Azadə Abdinova - Allahım, səsimi esidirsən?

Bu yazıya counter dəfə baxılıb
Allahım, səsimi esidirsən? Adam tapmıram danışmağa. Gizləndiyim bu yerdən səsimi eşidirsən görəsən? Anam deyərdi ki, Allah həmişə uşaqların səsini eşidir, əgər uşaqlar dua etsələr, qəbul edər.
Biraz söhbet edək, sonra istədiklərimi deyərəm, yazarsan bir-bir, yadından çıxmasın. Axı adamlar çoxdu, onların səndən istədikləri də çoxdu əlbət. Allahım, anam həmişə nağılın sonunda deyərdi ki, göydən üç alma düşdü, o almalardan birini mənə verərdi həmişə. İndi isə göydən uzun dəmirlər düşür, düşəndən sonra hər tərəf toz-duman olur, ağlayanların səsini eşidirəm. Bunlar nədi belə? Niyə ağlayır insanlar? Bəlkə alma tuta bilmədikləri üçün ağlayırlar? Əlbət hansısa nənə nağıl söyləyirmiş nəvələrinə,ona görə göydən bu dəmirlər düşür. Nənə əlbət çaşıb alma yerinə dəmir deyib. Ay Allahım, bilirsən dünən bizim evimizə o dəmirlərdən biri düşdü, evimiz dağıldı, amma biz qonşuda idik. Nənəm həyətimizdə idi. Anamla gedib gördük ki, nənə yıxılıb qarnından qan axır. Amma mən yıxılanda dizim azca qanamışdı, mən heç yatmadım. Amma nənəm bərk yatmışdı, durmadı. Anam bərkdən aglayırdı, nənəmi cox istəyir əlbət. Anam məni qonşuya apardı, gəlib göturəndə dedi ki, nənə uzaqdakı qohumumuza gedib qayıdacaq. Ay Allahım, mən həm nənəm üçün, həm anam üçün darıxıram, bayaqdan anam gedib mənim üçün su gətirməyə, hələ də qayıtmıyıb. Qaranlıq olur qorxuram. Ay Allahım, nolar hava qaralmasın, anam yolu tapa bilməz, mən tək qalaram burda. Sən məni cox istiyirsen bilirem, nolar elə et ki, bax sənə yaxın uçan o təyyarələr getsin evlərinə. Mənim onlardan xoşum gəlmir, vıy eləyib uçurlar, sonra hamı ağlıyır. Anam tapşırıb burda oturum, mən oynamaq istəyirəm, çıxım bir az oynayım, amma anama deməzsən ha... Səni çox sevirəm ALLAHIM...
Gizləndiyi yerdən çıxan Məhəmməd daşın dibindəki yaşıl topu yerdən götürdü, amma yaxınlıqda partlayan mərmi onun həyatına son qoydu, minlərlə müharibə qurbanı, günahsız uşaqların siyahısına o da daxil oldu...

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ