
Bir insan imanın
qazandırdığı dərin ağıla və qavrayışa malik olmaq üçün əvvəlcə bəzi məsələlər
üzərində düşünməlidir. Dünyaya gəlişinin məqsədi, bir gün həyatının ölümlə
bitəcəyi və uca Allah’ın çinar ağacını belə yüz illərlə yaşadarkən insanlara
təqribən 60-70 il ömür verməsinin ardındakı səbəblər üzərində düşünməlidir.
Quran insanın düşünməli olduğu bütün bu sualların qapısını açan açardır. Çünki
Quran Rəbbimizin qullarına Özünü tanıtdığı, dünya həyatının əsl məqsədini,
axirəti, gözəl əxlaqı bildirdiyi vəhyidir. İnsan Quran vasitəsilə səhvlərini
anlayar, qəti tövbə edib səhvini təkrarlamaqdan çəkinər, Allah’ın böyüklüyünü
və qüsursuz olduğunu dərk edər, həyatını Onun rizasını, rəhmətini qazanmaq üçün
keçirər, əmr və qadağalarına cidd-cəhdlə əməl edər və gerçək həyat olan
axirətdə cənnəti qazanmağı ümid edə bilər.
İnsanın fitrətinə uyğun
olan həyatı yaşaması üçün ağlına və vicdanına ən uyğun yol da budur. Bu yola
tabe olmaq insanın ağlını və qavrama gücünü daima artırar. Çünki ağıl imanda
dərinləşməyin təbii nəticəsidir. Uca Allah Quranın təmiz ağıl sahibləri üçün
yol göstərən kitab olduğunu bir ayədə belə bildirir:
Bu (Quran)
insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allah’ın tək bir
tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!
(İbrahim surəsi, 52)
vəs vəsə nədir?
Şeytanın ən mühüm
xüsusiyyəti insana hər tərəfdən yanaşaraq onu Allah’ın yolundan uzaqlaşdırmağa
çalışmasıdır. Vəsvəsə də şeytanın insanı boş şeylərlə məşğul etmək üçün
pıçıldadığı sözlər, yanıltmalar, qəlbə verdiyi narahatedici, boş şübhələr və
düşüncələrdir.
Şeytan insanın ağlına
gətirdiyi Qurandankənar düşüncələrlə onun sağlam düşünməsinə mane olub, onu
dünya və axirət həyatına zərər verən şübhələrə salmaq istəyir. Ancaq uca
Allah’ın Quranda bildirdiyi kimi, şeytanın hiyləli tələsi çox zəifdir (Nisa
surəsi, 76). İmanın qazandırdığı təmiz ağıl sayəsində möminlər sürətli mühakimə
qabiliyyəti ilə şeytanın verdiyi vəsvəsənin öhdəsindən gəlirlər. Əlbəttə, bu,
imanın qazandırdığı dərrakənin meydana gətirdiyi təbii nəticədir. Belə ki, uca
Allah möminlərin şeytanın bu tələsini yaxşı-yaxşı düşünərək dərhal
anlayacaqlarını belə bildirmişdir:
Allah’dan
qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allah’ı) xatırlayıb
düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar. (Əraf surəsi, 201)
Allah “O kəslər
ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də
yəqinliklə inanırlar. (Bəqərə surəsi, 4)” ayəsi ilə möminlərin axirətə
yəqinliklə iman gətirməli olduqlarını bildirir. Axirətə yəqinliklə inanan insan
ölümün labüd olduğunu, dünyanın müvəqqəti yer olduğunu qavrayar və əsl həyatın
axirətdə olacağını dərk edər. Axirətdə yenidən dirildiləcəyini, orada əbədi
yaşayacağını bilən və cənnətin tükənməz nemətləri haqqında düşünən insan bu
gözəl həyata qovuşmaq üçün var gücüylə Allah’ın ondan razı qalması üçün
çalışar. Dünyanın müvəqqəti bər-bəzəyinə və həvəslərinə aludə olaraq ölümü və
axirəti unutmaz. Ölüm zamanını bilmədiyinə görə, daima ölümə hazır olmalı
olduğunu düşünər, bunun üçün uca Allah’ın əmr və qadağalarına cidd-cəhdlə
riayət edər, ibadətlərini tam yerinə yetirər. İnsanın axirətdəki sonsuz
nemətləri dünyadakı müvəqqəti nemətlərdən üstün tutması güclü dərrakəyə sahib
olduğunu göstərir.
Bir mömin namaz qılmaq,
oruc tutmaq kimi ibadətlərini cidd-cəhdlə yerinə yetirməklə yanaşı, dərin
anlayışa da sahib olur. Quranda diqqət çəkilən göylərdəki və yerdəki yaradılış
dəlilləri üzərində dərindən düşünmək möminin imanının artmasına, dərin ağıl və
qavrayış qabiliyyəti qazanmasına səbəb olur. Çünki göylərin, yerin və bunların
arasındakıların yaradılışı haqqında düşünmək Allah’ı daha yaxından tanımağa,
Onun qüdrətinin sonsuzluğunu daha yaxşı qavramağa və beləliklə, elm sahibi
olmağa vəsilə olar. Təmiz ağıl sahibi möminlərin bu xüsusiyyəti Quranda belə
xəbər verilir:
O kəslər ki,
ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və
yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş
yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!
(Ali-İmran surəsi, 191)
Allah Quranda ağıl
sahibi olan möminləri “O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına
tabe olurlar, onlar Allah’ın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri
də məhz onlardır. (Zumər surəsi, 18)” şəklində tərif edir. Bu kəslər
Allah’ın onlara göstərdiyi yola tam tabe olduqlarına, Quranda bildirilən hökmləri
dəqiqliklə yerinə yetirdiklərinə və vicdanlarına qəti tabe olduqlarına görə,
Allah onları ağıl kimi böyük nemətlə mükafatlandırmışdır.
Ağıl insana bir çox
nemətin qapısını açan çox mühüm xüsusiyyətdir. Ağıllı insan olduğu hər mühitdə,
etdiyi hər hərəkət və dediyi hər sözdə fərqli olduğunu hiss etdirir. Ona görə,
böyük hörmət və heyranlıq oyandırır. Ağıl doğrunu yanlışdan ayırmağı, hikmətli
və gözəl danışmağı, gözəl əxlaqla davranmağı, hər hansı hadisə baş verdikdə bir
çox insanın görə bilmədiyi təfərrüatları görməyi, incə təhlillər aparmağı və
hadisələrdən ən doğru, ən hikmətli nəticələr çıxarmağı təmin edir. Bütün
bunlarla yanaşı, ağıl insanın ruhunda gözəlliklərdən daha çox zövq almağı təmin
edən dərinlik meydana gətirir. Buna görə, çox insanın adi qarşıladığı və
alışqanlıqla baxdığı bir çox şeyin ardında gizlənən gözəllikləri ağıl sahibi
olan möminlər dərhal görürlər. Ancaq ən əsası odur ki, ağılın qazandırdığı
dərin iman və təvəkkül möminlərə Allah’ın iznilə cənnəti qazandırır. Uca Allah
bir Quran ayəsində möminləri belə müjdələyir:
Allah, şübhəsiz
ki, möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq
vəd edilmiş cənnət müqabilində satın almışdır. Allah`dan daha çox əhdə vəfa
edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur! (Tövbə
surəsi, 111)
Dərin düşünməyin
qazandırdığı iman və bu imanın artmasıyla artan ağıl möminlərin Allah’ı daha
yaxşı, yaxından tanımalarını, hər an hər yerdə Onun təcəllilərini görmələrini
və Allah’ın qüdrətini layiqincə təqdir etmələrini təmin edir.
Təmiz ağıl sahibi olmaq
hər cür boş düşüncədən, heç kimə faydası olmayan boş şübhələrdən və mənasız
düşüncələrdən uzaq ağıla sahib olmaqdır. Tamamilə Allah’ın razılığını qazanmaq
üçün istifadə edilən belə bir ağıl həm dünyada, həm də axirətdə rahat həyat
təmin edir.
Ülviyyə Əlizadə
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ