PAPAQ - BAŞDAN AĞIRDI...

Bu yazıya counter dəfə baxılıb
Əyər keçmişimizə nəzər salsaq görərərik ki, uzun ömürlülüyümüzün rəmzi palıd olduğu kimi, qeyrətimizin də rəmzi papaq olub hər zaman. Bunun bariz nümunəsidir ki, hələ qədim dövrlərdə insanlar papaqsız kişilərə ( el dilində desək ) yuxarıdan aşağı baxdığı üçün heç vaxt başı papaqsız olmayıb babalarımız. Elə buna görə də papaq - ucalıq, məğrurluq, bütövlük və bütün bunları özündə birləşdirən ağsaqqallığın varlığını göstərən ən mühüm amillərdən olmuşdur. Bunları bu günümüzədək gəlib çatan bir sıra rəvayətlərdə də görə bilərik.
Rəvayətə görə? keçmiş dövlərdə rus çarını əyalətdə yaşayan ağsaqqallardan biri evinə qonaq çağırır. Rus çarı bu təklifi qəbul edərək kəndə yollanır. O zamanlar hörmət, ehtiram əlaməti olaraq qonağı kəndin girişində qarşılayarmışlar. Elə buna görə də ev sahibi başına kəndin bir neçə sayılan kişilərini də toplayıb kəndin girişində rus çarını qarşılayır və ona igidlik rəmzi olaraq kəndin seçilmiş atlarından birini bağışlayır. Bundan məmnun olan rus çarı yolun qalan hissəsini həmin atla getməyə qərara alır və ata minir. Bu anda at özünəməxsus xüsusiyyətini nümayiş etdirərək şahə qalxır və rus çarının papağı başından düşür. Bunu görən ev sahibi məyusluq hissi keçirərək tez papağı yerdən götürüb rus çarına verir. Düşdüyü durumdan xəcalət hissi keçirən rus çarı pərt olmuş halda cəlt atdan enir və heç bir söz demədən kəndi tərk etməyi qərara alır. Bax, bu olub papağın insan mənəviyyatında rolu.
Məlumdur ki, yurdumuzun muxtəlif bölgələrində papaqçılıq sənətinə yiyələnən məşur papaqçılar olmuşdur, o cümlədən Bərdədə. İstərdim ki, " Aranın Anası" adlandırılan qədim Bərdəmizdə, təqribən, yarım əsr bundan əvvəl papaqçılıq sənətini yaşadan məşur Papaqçı İbrahimdən söz açım.O, tikdiyi papağa böyük ucalıqla baxarmış, bu ucalığı qorumayanları eldən kənar görərmiş və həmən kəslərdən uzaq gəzərmiş. Yeri gəlmişkən, İsa Sevər yaradıcılığına bir anlıq nəzər yetirsək Papaqçı İbrahimi daha yaxından tanıyarıq:

Kəndimin adicə papaq tikəni
İynəsi, sapıyla hörmət qazandı.
El sevər həmişə qeyrət çəkəni,
Qeyrətsiz onsuz da quyu qazandı...

Sanki papaq deyil, qeyrət tikirdi,
Bir kəndin qeyrətli kişilərinə.
Tikdiyi papağı yerə vuranın,
Qarışmazdı heç vaxt xeyir-şərinə.

İbrahim çətinliklə də olsa Buxaradan "qaragül" dərisi gətirərmiş. Məhz bu qiymətli dərinin adıyla " buxara papaq " deyimi yaranmış və bu günümüzə gəlib çıxmışdır. Qeyd edək ki, o vaxtlar baha olduğundan hər papaqçı bu dəridən istifadə edə bilməzmiş. Özünəməxsusluğu ilə bənzərsiz papaqlar tikən İbrahimin ən böyük ustalığı verilən sifarişləri heç bir ölçü götürmədən sanki ölçü götürmüş kimi tikməsi olub. Xan Şuşiniskinin də papağının İbrahim tərəfindən tikilməsini yuxarda oxuduqlarımızın təsdiqi kimi göstərmək olar.
  Bir sözlə, dağ zirvəsiz təsəvvür edilmədiyi kimi, keçmişdə kişiləri də papaqsız təsəvvür etməzmişlər...
Təəssüflər olsun ki, babalarımız gözdən itəndən, papaqlı başlar da gözümüzdən itməyə başladı. Belə demek mümkünsə, papaq da elə köhnə kişilərin başında getdi...
Gəlin razılaşaq ki, hal-hazırda papaqdan yalnız sağlamlığımızı qorumaq məqsədi ilə istifadə edirik.Çünki, qış aylarında bunun daha çox şahidi oluruq. Bu durum " papağını göstər, sənin kim olduğunu deyim " ifadəsini də dəyişdirərək "dostunu göstər, sənin kim olduğunu deyim " məsəli ilə əvəzlədi.
Nəysə, deyəsən çox danışdım.
Bu ədəbi papağı necə tikdim bilmirəm, bildiyim odur ki, Ramiz Rövşən yaxşı deyib.

Yaxşı yapış papağından, başından,
Başdan papaq alıb qaçan dünyadı.


Ruslan Dost Əli BARDİNİ

Bərdə
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ