-
Bilmirsənmi, ay bala?!- sən ki, bu qədər məktəb
oxudun, diplomların var
-
Yox, yox ay baba kitablar doğrunu demir, məncə.
Kitablar aldadır bizi, məsələn Tahir və Zöhrə yaşayıb deyir kitablar, ancaq həyatda
nə Tahirlər yaşayır, nə Zöhrələr. Nə olar ay baba mənə Göy qurşağının nağlını
danış, kitabları unutmaq, həqiqəti danmaq, yalnız sənin nağıllarında yaşamaq
istəyirəm
-
Dinlə o zaman, ay oğul sənə Göy qurşağının,
sevginin hekayəsini danışacam.
Bir zamanlar igid bir oğlan yaşayırmış, bir də bu
oğlana sevdalı yeddi gözəl qız. Qızlar onu çox sevsə də o kimsəcikləri sevməz,
kimsəyə ümid verməzmiş, ancaq yenə də bu gözəl qızlar onu sevməkdən əl çəkmir,
ona rəngarəng xalçalar hörür, sevdalarını bu cür dilə gətirirmişlər. Bir gün
oğlan savaşların birində ölür, qanlı cəsədi gəlir yaşadığı yerə. Qızlar bu dərdə
dözə bilməyib dağlara doğru qaçmağa başlayırlar, o qədər qaçırlar ki, artıq
dünya bitir, göy üzü başlayır. Dünyada gözəl xalçalar toxuyan bu qızlar özləri
xalça kimi göy üzündə qalırlar. Oğul onlar hər zaman oradadırlar, sadəcə biz
onları görə bilmirik. Dünya çox çirklənir, yalnız yağmurlardan sonra kirlər
yuyulur və biz onları görə bilirik.
-
Bəs mən də qaçsam, dağlara doğru, görəsən çata bilərəmmi
göy üzünə?
-
Yox, ay oğul . Sən çata bilməzsən, çünki sən yerin
kürə formasında olduğunu bilirsən. Bilirsən ki,
qaçsan uzaq başı hansısa ölkənin sərhəddini keçəcək və öldürüləcəksən.
Onlar isə bilmədən sərhədləri, kitabları qaçdılar, qaçdılar və göy üzünə
ulaşdılar.
-
Çox acı danışırsan ay baba, canım yanır hər sözündən,
hər söhbətindən.
-
Canını acıdan mən deyiləm, ay oğul yaşadıqların,
daha doğrusu yaşaya bilmədiklərindir.
-
Baba,
insanlar niyə bu qədər vəfasız olub, insanlar niyə sevməyi, gülməyi unudub?!
-
O dağları
görürsənmi?
-
Bəli
-
Bəs, o dağların üzərindəki buludları?
-
Bəli, görürəm ay baba
-
Bəs, o aradakı boşluğu görə bildinmi?
-
Nə yalan deyim, heç ağlıma belə gəlmədi oradakı
boşluq
-
Görürsənmi, ay oğul. Sən ora baxanda yalnız
dağların zirvəsi ilə buludları gördün, görmək istədin. Buradan sənə elə gəldi
ki, onlar bitişikdi, ancaq onların arasındakı məsafənin nə qədər olduğunu sən də
çox gözəl bilirsən. Bax həyat da belədir. Düşün ki, zirvələr beşiyin, göy üzü
isə məzarındır. Ancaq burada bir şey var ki, həqiqəti görmək üçün yaxınlaşmaq
yox, uzaqlaşmaq gərəkdir. Uzaqlaşdıqca anlayacaqsan ki, əslində beşikdən məzara
olan yol o qədər də uzun deyil, ancaq insanlar bunu bacara bilmir, özlərindən
dünyadan ayrı qalmağı bacarmırlar. Onun üçün də sevməyi, gülməyi hər zaman
sabahlara ərtələyirlər, sabahlar isə çox zaman gəlmir
-
Bir şey də mən deyimmi, ay baba?
-
De, sənə
qurban olum
-
Bu qədər
yaşamısan, ancaq sözlərin, fəlsəfənin acıları dindirə bilməyəcəyini öyrənə bilməmisən,
bilsəydin bu cür danışmazdın
-
Bala, axı sən
dedin Göy qurşağının nağlını danışıb
-
Sən Sadəcə göy qurşağının nağlını deyil, ölümünü də
dedin ay baba, sən də kitablarda fərqsizsən
-
...........
-
Daha yaşaya
bilmirəm mən, mənə gor qaz ay baba
-
Axı, ay oğul
o goru sən mənim üçün qazmalısan
-
Yox, ay baba
sən goru qaz mənim üçün, göy üzünə gedən yol torpağın altından keçir, mən də buna inanıram, sən demədinmi,
inansaq başara bilərik. Mən Göy qurşağına getmək istəyirəm, göz yaşlarımı
buludlarla siləcəm. Mən gedən bütün sevgililərin saçlarına yağmur olub yağacam
-
Oğul, sənin
gorunu daha mən qaza bilmərəm, sən Göy qurşağına çoxdan çatmısan
-
................................................................
Son.
Tural sahab
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ