq, əsl mənəvi rahatlıq üçün göstərilən bir cəhd bir çox şeydən daha zövqlü olur insan üçün.
Bir insanın öz-özünə doğrunu tapması vicdanın ən mühüm xüsusiyyətlərindəndir. Heç kimdən kömək almasa belə, vicdan insanı doğruya aparır. Lakin vacib olan nədir? İnsanın öz vicdanına müraciət etməsi. Onun nə dediyini eşitməsi və söylədiklərini tətbiqə keçirməsi.
Ümumiyyətlə insan nəfəs aldığı müddətcə, yaşadığı hər hadisədə göstərdiyi reaksiyalarla və içindən keçirdiyi düşüncələrlə sınanır. Bu sınaq müddətində qarşısında hər zaman iki seçim var. Ya hər zaman pisliyi əmr edən nəfsinin səsinə, ya da onu pisliklərdən çəkindirən vicdanının səsinə qulaq asmalıdır. Əslində ikisini də insan eşidir. Lakin yalnız birinin dediklərini həyata keçirir.
Vicdan insanın ömrünün sonuna qədər şərtlər nə olursa olsun bir anlıq olsa belə susmur. Nəfs davamlı bəhanələr gətirsə də, vicdan davamlı olaraq insana nəyin doğru, nəyin yanlış olduğunu söyləyir. Əslində bu Allahın insan üçün yaratdığı mükəmməl sistemdir. Eyni zamanda da böyük nemətdir. İnsan əslində çox xoşbəxt olmalıdır. Çünki hansı hadisə ilə qarşılaşmasından, dünyanın harasına getməsindən, hansı mədəniyyətdən olmasıdan asılı olmayaraq, içində daima müraciət edə biləcəyi vicdan kimi bir doğruluq rəhbərinə sahibdir. Unutmayaq, biz də bu doğruluq rəhbərinə sahibik.  Elə isə içimizdəki bu səsin bizə söylədiklərinə biganə qalmayaq. Əgər mənəvi rahatlıq istəyiriksə, doğruya qovuşmaq istəyiriksə, əsla vicdanın səsini boğmayaq. Düzdür, insan öz içindəki səsləri bir-birinə qarışdırmaqdan, hansının doğrunu, hansının yanlışı söylədiyini anlaya bilməməkdən narahat ola bilər. Amma bir şeyi də xatırladım ki, vicdan doğrunu görən kimi bir an belə tərəddüd etmir, heç vaxt insanı qərarsızlıq içində qoymur və doğrunu dərhal söyləyir. Lakin vicdanın səsinin ardınca dərhal nəfs fəaliyyətə keçir və vicdanın söylədiyini insana etdirməmək üçün min cür bəhanələr uydurur. Yən bir insanın qarşılaşdığı bir hadisə qarşısında eşitdiyi ilk səs vicdanın səsidir. Biz də ən gözələ çağıran o ilk səsin vicdanımıza aid olduğuna unutmamalıyıq. Əgər insan vicdanını istifadə etməsə və o ilk səsə təslim olmasa, bir müddət sonra çirkin ehtiraslarının əsiri olur. Bu da onu sonsuz, peşmançılıq dolu bədbəxtliyə sürükləyir.  Hamı bilir ki, peşmançılıq nə qədər ürək yandıran bir duyğudur. Bu duyğunun təməlində nə var? Vicdanın səsinə qulaq asmamaq. İnsan səhv seçimindən uzaqlaşana qədər də bu peşmançılıq onu buraxmır, mənəvi işgəncəyə, qəlbi daraldan sıxıntıya, əzaba çevrilir.
Vicdan harada, hansı məqamda səhv etdiyimizi bizə söyləyən böyük qüvvədir. Nə qədər yaşayırıq, peşmançılıq duyğularından qurtulmaq, səhvləri düzəltmək imkanı var. Ona görə bu fürsəti ən gözəl şəkildə istifadə etməliyik. Çünki məhşərdəki peşmançılıq dözülməz ölçülərdə ola bilər və sonsuza qədər də insanı buraxmaz.
Bir həqiqəti də əsla unutmayaq: Hər insan şüur sahibi olduğu andan etibarən Allahın ona ilham etdiyi vicdanını söylədiklərindən məsuliyyət daşıyır. Ətrafındakı hadisələri  dərk etməyə başlayan, mühakimə bacarığı qazanan hər insan artıq vicdanını səsini rahat duyacaq. Nəfsi ilə vicdanını ayırd edə biləcək bacarığa və vicdanına təslim olacaq iradəyə sahib olacaq.
Hər insana gözəl olan hərəkətləri və düşüncəni söyləyən, sağlam mühakimə etməsini, doğruları və yanlışları bir-birindən ayırd edə bilməsini təmin edən mənəvi bacarıq olan vicdanla yaradılmışıq. Dindar, dinsiz, ateist, mühafizəkar olmasından asılı olmayaraq hər insan vicdan sahibidir. İnsanları bir-birindən fərqləndirən şey isə vicdanlarını nə qədər istifadə etdikləridir. Yəni bir insan oğurluq edərkən, cinayət işlərkən, əxlaqsızlıq edərkən bunu vicdanı olmadığı üçün deyil, vicdanını istifadə edəcək iradəsi olmadığı üçün edər. Hansı ki, hər insan istər Azərbaycanda yaşasın, istər Yaponiyada, vicdanı ilə harada nə etməli olacağını çox yaxşı bilir. Amma doğrunu bilməsi insanın əxlaqlı olması üçün kifayət deyil. Əxlaqlı olmaq iradə, ağıl, səbir və qətiyyət tələb edir və əlbəttə ki təvazökarlıq...
Nərmin Kərimzadə


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ