Fatimə pəncərənin yanında oturub
küçədən keçən insanlara baxırdı.Kimisi əlinde çörək evə tələsirdi ,kimisi nəvəsinin
əlindən tutub nəyisə başa sala –sala ,mehribanca yolun bu tərəfindən o tərəfinə keçirdi.Həyat
həmişəki kimi davam edirdi.Bu oxşar mənzərələri o demek olar ki,hər gün izləyirdi,daha
doğrusu buna vərdiş etmişdi.Danişacağı bir kimsəsi yox idi.Dünyada sevdiyi bircə
anası vardı,o da bir ay idi ki,Allahın rəhmətinə qovuşmuşdu.Yoldaşı isə sonuncu
dəfə ölüm yatağında olan anasını görməyə belə icazə verməmişdi.Həyatda əsl
vicdansızlıq bu olsa gərək.Fatimənin
onun sözünə qulaq asmaqdan başqa çarəsi qalmamışdı, özündə güc tapa bilməmişdi
bu vəhşiyə qarşı.Üzü-gözü şiş içində,göyərmiş
vəziyyətdə anasının onu görməsini,bu dünyadan
gözü arxada qalmış getməsinə ürəyi
də razı olmamışdı.Anasını yalnız keçən
günlərin birində soyuq qəbir daşında
görüb qucaqlamışdı.O gündən bu günə qədər sanki heç yaşamırdı,ərinin onu söyməsi,döyməsi,təhqir
etməsi əvvəlki qədər onu incitmirdi.Çilik-çilik olmuş həyatını düzəltməyə heç cəhd də etmirdi.Bütün günü ürəyində
anası ilə danışardı.Anasının ona
uşaqlıqda danışdığı atası ilə bağlı xatirələrini yada salırdı.Çox uzaqlarda
qalmış o xoşbəxtliyi ilə özünü ovudurdu.Elə olurdu ki,qonşu otaqdan anasının səsini
eşidirdi,tez ora qaçırdı.Otağı boş görəndə küncdə oturub uşaq kimi
ağlayardı.Anası başqa evdə yaşasa
da,onun varlığı Fatimə üçün çox şey idi,amma indi o boğulurdu,özünü toparlaya
bilmirdi.Anasının yoxluğu ilə barışa bilmirdi.Qəbul etmirdi,anasının xəyalı ilə
danışırdı. Birdən şimşək çaxdı,güclü yağış damcıları açıq pəncərədən Fatimənin
üzünə dəyirdi sanki onu silkələyib özünə
döndərməyə can atırdı.Fatimə isə əlini üzünə dayayıb pəncərənin kənarına dirsəklənərək
sakit,buz kimi baxışlarla yenə yoldan keçənlərə baxırdı.Elə bil kimisə gözləyirdi.Altındakı
stula təkan verərək qabağa dala edirdi.Kənardan
baxan olsaydı onun bu təkrarlanan hərəkətindən başı gicəllənərdi.Birdən həyətdən
keçən ,əllərində zənbil olan bir qadın Fatimənin uzun sürən susqunluğunu aradan
qaldırdı.Qadın yağışdan ayağının altına fikir vermirdi,qarşıda açıq qalan
kanalizasiya quyusunun fərqinə varmadan düz ona tərəf gedirdi.Fatimə qeyri-ixtiyari
ayağa qalxdı,bir göz qırpımında stula çıxdı və qışqırdı:
-Ana,ordan
getmə.
Əlini uzatdı
sanki qadını geri çəkə biləcək kimi irəli atdi özünü.Qadın yerində donub
qalmışdı,əlindən zənbilini atıb Fatiməyə tərəf qaçdı.”Vah,vah,yazıq bala,kömək
edin”- deyə ətrafa baxaraq qışqırdı.Fatimənin
başını qolunun üstünə aldı: -Döz qızım,indi təcili
yardım gələcək. Fatimə gözünü azca açaraq“ana,bilirdim məni tək
qoymayacaqsan,məni qurtar “-dedi və gözlərini yumdu.
Azadə Abdinova
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ