Qalib Cəlil- Saçlarına gül düzüm…

Bu yazıya counter dəfə baxılıb

Hər gün rastlaşdığım,qonşuluğumuzda yaşayan Nüsrəddin dayının 67 yaşı vardı. Vaxtilə müəllim işləyən və təqaüdə çıxan bu müdrik qoca indi bağbanlıq edirdi. Onun balaca evi, həyətində isə çoxlu meyvə ağacları var idi. Alma, heyva,qoz,əncir… onun çox sevdiyi ağaclar idi. Ən çox tut ağacını sevirdi. Çünki həmişə bu ağaca baxanda vaxtsız həyatdan köçmüş ömür daşı, yar yoldaşı Gülnisə xanımı xatırlayardı.
Həyat yoldaşı tez-tez Nüsrəddinin gözü önünə gələr, həm acı, həm də şirin xatirələr onu öz ağuşuna alardı. Gülnisənin tut ağacına qulluq etməsini, sonra da dincəlmək üçün onun kölgəsində oturduğunu xatırladı. Bu, ona çox ağır gəlirdi. Yenə də kədər, yenə də təəssüf hissi.Bu xəyallar heç də Nüsrəddini rahat buraxmırdı. “Nüsrəddin, görəsən bu ağacdan da gözəl, faydalı ağac var, meyvəsi qidamız, yarpağı ipəyimizdir. Hələ kölgəsini demirəm, kölgəsində oturmaqdan doymuram. Həzin meh əsəndə sanki bu ağac yarpaqlarının dili ilə səninlə danışır, hərdən səsi pıçıltıya, əyilib qulağıma gördüklərindən danışır, elə hey danışır... Səni bilmirəm, mən bu ağaca öz sirdaşım kimi baxıram. Mən təzə gəlin köçəndə o çox cavan bir ağac idi, hələ çoxlu qol-budaq atmamışdı. İllər keçdi, o da qol-budaq atdı, mən də... onun gözləri yaşarar, sözünün dalını hıçqırıqlarla boğularaq deyərdi: onun qol-budaqları mənim də oğlum-qızım... O da yaşadıqca bir neçə qol-budağını itirdi, mən də qızımı... deyərək hönkürər və sanki özü ilə ağacın taleyində eyniyyət axtarar və təskinlik tapardı...”.
Nüsrəddin dayının belini bükən də, onu vaxtsız qocaldan da belə niskilli xatirələr idi. Əvvəl qızı, sonra da ömür-gün yoldaşı, indi də tənhalıq.
Nüsrəddin dayı müəllim işləyərkən daim gənclər onun yanına yığışar və o gənclərlə maraqlı söhbətlər edərdi. O, bu gəncləri çox təmkinlə dinlər və sonra da onlara məsləhətlər verərdi. Bir sözlə, hamının dərdinə şərik çıxardı. O, xeyirxah, vətənpərvər və işgüzar adam idi. Amma onun gözlərində həmişə qəm-kədər olardı. Ətrafdakılarla söhbət edəndə gözləri yol çəkər, uzaqlara dikilər, sanki kimisə gözləyər, özləyər və sonsuz dərəcədə intizarlı görünərdi.
Nüsrəddin dayının bir niskili də vardı. O da gözünün ağı-qarası, aman-zaman bir oğlunun uzaq bir ölkədə-Almaniyada yaşaması və onu istədiyi vaxt görə bilməməsi idi. Oğlu orta və ali məktəbdə çox yaxşı oxuyur və hamıdan öz intellektual səviyyəsi ilə seçilirdi. Təhsilini davam etdirmək üçün Almaniyaya gedir və orada ona geniş üfüqlər açılır... gözəl ailə qurur, vətəndaşlıq qazanır, işləyir, həmişəlik yaşamağa başlayır.
Mütaliəni çox sevirdi Nüsrəddin dayı. Demək olar ki, tənhalığı ona unutduran, onu bu sözün ağır kabusundan qurtaran həm də mütaliə idi. “Qurani Kərimi”, klassikləri oxuduqca oxuyar, təkrar-təkrar bir daha oxuyar və deyirdi: Bunları oxuduqca hər dəfə yeni bilmədiyin, sanki oxumadığın dəyərli fəlsəfə ilə qarşılaşırsan. Ona görə də bu kitabları dönə-dönə oxumaq lazımdır. Ən çox Səməd Vurğunu sevər və həmişə nədənsə onun
                      Qoca palıd əyilmədən yaşayır yüz il
                      Qopanda da vüqar ilə qopur kökündən!
                      O ölməyir, heç ölərmi cahanda vüqar?!
                      Zaman keçir, budaq atır körpə şitillər...
sözlərini dodaqaltı pıçıldayar,” qoca palıdı kimə və nəyə bənzətdiyini bəlkə özündən başqa kimsə bilməzdi”: Daha çox öz sözləri olan qısa parçanı bəlli bir insana ünvanladığı vaxtlar da olardı:
                     Mən səni sevmişdim qızlar içindən
                     Ağrıyar ürəyim sızlar içindən.
Bax beləcə sızlaya-sızlaya yaşayar və özü də bilmədən günləri aylara, ayları illərə pay verir, verdikcə ömrü-günü azalır, daha bu aylardan, bu illərdən artıq az, çox az qaldığını, ehtiyatının tükəndiyini anlamağa başlayırdı.
Yox! Təəssüflənmirdi. Çünki çox müdrik adam idi. Bilirdi ki, bir gün bu dünyaya gələn, bir gün getməlidir. Axı dünya bir pəncərədir, hər gələn baxar gedər.
... Yaz gəlmişdi. Ağaclar çiçək açmışdı.Hər ağacın öz çiçəyi, hər çiçəyin öz ləçəyi, öz rəngi, öz duruşu vardı. Nüsrəddin dayı eyvanda durub, məhəccərə söykənərək  bu mənzərəni seyr etməkdən doymurdu. Bağdakı ağaclar rəngbərəng örpəklərdən libas geyinmişdi.
Səhər yeməyini yeyib süfrəsini yığdı. Qonşusu tez-tez ona dəyməyə gələn, mehriban münasibət  qurduğu Məzahir dayıgilə getməyə hazırlaşdı. Ona əlindəki kağız torbada bağın keçən mövsümündən qalan meyvələrdən pay da tutdu.
Qonşu qapıda onu çox sevinclə qarşıladı və evə dəvət etdi. Məzahir dayı Mehmandan nə xəbər olduğunu, nəvəsini nə zaman görəcəyini soruşdu. Nüsrəddin dayı dalğın-dalğın uzaqlara baxmağa, sanki orda axtardığını tapmağa çalışırdı.
-      Məzahir, bu gecə qatma-qarışıq yuxu görmüşəm. Görürəm ki, mən uca bir dağın başındayam. Bu dağ elə ucadır ki, əlimi uzatsam göyə çatar. Bura necə çıxdığımı, göylərin mənim üçün qorxunc olduğunu düşünə-düşünə o dağı aşmağa başlayıram. Birdən arxadan kimsə əlini əlimə yaxınlaşdırır və əlimdən tutur. Bu əl mənim əlimin içində itib batır, çox-çox balaca bir əl. Ancaq bu əlin güclü olduğunu hiss edirəm. Bu dağdan bu əl olmasaydı, aşa biləcəyimə inamım olmağını sanki bütün varlığımla duyuram. Bu inamla da o qəlbi dağı aşıram və o zaman oyanıb bunun bir röya olduğunu anlayıram. Gəldim ki, görək sən belə yuxuya, bu vaqeyə nə deyirsən, onu necə yozursan.
-      Mən nə deyim ay Nüsrəddin! Arxadan sənin əlini tutmaq... görünür, kimsə sənə dayaq olmaq istəyir. Daha dalını deyə bilmərəm. Bəs niyə bu əl çox balacadır?
Qapı bərk-bərk döyülməyə başladı. Məzahir dayı təşvişlə qapıya doğru getdi. Qapı isə dayanmadan davamlı şəkildə döyülür, hətta qəribə səslər də eşidilirdi. O qapını açdı.
-      Atam sizdədir? Bağışlayın. Xoş gördük.
-      Oğlum!...- deyə Nüsrəddinin səsi titrədi.
-      Ata!
-      Can ata.
-      Baba,baba,baba!
-      Aman Allah! Siz, siz xəbərsiz, bu necə olan işdi. Niyə əvvəlcədən...
-      Ata sənə sürpriz etmək istədik.
Balaca bir əl (bu əl və onun istisini bu gecə Nüsrəddin dayı yuxuda hiss etmişdi) onun ovcuna girdi, orada özünə yer eləməyə başladı və doğma, təmiz ana dilində:
-      Mən babamı çox istəyirəm. Mən bilirəm, babam da məni çox istəyir, məni görməyi çox arzulayıb. Gör əlimi necə sıxır, ondan bilirəm.
-      Atacan, xoş gördük – deyə  incə bir səs Nüsrəddin dayını bir an onlardan ayırdı.
-      Xoş günün olsun, qızım! – deyə gəlninin alnından öpdü.”Qızım sözü onun dilində kədərli, acı bir sızıltı idi, bir yanıqlı səs idi, bir amansız köz idi. Həmişə yandırırdı”.
İlahi möcüzə baş verirdi. Nüsrəddinin yuxusu çin çıxmışdı. Deyəsən, özü öz yuxusunu daha yoza bilərdi. Uca dağ-ağır dərdi, intizarlı niskili idi, onu aşa bilmirdi. Çiçək əl bu balaca, azəricə dil-dil ötən nəvəsi, təpədən dırnağa azərbaycanlı olduğunu göstərən, çox uzaq bir diyarda azərbaycanlı mühütü yaradan bu ailə idi.
Nüsrəddin dayının kədərli üzündən əsər-əlamət qalmamışdı. Onda həyat  eşqi coşub-daşırdı. Hətta bu sevinci büruzə verməyə də sanki qorxurdu, qorxurdu ki, onu tez itirər. Nəvəsinin o balaca, yuxuda istisini duyduğu əlindən tutdu. Çox uzaqlara, keçmişə-cavanlığına qayıtdı. Ürəyində isə bir mahnı su kimi axmağa başladı.
                                 Saçlarına gül düzüm,
                                  Mənim günüm, gündüzüm.
                                  Sənsiz mən necə dözüm,
                                  Bilmirəm özüm...


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ