
Adil Hikmət bəy tərəfindən qələmə
alınan və uzun illər sonra ilk dəfə «Ötüken nəşriyat»ın nəşr etdiyi bir xatirə
kitabı var: «Asiyada beş türk». Əsərin bir qismi 1928-ci ildə «Cümhuriyyət» qəzetində
dərc olunub. Ancaq 1997-ci ildə «Ötüken nəşriyyat» əsərin hamısını nəşr edəndə,
Adil Hikmət bəyin kim olduğunu, hətta soyadını belə bilmirmiş. Kitab nəşr
olunandan sonra müəllifin ailəsi nəşriyyata müraciət edərək məlumat verib.
Kitabı ilk əlimə aldığım andan
etibarən böyük bir həyəcan və maraqla səhifələrini yavaş-yavaş çevirməyə
başladım. Küncdə- bucaqda qalan bu xatirə kitabı, I Dünya müharibəsindən əvvəl
Türkistana getmək üçün yola çıxan beş İttihatçının macəra dolu həyatından bəhs
edir. Məqsədləri Türkistana gedərək bir üsyan tərtib etmək, Türk dünyasında
yenidən birgəyaşayış təsis etmək və Osmanlını həm 93 hərbində, həm də Balkan
müharibəsində pis vəziyyətdə qoyan ruslara maneə yaratmaq olan beş fanat dostun
bütün planları Dünya müharibəsinin başlaması ilə dəyişir.
Asiyadakı beş Türk kimdir?
13 uşaqlı bir ailənin sonbeşiyi kimi atasının vəzifəsinə görə Liviyanın
Dernə şəhərində 1887-ci ildə doğulan Adil Hikmət bəy əvvəl İtalyan Liseyində,
daha sonra İstanbulda Hərbiyyədə təhsil alır. İtalyan, ərəb, fransız və ingilis
dillərini bilən Adil Hikmət bəy sonradan bir az rus və kitabdan da aydın olduğu
kimi bir az da fars dilini öyrənir. Olduqca parlaq bir təhsil alır, sonra
orduda müxtəlif vəzifələrdə çalışır. Təşkilati — Məxsusədə bir sıra önəmli vəzifələr
həyata keçirir. Hər nə qədər kitabda açıqca deməsə də, şəxsən Ənvər Paşa tərəfindən
Türkistana göndərildiyi bilinir. Digər tərəfdən özü ilə bir yerdə olan digər
dörd dostu da olduqca maraqlı adlardır. Əmrullah Barkan, Kırımlı Hüseyn bəy,
İbrahim Haklıer və daha sonra 150-lilərin siyahısında adı keçən və sərhəddən
qaçanda öldürülən Quşçubaşı Səlim Sami bəy.
Kitabdan və bir mecmuaya yazdığı
bir yazıdan açıq-aşkar görünür ki, Türkçülük sevdasına tutulan, hətta bu
sevdanın həyəcanı ilə yanıb tutulan Adil Hikmət bəy Türkistana gedəndə həqiqətən
təbliğat aparmağı və orda qiyam təşkil etməyi qarşısına məqsəd qoymuşdur.
Bir qiyam uğruna ya Rəbb…
Birinci Dünya Müharibəsi başlamamışdan əvvəl Təşkilatı — Məxsusanın
onlara verilən vəzifəni yerinə yetirmək üçün yola çıxan beş dost gəmi ilə
Hindistana keçirlər. Tam o əsnada müharibənin başladığını öyrənirlər ki, bu da
ingilislərin əlində olan Hindistanda onlara çox çətinlik gətirir. Hər səfərində
üstün zəkalarından istifadə edərək, ingilislərin əlinə düşmədən Şərqi
Türkistana keçirlər. Ardınca fəaliyyətlərini icra edə bilmək üçün yer dəyişdirərkən,
ruslara əsir düşürlər. Uzun müddət həbsdə, sonra sürgündə qalırlar. Rusların əsarətində
təxminən iki illəri keçir. Fürsət tapan kimi sürgündən qaçırlar və qırğızların
olduğu bölgəyə gedirlər. Rus zülmündən əziyyət çəkən qırğızların başına keçib,
tayfalardan hərbi birliklər meydana gətirib, onlara hərbi təhsil verir və hər
döyüşdə rus ordusunu məğlub edirlər. Hətta ruslar komandirlərini dəyişdirmək məcburiyyətində
qalırlar. Oktyabr inqilabından sonra rusların mübarizəni dayandırması ilə
qırğızlar rahat nəfəs alırlar, amma bu, əlbəttə, uzun çəkmir.
Qırğız torpaqlarından ayrıldıqdan
sonra təzədən Türkistana qayıdırlar. Dünyanın ən məşhur səhralarından biri olan
Təkləmakan səhrasını at belində keçərək, Xotinə çatırlar. Bu səfərlər əsnasında
bəzən atla, bəzən eşşəklə, bəzənsə piyada yollarına davam edirlər. Ancaq gördükləri
işə olan inancları və sahib olduqları ideologiyaları o qədər möhkəmdir ki, bir
an belə dayanmırlar. Bitmək tükənmək bilməyən bir enerji ilə bəzən ruslara, bəzən
ingilislərə, bəzənsə çinlilərə qarşı mübarizə aparırlar. Sonra Çinə və ardınca
Şanxaya keçirlər. Şanxayda alman konsulluğunun köməyi ilə bir müddət rahat bir
həyat sürürlər. Ancaq Şanxayda yoldaşları ilə yolları ayrılır. Anadolu işğal
altında olduğuna görə, yoldaşları Azərbaycana gələrək, orada bir qiyam tərtib
etmək istədiklərini deyirlər. Adil Hikmət bəy isə Hamburqa gəlir. İngilislər
onu axtarışa verirlər və buna görə də heç cür İstanbula qayıda bilmir. Ancaq
yüksək səviyyədə italyanca bildiyinə görə İtaliya konsulluğunda min bir
fırıldaqla italyan pasportu alıb, İstanbula və son olaraq ailəsinin yanına, yəni
İzmirə qayıdır. Beləliklə düz 5 il ailəsi ilə az qala heç xəbərləşmədən məfkurəsi
uğrunda Asiyanın müxtəlif bölgələrində, dəfələrlə ölüm təhlükəsi ilə üz — üzə gəlir.
Bu kitab nə üçün vacibdir?
Hər şeydən əvvəl kitabın bir roman havasında olduğunu bildirməkdə fayda
var. Həqiqətən olduqca macəralı yollardan keçən bu qiyam hekayələrini oxuyarkən
insana həyəcan verir. Ancaq kitabı əsl əhəmiyyətli edən isə İttihatçı olan, Təşkilati-
Məxsusədə çalışan və Ənvər Paşanın əmri və məlumatı ilə Orta Asiyaya gedən bir
nəfər tərəfindən qələmə alınmasıdır. Dövrün öndə gələn axınlarından olan
türkçülüyə ön ayaq olan Adil Hikmət bəyin kitabda etdiyi bəzi dəyərləndirmələr
və ya tövsih edilən suallara verdiyi cavablar olduqca maraqlıdır.
Adil Hikmət bəyin və
yoldaşlarının düşüncələrini ifadə nöqtəsində kitabda keçən bir hadisəni nəql
etmək yerinə düşər: «Bir yerli əfqan əmirinin, «biz neçə ildir həm ruslarla, həm
ingilislərlə döyüşürük, hanı bəs bu xəlifə haradadır, niyə gəlib bizi xilas
etmir?» — sualına Adil Hikmət bəy və yoldaşlarının verdiyi cavab, xilafətin ləğvi
zamanı Mustafa Kamalın Məclisdə etdiyi çıxışa bənzər bir cavab olur. Onlar əfqan
əmirinə cavab olaraq xilafətin simvolik bir şey olduğu və artıq bir əhəmiyyətinin
qalmadığını bildirirlər.
Bir Türk diyarında
qarşılaşdıqları bir isveçli həkimin əslində missioner olduğunu öyrənirlər.
Missioner, bir dənə belə xristian olan türk olmadığını vurğulayır və ardınca
onların da fikrini öyrənmək istəyir. Adil Hikmət bəy və yoldaşlarının cavabları
olduqca mənalıdır. Adil Hikmət bəyin özü olmasa belə yanındakı yoldaşlarından bəziləri
Mustafa Kamal rəhbərliyi tərəfindən xoş görülməmiş, hətta Səlim Sami bəy xaricə
qaçanda öldürülmüşdür. Ancaq Mustafa Kamal və yoldaşlarının dinə dair olan düşüncələri
Adil Hikmət bəy və yoldaşında da görülür. Missionerlər dinin artıq köhnə əhəmiyyətini
itirdiyini və yerini elmin aldığını söyləyərək, qatı pozitivist bir açıqlama
verirlər.
Əbdülhəmid dövründə orda məktəblər açılıbmış
Kitabı əhəmiyyətli edən bir digər xüsusiyyət, Türk dünyasının XX əsrin əvvəllərində
bizlərə təqdim etməsidir. Dini, sosial və iqtisadi həyata dair də bəzən məlumatlar
verən müəllif, o diyarlarda kasıblığın, səfalətin və xüsusilə cəhalətin yüksək
səviyyədə olduğunu tez-tez vurğulayır. Digər tərəfdən Türk dünyasında Osmanlıya
dair izlər tapmaq da mümkündür. Əbdülhəmid dövründə açılan bir neçə məktəb,
buralara təyin edilən müəllimlər, Adil Hikmət bəy və dostlarından fərqli bir
ideologiyaya aid olsa da xidmət edibmişlər. Hətta bəzi parlaq uşaqları
İstanbula da göndərirmişlər, I Dünya müharibəsində ordu üçün pul toplayırlar və
xalqın etimadını qazanaraq Adil Hikmət bəyin simvolik olaraq gördüyü xəlifənin
etibarını yüksəldirlər.
Əbdülhəmid və Ənvər Paşa
zamanında Orta Asiya Türkləriylə qurulan əlaqə Respublika dövründə davam
etdirilməmiş və qoyulan investisiyalar bir nəticə verməmişdir. Hər nə qədər
kitabda vəzifəsini tam olaraq açıqlamasa da, Adil Hikmət bəy də bu bağları təsis
etmək üçün oralara getmişdir.
Oktay Hacımusalı
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ