Soyuq və sakit qış gecəsi. Elə bil həyat qış yuxusuna gedib.
Ölü bir səssizlik hökm sürür. Arabir göylərin qucağından sürüşüb düşən qar dənəcikləri
bu səssizliyi pozur. Sanki bir hüzn hopub gecənin bağrına. Sanki gecə ayrılıq
simfoniyasını dinləyib, gözləri dolub, toxunsan ağlayar . Bu əsrarəngiz gecə
susqunluğunu bir yanğılı körpə səsi dinləndirdi.
Nazik adyala bükülmüş bir körpənin səsi. Bu səsdə elə bil bir üsyan var həyata qarşı, onu yetimxananın qarşısına
atan insanlara qarşı, olmuşlara , olacaqlara qarşı bir üsyan.
Bu acımasız gecədə
bir qadın əli uzanır soyuq dünyada isti
qucaqdan məhrum edilmiş o körpəyə. Bu gecə illər öncəki gecəyə necə də bənzər
idi. Tam beş il öncə o qadın əli yenə
qapı önünə atılmış bir oğlan uşağını
qaldırmışdı. Həyatın bu oyunu təəssüf ki yenə təkrarlanırdı. O, körpənin üzünə
düşmüş bələyin ucunu qaldırdı, sanki bir mələk gördü. İlahinin yaratdığı ən gözəl
rəsm əsərinə tamaşa edirmiş kimi gözünü çəkə bilmirdi. Elə bil rəssam
fırçasıyla sevə-sevə , incə- incə toxunmuşdu kətana. Qapqara gözlər, uzun
kirpiklər, balaca dodaqlar …
Burda işlədiyi
on beş ildə belə gözəl körpə ilk dəfə idi görürdü. Heyranlıqla , heç nə düşünmədən
körpəni seyr edirdi. Gecənin soyuqluluğunu belə unutmuşdu. Yenidən ağlamağa
başlayan körpə onu özünə qaytardı. Körpəni tez içəri apardı, müayinə etmək üçün
növbətçi həkimi çağırdı, polisə xəbər verdi…
Səhərisi gün sənədlər
hazırlandı, qadının istəyilə körpəyə İlahə adı qoyuldu. Budur həyatın acımasız
oyununun qurbanlarının siyahısına onun da adı yazıldı…
*****
O gecədən artıq
altı il idi ki, ötürdü. Bu gün İlahənin
həyatında önəmli gün idi, onun üçün süfrə açılacaq, yoldaşları şeir deyəcək,
təbrik söyləyəcək, şamları üfürüb tort kəsəcəklərdi. Məsmə ana ona xoş sözlər
deyib, gözəl arzular söyləcəkdi. İlahənin sevinci yerə-göyə sığmırdı. Gah
balaca dostları ilə zarafatlaşır, gah da gəlincikləri ilə söhbət edirdi. Ən çox
sevdiyi gəlinciyinin saçının lenti açılmışdı, nə qədər etdisə də səliqə ilə
bağlaya bilmədi. Koridorda Məsmə ananın səsi gəldi, tez gəlinciyini götürüb
qırağa qaçdı. Məsmə anaya az qalmış dayandı,
çünki o, Ofeliya xanımla söhbət edirdi. Məsmə ana dedi:
-Ofeliya xanım,
təəssüf ki, bu addımı atmağın vaxtı gəldi. O şirkət bizə maddi dəstək etməkdən
boyun qaçırdı, bu qədər uşağı istədiyimiz şəkildə özümüz yetişdirə bilməyəcik.
Amma bu qərarı bu gün uşaqlara deməyək, qalsın sabaha. Bu gün İlahənin ad
günüdü, məni anası bilir, uşaqlara onları himayə etməyə , valideynlik etməyə
ailələrin gələcəyini desək , İlahə bərk sarsılar. Mənim onu atacağımı düşünər,
yazıq qızı körpə ikən anası atıb, məndən də bir vaxt ayrılacağını bilsə pis
olar.
Bu sözləri eşidən
İlahənin gözlərindən qeyri-ixtiyari yaşlar axmağa başladı, gəlinciyi əlindən
düşdü, balaca ürəyi sanki bir anın içində qovruldu, arzuları, bildikləri kül
olub sovruldu, ”Məsmə ana, sən məni istəmirsən” -deyib ağlayaraq otağa qaçdı. Məsmə
ana onun arxasınca otağa gəldi, onun başını sığallayaraq dedi:
-Gözəl qızım,
İlahəm, heç olarmı ana qızın istəməsin? Sən mənim gözəl gözlümsən, ağıllı
qızımsan. Səni çox istirəm, amma sənin və burdakı bacı, qardaşların yaxşılığı
üçün bunu etməliyik. Sizin hər birinizin gözəl ailəsi, anası, atası ola bilər, sizə görə edirik belə. Əzizim, nə
olar məni qınayıb üzmə.
İlahə burnunu çəkə-çəkə
gözünün yaşını silərək dedi:
-Məsmə ana, səni
hamıdan çox istirəm, məni o qadın atsa da, heç vaxt üzülməmişəm, amma sən məni
atıb unutma. Harda olsam da, sən mənim anam olacaqsan.
Məsmə ana onun
yanaqlarından öpüb dedi:
-Mənim ağıllı
qızım, gəl gedək doğum günü tortunu kəsək.
İlahənin əlindən
tutub özü ilə apardı.
*****
Günlər bir- birini əvəz edirdi, həftədə bir –iki ailə
uşaqları himayə etmək üçün gəlirdi. Ailələrin çoxu körpə uşaqlarla maraqlanırdılar,
buna görə də hər dəfə həmin ailələr gedəndə yetimxanada qalan uşaqlar həyata
bir az da küsürdülər. Özlərini yalnız hiss edirdilər. Kimisi kağızlara , kimisi
pəncərələrə, kimisi ovucuna ana, ata şəkli
çəkir, bir gün gəlib onları aparacaqlarına inanırdılar. Həmişə özünü gələn ailələrdən
gizləməyə çalışan İlahə bu dəfə çox üzgün idi, o da istəyirdi ki, ayrıca otağı,
onu əzizləyən anası, atası,
oyuncaqlarını bölüşə biləcəyi bacısı olsun. Pəncərənin qarşısında durub həyətə
baxan İlahə dodağının altında pıçıldadı:
-Səndən zəhləm
gedir məni atan qadın. Allah , mənə ana, ata yetir…
***
Gözəl may səhəridir. Günəşin parlaq şölələri yavaş-
yavaş otağı öz qoynuna alırdı , həyətdəki gilas ağacında olan qaranquşların cəh –cəhi insana xüsusi zövq verirdi. Sanki həyat
bu gün insanlara daha çox sevinc bəxş etməyə can atırdı. Bu sevincdən pay vermək
istədiyi İlahə isə hələ də yatağında oyan-bu yana fırlanır, yuxunu gözəl gözlərindən
qova bilmirdi. Birdən gözünə düşən günəş şüaları onu yerinin içində qalxıb
oturmağa vadar etdi. Gözünü ovuşduraraq dedi:
-Eh , mama, bir
az da yatım, nolar.
Süsən xanım
dedi:
-Ay tənbəl, deyəsən
unutmusan, bu gün xalangil gəlir. Onlar Moskvadan gəlib çatacaqlar , sən hələ
yatım deyirsən. Dur, yazın təmiz havasını ciyərlərinə çək, halbuki mənim
nazlımın yanında yaz gözəlliyi heç nədi.
Dur, başına dönüm, bir az kömək et mənə.
İlahə dedi:
-Yaxşı, mama, gəlirəm.
Süsən xanım mətbəxə
keçdi, qızının xoşladığı qayğanağı bişirməyə başladı. İlahə də mətbəxə gəldi, arxadan anasının boynuna
sarıldı, üzündən öpdü və dedi:
-Mama, kim kim gəlir? Xalagil çox qalacaqlar, demək olar ki yadımda
qalmayıblar, gör neçə ildi gəlib getmirlər buralara. Nə əcəb indi vətən
yadlarına düşüb?
Süsən xanım
dedi:
-İlahəm, onların
yanında da belə danışma, ayıbdı.19 yaşın var, amma özünü balaca uşaq kimi
aparırsan. Belə sözlər acıqlarına gələr. Xalan, Rasim yeznə, Xəlil, bir də Xəlilin
dostu Murad gələcək. Bakıda yaşayacaqlar bundan sonra, Moskvaya dönməyəcəklər.
Bizneslərini Bakıda qurmaq qərarı veriblər. Keçən gün atanla telefonda danışdılar
bir xeyli. Sən Nərmingildə idin onda. Nəysə, ağıllım, tez bu qayğanağı ye, süfrəni
yığışdır, gedim mən günortaya salat üçün göyərti yığım bağdan. Bir az ağızdan
iti ol. Otağını yığışdırmağı da unutma. Elə bir iş qalmayıb görmüşəm, sən tənbəldən
mənə yoldaş olmaz.
Süsən xanım İlahənin
yanağından çimdik götürdü, sonra əlinə bıçaq, qab alıb bağa getdi. İlahə stula
könülsüz əyləşdi, çəngəllə qayğanağı xırda hissələrə ayırarkən öz-ozünə
danışırdı:
-Görəsən, nə qədər
dəyişiblər? Tanıya biləcəm? Onlara da doğmam kimi isinişə biləcəm? Mənim önəmim
varmı xalamın həyatında? Xəlil görəsən indi bilirmi əslində kim olduğumu? Murad
necə insandı Allah bilir. Of, nə qədər danışdım, yaxşısı yeməyimi bitirim , Süsən
xanımın dediklərin edim. Tənbəl deyəcək olmasa.
Tez-tez yeməyini
yeyən İlahə eyni minvalla da Süsən xanımın tapşırdıqlarını etdi. Əyninə çəki-
düzən verirdi ki, həyətdən siqnal səsi gəldi, ardıyca anasının səsi eşidildi:
-Ay qız,
qonaqlarımız gəldi, düş aşağı bir.
İlahə “gəlirəm”-deyib
, şəpiklərini ayağına alıb darvazaya tərəf getdi. Maşın həyətə girib dayandı, bir qadın, bir kişi ,
iki cavan oğlan olmaqla dörd nəfər düşdü
maşından. Süsən xanım hər biri ilə mehribanlıqla öpüşüb görüşdü, hal-əhval
tutdu. İlahə xalası və xalasının yoldaşı ilə görüşdü. Amma cavan oğlanları üzdən
tanıya bilmədi. Biri ucaboy, çox yaraşıqli
idi. Düşündü ki, bu çox güman ki, xalası oğlu Xəlildi, çünki uşaq vaxtı boyca
ondan hündür idi, həm də balacalıqdan yaraşıqlı idi. Əl uzadıb dedi:
-Xoş gəlmisən Xəlil,
yenidən görməyimə şadam.
Elə bu vaxt kimsə kürəyinə yüngülcə şillə vurub
dedi:
-Ay İliş xanım ,
Xəlil mənəm, nə vəfasız xalaqızısan, tanımadın. Küsdüm səndən.
İlahə pərt oldu,
yanaqları qızardı və dedi:
-Xəlil
tanımamağımın günahkarı özünsən. Gör neçə ildi görmürəm səni.
Bir az
gülümsündü, birdən yadına düşdü ki, uzatdığı
əli hələ də geri çəkməyib.
Xəlil dedi:
-Eh dəcəl, həmişəki
kimi günahını başqasının üstünə atmağa cansan.
Üzünü Murada
tutub dedi:
-Bu da mənim dəcəl uşaqlıq dostum İlahədir, sənə
haqqında çox danışdığım pis qız budu. İlahə- Murad, Murad-İlahə.
Murad İlahənin
ona uzanmış olan əlini sıxdı, incə gülümsəmə ilə dedi:
-Xoş gördük,
qiyabi tanıyırdım, amma Xəlilin dediyindən də gözəlsiz. Şad oldum görməyinə.
Yad birisindən
eşitdiyi bu iltifat İlahəni yaman utandırmışdı, yanaqları od tutub yanırdı
sanki, ürəyi tez-tez döyünməyə başlamışdı. O da nəzakət əlaməti olaraq Muradın
üzünə baxaraq təşəkkürünü bildirdi, tez əlini çəkərək anasının yanına getdi.
Qonaqlar günorta
yeməyindən sonra istirahət etmək üçün otaqda uzanmağa getdilər. İlahə həyətdəki
stolda oturub sol çiyninə atdığı saçını əli ilə oynada –oynada fikrə dalmışdı.
Bu gün özünü qəribə hiss edirdi, sanki bu gün tamam başqa bir gün idi. Hava
daha gözəl idi, quşlar onun üçün oxuyurdu, günəş onun üçün parlayırdı. Daxilində
adını bilmədiyi sevinc dolu bir hiss
aşıb daşırdı. Özünü çox fərqli hiss edirdi, niyə belə idi anlamırdı. Həyətlərində
heç vaxt qoxusunu bilmədiyi güllərin iyi
belə ona sanki cənnətin iyin bəxş edirdi, həmişə hər neməti özü üçün
daşıyan qarışqaları “acgöz yaratık” adlandıran İlahə indi onların bu nizamlı hərəkətindən
də zövq alıb heyranlıqla izləyirdi, sanki ilk dəfə idi rastına çıxırdılar. Gözəl,
qara gözləri sevincdən par-par parıldayırdı, sanki dünyanı ilk dəfə idi
görürdü, yaşamağın ləzzətini indi duyurdu. İncə dodaqlarına qeyri-ixtiyari şəkildə məsum gülüş qonmuşdu. Bu halından onu Muradın
səsi ayırdı:
-İcazənizlə
otura bilərəm?
-Əlbəttə ki
olar, buyur otur. Mənə sən deyə bilərsən.
Murad stulu çəkib
İlahə ilə üzbəüz oturdu:
-Niyə tək
oturmusan? Süfrədə fikir verdim, deyəsən çox danışmağı sevmirsən. Fərqli
qızsan, bir etirafda edim ki, gözlərin çox gözəldi.Qırmızı rəng sənə çox yaraşır.
İlahə bu sözlərdən
özünü itirdi, ilk dəfə idi biri onu tərifləyirdi və bu tərif onu həyəcanlandırırdı.
O dedi:
-Çox sağ ol,
Murad, sənin yaşadığın yerdə insanlar, onların bir- birinə münasibəti necədi?
Hamı sənin kimi açıq sözlüdü?
Murad dedi:
-Əslən mən
Bakıdanam, uşaqlığım Bakıda keçib. İki ildi Moskvada atamla yaşayıram. Sərbəst
həyatı sevirəm, fikirlərimi belə açıq ifadə etməyi əslində yad insanlar arasında
yaşaya-yaşaya öyrənmişəm.
Bu vaxtı Xəlilin
onu çağırdığını eşitdi, İlahədən üzr istəyib stuldan qalxdı. “Yenə söhbət edərik”-
deyib Xəlilin yanına getdi. İlahənin o
uzaqlaşdıqca əhvalı pozulurdu, onunla çoxlu söhbət etmək, onu tanımaq istəyirdi.
Murad onun üçün sanki doğma biri idi.İlahə ilk baxışdan sevgiyə düçar olmuşdu.
Günlər
bir-birini əvəz edirdi. Artıq on gün idi ki, xalasıgil kənddə idi. Bu on gün ərzində
İlahə xalasına, Xəlilə, Murada çox
alışmışdı, amma onlar artıq sabah Bakıya yola düşəcəkdilər. İlahənin kefi
pozulmuşdu, o, yenə evlərinin sakitçiliyə qərq olacağını düşündükcə sıxılırdı.
Bikef olduğunu görən Murad ona yaxınlaşıb dedi:
-Sənə bir söz
deməliyəm, amma nə cavab verəcəyindən çəkinirəm. Xahiş edirəm, sonadək qulaq
as, bu haqda heç kimə heç nə deməmişəm. Səni gördüyüm andan gözlərin məni valeh
edib, burda keçirdiyim hər gün bu bağlılıq daha da artıb. Sənin gözəlliyin məni
kor edir, sən sanki bir mələksən. Mən sənə aşiq olmuşam, sevirəm. Bu kağızda
nömrəm var, şəhərdən sənə zəng vuracam, nömrəni Xəlilin telefonundan götürmüşəm.
Qərarını indi verməyə tələsmə.
İlahə yerində
donub qalmışdı, ilk sevgi etirafı eşidirdi, nə reaksiya verməli olduğunu
bilmirdi. Sanki zaman durmuşdu, sözləri unutmuşdu, bu dünyada ele bil hər kəs
yoxa çıxmışdı, yalnız ikisi vardı. Ürəyi çox tez-tez çırpınırdı, nəsə demək istəyirdi,
amma bacarmırdı.
Nə yaxşı ki
anası vardı, bu çıxılmaz vəziyyətdən anasının onu çağırması qurtarmış oldu.
İlahə Muradın onun ovcuna sıxışdırdığı kağızı bərk-bərk sıxaraq anasının yanına
qaçdı. Yanaqlarının al-qırmızı olması Süsən xanımın gözündən yayınmadı:
-İlahə , nolub?
Yaman qızarmısan, qızman yoxdu ki?
İlahə dedi:
-Yox, heç nə
olmayıb, hər şey yaxşıdı.
O özünü çox xoşbəxt
hiss edirdi, sanki ruhu göylərdə azad quş kimi süzürdü, həyatında özünü bu cür
bəxtəvər ilk dəfə idi hiss edirdi. Sevdiyi insan sevgisini etiraf etmişdi, gənc
qız üçün ilk sevginin ecazkar təsiri onu da öz ağuşuna almışdı. Özünü həyatda
bir şahzadə kimi hiss edirdi, sanki bütün dünyanın gözəllikləri onun ayağı
altına sərilmişdi…
*****
İlahə bu gün çox
sevincli idi. Bir ay yarım idi ki, dəlicəsinə aşiq olduğu Muradı görmürdü. Amma
hər gün telefonda danışdıqlarına görə zamanın belə tez gəlib keçəcəyini təxmin etməmişdi. Bu gün Xəlillə Murad kəndə gəlirdilər. Qohum toyunda iştirak
etmək üçün xalası Xəlili göndərmişdi,
Murad da dəyişiklik olsun deyə Xəlillə gələcəkdi.İlahə
üçün əsas olan o idi ki, dünyalar qədər sevdiyi, sevgisi ilə ruhunu oxşayan
Muradını bu gün görəcəkdi. Sevindiyindən tez-tez yola boylanırdı. Həsrətlə
onların gəlişini gözləyirdi. Axır ki Xəlillə Murad gəlib çıxdılar, Süsən xanım
onları mehribanlıqla qarşıladı, gözəl süfrə açıb yeyib-içirtdi. Xəlil yol
yorğunu olduğuna görə bir az istirahət
etmək üçün otağa uzanmağa keçdi. Gecə toya gedəcəkdi deyə bir az yuxuya gedib
yorğunluğunu çıxartması şərt idi. Murad evdəkilərin başının qarışıq olmasından
istifadə edib İlahə ilə bağa- fındıq ağaclarının yanına getdi. Heç kimin onları
görə bilməyəcəyinə emin olduqdan sonra İlahənin qollarından tutub özünə tərəf
sıxdı, bərk-bərk qucaqladı, gül qoxan saçlarının iyini ciyərlərinə çəkdi:
-Gözəl gözlü mələyim,
sənin üçün çox darıxmışam. Sənin sevgin, gözəlliyin məni dəli edir. Səndən ayrı
keçən hər gün mənə bir il kimi gəlirdi. Evə, şəhərə sığa bilmirdim. Hər an səni
düşünürdüm. Bir az keçsin, hər şeyi anama deyəcəm. Sənə elçi göndərəcəm, ilahi
gözəlim, istəyirəm mənim olasan.
Bu sözləri
eşitdikcə İlahə Murada daha çox sarılırdı, Muradın qüvvətli qolları arasında
özünü daha güvənli hiss edirdi. Bu qucaqlaşmanın heç bitməməsini istəyirdi. Amma
Murad dedi:
-Gözəlim, artıq
evə dönməliyik, yoxsa evinizdəkilər şübhələnər. Mən gedim, bir azdan sən də gələrsən.
Gecə toydan dönəndə , hamı yatandan sonra burada görüşərik. Hələlik canım.
Murad evə getdi, on dəqiqədən sonra İlahə də heç kim duyuq düşmədən evə
qayıtdı və öz otağına keçdi.
*****
İlahə tez-tez saata baxırdı, anasıgil çoxdan
qayıtmışdı toydan, amma Xəlil və Murad hələ də dönməmişdi. Artıq səbri tükənirdi,
görəsən nəsə olub deyə içi-içini yeyirdi. Öz-özünə bəzən hirslənirdi ki,
Muradın başı toya qarışıb məni unudub. Sonra bu fikrindən daşınırdı, özünə təsəlli
verirdi ki, Murad onu çox sevir, əlbət Xəlil dönmək istəmir, ona görə bu vaxtadək
toyda qalıb. Birdən həyət qapısının açılıb bağlandığını eşitdi, otağının işığı
sönülü olduğu üçün yatağının baş tərəfindəki
sandıqçanın üstünə qoyduğu telefonun işığı ilə pəncərəyə yaxınlaşıb həyətə
boylandı, Xəlil və Muradın bir-birinə sarılaraq, ləngərləyərək gəldiyini gördü.
Yerişlərindən bəlli olurdu ki, çox içiblər
. Kefi pozuldu, əmin oldu ki, Muradın gecə görüşmək təklifi yadından çıxıb. Bu
vaxtı otaqdan qırağa çıxa da bilməzdi, ana və atasından hansı birisə görüb niyə
oyaq olduğunu soruşa bilərdilər. Bu düşüncələr onun canını daha da sıxırdı,
özünü qəfəsə salınmış bir quş kimi hiss edirdi. Öz sevgisinə doğru uçmaq istəyirdi,
amma “qəfəsdə” çırpınmağa məcbur idi. Bir neçə dəfə otağının qapısına
yaxınlaşdı, qırağa çıxıb su içmək bəhanəsilə özünü Murada göstərib, verdiyi vədi
yadına salmaq istədi. Amma fikrindən daşınıb yerinə uzandı. Murad şəhərdə
olanda hər gün onunla yazışır, danışır, sevgisini dönə-dönə deyirdi, onu ilahi
gözəl adlandırırdı, amma indi bir otaqlıq məsafədə olmalarına baxmayaraq,
yadına düşmürdü. İlahə bərk incimişdi.
Saat artıq dördə
işləyirdi, o biri otaqdan səs də gəlmirdi, deyəsən hamı yatmışdı, o isə nə qədər
istəsə də yuxuya gedə bilmirdi. Sanki yuxusu ərşə çəkilmişdi. Tavana baxaraq xəyalların
içində itib-batırdı. Birdən telefonunun işığı yanıb söndü, tez telefonun
ekranına baxdı. Muraddan mesaj gəlmişdi, “Gözəlim, səni istəyirəm, məni gözlətmə,
səni çox sevirəm”- yazılmışdı. İlahənin gözlərində sanki günəş doğdu, üzgünlüyü
bir anın içində sevincə çevrildi, tez
paltarını eyninə keçirib sakitcə , barmağının ucunda otağından çıxdı.
Artıq Murada
çatmağına az qalırdı, dəhşətli dərəcədə həyəcanlanırdı. Ürəyi tez-tez
döyünürdü, sanki ilk dəfə idi Muradı görəcəkdi. Bir –iki dəqiqəyə ona çatacaqdı,
amma bu dəqiqələr ona bir ömür qədər uzun gəlirdi. Bəlkə də sevdiyi ilə ay
işığında ilk dəfə görüşəcəyinə görə özünü birtəhər hiss edirdi. Ürəyində qəribə
duyğu məskən salmışdı, elə bil ki, o, bu gün xoşbəxtliklə bədbəxtliyin tən
ortasında dayanmışdı.
Murada yaxınlaşıb
dedi:
-Yatdığını
düşünürdüm. Niyə toydan belə gec qayıtdınız? Niyə bu qədər içmisən? Heç yadına
düşməmişdim, eləmi? Bir mesaj belə yazmamışdın.
Murad
barmaqlarını İlahənin dodaqlarına toxundurub astadan “çox gözəlsən”- dedi və
onun incə dodaqlarına ilk öpüşü qondurdu. Və İlahə ilk öpüşün sehrinə qapıldı .
İçki və şəhvətin hakim olub, sevginin
ehtirasa təslim olduğu o aylı gecədə məsumluğa və bakirəliyə nöqtə
qoyuldu.
*****
Budur , geniş
bir otaq. Pəncərəsindən otaqda yaşayanın ayağının altına “sərilən”
bir şəhər. Şahlara layiq bir yataq. Böyük güzgü və qarşısında bahalı ətirlər və
kosmetikalar.
Hamamın qapısı açılır. Öz gözəlliyi ilə ulduzları
qısqandıra biləcək o qadın gəlir və güzgünün qarşısında əyləşir. Güzgüdəki əksinin
düz gözünün içinə baxır, acı, istehzalı bir gülümsəmə yaranır o gözəl simada.
Sanki bu qadının gözlərində həm nifrət, həm heyranlıq hissləri illərlə
qucaqlaşaraq yaşayıb. Darağı götürüb az sulu, uzun qara saçlarını incə-incə
darayaraq deyir:
-Bu gün yenə səni
bir daha öldürəcəm, bir daha dirildib yenə öldürəcəm. Sən məndən sahib olmağa
çalışdığım hər şeyi aldın. Sənə görə
valideyn saydığım insanlar məni öz həyatlarından sildilər, məni əsli bilinməyən
fahişə ruhlu adlandırıb qovdular. Onlar haqlıdırlar, sən heç nəyə layiq olmayan
həyat qadınısan. Sənin layiq olduğun tək şey hər gün ölüb dirilməkdi. Mən səni nifrət
etdiyim qədər sevirəm. Sənin gözəlliyin və mənim nifrətim istəklərimizi real
edir. Biz hər gün cibi pulla aşıb daşan,
nəfsinin, şəhvətinin qurbanı olan əclafları öz əsirimiz edəcəyik. Onları özləri
bilmədən bir qul edəcəyik, onlar sahib olduqlarını öz əlləri ilə məhv edəcəklər.
Sən və mən hər gün bir yataqda özümüzlə birgə neçə-neçə ailəni öldürəcəyik. Biz
bu həyatdan bizə vermədiyi hər şeyə görə qisas alacıq. Sən mənimlə olduğun müddətcə
minlərlə yalançı, ailəsinə sevirəm deyib cibini bizim
üçün boşaldanların qatili olacıq. Artıq doqquza az qalıb səni daha da füsunkar
etməliyəm.
Bu sözləri deyəndən
sonra saçını qurutdu, sevdiyi göy rəngli libaslarından birini seçib geyindi.
Bütün qadınları qısqandıra biləcək gözəlliyə
malik olsa belə, yenə gözlərinə zil qara
sürmə çəkdi, oxa bənzəyən kirpiklərini
tuşla daha da həcmləndirdi. Lalə rəngi pomada vurduqdan sonra çantasını və
mexli üst geyimini əlinə alıb otağından çıxdı, həmişəki kimi gedəcəyi otelin
maşınına əyləşib sakit və biganə
baxışlarını pəncərəyə zillədi. Yenə uzun və işıqlı yollara baxaraq öz
bulanıq xəyallarında zamanı unutmuşdu. Budur, artıq otelin qarşısındadı,
maşından düşüb liftlə həmişəki kimi 13-cü mərtəbəyə qalxdı, 13-cü otağa daxil
oldu. Bu gün özünü bir az narahat , yorğun hiss edirdi. Amma gəlməyə də bilməzdi,
axı “müştərilərə” unuda bilməyəcəkləri bir gecə yaşatmaq həyatının bir hissəsi
, özü də mühüm bir hissəsi idi. O, stolun üstündəki qırmızı şərabdan süzüb içdi.
“Müştəri” yarım saat idi ki gecikirdi. İlahənin artıq ürəyi sıxılırdı, öz qaldığı otağına dönmək istəyirdi. Şərab artıq
ona toxunurdu. Bu vaxt arxa tərəfindəki qapı açıldı. İlahə geri dönüb qapıya tərəf
baxdı və gözlərinə inanmadı, şərabın təsiri ilə
xəyal gördüyünü düşündü. Amma xəyal sandığı artıq onun bir addımlığında
durmuşdu. Onu başdan-ayağa çirkin baxışlarla süzürdü. Bu gün həyat İlahəyə
bəlkə də bundan sonra vura biləcəyi ən böyük zərbəni bəxş edirdi. İllər
öncə sevgisinə inanıb özünü təslim etdiyi, sonda isə hər şeyini itirdiyi ,
sahib olduğu həyatı əlindən alan “əzrayılı” Murad tam qarşısında idi və onu
tanımırdı. İlahə şərabı birnəfəsə başına çəkib dedi:
-Xoş gördük,
Murad bəy.
Murad
çasqın və hirsli baxışlarla ona nəzər
salaraq dedi:
-Adımı hardan
bilirsiz? Bunu sizə deməyə kimin cəsarəti
çatıb? Bu etikadan kənardı, hər şeyin gizli qalacağını mənə söz vermişdilər.
İlahə dedi:
-Etika, etika,
estetika.. Çox təmtəraqlı ifadə … kübar cəmiyyətin tərbiyəsiz insanlarının
dodağından çıxan kübar sözlər…Yaddaşınız
sizi yarıda qoyub görünür..
Murad İlahənin
bu sözlərindən daha da hiddətləndi:
-Tərbiyəsizlik
etməyin, həddinizi aşırsınız. Özünüzə gəlin, deyəsən şərab sizə necə davranmaq
lazım olduğunu unutdurub.
İlahə səsini
ucaldaraq dedi:
-Mənə tərbiyə dərsi
keçən son adam sənsən Murad. Kəs bu boğazdan yuxarı olan mədəni sözləri sıralamağı. Bilirsən, mən kiməm? Tanış ol bu mənəm, bir vaxtlar
çox sevdiyin mən. Dodağıma ilk toxunuşunda bütün bədəninin cayır-cayır yanmağına bais olan mən.
Yadındadı, gözlərimə həbs olmağı
arzulayırdın, məni “ilahinin yaratdığı möcüzə” adlandırırdın. Mənə qibtə
edirdin. Deyirdin ki, bir az varlanım, sənə gözəl paltarlar alacam, sən bu
dünyaya gəlib-gedən ən möhtəşəm qadın olassan. Mənə aldığın qəm üstümə oturmuşmu?
Məndən aldığın məsumluğumu, bakirəliyimi saxlayırsanmı? Bax, o vaxtı gözəldim,
yoxsa indi? Atıb getdiyin o gün heç arxana gözünün ucuyla da baxmamışdın.
Qırmızı donda atdığın mən daha o rəngdə paltar geymirəm, deyirlər , göy rəng mənə
daha çox yaraşır. Mən onlara inanıram. Yadıma düşmüşkən, de görüm onların
puluyla aldığım bu donda ilahi gözəlin necə görünür? Əlayam, elə deyilmi? Tam sənin
istədiyin obrazdı. Sənin əsərinəm, möhtəşəməm, elə deyilmi? Fəxr et
yaradıcılığının məhsuluyla. Sus, heç nə demə. Bilirsən, rəssam bəy, mən həyatımda
qırmızı olan iki şeyi saxlamışam, qırmızı pomada, qırmızı şərab. Bu pomada məni əsl qadın görünüşünə salır.
Qırmızı şərabsa, mənim qısamüddətli intiharımdı, məni mənə unutduran şərabım səni
çox sevirəm...Sus dedim, həmişə sən danışardın, indi mənim növbəmdi. Möhtəşəməm,
eləmi? Hər gün birini öpən dodaqlarım səni yenə cəlb edirmi? Amma unutma, daha
pulsuz öpüş yoxdu...Bəh, bəh, necə gözəl dadır bu şərab. Səni yaradana əhsən...Rəssam
bəy fəxr et, Allahın yaratdığını sən öldürüb yenidən yaratmısan. Bir gün atmısan,
amma yenə sənin yetirmənəm. Sənə yazığım gəlir, mən bilirəm cəhənnəmin
ortasında yanacam.Vicdansız, sən heç cəhənnəmə də layiq deyilsən, mənim kimi bu
lənətə gəlmiş həyata sürüklədiklərinin sayını bilirsən heç.Şərəfsiz , alçaq rəssam...
Sözü yarımçıq qaldı, oturduğu çarpayının üstünə
uzanıb yuxuya getdi. Murad donuq baxışlarla İlahəyə baxırdı, bilmirdi nə hiss
etsin. İllər öncə etdiyi pisliyi heç gözləmədiyi anda həyat onun üzünə bir sillə
kimi yapışdırmışdı. Artıq nəsə etmək mənasız olardı, divanın üzərindəki nazik
adyalı İlahənin üstünə sərdi, cibindən pul çıxarıb stolun üstünə qoydu. Pencəyini
çiyninə alıb qapıdan çıxdı.
*****
Artıq səhər açılmışdı. İlahə gözlərini ovuşduraraq
yuxudan ayılmağa çalışırdı. Başı yaman ağrıyırdı. Nələrin olduğunu xatırlaya
bilməyirdi, gecə olanlar dumanlı şəkildə gözünün önündə qırıq-qırıq canlanırdı.
Amma bunların olduğuna inanmağı gəlmirdi. Şərab çox içdiyi üçün yuxu gördüyünü
düşünürdü , ta ki stolun üstündəki pulu gördüyünə qədər. Pulu görərkən özü də
bilmədən gözündən qeyri-ixtiyari yaşlar
süzülməyə başladı, içindəki yangı sanki damlalara çevrilib ətrafına öz fəryadını
çatdırmağa can atırdı. Bir neçə dəqiqə sonra cəld hərəkətlə yerinin içindən
qalxıb pulu götürdü. Xırda-xırda hissələrə bölərək otağa səpələdi:
-Dəysin təpənə verdiyin pulun da. Sən həmişə məni
fahişə hesab etmisən demə, sənə bütün qəlbimlə nifrət edirəm. Allah bəlani
versin. Nifrət edirəm, nifrət. Əxlaqsız əclaf.
Bütün bədəni
sanki illərin yorğunluğunu, nifrətini daşıdığına görə əzilirdi. Dizini yerə atıb əlləri ilə başını tutub hönkürərək ağlayırdı.
Bu vaxt telefonuna zəng gəldi, telefonu açmaq istəmirdi, amma kim idisə israrla
ard-arda zəng edirdi. Üzündəki yaşları
silərək telefonu götürdü və cavab verdi:
-Hə Fatya,eşidirəm nolub?
-Ay qız, bayaqdan qapını
döyürəm, niyə açmırsan ? Hardasan ? Nə olub? Səsin pis gəlir.
-Heç nə olmayıb. Bir
azdan gəlirəm, gözlə.
-Yaxşı, gəl gözləyirəm.
Telefona imtina verəndən sonra durub vanna otağına keçdi, üz gözünü
sahmana salıb otaqdan çıxdı və oteli tərk etdi.
***** Həyat
yenə də öz axarı ilə davam edirdi. Yenə varli məclislərə çağırılır, otellərə dəvət edilirdi. Elə yerlərə
getməklə həyatdan öc almağa çalışan İlahə daxilən öz-özünü məhv etdiyinin fərqinə
belə varmırdı. Xarici mələk üzlü , daxilən bir şeytan ürəkli birinə çevrilirdi.
“Qulluğunda” olduğu hər kəsi özünə valeh edərək ailəsindən uzaqlaşdırmağa
çalışır, onu düşünmələrinə vadar edirdi. Eldə etdiyi bu “uğurla” o həyata qalib
gəldiyini düşünürdü, amma ruhunun məhv
olduğunu ,özünü gündən-günə bu iyrənc
bataqlığın dibinə çəkdiyini anlamırdı, daha doğrusu anlamaq istəmirdi. Ürəyinin
dərinliyində əslinde bunu bilirdi, amma özünü
inandırmağa çalışırdı ki, hər şey yaxşı olacaq. Bu həyat mübarizəsində
qalib gələcək, həyatdan öz intiqamını alacaq. Ancaq bu məqamda deyilib ki, sən
saydığını say, gör fələk nə sayır...
******
İlahə özünü çox pis hiss edirdi. Neçə gün idi
ki, halsızlıq onu birtəhər etmişdi, yediyi yeməklərin, içdiyi suyun belə iyi
ona xoş gəlmirdi. Bəzən başı gicəllənir, bəzən ürəyi bulanırdı. Özünü çox yorğun
, taqətsiz hiss edirdi. Bu halına görə heç otağından qırağa belə çıxmır, zamanının çoxunu
yatağında keçirirdi. Bu vəziyyətinin öz –özünə keçməyəcəyini görürdü, bərk
soyuqladığını düşünərək həkim qəbuluna
yazıldı. İndi könülsüz vəziyyətdə həkimin otağında analizin cavablarının gəlməsini
gözləyirdi. Tək istəyi analizlərin cavabının
çıxması, həkimin müalicə yazaraq onu evə göndərəcəyi anın tez gelmesi
idi. Budur, həmin an gəlib çatdı, həkim əlindəki kağızları uzun- uzadı nəzər
salaraq dedi:
-İlahə, düzü bu cavab məni
də şok edib, belə bir cavab çıxacağını gözləmirdim. Amma həyatın qarşımıza
çıxaracağı sürprizlərdən biri bu olsa gərək.
İlahə çaşqın halda dedi:
-Xanım, bu halsızlıq məni
birtəhər edib lütfən nə çıxıbsa, uzatmadan deyin. Tamam səbirsiz olmuşam.
Həkim dedi:
-İlahə, hər ay müayinəyə
gəlirdin, sağlam olduğunu hər müayinə təsdiq edirdi.Və bilirsən ki, məlum səbəbə
görə sənin övladının olacağı yalnız möcüzə ola bilərdi. Bu möcüzə baş verib, sən
hamiləsən.
İlahə bir anlıq özünü
itirdi, nə baş verdiyini anlaya bilmirdi və dedi:
-Bu necə ola bilər axı?
Sizlə bərabər neçə həkim bunun olmayacağını dəfələrlə mənə deyib. Cavabları əlbət
qarışdırmısız.
Həkim dedi:
-İlahə, bu mənim üçün də
gözlənilməz oldu. Amma əmin ol, analizin cavabları sənə məxsusdu.
İlahə sanki şok vəziyyətinə
düşdü , qışqıraraq həkimə dedi:
-Yox, nə olur olsun mən
ana olmaq istəmirəm. İstəmirəm, anlayırsız istəmirəm.
Həkim dedi:
-Anlayıram, bu qərarı
vermək sənə aiddi. İstəsən, abort edə bilərik elə günü bu gün.Amma sənə bir xəbərim
də var, sənin qanında Qiçs virusunun
simptomları tapılıb, uzun müddətli müalicəyə başlamalıyıq, gec olmadan.
İlahə qulaqlarına inana
bilmirdi, həyatda qorxduğu şeyler üst-üstə gəlirdi elə bil. Özünü ilk dəfə idi ki, bu qədər gücsüz, yalnız, köməksiz hiss
edirdi. Başını qoyub ağlaya biləcəyi
bir çiyinə ehtiyacı vardı. Həyatın ona verdiyi bütün acılara dözmüşdü, doğma
anasının onu körpə ikən atmasına, ilk sevgisinin bir yalan olduğuna, övladlıq
götürüldüyü ailənin onu fahişə adlandırıb qovmalarına belə sinə gərmişdi. Amma
bu günün ağırlığı yaşadığı bütün illərin yükündən ağır gəlirdi. Bundan acılı nə
ola bilərdi ki.Özünü bir az elə alıb dedi:
-Siz lazım olanları
hazırlayın, uzağı yarım saata bu məsələni həll edin.
Həkimlə ediləcək prosesdə
gərəkəcək bütün məsələləri danışdıqdan
sonra qəti qərar verildi.
*****
O dəhşətli gündən on
gündü ötmüşdü, ancaq İlahə hələ də özünə gələ bilmirdi. Günü ağlamaqla keçirdi.
İndi həyatdan acıq çıxmaq üçün etdiyi hər şeyin yanlış olduğunu artıq anlamışdı.
Olanlara görə peşiman idi. Ailəsi, etdiyi səhvi ucbatından onu qovanda hirsinə, hikkəsinə qurban getməməli, bu
bataqlığa bulaşmamalı idi. Düzgün həyat
tərzi qurub yenidən ailəsini geri qaytara bilərdi. Amma o bu şansı dəyərləndirməyi
heç ağlına belə gətirməmişdi. O, çirkabı seçmişdi və bütün ruhunu
“palçıqlamışdı”. Amma nə mənası , sonrakı peşmançılığın heç bir faydası olmaz.
İlahə yatağının yanında olan sandıqçanı açdı,
dərmanını götürmək istəyərkən otağı təmizləmək
üçün gələn xidmətçi qadının ona verdiyi “Namaz, onun qaydaları və dualar “
kitabı gözünə sataşdı. Tez qalxıb vanna
otağına keçdi, yuyundu, qüsl aldı. Bu kitabın ona rahatlıq gətirəcəyini
düşündü. Bütün günü həmin kitabı oxuyub namazın sözlərini əzbərlədi, etdiyi əməllərə
görə tövbə edib namaza başladı. Bir neçə gün idi, özünü azca da olsa yüngül
hiss edirdi. Amma etdiyi o böyük günahı-
məsum körpəni məhv etməyini özünə bağışlaya bilmirdi. Hər an fikrində o məsum
varlıqla danışırdı.Qərara gəldi ki, “qatili” olduğu körpəsinə öz ürək sözlərini
yazsın. O, məktubun sonrakı aqibətini düşünmədən əlinə qələm , kağız götürdü və
yazmağa başladı:
-Çox peşmanam. Vicdanım sızıldayır, özümü qatil kimi
hiss edirəm. Bir cana qıyacaq qədər vəhşi imişəm. Sənin həsrətində olanlar varkən
mən səni artıq bildim, bəlkə də zəmanənin qınağından qorxdum, ya da bir gün sənin”
atam kimdi?” sualına cavab verə bilməyəcəyimdən qorxdum. Bəlkə də bir həyat
qadını olarkən əsil ana ola bilməyəcəyimdən çəkindim, həyata qarşı nifrətimin
qurbanı oldun. Məni bu yola sürükləyən zəmanənin acığını səndən çıxdım. Səndən qurtulmaq üçün
həkimlərə pul da ödədim. Bəlkə də məhz sənin atanın pulu idi. Onlar məni bu
fikrimdən daşınmağa belə çalışmadılar. Onları qınamıram. 40 günlük ikən mənə
acımayıb bir yetimxananın qabağına atan valideynimin rəhmi yoxdusa, niyə bir həkim mənə görə
cibindən olsun. Sənin parça-parça edilmənə icazə verdim, mən canavardan da betər
imişəm. Heç sənin kim olduğunu da bilmədim. Evə gəldiyim andan bu günədək mən
bir ölü kimi yaşayıram. Sən mənim həyata bağlana biləcəyim yeganə dayağım idin,
bəlkə də Allah səni mənə bir nemət kimi göndərmişdi. Bu bir işarət idi,amma mən
buna layiq deyilmişəm. Həyatda valideyni seçmək şansımız yoxdu,nə mənə, nə sənə
, nə də heç kimə bu şans verilməyir. Amma bir şansım olsaydı, onu sənin leyhinə
istifadə edərdim. Mən yenə yetim uşaq olmağa razı olar, sənin üçün uşaq həsrətində
olan ailəyə nəsib olmağını istərdim. Bilirəm, nə desəm də, nə bəhanələr gətirsəm
də bu günahın bağışlanması mümkün deyil. İndi tövbə etmişəm, bu lənətlənmiş
yoldan uzaqlaşmaq qərarına gəlmişəm. Bilmirəm, gecikmiş tövbəni Allah qəbul edərmi?
Bu “cinayəti”edəndən sonra
anladım ki, ilahi ədalət həmişə var. Bilmirəm mənim valideynlərim etdikləri ədalatsizliyin
cəzasını alıblar ya yox, amma mənim “hökmüm”oxunub. Mən sağalmaz xəstəliyə
düçar olmuşam. Çirkli həyatin çirkli sonu…Vaxtıma çox az qalıb. Cəhənnəmdə
yanacaq qədər günahkar bəndəyəm. Yenə də Allaha sığınıram, bir gün müəllimimdən
biri demişdi ki, ürəkdən tövbə edəni Allah bağışlayır. Əgər səni görmək şansım
olsa, məni bağışlamağını diləyəcəm səndən. Bu vicdan məni qiçsdən daha tez
öldürür. Qatilini bağışlamaq mümkündüsə, bacarırsansa bağışla.
Göz yaşları damla-damla
axaraq “məktubun”üzərinə tökülürdü. İç vura-vura ağlayır, “çox yorulmuşam”- deyə
təkrarlayırdı.
Az sonra telefonuna zəng gəldi.Nömrə
tanış deyildi , əvvəl açmaq istəmədi. Düşündü ki, yenə xəstəxanadandı, ora getməsi
üçün zəng ediblər. Amma sonra xatırladı bu gün bazardı, xəstəxana işləmir.
Telefonu açdı, danışan bir qadın idi:
-Alo, salam , danışan İlahə
xanımdı?
-Bəli, mənəm, nə lazım idi?
-Şükür ki , sizi sonunda
tapdım. Mən Məsmə xanımın yaxın qohumuyam. Məsmə xanımın səhhətində problemi
var, sizi görmək istəyir. Çox xahiş edirəm, o dəqiqə yox deməyin, bircə saat
vaxt ayırsaz yetər.
İlahə qulaqlarına inana
bilmirdi, həyatında onu həqiqətən sevən
yeganə insanı illər sonra görmək ona nəsib olacaqdı. Səsi titrəyərək dedi:
-Əlbəttə gələcəm, qalan
bütün ömrüm Məsmə anama fəda olsun, elə bu dəqiqə gələcəm, ünvanı deyin.
İlahə o qadının dediyi
ünvanı qeyd dəftərinə yazdı, əlində
qalan məktubu bükərək sandıqçanın üst gözünə qoydu. Taksi
çağırıb, tələsik paltarını dəyişərək aşağı düşdü.Taksini gözlədikcə ürək
döyüntüləri daha da artırdı. Həyatında olan yeganə əziz bildiyi insanı görmə həyəcanı
dəqiqəbədəqiqə çoxalırdı. Quş olub Məsmə ananın yanına uçmaq istəyirdi.
Taksiyə əyləşib ünvanı dedi,
hər beş dəqiqədən bir “çox qalmışıq çatmağa “-deyə sürücüyə müraciət edirdi.
Axır ki sürücü dedi :
-Xanım, narahat olmayın,
baxın dediyiniz ünvan yolun o biri tərəfindədir. İrəlidəki dairədən dönüb gələcik,
uzağı üç dəqiqəyə sizi istədiyiniz ünvanda düşürəcəyəm.
İlahə dedi:
-Elə burada saxlayın, mən
düşürəm.
Taksi dayandı, İlahə pulu ödəyərək tələsik düşdü. Sevincindən gözü heç nəyi görmürdü.Yolla sürətlə
şütüyən avtomobillərin fərqində deyildi.Yola baxmadan o biri tərəfə keçməyə
başladı. Birdən qara rəngli
maşının tormozlayaraq çıxardığı səs hamının diqqətini yola doğru yönəltdi.
İlahə al-qana boyanaraq yerdə uzanmışdı,
son dəfə həyata inad edərək bütün gücünü
topladı, əlini yolun digər tərəfinə uzadararaq dedi:
-Ana, bağışla, gələ bilmədim.
Budur, maşının asfalt üzərində
buraxdığı uzun izlər bir insanın həyatdakı izini silməyə yetdi.
Azadə Abdinova
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ