Zöhrə Əsgərova
Yazıçı-publisist

Yetimlik demə, uşaqlıqdan qismətim idi. Babasız, nənəsiz nəvə
kimi sevilməyin, əzizlənməyin dadını
bilmirdim. Nəvənin babadan, nənədən yetim qalmağı nə qədər acı olurmuş. Ana, sən
mənə hamını əvəz etmişdin. Səni kim əvəz edəcək, ana?
Mən səninlə xoşbəxtliyimi su kimi içirdim, sənin teşnə kimi yanan
qəlbindən xəbərsiz. Sənin qəlb yaralarını gec anlayıb, duydum, ana.
Keçmişdə olub keçənlər, səhvlər xatirələrimizin baş daşına yazılıb.
Onlar pozulmur. Bu xatirələr arasında gözəgörünməz cığırlar açırıq. Yol boyu əzizlərimizi,
doğmalarımızı görürük. Hamının əvvəlki ünvanda başı öz qayğılarına qarışıb.Orda
məni nə görən, nə eşidən var. Təkcə sən məni unutmamısan, ana. Mehriban
sözlərinin, qayğıkeş əllərinin işığı, istisi hələ də özündən sonra mənimlə
yaşayır. Sənin əllərin saçlarıma sığal
çəkdikcə sanki mənimlə danışırdı. İndi ruhun mənimlə danışır, xeyir-dua verir,
ana.
Allahın ən böyük möcüzəsidir ana məhəbbəti. Keçmiş günlərimin
xatirələri xəyallarımın muzeyində yaşayır. Xatirələr divarından uşaqlığımın
gəlinciklərini, rəngbərəng paltarlarımı, bir də anamın cavanlıq şəkillərini
asmışam. Üzümü şəkilinə dayayıram. Ürəyimin döyüntüləri artdıqca sanki şəkilə ruh verir. Bəlkə divarların da
yaddaşı oyana...
Uşaqlıq şəkillərim analı günlərimin yadigarlarıdır. Onda elə bilirdim
ki, anam həmişə belə gözəl, yaraşıqlı qalacaq və mənim qayğımı çəkə-çəkə nə
yorulacaq, nə də qocalacaq. Məni dünyaya gətirən ana məni də ana görəndən sonra
rahatlaşdı. Daha mən də anam kimi balama gözümün işığını, qəlbimin sevgisini
verməkdən yorulmurdum. Elə bilirdim ki, günəş körpəmin təbəssümündə, gözlərində
doğulur.
Yaşa dolsam da anamın sevgisi, nəfəsi hələ də həyatımda
çatışmır. Anasız dünya kimə gərəkdir?
İndi nə qədər “ana” desəm də analı günlərimin heç kandarında belə dayana
bilmərəm. Ancaq səninlə mən əsl “mən” idim, ana. Səninlə elə bil dağa
söykənirdim. Zirvəsi qarlı dağlar sənin ağ saçlarına bənzəyirdi, bəlkə ona
görə dağları çox sevirdim...Sənin
məhəbbətin göylər qədər hüdudsuz idi, bəlkə ona görə səmanı çox sevirdim. Göy
qurşağı göylərin xalısıdır. Elə bil cənnətin rəngləri düşüb ora...Kaş bu “xalı”
üstündə görəydim səni...İndi xoşbəxt
səmamı sənsizliyin qara buludları bürüyüb, ana.
Anacan, sən dünyanı dəyişəndən sonra mən də "öldüm". Ancaq
mən elə "ölmüşdüm" ki, bunu özümdən savayı heç kim bilmirdi.
Əllərimin gördüyü işlər ürəyimdən xəbərsiz idi. Köməksiz körpə kimi doğma ana
qucağını, nəfəsini gəzirdim. Yenidən dil açmışdım, yenidən addım atmaq
öyrənmişdim. Uşaqlıqda ağlayanda nazımla oynayar, göz yaşımı qurutmağa
çalışardın. Sənin sığalın mənə hər şeyi unutdurardı. Sənli günlərdə uşaqlığımın
bəzən yerli-yersiz axıtdığı göz yaşlarım
çoxdan quruyub, ana. Sənsiz günlərin isə göz yaşı qurumur.Əbədi payız imiş
sənsizlik. Sənsizliyin yağmuruna “çətir” dözməz, qəddi əyilər. Səni yanında görməyən gözlərimi necə ovudum?!
Yadımdadır, səni itirəndən sonra ilk dəfə qapımın ağzında dayanıb
mənə yadlaşan küçəyə ürkək-ürkək baxdım, sənsizləşən küçəni tanımadım. Göylərə boylandım, günəş də öz
əvvəlki işığını itirmişdi.Günəş hər səhər həyatımda doğulsa da, səni görmək
istəyim heç vaxt taleyimdə doğulmayacaqdır.
Nə acı etiraf!
İşə geciksəm də, ayaqlarım yerdən tərpənə bilmirdi. Yay fəsli idi,
ancaq mən elə bilirdim ki, buz üzərində dayanmışam, addım atsam müvazinətimi
itirib yıxılacağam. İstəyirdim səni köməyə çağıram, deyəm ki, ana, uşaqlıqda
olduğu kimi tut əlimdən ilk dəfə sənsizlik dünyasında yenidən yerimək öyrət
mənə.
Bir sual mənə rahatlıq
vermirdi: “Mən anasız hardayam?” Dağları silkələməyə gücüm vardı, qorxurdum ki,
daşlar yağış kimi günahsız insanların üstünə yağa. Harayım içimdə boğulmuşdu,
axı, yer üzündə bir insan da, mən də anasızlığın acısını yaşayırdım. Evim
divarsız, tavansız görünürdü mənə.
30 ildir ki, sənsiz sənli günlərimlə nəfəs alıram, ana. Ayrılığın 30
yaşında da elə bil ki, dünən əlim əlindən üzülüb. Dünyada sənin qulluğunda
durmaqdan böyük xoşbəxtlik varmı?
Gözlərim tez-tez göylərə boylanır, o nəhayətsiz ərşin mələklərinə
ismarıc göndərmək istəyirəm ki, anam üçün çox darıxmışam. Ümidim göylərədir.
Təsəllim odur ki, anam mənim üçün
əlçatmaz olsa da, Tanrıya, günəşə, aya, ulduzlara daha yaxındır. İndi yağış,
qar yağanda elə bilirəm ki, göylərin nəmli payız, qış məktubları yerə enir. Deyirlər,
yağış yağanda dualarımız daha tez qəbul olunur. Mən yağışın səsini, dilini
öyrənməyə çalışıram. Hər yağış yağanda pəncərələrimi geniş açıb yağışın səsini
həyacanla dinləyirəm. Səma yağışdan görünmür. Darıxıram...Həsrətlə səndən xəbər
gözləyirəm. Bəlkə mənə bir ismarıcın var, ana.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ