Qafar Şövqi - YUXU

Bu yazıya counter dəfə baxılıb

                                        
Uzun bir yol gedirəm. Bu yolda elə şeylər görürəm ki, öz içimdə pıçıltılı bir səslə, Allahdan bu gördüklərimin yalan və yaxud yuxu olmağını istəyirəm. Bəlkə də, çox şey istəyirəm.
Yol gedirəm. Mənim getdiyim yolda butun həyat dayanıb. İnsanlar heykəl kimi donub qalıblar. Mən hələ uşaq ikən eşitmişdim ki, bir vaxt yerə göydən elə bir bəla gələcək ki, o bəla bütün insanları heykəl kimi donduracaq. Əgər mənim uşaq vaxtı əldə etdiyim məlumat, indi gerçəkləşirsə, bəs mən niyə salamat qalmışam? Axı mən də, hamı kimi donub yerimdə qalmalıydım. Bəlkə Allahın mənə rəhmi gəlib... Bəlkə mən seçilmiş insanam. Bir anlıq ürəyimdə başlayan təkəbbür, boğazımda qəhərləndi. Yerə tüpürdüm. Sanki, bütün təkəbbür hissimi yerə tüpürdüm. Yoluma davam etdim. Bakı əvvəlki vəziyyətindən çox fərqli idi. Mənə Bakının sakitçiliyi xoş gəlsə də, insanların donmuş halı, heykələ dönmüş halı, mənə bir o qədər də, xoş deyildi. Açıqı desəm, bir az da, qorxurdum. Özlüyümdə fikirləşirdim ki, gör bu insanlar Allahı nə dərəcədə qəzəbləndiriblər ki, Allah onları son olduqları vəziyyətdə daşa döndərib. Bütün bu olanlar yəqin ki, böyük günahların, əcridir. Mənim gözlərimdəki heyrət, bütün bədənimi işğal etmişdi. Qəribədir. Bu şəhərdə hamı daşa dönüb. Mən əlimi cibimə atdım ki, telefonumda olan nömrələrdən birinə zəng vurum. Görüm ümumiyyətlə hamı daşa dönüb, ya mənim dolandığım ərazinin camahatı?.. Telefonu çıxartdım. Nə yazıq ki, heç kimə zəng vura bilmədim. Şəbəkə yox idi. Ətrafa diqqətlə baxa-baxa, yoluma davam etdim. İndi görəcəyim daş adamlar, mənim beynimdəki suallara məntiqli cavab verdilər. Mən bayaq düşünürdüm ki, görəsən doğurdanmı bu adamların günahları böyükdür? Görəsən doğurdanmı bu adamlar günahlarına görə daşa dönüblər? Bütün suallara cavab tapdım.
Budur bazar yolu ilə gedirəm. Mən ilk dəfə idi ki, bazarı belə sakit görürdüm. Başqa vaxt olsaydı, gəl ay müştəri, qızıldandı dişləri, ondu yüzdü mindi-tərxum vitamindi, uzaqda durma-bığları burma və s. Kimi sözləri ən azından eşidəcəkdim. İndi isə hamı daşa dönüb. Qarşıda bir yaşlı qadın görürəm. Üç nəfər polis vətəndaşına yalvarır. Polisin də biri, o yaşlı arvadın satdığı göyərti dəstələrini təpikləyir.. Bakıda bazarda polisin belə qeyri-etik hərəkətlərinə çox rast gəlmək olar. Bəlkə elə bu arvadın qarğışı Bakını əhlini daşa döndərib? Nə bilmək olar?...
Bazardan qanı-qara halda çıxdım. Qabağda məktəb var idi. Üzü məktəbə sarı getdim ki, bəlkə orda daşa dönməmiş uşaq tapdım. Axı məktəbli uşaqların günahı nə ola bilər ki, Allah onları da daşa döndərsin?... Düzü sağlam müəllim görməyə heç ümüdüm də, yox idi. Çünki mən elə qabaqcadan düşünmüşdüm ki, əgər doğurdan da, Bakıya Bakı əhlinin günahlarına görə bəla gəlsə, o bəla ilk növbədə həkimlərə, hakimlərə, polislərə və müəllimlərə öz təsirini göstərəcək. Məktəbin qapısı açıq idi. Qapının ağzında əli əsalı bir qoca kişi daşa dönmüşdü. Mən içəri keçdim. İki mərtəbədən ibarət olan məktəbdə ümumiyyətlə uşaq tapa bilmədim. Nə diri, nə də, daşa dönmüş halda. Məktəbdən çıxdım. Bir siqaret yandırıb üzü aşağı yenə şütüməyə başladım. Bu yol məni “ Heydər parkı “ tərəfə aparırdı. Mən elə siqaretdən çəkə-çəkə parka da, getdim. Elə təzəcə oturub dincimi alırdım ki, qulağıma azan səsi gəldi. İnanın bəlkə mən heç vaxt azan səsini eşidəndə, belə sevinməmişdim. O dəqiqə düşündüm ki, parkın arxasında “ cənnət məscidi “ var. Bu azan səsi ordan gəlir. Zöhr namazının vaxtıdır. Yəqin məsciddəki adamlara heçnə olmayıb. Məscidə camahat namazına yığışanlar da, indicə azanı verən müəzzin qardaş da, salamatdılar. Məscidə necə çatdığımı heç bilmədim. Mən heç dəstəmaz almadan tez özümü məscidin içinə saldım. Ancaq heç kimi görə bilmədim. Off.. Lap başımı itirdim. Başladım məscidin içində qışqırmağa. Ey, kim var burda. Allaha xatir bəsdirin. Çıxın. Mən bilirəm sizə heçnə olmayıb. Səsimə səs gəlmədiyini görüb, məyus oldum. Biixtiyar gözlərimdə yaş gəldi. Lap dəli olmuşdum. Öz özümə sordum. Əgər doğurdan da, burda heç kəs yoxdursa, bəs azanı kim verirdi? Mən ətrafa xeyli göz gəzdirəndən sonra, yəqinə çatdım ki, məsciddə həqiqətən heç kim yoxdur. Çünki mən məsciddə maqintafon tapdım. Daşa dönməmişdən qabaq, camahat özünü çox yormazdı. Elə bu bahalı maqintafona namazın gündəlik vaxtını qeyd ediblər və içinə bir azan diski qoyublar ki, hər namaz vaxtı çatanda, maqintafon öz-özünə azan versin. Mənə bu daş adamlardan qalan son xatirə bu azan səsi oldu. Maqintafon öz işini icra etdi. Mən də, etməyə səy göstərdim. Fikirli halda dəstəmaz aldım. Namaza başladım... Səcdəyə getdim və hər şey qurtardı.


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ