
Bir gün pəncərəmdən boylandım.Yaşadığım məhəlləyə həyətə yox,bu dəfə həyətə baxmış kimi edib,əslində isə yaşadığım amma bəzi şeylərin fərqinə varmadığım həyata baxdım.
Payız aylarından biri idi.Təbiət sərin mehli küləkləri ilə ağacların qızıl yarpaqlarını əsdirib yerə tökərək sanki qarşımda əsrarəngiz və gözəl tablosunu canlandırırdı.Baxdıqca doymadığım bu gözəllikdən bir az daha zövq almaq üçün üzərimə isti bir şeylər geyinib düşdüm bağçaya.Baxdıqca baxmaq,daha sonra doymayıb gəzmək və gözəl görünən hər bir zərrəsinə dəymək,toxunmaq istəyirdim bu şıltaq təbiətin.
Astaca addımlarla addımlayırdım.Əzməyə belə qıymadığım xəzan yarpaqlarına toxunduqca qulağıma xışıltı səsi kimi gələn, əslində isə bir-birilə pıçıldaşan yarpaqlar sanki öz gözəlliklərindən danışırdılar. Sevgi dolu bir aləmə düşdüm elə bil.O qədər də böyük olmayan,amma çox şirin görünən bu bağçanı gəzməkdən doymurdum.Qaçmasam da təngnəfəs olmuşdum. Elə bu məqsədlə bir az oturub kənardan seyr etmək istədim bu gözəllikləri, ən azından nəfəsimi dərənə qədər. Astaca ağaclardan birinə söykənib oturdum. Gözlərimlə seyrinə çıxdığım təbiət gözəl görünsə də darıxdırdı məni.Axı gəzməyin yerini heç bir şey vermir. Sanki darıxdığımı duyan təbiət,ağacların zərlərini yerə tökərək qızıldan naxışlarla bəzədi yeri. Sehirli bir aləmə düşmüşdüm sanki,nağıllar aləmi kimi bir yerə.
Birdən haradan gəldiyini görmədiyim mələk üzlü bir insan qarşımda peyda oldu.Geyimi xəzan yarpaqlarından seçilmirdi. Sanki yarpaqlarla bəzəmişdi öz geyimini. Əlində bir kitab vardı. Gülümsəyərək kitabi mənə uzatdı. Qorxudanmı , təəccübdənmi bilmirəm,donub qalmışdım. Ağzımı bıçaq açmırdı. Nə isə soruşmaq istəyirdim.Məsələn: “siz kimsiniz?”,”bu kitab nədir?” demək istəyirdim. Qəhərimdən boğulurdum. Bir yandan da simasına baxdığım bu mələk üzlü insanın sanki gözəlliyi qarşısında aciz olduğum üçün susur,dinmirdim.
Əlindəki kitabın üzəri ağacın üst qabığına bənzəyirdi – çala - kötür , əyri - üyrü idi.İçindəki səhifələr isə xəzan yarpaqları kimi qızılı sarı , narıncı, hərdən də açıq-yaşıl rəngli olduğunu sezirdim kənardan.O, mələk üzlü insan əlini bir az da irəli uzadaraq “-Bu kitabı al.” dedi.Səsinin çox incə və məlahətli olmasına baxmayaraq diksindim.Çünki danışacağını gözləmirdim.Əlindəki kitabı almaq üçün əlimi uzatdım.Əlini geri çəkərək “-Səni sınayırdım,buna toxunmaq olmaz..” dedi. “Niyə?“- deyə sual verdim.”-Buna toxunduğun an ölərsən” dedi.Alnımdan soyuq tərlər axırdı.Məni qəhər boğmuşdu.Hara düşdüyüm haqda fikirləşirdim.Bu an, o mələk üzlü insan “-İstəyirsən əlimdəki kitab haqqında sənə bir az danışım..” dedi.Məndə“-Hə.İstəyirəm..”dedim.“Nə səbrsizsən?” deyərək sözünə başladı.
Əlimdə gördüyün kitab sənin ömür kitabındir.Hər insanın ömür kitabı doğulduğu fəsildən bəllidir.Kitabın üstünün hamar olmaması səni qorxutmasın , çünki bu bütün insanlar üçün keçərlidir: Enişli-yoxuşlu ömür yolları. Sonra kitab öz-ozünə açılaraq doğulduğum andan bu günə kimi yaşadığım hər bir şeyi gözümdə canlandırdı.Etdiyim səhvlərdən tutmuş heç özümdə bilmədən qazandığım savaba qədər.Daha sonra kitab mənə vərəqlənən səhifələrinin sayını dedi.”6570” Mən də necə də qalındı.Yəni mən bu qədər ömür yaşamışam deyə sual verdim.O, isə öz növbəsində bundan qalın kitablar da var deyə gülümsədi.Hələ bu nədir ki “19 illik ömür” .Sonra bir səhifə də açıldı həyatımda.Hal-hazırda yaşadığım səhifə.Gözə görünməyən ömür mürəkkəbi ilə yazılırdı sanki. O mələk üzlü insan, artıq bu qədər baxdığın yetər dedi.Görürsən hələ də ömür kitabın yazılır.Deməli mürəkkəbin bitməyib.Kitab çox müqəddəs bir hökmdür insanın həyatında.Ora yazılanlar pozulmur, yansa belə külü qalır.Həyatda hər bir şeyin izi qaldığı kimi.Əyər ki sən də bir gün ömür kitabını vərəqləyərkən o pozulmaz mürəkkəblə yazılan yazılardan peşmançılıq çəkərək “kaş ki “ifadəsini işlətmək istəmirsənsə bundan sonrakı həyatında atdığın hər bir addımın öncəsini düşün , çünki sonrakı peşmançılıq fayda verməz.Düşün ki , həyatın da sevgi dolu və rəngarəng olsun payız yarpaqları tək.Sonra bu səs bir ilğıma çevrildi.Sağ çiynimə bir az ağırlıq çökdü, çox qorxdum.Gözlərimi açdım , sağ çiynimdə ağ bir göyərçin vardı.Dimdiyi ilə saçlarımı çəkərək məni xəyallar aləminə etiyim uzun səyahətin yuxusundan oyatmağa çalışırdı.Amma məncə bu xəyal kimi gördüyüm həqiqət idi.Mən isə elə həmin gün bu yaşadıqlarımdan bir nəticə çıxartdım.
Hərdən yox, tez-tez pəncərəmdən boylanıb həyətə baxmış kimi edərək əslində isə həyatıma baxıb bəzi şeylərin fərqinə varmalıyam.Bütün bunları düşünərək düşüncələr aləmindən öz dünyama qayıtdım.Hava artıq qaralmışdı.Mənsə bu gözəl təbiətə doymamışdım.Evə qalxdım.Eyvana çıxıb seyrimi buradan davam edirdim.Ulduzlar çox gözəl idi.Hərdən aya göz vuran da olurdu.Ay da kölgəsini dənizə salır , dənizsə ləpələrini sahilə , qumsala ötürürdü.Bax beləcə hər şeyin fərqinə varmağa çalışıb,daha düzgün yaşamağı qarşıma məqsəd qoydum.Qısacası həyətə baxarmış kimi həyata baxdım.
2009-cu il,payız ayı...
saat günorta radələri
Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ