Uzaqda dəniz gözləri yol çəkən bir ŞAİRdən ötrü... prof.dr.Elçin İsgəndərzadə
Şəhid məzarlarına
İsa bulağından bir ovuc su at.
Dirilib ayağa qalxmasalar da,
Rahat uyuyacaqlar
Qan qardaşlarım, rahat.
Sair şeiri öz kefindən yazmır, həmin şeiri ona ya Xeyir, ya da şər yazdırır. Xeyirlə şərin mübarizəsində illər, əsrlər uzunu yol gələn şeiri kimlər hansı qəlibə salmağa çalışmayıblar ki?! Amma şeir şeir olalı, ona qarşı olan bütün hədələrə, təzyiqlərə sinə gərib, öz ülviliyini, öz paklığını qoruyub. Ülviyyətini, arılığını qoruyan şeir yaddaşlara əbədilik köçməyə haqq qazanıb, əsrlər, qərinələr onu öz süzgəcindən keçirib.
O, daim Xeyrin qələbəsinə söykənib. Xeyrin qələbəsinə söykəndiyindən söylənməsinə vəsilə olan insanı Qutsal Göyə qaldırıb.
Şərin yolunda olan əli qələm tutanlar olmayıbmı görəsən? Əlbəttə, olub. Amma əlahəzrət şər onları da yarıyolda qoyub. Yazdıqları sabun köpüyü misalı dağılıb yox olub. Bəlkə də zamanında onlardan çox məşhur olanı bulanmayıb. Amma şərin əsgəri, şeytanın fəhləsi olduqlarından yazdıqları da ötüb, keçib, qaranlıqların ağuşunda əriyib gedib.
Görən, nə qədərdir əsrlərin, qərinənin süzgəcindən keçən şeirlər? Birmi, beşmi, onnu, yüzmü? Bəlkə min? Bilmək mümkün deyil, amma bircə məqam dəqiqdir ki, şeir hansısa bir dəyərə, düşüncə etalonuna söykəndiyi zaman möhtəşəm və qalıcı olur. Yəni, şair özü olmalı, öz budağında oturmalı, öz türküsünü söyləməlidir.
Tanrı dağından gəlirik,
Cənnət bağından gəlirik,
Türk oymağından gəlirik,
Türkük, türkü oxuyuruq.
Şeir Türkün təfəkküründə qutsaldır. Şeir onu var edən, əhatə edən, qoruyan, onu yaşamağa səsləyən, sevməyi və sevilməyi öyrədən bir İlahi səsdir. Türk çağıra könül verəndə də, könül bağçasından eşq meyvələri dərəndə də, qopuzla insani məhəbbəti könlümüzə naxış – naxış, ilmə - ilmə toxuyanda da, cəzbə halında ikən dualar oxuyanda da şeiri unutmayıb, şeirlə edib duasını, alqışını. Etdiyi alqışlar, dualar onun üzündə boy verib görünüb, Qutlu bəldənin, görklü Göy Tanrısının işığı ilə şeir kimi munis olub, arı olub. Hara gedibsə, haqqın, ədalətin arxasınca bir qılınc kimi uçub
getdiyi onu qutlu biliblər, dosta sonsuz sevgisindən, düşmənə qəvi nifrətindən tanıyıblar. Nəfəs kimi axıb getdiyi məmləkətlərdə hamı Onun bayrağının, sancağının altında barınmaq istəyib. O da qucaq açıb hamını qəbul edib. O, aman verib, öldürməyib, rəhmli olub. Amma zülmə tabe olmaq onun kitabında yazılmayıb. Sonradan gələn bütün dinləri, dəyərləri qəbul etsə də, bəzən həmin dinlərin, dəyərlərin etibarlı daşıyıcısına və yayıcısına çevrilsə də, dilində bu şüar olub həmişə:
Göy Tanrı övladıyıq,
Göylərdən gəlmişik biz.
Yolumuzu gözləyir
Çox uzaqda göy dəniz.
Qürurunu, şərəfini, ləyaqətini hər zaman qoruyub saxlayan, bir zərrə belə olsun ondan itirməyən Türk təkcə özü öz savaşçılığı ilə kifayətlənmir, öz xələflərinə də savaşçı olmağı tapşırır, onlardan istəyir ki, dədə - babalarından, genlərindən gələn ruha sahib çıxsınlar. Sahib çıxsınlar ki, atalarından onlara ötürülən ruh övladlarda davam eləsin. Yaşasın, dünya durduqca Türkün sisteminə çevrilsin, onun həyat devizi olsun. Savaşdakı qol qüvvəsi ilə bərabər ağlın, ruhun həmahənglik etdiyini bilən Türk övladına qol gücü ilə yanaşı həm də dualar, qutsal mətnlər ötürür və ona məhz bu dualar, bu
yalvacların əsintisi sayəsində, bu millətin millət kimi əsrlərdir yaşadığını anlatmağa çalışır. Bu qutsallığın bir qolu ana laylasıdırsa, bir qolu da pıçıltı ilə edilən, gerçək olması Göydə gəzilməsi, Yerdə axtarılması mümkün olmayan, Türkün xoş rəftarında, haqq - ədalətində, düşmənə qarşı qılıncdan kəskin nifrətində gizlənən görklü Tanrıdan istənən mübarək duadır:
Beşiyinin başında
Anan laylay çalanda,
Laylay səsi həzin – həzin
Enəndə, alçalanda –
Mən Şaman duaları
Pıçıldamışam sənə.
Amma eyni zamanda bu Torpağı qorumağı övladına tapşırmağı da unutmur Türkün Bilgə Atası:
Sən kövrəlib eləmə,
Səsim qırılsa birdən.
Bir savaşda vurulsam,
Qılıncımı götür sən.
Nikbin notlara köklənir Türkün savaşçısı. Çünki o, Kürşad kimi böyük bir ordunun içindən sıyrılıb ulusunu Yarın olacaq son savaşa səsləyə bilir:
Könüllərə yazdıq adını, şair,
Sən ölmədin, şəhid oldun, a qardaş.
Yəhərlədim sənin atını, şair,
Son döyüş olacaq, yarın, son savaş!
Son savaşın qaziləri də olacaq, şəhidləri də. Amma bircə məqamı unutmamaq lazım:
Dünya Türkdən başlayır,
Unutma bunu, oğlum.
Bir gün Türklə bitəcək
Dünyanın sonu, oğlum...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ