Müsahibimiz haqqında qısa bilgi
Namiq HACIHEYDƏRLİ 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub.1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirmiş və elə həmin ildə ilk test üsulu ilə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.
2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan Bölməsinin sədri seçilib. 2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb. 2012-ci ildən ”Ziyalı Ocağı” İctimai Birliyinin electron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı Nümayəndə Heyətlərinin Fəxri üzvüdür.
2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib.
Yaradıcılığı Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.
7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
1. Namiq müəllim, ədəbi-bədii yaradıcılığa neçənci ildə hansı yazı ilə başlamısınız?
- 9 yaşımdan düşüncələrimi yazmağa başlamışam. Ancaq, təbi ki, o zaman yazdıqlarıma ədəbi örnəklər demək olmazdı. İlk dəfə məhz hansı şeiri yazdığım yadımda deyil. Lakin, ilk yazdığım bayatı yadımdadı. 1987-ci ilin Bahar bayramı ərəfəsində yazmışdım. Həmin bayatı belə idi;
Əzizim Sabir abad,
Gözəldi Sabirabad.
Ağıllı oğlan olsa,
Yaşayar Sabir abad.
Bu, o zamankı 11-12 yaşlı məktəblinin düşüncəsi idi.
2. Dövri mətbuat səhifələrində dərc olunan ilk mətbu əsəriniz hansıdır?
- İlk dəfə yaşadığım Salyan rayonunda dərc olunan “Qələbə” qəzetində çap olunmuşam. Həm də bayatılarla. 1989-1990-cı ildə. İlk dəfə bu qəzetdə sadəcə adım keçmişdi. 1989-cu ildə “Qələbə”də “Redaksiyamıza yazırlar” başlıqlı yazı getmişdi. Həmin yazıda redaksiyaya yazı göndərənlərin adları çəkilir. Burada mənim də adımın çəkilməsi o zaman 14 yaşlı məktəbli üçün böyük sevinc mənbəyi idi.
3. İlk kitabınız neçənci ildə harada dərc olunub və necə adlanır?
- İlk kitabım 1999-cu ildə Salyanda çap olundu. “Yaralı Azərbaycan” adlı 2 çap vərəqi həcmində şeirlər kitabı idi. Texniki qüsurlarının çox olmasına baxmayaraq uğurlu oldu. İlk kitabımın redaktoru bu gün də “Qələbə” qəzetində çalışan, ensiklopedik bilik sahibi “Aysberq və həyat” qəzetinin redaktoru Fəxrəddin Becanoğlu idi.
4.Rəhbərlik etdiyiniz Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin yaranıb fəaliyyət göstərməsində əsas məqsəd və qarşıda duran vəzifələr nədən ibarətdir?
- Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin yaranması üçün illərlə çalışmalı oldum. Yazıçılar Birliyinin bir çox bölgələrdə bölmələri fəaliyyət göstərirdi. Mərkəzi Salyan olmaqla Muğan Bölməsinin yaranması üçün 2002-ci ildə işə başladım. O zaman Salyanın Varlı kəndində müəllim işləyirdim. Xeyli get-gəl eləsəm də və rayon rəhbərliyi ilə görüşüb bu mövzunu dəfələrlə müzakirə etsəm də bu iş uzandı və demək olar ki arxa plana keçdi. 2004-cü ildə Salyana yeni icra başçısı təyin olundu; Rasim Bəşirov. Dərhal Rasim müəllimə məktubla müraciət etdim. Məktubda AYB Muğan Bölməsinin yaranmasının zəruriliyini əsaslandırmağa çalışdım. Rasim Bəşirov dərhal məktuba reaksiya verdi. Məktubu yazandan bir neçə gün sonra Rasim müəllimlə görüşüb bu məsələni müzakirə etdik. Elə ordaca Humanitar məsələlər üzrə müavin işləyən Vasif Zərbəliyevə lazımi tədbirlər görməyi tapşırdı. Az sonra İcra başçısı Rasim Bəşirovun adından Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar müəllimin adına məktub ünvanlandı. Həmin məktubun surəti bu gün də şəxsi arxivimdədir. Məktubun sonunda belə bir cümlə vardı: “Salyan rayonunda yaşayan gənc şair Namiq Hacıheydərlinin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsini yaratmaq niyyətindəyik”. Təəssüflər olsun ki, sonralar mənə mane olmaq istəyənlər, uzun illik əziyyətdən sonra rəhmətlik Xəlil Rza Ulutürk demişkən lapdan ortaya çıxıb Bölməyə rəhbərlik etmək həvəsinə düşən də tapıldı. Həm də ədəbiyyata aidiyyatı və bu görəvə haqqı olmaya-olmaya. Ədəbiyyat adamı olaraq Bölmənin və bölgənin ədəbi taleyini təsadüfi adamlara tapşırılmasına yol verə bilməzdim. Ancaq, deyim ki, bu gün cəmiyyətimizdə mövcud olan uzun illər bir görəvdə yapışıb qalma ənənəsinin qəti əleyhinəyəm. AYB-nin növbəti qurultayından sonra AYB rəhbərliyinin razılığı ilə Muğan Bölməsinə rəhbərliyi məndən daha gənc, daha enerjili gənclərdən birinə osmanlı demiş devr etmək niyyətindəyəm. Bundan sonra yurdumuzun ədəbiyyatı və öz ədəbi taleyimlə bağlı daha genişmiqyaslı düşüncələrim var. Yenə qayıdıram sualınıza. Bölmənin yaranmasında məqsəd Muğan bölgəsində yaşayan ədəbi qüvvələri bir araya gətirmək, onların yaradıcılıq örnəklərinin çapına, müəlliflərin ədəbi mühitdə tanınmasına yardımçı olmaqdır. Bölmənin yaranması üçün illər uzunu çalışmalı oldum. 2004-cü ildən sürəkli olaraq çalışmağıma baxmayaraq təsis konfransı müəyyən səbəblərdən xeyli gecikdi. Muğan Bölməsinin təsis konfransı 2008-ci il iyul ayının 11-də Salyan rayon İcra Hakimiyyətinin binasında keçirildi. Konfransda AYB sədri xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, Şair Ədalət Əsgəroğlu, yazıçı Elçin Hüseynbəyli, İcra başçısı Rasim Bəşirov, Salyanın və ətraf rayonların ziyalıları, qələm adamları iştirak edirdi. Anar müəllimin təklifi ilə Bölməyə sədr seçildim. Bu məqamda bir şeyi də deməyi gərəkli hesab edirəm. Konfransda Bölmənin inkişafı üçün yardım edəcəyini vəd edənlərin sözü elə söz olaraq da qaldı. 2008-ci ildə prezident təqaüdünə layiq görülmüşdüm. Bir il müddətinə aldığım təqaüdü demək olar ki Bölmənin işinə xərclədim. 2010-cu ildə 60 nəfər Muğan şairinin yaradıcılıq örnəklərini özündə cəmləşdirən “Muğanın səsi” adlı toplu hazırlayıb buraxdım. Toplunun redaktoru professor Əjdər Ağayev, məsləhətçisi professor İmamverdi Əbilovdur. Bu topluda ilk dəfə ədəbi ictimaiyyətə təqdim olunan gənclər vardı. Bölmə xeyli sayda yaradıcı insanın ədəbi mühitdə tanınmasına, bir zaman ədəbi mühitdə olub artıq imzası görünməyən bəzi yazarların yenidən ədəbi həyata qayıdışına nail ola bildi. Bu müddətdə ilk dəfə məhz Muğan bölməsinin ədəbi mühitə təqdim etdiyi gənclər oldu; Nilufər Mugantürk, Zaur Ərmuğan, Emil Rasimoğlu və başqaları
5.”Muğanın səsi” dərgisi-jurnalı haqqında əziz oxucularımızı bilgiləndirə bilərsinizmi?
- Bu haqda öndə az da olsa bilgi verdim. “Muğanın səsi” dərgi deyil, ədəbi örnəklər toplusudur. Bu toplunun ildə bir dəfə nəşr olunmasını düşünürdüm. Ancaq, bu istəyə nail olmaq maliyyə ilə bağlı olduğundan gerçəkləşdirilməsi asan olmur. Çətinliklərə baxmayaraq toplunun növbəti sayını hazırlamağı düşünürəm.
6.Bu günə qədər dərc olunan kitablarınız haqqında oxucularımızı bilgiləndirə bilərsinizmi?
- İndiyə qədər 7 kitabım çap olunub. Onlardan beşi şeir kitabı, biri toplu olub. Bir kitabım isə poema olub. “Dağ Kolanı dastanı” adlı poema yazmışdım. Həmin poemanı ayrıca kitab şəklində çap etdirmişdim. Poema çox yaxşı da qarşılanmışdı. Kitabın Azərbaycan Yazıçılar Birliyində geniş tərkibdə təqdimatı oldu. Bu poema haqqında 50-dən çox alim, yazıçı, şair və jurnalist məqalə yazdı. “Dağ Kolanı dastanı” poeması haqqında yazılanları toplasam qalın bir kitab olar.
7.2012-ci il sentyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyləşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısısınız. Salyanda keçirilən bölgə yazarları ilə görüşün aparıcısı siz oldunuz. Bölgədə yaşayan qələm adamlarının yaradıcılıq nümunələrini ədəbi ictiamiyyətə çatdırılması üçün Dünya Gənc Türk Yazarlar Birliyinin elektron orqanı bizimyazi.com portalına və eyni zamanda ayrı-ayrı saytlara və qəzetlərə göndərdiniz. Sizin təqdimatınızla Salyanda və Bölmənin əhatə etdiyi digər rayonlarda yaşayan gənc və orta yaşlı yazarlar paytaxtda çap olundu, tanındı. Bütün bu işləri görmək, həm gənc yazarlara dəstək olmaq kimi müqəddəs işləri həyata keçirəndə hansı hissləri keçirirsiniz?
- Bunları görərkən kiməsə yaxşılıq edirəm düşüncəsindən uzağam. Əvvəllər ədəbiyyatımızda gözəl bir ənənə olub; Yaşlı nəslin gənc nəslə qayğısı ənənəsi. Bu gün Azərbaycan ədəbi mühitində tanıdığımız yaşlı yazarların böyük əksəriyyəti bu qayğını görə-görə ədəbi mühitə gəliblər. Ancaq, məhz yaşlı nəslin qayğısı ilə ədəbiyyata gələn, bu gün özləri yaşlı ədəbi nəsil olan həmin adamlar həmin ənənəni unudublar sanki. Kimisə ədəbi mühitə təqdim etməklə, kitab təqdimatında bir-iki tərifli söz deməklə borclarını bitmiş hesab edirlər. Düşünürəm ki, gənc və orta yaşlı ədəbi nəslin problemlər içində çapalamasının suçlusu bir az da yaşlı ədəbi nəsildi.
8.Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin fəal üzvləri sırasında ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri ilə sizi qane edən yazarlar kimlərdi?
Muğan bölgəsində işıqlı və ümidverici gənclər, eyni zamanda dəyərli ədəbi örnəklər ortaya qoya bilən qələm adamlarımız var. Neftçalada Zaur Ərmuğan, Zabil Pərviz, Salyanda Hikmət Nikbin, Mətləb Ağa, Emil Rasimoğlu, Şirvanda Eldar Qəmərli, İbrahim Həssas, Hacıqabulda Sara Selcan haqqında çəkinmədən danışa biləcəyimiz Söz adamlarıdı.
9. Muğan Bölməsi qarşıdakı aylarda və illərdə hansı yenilikləri həyata keçirməyi planlaşdırıb?
Ciddi planlarımız var. Bölgədə ədəbi mühiti daha da canlandırmaq üçün qarşıdakı aylarda Bölmənin əhatə etdiyi Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarında Bölmənin nəzdində ədəbi məclislər yaratmağın gərəkli olduğunu düşünürəm.
10.Ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarlara məsləhətiniz nə olacaq?
- Ədəbiyyat sözündəki ədəb sözünü – estetika, gözəllik anlayışını – bir an da olsun gözardı etməməyi məsləhət görürəm. Çılpaq görüntülərin, əxlaqsız düşüncələrin yazıya alınmasının ədəbiyyata heç bir dəxli yoxdu. Böyük ədəbiyyatda böyük düşüncələr qalacaq. Ədəbiyyatın ali məqsədi ali cəmiyyət oluşdurmaqdı, əyləncə ilə, parnoqrafik deyimlərlə ucuz oxucu kütləsi cəlb etmək deyil.
11. Mətbu orqanlarında ədəbi-bədii nümunələri, poeziya örnəklərini dərc etdirməmişdən öncə hansı məqamlara daha çox diqqət yetirirsiniz?
- Yazının keyfiyyətinə. Bu yazı oxucuya nə verəcək – sualının cavabına.
12. 2008-ci ildən Rəhbərlik etdiyiniz Azərbaycan Yazıçılar Birlyinin Muğan Bölməsinə üzv olmaq istəyənlər varmı?
Azərbaycan Yazıçılar Birliyinə üzv olmaqdan söhbət gedə bilər. Ayrıca, Bölmənin üzvləri olmur ki. Ancaq, Bölməmizin məsləhəti ilə AYB-yə üzv olanlar var. Muğanda yaşayan yazarlardan AYB-yə üzvlüyə son qəbul edilən Hacıqabulun Muğan qəsəbəsində yaşayan Sara Selcan oldu. Onun haqqında mətbuatda ayrıca çıxış etmişəm. Kifayət qədər istedadlı gənclərimizdəndir.
13.Son zamanlar ədəbi-bədii yaradıcılığınızda müşahidə olunan yeniliklər hansılardı?
- Söhbət mənim yaradıcılığımdan gedirsə bunu oxucular və ədəbiyyatşünaslarımız deyə bilər. Yəni onlara sormalı.
14. 2012-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən “Bölgə yazarlarına dəstək” layihəsi həyata keçirildi. Həmin layihə çərçivəsində Azərbaycanın Muğan bölgəsində ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarlar haqqında bilgilər toplandı. Sonra həmin bilgilər gənc yazarların özgeçmişi ilə birgə “Bölgələrdən səslər” kitabında toplandı. Həmin gənc yazarlar haqqında olan bilgilərin kitaba daxil edilib ilk dəfə olaraq respublika səviyyəsində ictimaiyyətə çatdırılmasında sizin də rolunuz çox oldu. Muğanda yaşayan gənc yazarların sizin bu humanist hərəkətinizə münasibətləri necə oldu?
- Ən yaxşı münasibət etimadı doğrultmaqdı. Ədəbi mühitə təqdim etdiyimiz gənc yazarlar və eləcə də ədəbi örnəklər bizi necə deyərlər “üzüqara” etməyib.
15.Gənc yazarlara hansı müəlliflərin əsərlərindən yararlanmağı məsləhət görərdiniz?
-Hər şeydən öncə mənsub olduqları xalqın ədəbiyyatını, folklorunu, etnoqrafiyasını, özəlliklə bayatılarını. Öncə özümüzü –Zərdüştü, Dədə Qorqudu, Nəsimini, sufiliyi, Əlib bəy Turanı, Üzeyir bəyi öyrənsinlər. Daha sonra dünya ədəbiyyatını.
16.Uca Tanrıdan Azərbaycan xalqına arzunuz nə olacaq?
- Bir bayraq altında Bütöv Azərbaycanda yaşamağı arzu edirəm. Elə bir Azərbaycan ki, bu günki kimi dörd tərəfdən özü ilə sərhəd olmasın.
18.Sonda əziz oxucularımıza hansı şeirlərinizi ərmağan etmək istərdiniz?
Bircə gün…
Dərd çoxdu, daşımaq olmur,
(rəng deyil, qaşımaq olmur).
Atasız yaşamaq olmur;
Sən mənim atam ol, Allah!
Qoyma dərd önündə çöküm,
Güc ver dərdi gözəl çəkim.
Dünyamızda axı heç kim,
Ona əvəz deyil, Allah!
Gündüzüm var, yoxdu günüm,
Yol dumanlı, itib yönüm.
Bircə gün atam ol mənim,
Qulun olum min il Allah!
Müsahibəni götürdü:
Kənan AYDINOĞLU.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri,
"Hüseyn Arif" Ədəbi Birliyinin üzvü.

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ