
"...səngərdə uzanmışdıq. O tərəfin nə vaxt atəş açacağını bilmirdik. Daha doğrusu nə edəcəklərini kəsdirəmmirdik. Gözləyirdik ki, yenə şərəfsizlik eləsinlər. Adət eləmişdik, onlar üzbəüz döyüşməkdən qorxurdular, güllə səsi gələndə qaçırdılar. İndi qabağımıza hansı sürprizlə çıxacaqdılar, Allah bilir. Bir az keçməmiş o tərəfdə bir tərpəniş oldu, bir də gördük onların səngərlərindən bizə tərəf bir sürü qaçır. Elə bil mal qovurdular, ayaq səsləri gəlirdi. Sürü ilə üstümüzə qaçırdılar. Güllələr atılırdı, maraqlıydı ki, bizə tərəf qaçan dəstəni güllələyirdilər elə bil. Vurmurdular, köpəyuşağı, ayaqlarının altına atırdılar sanki. Silahlara qurşandıq, bax, indi hamısını gülləyə düzəcəyik, birini də sağ buraxmayacaqdıq bu it balalarının. Birdən...
...birdən komandir silahını atıb bağıra-bağıra yerə çökdü. Ejgahanlığa çıxan dəstə görünməyə başladı. Dəlicəsinə bizə qaçan o bir dəstə adam nə mal-qoyun sürüsü, nə də erməni əsgəri deyildi, onlar çılpaq əsir qadınlarıydı, qarınları burnunda...
...elə sevinirdilər ki...
...ağlaşa-ağlaşa, mələşə-mələşə gülləyə qaçırdılar.
...mən ölümə qaçan adamın sevincini onda gördüm. "Vur qardaş, sən vur, ölüm ayağının altında öldür" səsləri hələ də qulağımdadı... Paltarsız əyinlərinin yaxalarını cırırdılar, bacı. O komandir neylədi, bilirsizmi? Bağıra-bağıra, hönkürə-hönkürə atəş açmağa başladı, biz də arxasınca...
...qırdıq hamısını, gülləyə düzdük.
...Allah göydən yerə enmədi!
...başımıza daş yağmadı!
...o gecə bir səngər kişinin səsini o bir olan Allah eşitmədi e bacı, eşitmədi. Orda qardaş qanı Ana südünə qarışdı, qan südə qarışıb axdı...
...biz onları basdırmadıq, bacı. Onlara sarılıb ağlaşdıq.
...mən qatiləm, başa düşürsüz? Öz anamın, bacımın qatili...
...mən o gün öldüm, bacı, o komandirin hönkürdüyü gün, o gülləyə gələn qadınları qarınları burnunda gördüyüm gün... Onları ermənilər..."
... İl 2000. Əsgəri dinləyirəm. Onun başına çırpdığı əllərini, gözündən uzaq tutmağa çalışdığı yumruqlarını... o əllər mənim ölkəmin namusunu qorumaq üçün silah tutmuşdu...
...o əllər mənim qadınımın-qızımın ləkəsini silmək üçün qatil olmuşdu. Qarşımda ölürdü!
"...öz doğması qənim olar
O gözəlin sevdasına.
Gecələri qol qaldırıb
Oynayar qəm havasına..."
...İl 2013. Xəbər saytlarını dolaşıram. Dəbdə olan (yaza bilən demədim) müəlliflərin çox oxunan yazılarını gözdən keçirirəm. Fərqli nəsə axtarıram, tapmayacağımı bilə-bilə. İmza çox, mövzu bir - bədən hərisliyi...
(qalxım bir mədəmi boşaldım)......yazı masama yaxınlaşanda günlərdir beynimi incidən məktubun sətirləri kağıza düzülür:
"...Əsir bacım, salam. Bu məktubu sənə 2013-cü ilin Bakısından yazıram. Sən 1994-də ölmüsən. Qarnında uşağınla, həm də paltarsız. Mən isə yaşayıram. Üstəlik mənim geyinməyə ehtiyacım yoxdur. İndi bədəni örtmək dəbdə deyil.
Nə isə, gəl səninlə dərdləşək. Çoxdandır bu məktubu yazmaq istəyirdim amma qorxurdum. Axı sən niyə öldün? Miyə qaçdın o güllənin qabağına? Nə olsun hamiləydin, həm də ermənidən. Olsun. İndi hamının uşağı olur, atası əsas deyil ki...
Əsas odu ki, sənin uşağın var. Bəsdi, sən Allah, mənə mentalitetdən bəhs etmə, bu nədi e, dilinizə dolamısız? Sən ana olacaqdın bacı, ağılsızlıq eləmisən. Ağlın olmadı, orda birini özünə dost tutasan? O səni ağ günə çıxarardı. Həyat sənin həyatınıydı, uşağın da olardı, lap yaxşı. Axı indi seks azaddır. Nə yaşadığına heç kim qarışa bilməz. Bizim ürəyimiz gendişdi axı. Bütün millətlərin mədəniyyətlərindən bəhrələnirik.
Üzümə elə baxma, bu məsələdə ağılsızlıq eləmisən. Bax, səni və rəfiqələrini öldürmək əmri verən o zabit vardı ha, Allah üzünə baxdı, ermənilər onu da öldürdü. Yoxsa Avropa Məhkəməsi onu həbs etdirərdi. İnsan haqqlarına nə gəlib? Bu dünyada ədalət var. Erməni də insandır. Odey, Əkrəm Əylisli bir kitab yazdı, hamı da alqışladı, düz deyir də kişinin oğlu, erməni də adamdı. Bizimkilər bir az əsib-coşdular, sonra da başa düşdülər ki, erməni balaca bala deyil, bütün dünya arxasındadı. Biz indi davayla deyil siyasətlə əlləşirik.
Amma sən narahat olma, gec-tez yanına gələcəyik. Həm yatdığın torpağa, həm də o dünyaya. Sənə çoxlu yeni qanunlar və qızılgüllər gətirəcəyik. Bax, nə deyim, sən özünü nədə günahkar bilirdinsə dünyamızın yeni qanunları artıq vicdanını rahatladacaq. Yaşadığın hər nəysə günah deyil, əziz bacım, biz inkişaf elədik. İndi bizim yaxşı evlərimiz, azad münasibətlərimiz, təzə sevgilərimiz var. Xoşumuza gəlməyən nə varsa dəyişə bilərik. Nə olsun ki, həyatımızda bir neçə sevgili olub, indi biz xanımlar həyatımızı özümüzün istədiyimiz kimi yaşayırıq və kişilər də buna hörmət edir. Eləmək məcburiyyətindədir. Kim özünə geridə qalmış dedirdər ki? Axı, biz elitar millətik. Dünyanın bütün millətləri özlərinin inkişaf yolunu bizim üstümüzdə sınaqdan keçirir. Misal üçün, biz artıq bizə güllə atana gül uzadırıq. Belə daha yaxşıdı. Mən o güllərdən sənə də gətirəcəyəm. Hollandiyadan gəlir, bunun üçün çoxlu xərc çəkilir. Gül əsasdı bacı, çox əsasdır. Sənə gətirdiklərimi yarana qoyarsan. Rəngləri tutacaq, mütləq tutacaq. Əlimlə seçəcəm. Bax, görürsənmi, sən nahaqdan öldün. Güllənin güllə sarıldığı günləri yaşamaq varkən bu avam cəsarətini hələ də bağışlaya bilmirəm.
Canım bacım, sənə yenə yazacam. Bu günlük bu qədər. Səhər işə getməli və gələcək planlar haqqında düşünməliyəm. Axı, həyat davam edir..."
...belə. Məktubumu yazdım. Evdəkilər yatıb. Bir azdan mən də qalxıb yatağıma uzanacam və gözlərimi dünyaya yumacam. Ən azından bir gecəlik və bərk-bərk... ...beləcə Günəşin doğmağını görməyəcəm, illərdir olduğu kimi...
...yəni o gecədən... 13 yaşımdan...
...O zabitin meyidi gələn gündən...
...bu məktubu da yollayacam onların getdiyi yerə. Cavabı gəlməsin!!!
Nigar İsfəndiyarqızı

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ