Qabil Ədalətdən yeni şeirlər...

Bu yazıya counter dəfə baxılıb
DUZUMUN DUZU OLMADI

Çox sınadı dünya məni,
Dərdlərim dağ oldu, ana.
Öz əlimdən düşdüm yerə ,
Ümidim dağıldı ,ana.

Sovurdu bu dünya məni
Sovurdu ömür içində
Yoğurdu bu dünya məni
Yoğurdu ömür içində

Kündəm küt düşdü ay ana
Qara görünən bəxtimin
Başqa bir üzü olmadı.
Doğru sözüm zəhər oldu
Duzumun duzu olmadı…


VƏTƏNSİZ YAŞAMAQ

Qürbət elin baharı da qar imiş,
Naz-neməti çinar verən bar imiş.
Burda həsət ömrə vəfadar imiş,
Yad ellərdə keçən ömrün dadı yox..!
Vətənsiz yaşamaq... Bunun adı yox...

Nə yaşda olsan da, uşaq kimisən,
Kim axtarasan, burda kimi, sən?
Nəylə ovunasan, nəylə isinə?
Yad ellərdə keçən ömrün dadı yox..!
Vətənsiz yaşamaq... Bunun adı yox...

Tikan üstündəsən hər an, elə bil,
Sabaha etmirsən güman, elə bil...
Ha dedim, ha güldüm amma ki, Qabil,
Nə nöqtə, nə sual, nə nidadı... – yox,
Vətənsiz yaşamaq... – bunun adı yox...

                           Ukrayna, 04.10.2012

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ