Akif ABBASOV - MAQNİTOFON (hekayə)

Bu yazıya counter dəfə baxılıb
Universitetdə Araşdırma Tədqiqatovun yubileyi keçirilirdi. Araşdırma müəllim həm professor, həm də tanınmış şair idi. Tədbir son dərəcə təntənəli təşkil olunmuşdu. Millət vəkilləri, hökumət adamları də təşrif gətirəcəkdilər. Dekanlara tapşırılmışdı ki, hərə öz fakültəsinin adından hörmətli şairə və alimə hədiyyə hazırlasınlar. Universitet adından da qiymətli hədiyyə nəzərdə tutulmuşdu. Dekan Monitorinq Kreditovun göstərişinə əsasən, fakültə adından bir maqnitofon alındı. Maqnitofonun qablaşdırılması Monitorinq müəllimin xoşuna gəlmədi. Bunu gərən dekan müavini Məqbul Qiymətov təklif irəli sürməkdə başqalarını qabaqlamaq üçün tez öz münasibətini bildirdi: -Bu hədiyyə necə gəldi bükməməlidir. Necə olsa fakültənin, Monitorinq müəllimin adıdır. Əsas məsələ nəyin təqdim edilməsi deyil, onun necə təqdim olunmasıdır. Bu hədiyyənin qablaşdırılmasında estetik gözəlliyi gözləməliyik. Dekan Monitorinq Kreditov soruşdu: -Təklifin nədir? Məqbul Qiymətov böyük bir kəşf edən adamlara xas bir əda ilə: -Məndən olsa qablaşdırmaq üçün bu maqnitofonu bizim universitetin nəşriyyatına verərdik. Kafedra müdiri Xeyir Xəbərovu gülmək tutdu: -Məqbul müəllim, bu maqnitofonu nəşrə göndərmirik ha... Məqbul Qiymətov tutuldu. Onun sözlərini qəribçiliyə saldığına görə Xeyir Xəbərova acığı tutdu, amma bunu büruzə vermədi. Fikirləşdi ki, mühazirə və seminarların cədvəlini tutanda mühazirələrin arasında pəncərələr salaram, onda ağlı gələr başına. Kafedra müdirinin sözlərində həqiqət olduğunu görən dekan da dayanıb durmuş, müavininin nə cavab verəcəyini gözləyirdi. Məqbul müəllim tez: -Mən demədim ki, maqnitofonu nəşrə göndərək. Nəşriyyatın direktoru Səməd İşdüzəldənovun yaxşı əl qabiliyyəti var. Xahiş etsək ki, bu hədiyyəni adımıza layiq qablaşdırmaqda bizə kömək et, onda görəcəksiniz nə xariqələr yaradacaq. Razılaşdılar. Məqbul Qiymətov bir-iki müəllimlə nəşriyyata gedib İşdüzəldənovu tapdı. Onları görən İşdüzəldənov çox şad oldu. Məqbul müəllim maqnitofonu çıxarıb ona uzatdı. Səməd müəllim ona öz sözünü deməyə imkan vermədi. Hədsiz sevindi və şad oldu. Maqnitofonu alıb: -Ay canım, bu nə əziyyətdir çəkmisiniz! Bu nə xəcalətdir mənə verirsiniz? Sağ olun. Çox sağ olun. Bu gün, bu əziz günümdə mənə hədiyyə gətirən yeganə fakültə sizinki oldu. Müəllimlər Məqbul Qiymətovun, o da gah müəllimlərin, gah da Səməd müəllimin üzünə baxa-baxa qaldı: “Əcəb işə düşmədik?!. Bir azdan yubiley tədbiri başlanır. Dekan hədiyyənin səliqə ilə, estetik zövqlə bükülməsini istəyir. O, çıxış edəcək, fakültənin təbriklərini bu maqnitofonu təqdim etməklə çatdıracaq. Rektorun tapşırığı da yerinə yetirilmiş olacaq. Bu gün nəşriyyatın direktoru Səməd müəllimin də 60 yaşı tamam olurdu. Bayaq onu təbrik etmişdilər. İndi o elə bilirdi ki, fakültə adından onun hədiyyəsini gətiriblər. Məqbul Qiymətov Səməd müəllimə necə desin ki, bu hədiyyə sənin üçün yox, Araşdırma Tədqiqatov üçün nəzərdə tutulub. Amma deməli idi. Məqbul Qiymətov bayaq təklifi irəli sürdüyünə və həmin o, qəbul olunduğuna görə özündən razı qalmışdı. İndi yaranmış vəziyyətdə peşmançılıq çəkirdi: “Mənə deyən gərək nəyinə lazımdır özünü gözə soxursan? İndi əlinlə verdiyin maqnitofonu geri al, görüm necə alarsan”. Amma almalı idi. Odur ki, astaca və ehtiyatla: -Səməd müəllim əslində bu hədiyyə sizə layiq deyil... Səməd ona sözünü tamamlamağa imkan vermədi: -Hədiyyənin böyüyü, kiçiyi olmur. Əsas məsələ saymaqdadır. Lap yaxşı hədiyyədir. Xoşum gəldi. Məqbul müəllim get-gedə çətin vəziyyətə düşürdü. Müəllimlər də bunu görürdülər. Artıq o, dəsmalını çıxarıb tərini silirdi. Səməd müəllimini sevincinin həddi-hüdudu yox idi: -Mənim həm salamımı, həm də təşəkkürümü Monitorinq müəllimə də çatdırarsınız. Özüm də görüb minnətdarlığımı bildirəcəyəm. Telefon zəngi gəldi. Dekanlığın katibəsi idi. Məqbul müəllim əl telefonuna cavab verdi. Katibə: -Monitorinq müəllim sizi soruşur. Deyir, harada qaldılar, niyə gəlib çıxmırlar. Məqbul müəllim: -De ki gəlirik. Məqbul müəllim telefonu qapadı. Artıq bıçaq sümüyə dirənmişdi. Hədiyyəni burada qoyub getmək olmazdı. Vaxt yox idi. Olsaydı, daha bir maqnitofon almaqla belə ağır vəziyyətdən çaxmaq olardı. Odur ki həqiqəti söyləməyə məcbur oldu: -Səməd müəllim, bizi bağışla və başa düş. Nə qədər ağır olsa da, deməliyəm: bu hədiyyə sizin deyil, onun yiyəsi var. Səməd pərt oldu. Ayağa qalxım: -Necə yəni mənim deyil? Bəs burada nə gəzir? Məqbul müəllim aydınlaşdırmağa başladı: -Yəqin xəbəriniz var. Bu gün Araşdırma Tədqiqatovun yubileyidir. Bu maqnitofon alınıb ki, dekanlığın, fakültənin adından ona təqdim edilsin. Katibə podnosda çay gətirmişdi. Stəkanları stolun üstünə düzmək istəyirdi. Səməd müəllim qoymadı. Əli ilə işarə etdi ki, aparsın. Səməd İşdüzəldənov Məqbul müəllimin sözlərini eşidib çiyinlərini çəkdi: -Yaxşı, bir anladın. Bu maqnitofon Araşdırma Tədqiqatovun yubileyinə getməlidirsə, bəs burada nə gəzir? Fikriniz məni dolamaqdır? Məqbul müəllim izah etdi: -Sənin yaxşı əl qabiliyyətin və zövqün var. Monitorinq Kreditov – bizim dekan bizi göndərdi ki, bu maqnitofonu qablaşdırmaqda bizə kömək edəsiniz. Bunu eşidən Səməd İşdüzəldənov özündən çıxdı. Elə bil anasını söydülər: -Nə? Səməd müəllim, bayaq sevinc içərisində və böyük minnətdarlıqla alıb dolabın üstünə qoyduğu maqnitofonu acıqla onlara uzatdı. Deməyə başqa söz tapmadığından dilinə gələn ilk sözləri onlara çatdırdı: -Sizin o Monitorinq Kreditov, yəni əziz dekanınız da sən demə bir kişi deyilmiş!!! Məqbul Qiymətov daınca da müəllimlər başıbəlalı maqnitofonu götürüb suyu süzülə-süzülə otağı tərk etdilər.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ