(hekayə)
Qız,
kişinin başının əvvəlcə yazı masasına doğru əyildiyini, sonra isə heyranlıqla
onu süzmək üçün qaşını yuxarı qaldırdığını gördü. Dəblə
tikilmiş gözəl kostyumda cazibədar göründüyünü qız bilirdi. Onun yaraşıqlı
qıçları kişinin canını alırdı. Qız kresloya söykənib ayağını ayağının üstünə
aşırdı. Kişi əlini stolun küncündəki vərəqlərə
uzatdı. Özünü iş-güclə məşğul göstərsə də, əslində fikri-zikri qızın yanında idi.
Qız,
birdən can köynəyinin təmiz olmadığını yadına salıb, özünü yığışdırdı. Qıçını
qıçının üstündən yerə saldı. İşsizlik ona macal vermirdi ki, paltarlarını
camaşırxanaya aparsın. Can köynəklərini bir-birinin ardınca əyninə taxırdı. Bu
gün geyindiyi axrıncısı idi. Düzdür, başqaları yuyulub sərilmişdi. Ancaq onları
ütüləmək lazım idi. Qız isə o qədər tənbəl idi ki, bunu etməyə özündə həvəs
tapmırdı. Onları bir həftə əvvəl ütüləyib qurtarardı, ancaq hər dəfə günü-günə
satmış, bu işi təxirə salmışdı. Çünki, o ya hər gün yorğun olurdu, ya da son
dərəcə tənbəl. Əslində binəvanı qınamalı deyildi. İş-güc başından aşırdı. Gah
ifaçıların müsabiqəsindən müvəkkilin yanına gedirdi, gah da müvəkkilin yanından
ifaçıların müsabiqəsinə… Odur ki, evə qayıdanda elə yorulurdu ki, bir işin
qulpundan yapışmağa halı qalmırdı. O, işləmək istəyirdi, özü də tezliklə. Yoxsa
vəziyyəti elə kökə düşəcəkdi ki, daha dözə bilməyəcəkdi. Axı işsizliyin amansız
pəncəsində nə vaxta qədər qıvrılmalıdır?
Qız kirayə haqqını ödəməmişdi. Yəqin baqqal da daha ona ərzaq verməyəcəkdi.
Artıq deyinməyə başlamışdı. Bütün bunları fikirləşdikcə başından ağrı qopurdu.
Hara gedirdisə, narahçılığını da özü ilə aparırdı. Ancaq bunu gizlətməli,
direktorla danışarkən, ifaçıların müsabiqəsində oxuyub rəqs edərkən qayğıdan
azad olmalı, özünü şən göstərməli idi.
Bu
gün pis çıxış etməmişdi. Bircə kirayə haqqını və baqqalı unuda bilsəydi… O, bir
nəfər hündürboylu, arıq, abırlı-həyalı kişinin və başqa iki nəfər şişman gözlü,
yekəqarın, varlı-karlı kişinin qarşısında həm oxumuş, həm də rəqs etmiş, yüzlərlə
qızın arasında bəyənilmiş, qaliblərdən biri olmuşdu. Sonra yenidən oxumuş, yenidən oynamış, əlli
nəfər arasından seçilmiş iyirmi qızdan biri olmuşdu. Bu ona azca ümid verirdi.
Baqqalın
kitabı qırmızı idi. Cildi üzərindəki adı qızılı hərflərlə yazılmış qırmızı
kitab… Altı funt… on dörd şillinq… səkkiz pens… Olan borcu elə bu qədərdir. Sən
deyən, çox məbləğ deyil. Yox, yox… heç bu həftə götürdüklərini hesaba almayıb
ki. Üç şillinq… beş şillinq… altı pens… yeddi pens… doqquz pens… On şillinq
olsa, hamısını ödəyər. On şillinq… on dörd şillinq… deməli, yeddi funt… dörd
şillinq… və səkkiz penslə hər şey düzəlir. Yox, bu borcu o qədər çox deyil… İşə
girəndə hamısını ödəyəcək: ev kirayəsini də, baqqala olan borcunu da, bir
sözlə, hər şeyi…
Südsatan
kişinin kitabı ya açıq mavi idi, ya da tünd mavi – dəqiq xatırlamır… Yox,
deyəsən görüb… Əvvəllər yaşadığı yerdə bir nəfər balıqsatan borcu olanlar üçün
yaşıl rəngli kitab düzəltmişdi.
İyirmi
qızdan on altısını işə götürəcəklər. Yalnız on altısını. Təəssüf ki, iyirmi
nəfər istəmirdilər. Onda işə girməyə ümid yeri qalardı. Bir də axı iyirmi nəfər
sən deyən çox da deyildi… İntəhası, daha bir neçə nəfərə maaş verməlidirlər.
Həmin məbləğlə müəssisə iflasa uğramaz. Bu teatr rejissorları çox rəzil
məxluqdurlar. Ciblərini şişirtmək üçün adamı çək-çevirə salırlar – qəşəng
sifət, yaraşıqlı ayaqlar, gözəl qamət, ağıllı rəqs etmək bacarığı, məlahətli
səs… Çevik, dözümlü, səbirli olmaq da əsas amildir. Şəxsiyyət isə hər şeydən
mühümdür. O qədər də çox tələb olunmur, kilsəyə ibadətə getdiyindən bir balaca
çox.
Qız
tamaşanın beş həftə davam edəcəyindən xəbərdardı. Tale onun üzünə gülsəydi,
necə də yaxşı olardı. Hər həftə dörd funt qazanar. Böyük məbləğ deyil, amma heç
olmasa, borcdan yaxasını qurtarar. Bəlkə, tamaşa elə on həftə davam edəcək. Ola
bisin düz bir il… Ağzında bir il deyirsən… Bu, iki yüz funt deməkdir. O vaxta
özü üçün lazımi pal-paltar alar, üst-başını qaydaya salar, şux, təravətli
görünər. Xarici görünüşün əhəmiyyəti böyükdür. Özün üçün iş gəzərkən bu daha
çox lazım gəlir. Pulun olandan sonra təzə alt paltarı, yaxud qəşəng can köynəyi
dərdi çəkməyəcəksən. Lazımi anda – lap elə Cimlə rəqs etməyə gedəndə seçib
ürəyin istədiyini geyinəcəksən. Təəssüf ki, Cim bu direktor və ya rejissorlardan
biri deyil. Axı niyə öz stolunun arxasında əyləşib gözlərilə onun qıçlarını
yeyən kişinin yerində Cim olmasın? Hə? Əgər direktor Cim olsaydı, lap aləm
olardı və bəzi müşkül məsələlər su içmək kimi asan yoluna qoyulardı.
Düşüncələr
qızı rahat buraxmırdı. Onun beynində aləm bir-birinə qarışmışdı. Bu isə onun
zərərinə idi. Uduza bilərdi, işsiz qalardı. Gərək özünü tox tuta, beynini
yormayaydı.
Cim
bu gecə səkkizdə onlara gələcək. Onlar qızın evində qəlyanaltı edib birlikdə
rəqsə gedəcəkdilər. Evdə işi tökülüb qalmışdı. Rəqs paltarını qaydaya salmalı,
ütüləməlidir.
Görəsən,
onu iyirmi nəfərin arasından seçəcəklər?
Nəhayət,
siyahıya onun da adı yazıldı. İndi kişinin qarşısında oturub. O, gözlərilə
qızın qəşəng baldırını yeyir… Əli isə hələ də stolun üstündəki kağız-kuğuzu
tərpədir, xışıldadır. Mətləbi nə çox uzadır?.. Nə deyəcək – desin, evə
buraxsın. Axı qızın vaxtı daralıb. Bir azdan Cim onlara gəlməlidir. Bu qoca
kaftarın nə vecinə, qızın işi var, ya yoxdur… O, axırıncı dəfə Cimlə bir ay bundan
əvvəl rəqs etmişdi. Əgər qoca bir az ləng tərpənsəydi, qız hər şeyə tüpürəcəkdi…
Bu gecəni Cimlə keçirsə, ehtiyatlı olacaq, oğlana əliuzunluq etməyə imkan
verməyəcəkdi. Aman, Allah, özün kömək ol. Hamı ilə ehtiyatlı olmaq lazımdır.
Cimə qarşı ehtiyatlı olmaq lazımdır, ona görə ki, o həddindən artıq kasıbdır.
Bu qoca kaftarla da ehtiyatlı davranmaq gərəkdir, ondan ötrü ki, o, çox
varlıdır. Cimə qarşı ehtiyatlı olmaq bir də ona görə vacibdir ki, qız istəyir
özünü onun ağuşuna atsın. Digərinə qarşı ehtiyatlı olmaq ona görə tələb olunur
ki, qız özünü ona təslim etmək niyyətində deyil.
Qəribə
dünyadır… Cimi yaxına buraxmamaq mümkündür, bu qoca isə istədiyini qoparmamış
əl çəkən deyil. Cim həm kasıbdır, həm də gənc, canı suludur. O, lazımi məqamı
gözləyə bilər. Bu qoca isə həm dözümsüzdür, həm də kalandır. Qız bilir ki,
qızıl suyuna çakilmiş bu donuz, qızlara nə lazımi ləzzət verər, nə də onların
etimadını qazana bilər. O, qızları nahara, yaxud şama ona görə dəvət edir ki, bir
növ vaxtını şən keçirsin, sonra isə onları lüm-lüt soyundursun… Bu, Cimin də
əlindən gələr, amma axşam yeməyi onunçun axşam yeməyi olaraq qalır. İstər
qızlar paltarlarını çıxarıb çılpaq otursunlar və ya heç çıxartmasınlar. Onun üçün
rəqs vaxtın ən mənalı keçirilməsi
deməkdir. Cimin arvadlara pərəstişi qızğın və safdır. Bu pərəstişdə heç bir
müəmma yoxdur. Onun məhəbbətində yalnız qorxu və utancaqlıq var, heç bir
qəbahət yoxdur. O birinin pərəstişində qorxu varsa da, utancaqlıq yoxdur, bir
də çoxlu biabırçılıq var… Nə isə, gec-tez taleyin hökmünə baş əyməlisən.
Yaxşısı budur, bəri başdan özünə əziyyət verməyəsən. Amma bir qədər ehtiyatlı
tərpənmək pis olmaz.
…Kişi
onunla danışırdı: «Pis etmədin, əzizim. Ümid verirsən. Özü də əlasından. Yaxşı
rəqs edirsən. Oxumağın da pis deyil. Ancaq xanım Brierlinin müvəffəqiyyətilə
sizinki eynidir. Gərək ikinizdən birini seçək. Hanley ona yüksək qiymət verir,
ancaq boş şəydir. Yoluna qoymaq olar. Ürəyini sıxma, öz əlimizdədir. Tamaşa
olacaq. Bir müddət dublyor olarsan, sonra bəlkə baş rolda çıxış etdin. Sən buna
layiqsən, gülüm. İlk məşq gələn cümə günüdür. Düz saat onda».
Qız
istəmirdi ki, kişi onun döşünün üstündəki broşkanın qəşəng olduğunu söyləsin.
Ürəyində isə götür-qoy edirdi – görəsən, broşka onun xoşuna gəlib? Kişi əli ilə toxunmadan da broşkanın üstündəki yaqutların
təbii olub-olmadığını müəyyən edə bilərdi. Lakin maraq onu dinc qoymurdu.
Broşkanın
formasından söz aça-aça kişinin barmaqları onun sinəsində gəzirdi. Özünü elə
aparırdı ki, sanki qız onun niyyətindən bixəbərdir… Sən Allah, bir onun başı
üzündəki şəklə baxın. Yəqin işdən ötrü sinov gedən rəssamlardan biri çəkib.
Onun şən, gülümsər, qaraşın sifətini elə
bil Allah xoş saatında yaratmışdır. Əgər
qızın elə çöhrəsi olsaydı, fotoqrafın yanına gedər, şəklini çəkdirərdi.
Rəssamın yanına getmək üçün bir xeyli fikirləşərdi.
Kağızlar
stolun üstündə qalaqlanmışdı. Kişi əlini açıq
kitabın üstünə qoymuşdu… Yaxşı düşünülüb… Stolun bir küncündə Şekspirin büstü
durur. Kişi şəkli göstərib onun hansı
yerlərinin yaxşı çəkildiyini izah edir, eyni zamanda dizini qızın buduna
sıxırdı. Qız ayağa qalxıb ondan aralananda kişinin sifəti haldan-hala düşdü.
-
Xudahafiz, təşəkkür edirəm… - kişi onun əlindən tutdu. -Bu axşam birlikdə şam
etsinlərmi?
Hm…
Qız çıxıb getmək istəyir…
-Xahiş
edirəm… razılıq verəsiniz… İntizarda qoymayın.
Yaman
sırtıq məxluqdur bu kişilər! Qollarını açıb qadınların nə vaxt onların qucağına
atılacaqlarını gözləyirlər.
-Maşınla
dalınca gəlim?..
-Xeyr,
təşəkkür edirəm. Görək hələ iş məsələsi nə yerdə qalacaq…
-Çərşənbə
axşamı görüşək?..
-Üzr
istəyirəm, vaxtım yoxdur…
-
Elə isə çərşənbə günü… yaxşı, çərşənbə günü…
-Oldu.
-Deməli,
çərşənbə günü… Xudahafiz…
Kontorun
zülmət kimi qaranlıq, bükülü, məşum görkəmi, can üşüdən otağından çıxdıqdan
sonra Pikkadilinin təmiz havasından sinə dolusu nəfəs almaq necə də
xoşdur.
Ancaq
kişinin iştahası yaman böyükdür… Həftədə vur-tut dörd funt maaş verəcək,
əvəzində isə son dərəcə çox tələb edir… Hər gecə saatlarla vaxtını alacaq belə
ağır, yorucu iş düzəltməyi yetmir, hələ qızın qarşısına tələb də qoyur.
Qız
gərək bu oyundan uğurla çıxsın. Əgər adıbatmış utancaqlıq olmasaydı, qızın əli
qazanca çatardı. Başqa qızlar kimi o, belə görüşlərdən öz xeyri üçün istifadə
etməyi bacarmırdı. Açığı, fərsizdir. Bu dəfə necə olursa-olsun özünü sınayacaq.
Öyrənmək qəbahət dəyil ki? Sonra isə hər şey yoluna düşər.
Yaxşı,
bəs nədən başlasın? Əsas məsələ də budur… Bəlkə, kirayə haqqını ödəmədiyi
barədə ona işarəı vursun?.. Yox, bu, ağ olar, münasib bəhanə tapmalıdır…
Küçədən
keçən bir gənc ehtiraslı nəzərlərlə qızı süzdü.
Yəqin onu küçə qadınlarından biri hesab edir. Qəribədir. Bəzi kişilərin
iş-peşəsi o qadının-bu qadının dalınca düşməkdir…
Yüz
fikir bir borcu ödəmir. İş olacaq, ya olmayacaq. Hər halda qız onu bu tezliklə
özünə yaxın buraxmamalıdır. Kişi qadını
tez-tələsik ələ alırsa, ondan istədiyi ləzzəti asanlıqla qoparırsa, qadın onun
gözündə öz qiymətini itirir. İndi qız kişinin təklifini tezcə qəbul etdiyi,
çərşənbə günü onunla şam etməyə razılıq verdiyi üçün peşmançılıq hissi
keçirirdi. Gərək vaxtı bir qədər uzadaydı. Çərşənbə günü?.. Aman, Allah, bu ki
mümkün deyil. Bu həftə məşğul olacağam… Hər axşam işim var… Hər axşam?.. Hə,
hər axşam, mənim əzizim, üzr istəyirəm… Bəlkə gələn həftə görüşək? Bir axşam
mənə zəng et, baxaq görək nə edirik…
Qız
isə bütün bunların əvəzində tərəddüdlər içərisində çaşıb qaldı və çərşənbə
gününə razılıq verdi. Nə üçün belə işlərdə acizdir? Başqa qızların təcrübəsi
onda yoxdur? Görünür, özünü itirib, vəssalam. Kişinin arabir yollandığı kiçik
və sakit restoran… Adama lap gülməli görünür. Sakit guşədə narahat vaxt
keçirmək… Qız isə səsli-küylü yerdə rahat, sakit vaxt keçirməyə gedəcək, yaxud
heç yerə getməyəcək. Kişi vəd etdiyinin
müqabilində onunla xoş gün keçirmək, ləzzət almaq istəyir. İş də heç ortalıqda
yoxdur. Hələ bilmək olmaz - işləyəcək, ya yox. Əgər kişi həqiqətən bir şeyə
nail olmaq fikrindədirsə, onda bu, ona baha başa gələcək. Həftədə dörd funtla
qızın başını aldada bilməyəcək. Qız çərşənbə gününə qədər özünü necə
aparacağını qət etməlidir… Çərşənbə gününə hələ çox qalıb, bu gün isə bütün
gecəni Cimlə keçirəcək, rəqs edəcək, sevincindən kam alacaqdır.
Maraqlıdır,
Londonda elə yer tapılmaz ki, təbiət öz yaşıl qanadını oraya gərməsin. Londonda
ağacların yaşıl aləminə tamaşa etmək fərəh doğurur. Bircə Leysester Skveə
Londonun başqa meydanları kimi gözoxşayan deyil. Bürkülüdür, görkəmcə kasıbdır.
O, dam üzərindəki bağçanı xatırladır. Bu bağça sanki göydən yerə endirilib və
səylə küçələrə səpələnib.
Maraqlıdır,
qol-qanad atmış o ağaclar necə adlanır? Qız onları tanısa da, indi xatırlaya
bilmirdi. Pırkal ağacını isə görən kimi tanıyır. Palıdı isə yarpaqlarına görə…
Nə vaxtsa bu ağacın yarpaqları Broskobeldə Harrini, Edvardı, bir də Çarlini
düşməndən gizlədib. Qız uşaq vaxtı bu
haqda çox oxumuşdu.
Qırmızı
ağac ola bilsin ki, daha yaraşıqlıdır. Təəssüf ki, buralarda bitmir… Ağaclar
bir yana dursun, o, başqa şeylər haqqında fikirləşməlidir.
…
Əvvəla, əlinə pul keçən kimi gərək özünə məmədan alsın. Əynindəkinin mitili
çıxıb. Axır vaxtlar lap qırış-qırış olub. Narahatdır, döşlərini incidir.
Avtomobil sürücüləri demişkən, elastikliyini itirib. Təəssüf ki, Cimdən xahiş
edə bilmir ki, onun üçün bir-iki cib dəsmalı alınca bir dənə məmədan alsın. Yaxud elə bayaqkı direktora da demək
olar. Aman, Allah! Hələ bir təsəvvür edin. Təsəvvürünüzə gətirin ki, o,
direktordan məmədan almağı xahiş edir. Bu isə direktor üçün göydəndüşmə olur.
Məmədanlardan birini seçib qıza uzadır və istəyir ki, elə onun yanındaca əyninə
geyib yoxlasın. Elə Cim də belə hərəkət edə bilər. Kişiyə nə var ki, balaca bir
hədiyyə ilə beynində dolaşan böyük fikirlərə çatmağa tələsir. Məmədan, yaxud
başqa bir şey? Budur məsələ! Piksadilli-Serkusunun ətrafında arı vızıltısı
eşitsəydi, bu ona qəribə gələrdi. ... Təsəvvür edin – arı vızıldayır, ətrafı
dolanır. Sonra məmədan almağa gedir… İndi isə əslində onu düşündürən arı yox,
avtobusdur. Bir avtobus olsaydı, fısıldaya-fısıldaya aparıb onu evə çıxarardı.
Bu da onun avtobusu… Ancaq minə bilmədi. Bu qədər adamın üstündən aşmayacaqdı
ki… Özünü irəli soxsa, təkan versə belə, bu basabasda yarım fut da qabağa keçə
bilməz… Budur, başqa birisi gəlir. Hə, özünü qabağa sox… itələ… özünə yol aç…
Budur, nəhayət avtobusun salonundadır. Xəfif meh canına xoş bir sərinlik yayır.
Qızı
itələyib kök bir kişinin üstünə atdılar. Kişi ona sərt bir nəzər saldı…
-İtələməyin, xahiş edirəm…
Bu da ilahinin işidir… Yaxşı ki, üz-göz olduğu adamların əksəriyyəti
özgələrdir.
Bu
axşam Cimin qolları arasında hər şeyi – çəkdiyi qorxunu, narahatçılıq və
həyəcan oyadan fikirləri başından çıxaracaq.
Bədəninin
bütün əzaları, beyninin bütün fikirləri, skripka və saksafonun oynaq ritmləri
ilə sakitləşəcək, rahatlıq tapacaq.
Qız
özünü xoş əhval-ruhiyyə oyadan parlaq rəngli lampaların əhatəsində hiss edirdi.
Hiss edirdi ki, Cimin qolları onu bərk-bərk özünə sıxır, oğlan və qızlar
həddindən artıq mehribanlaşıb, bir-birilərinə qısılır, rəqsin təranələri
altında ağır-ağır fırlanırlar… Bu avtobuslar lap can verə-verə gedirlər.
Brrum…
bum… bum… bum… brrum… bum… bum… lya… la-lya-la- la- la- la- la…
lalla-la-la-lalla-la-lya-la… Qəşəngdir, Cim? Eləmi? Lyu-lyu-lyu-lyu-la-la-la.
Məni qucaqla… möhkəm… möhkəm… Brrum… bum… bum… bum…
Axır
ki, gəlib evinə yetişdi.
-Lənətə
gəlmiş açar yenə də çantanın dibində yoxa çıxıb… Qız əsəbiləşdi:
-Görürsən,
sən Allah! Hazırlaşmağa vaxtım çatmayacaq. Tez ütünü götür, əlli tərpən.
Can
köynəyinin hansını geyinsin – çəhrayı rənglisini, yoxsa yaşıl… bəlkə krem
rənglisini… Yaşıl can köynəyi qara tül donun altından daha qəşəng görünər. Rəqs
edərkən onun paltarları rəngdən-rəngə düşəcək. Elə qəşəng görünəcək ki…
…
Hə, yavaş-yavaş hər şey qaydaşına düşər… Brrrum… bum… bum… brrrum… bum… Bu axşam qız rəqs edəcək, buterbrod yemək,
çaxır içmək üçün fasilə verəcəkdir. Axşam rəqsinin təəssüratından sonra məst
olmuş, şənçöhrəli Cim gəlib onu tələsdirməmiş hazır olmalıdır. Qızın ayaqları
musiqinin ritminə uyğun surətdə hərəkətə gələndə, o, adəti üzrə Cimin üzündə
gərgin bir ifadə oxyacaq. Bum… bum… brrum… bum.
Hə,
poçtalyondur…
-Teleqram
var? Xeyr, cavan oğlan, cavab olmayacaq…
Qız içəri keçib yenidən teleqramı oxudu. Onun
narahat baxışları bu dəfə teleqramın sətirləri üzərində çox ağır-ağır gəzdi: «Bir
neçə günlüyə atamla-anam şəhərə gəliblər. Nöqtə. Bu gün görüşə bilməyəcəyik.
Nöqtə. Rəqs, gələn çərşənbə gününə qədər təxirə salınır. Nöqtə. Səni sevən
Cim…»
Acığından
qızın rəngi qaraldı.Qız ütünü götürüb, qolu getdikcə tulladı. Ütü gedib otağın küncünə düşdü. Onun
barmaqları yavaş-yavaş düyünləndi və can köynəyini əzik-əzik etdi. Sonra
keçib sakitcə əyləşdi. Hirsindən dodaqları əsməyə başladı…
İngilis
dilindən tərcümə etdi:
AKİF ABBASOV
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ