Dəli sevda
Dəli sevdaların ağıllı şeiri,
Ağıllı başların çuğullu şeiri,
Bu sonsuz dünyanın oğullu şeiri,
Oğluna bir qız da doğulur indi.
Dəli sevdaların şeiri ağıllı,
Düzü tapdananda əyri ağıllı,
Yoxdumu, bir səndən qeyri ağıllı?
Başına fikirlər yığılır indi.
Ağıllı şeirin dəli sevdası,
Hələ azmayıbdır yolu sevdası,
Mənim dərdlərimdən hali sevdası,
Səma arzusuyla boğulur indi.
Küləyə
Payızın üstündə yaman əsirsən,
Bir həsir, bir də ki Məmmədnəsirsən,
Eləbil tufandan qalan kəsirsən,
“Külək, niyə belə əsirsən, külək
Niyə ümidimi kəsirsən külək?”
Payızın əlində yesirsən yesir,
Baxan elə bilər olmusan nasir,
Tutduğun əmələ günəş də susur,
“Külək, niyə belə əsirsən, külək
Niyə ümidimi kəsirsən, külək?”
Payız səni görüb səsini qısır,
Toz-torpaq içində hər işin qüsur,
Mənim hisslərimə edirsəm təsir,
“Külək, niyə belə əsirsən, külək
Niyə ümidimi kəsirsən, külək?!”
Eləmə
Bir yerə ki çağırdılar,
Getmək üçün ar eləmə.
Bir yerə ki çağrılmadın,
Heç o yeri dar eləmə.
Qalsın gözü yollarında,
Qoy qalmasın pullarında.
Yevroları, dolları da,
Manatınla yar eləmə.
Qəpiyinə güllə atma,
Ciblərini topa tutma,
Topu topa belə qatma,
Oynadılan şar eləmə.
Kim çağırdı, dünyaya gəl?
Gəl-gəl deyir, amma əcəl,
Səma özü kimi dəcəl,
Qulağını kar eləmə.
Bəxtə yazıl
Bəxti yazmaq çətin olsa,
Bəxtə yazıl, bəxtə yazıl.
Əyrilik də doğru yolsa,
Saxta yazıl, saxta yazıl.
Ürəyində qan şırhaşır,
Gözlərinin yaşı daşır.
Əzik-üzük taleyi cır,
Şaxda yazıl, şaxda yazıl.
Bostan şərik olmaz bəylə,
Çalışsan da hər an səylə,
Ahlarını “oxhay” eylə,
“Ox”da yazıl, “ox”da yazıl.
Gör təməli varmı heçin?
Söykənərsən olar suçun.
Əsməcəsi kəsmək üçün,
Laxda yazıl, laxda yazıl.
Səma haqqın Kəbəsində,
Günah olmaz tövbəsində,
Xoşbəxt ömür növbəsində,
Vaxta yazıl, vaxta yazıl.
Nədən
Dəymişim dura-dura,
Töküldü kalım nədən.
Cavabını tapmadı,
Neçə sualım nədən.
Yaz, gör ki, sətir nədi,
Bilmədim ətir nədi,
Bənövşə bitirmədi,
Dibində kolum nədən.
Görən kimdi ustadı,
İstəyində ustadı,
Yaman səni istədi,
Səmada könlüm nədən.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ