ADAM TONQALI VƏ YANAN TORPAQ

Bu yazıya counter dəfə baxılıb
Adam tonqalının içində-əriyən əlilimizin bədəninin yanıq iyi altında ilk keçirdiyim hiss o oldu ki,”müharibə bitməyib” deyənlər,nə qədər haqlıdılar.Sıxılmış torpaq və kiçilmiş Vətən Bakıda çoxdan hiss olunurdu..Hər kvadrat metri uğrunda amansız döyüşlərin getdiyi paytaxt coğrafiyamızda canını vermək hamımızın yazılmamış qanunudursa,kiminsə burada ideal hüquq və ədalət tanıması çox az ağılabatandır.Qarabağın urvatdan düşməsinin nəticəsi nəinki mərkəzi meydan və küçələrin,hətta yeraltı zirzəmi və ucqar bataqlıqların belə dəyərini milyon dəfə artırıb.Vətən bahalaşan torpaqlarla daha da qiymətli olub.Xanın kəndi indi bizə sadəcə nisgil ovqatı,xatirə lövhəsi və ədəbi obraz kimi gərəklidir.

Əfqanıstan adlı bir xarabalığın üç imperiyanı niyə çökdürdüyünü bilirsinizmi?Sovetlər Birliyi dağılmağa başlayanda oradan bizə köməyə gələn dindaşlarımız deyirdilər ki,hər bir əfqanlının vətəni onun yaşadığı komadan ibarətdir.Ucsuz-bucaqsız məmləkət anlayışı ilə balaca daxma gerçəkliyi savaşanda ikinci qalib gəlirmiş.Əfqanlar “geri çəkiləriksə,
gedəcəyimiz yer yoxdur” təfəkkürü ilə döyüşürdülər.Ona görə “hər ev bir qala”ya çevrilmişdi.Onlar Şuşanın işğalında cəmi 8 nəfərin öldüyünə tənə edirdiər və bunu vuruşmamağın əlaməti sayırdılar.Nə səriştəsiz siyasi rəhbərlik,nə əliyalın xalq,nə də qeyri-bərabər müharibə arqumentləri onlara kar eləmirdi. Halbuki 20 min şəhid bir müharibə üçün kiçik rəqəm sayıla bilməzdi.Lakin nə etməli ki,iki xaqı fərqləndirən mühüm cəhət-hər qarış naminə özünü tonqala atmaq gerçəkliyi SSRİ və İngils işğalından bu diyarı qalib çıxardı.Pirr qələbəsi olsa da.

Zaur Həsənovun qıydığı canı ilk növbədə,işğalın gətirdiyi bəlaların 23 il sonrakı közərtisidir.Lakin bunun əksini düşünənlər üçün də yol açıqdır.Dostoyevskinin “ cinayət və cəzası”nı mənimsəmiş matəmşünaslar,qarğışçılar və naləçilər,buyurun, növbəti fürsətdən maksimum bəhrələnib qanunsuz torpaq satan bələdiyyəni linç edin,məhkəməyə nifrət yağdırın, Həmkərları daşa tutun.Hikkənizin alovu sönəndə nə qədər düşmən sevindirdiyinizə baxmağı da unutmayın.Onsuz da həyatını nakam itirən əlilimizin faciəsi hər şeyə yarayır-simvolçulara da,Odlar yurdunun övladı olduğumuzu xatırlamağa da,ədəbi ilhamını çağırmağa da,vətənpərvərcəsinə hamını ittiham etməyə də.Təkcə erməniləri yada salmayın-onlar məsumdurlar axı. 

Nifrət və aqresiya hissi cəmiyyətlərdə artanda humanizm məğlub olur.İndi hamıdan tələb olunan budur-barrikadanın hansı tərəfində olduğu söylə!1990-cı ildəki mənzərənin eynilə təkrarıdır.Qarabağın taleyinin Bakıda həll olunduğunu deyib iüç hakimiyyət dəyişməyə qalxan bizlər bir də onda ayıldıq ki,Xanın yurdunu ermənilər özlərinə paytaxt ediblər.Lakin sovetskinin küçələrindən oraya tamaşa etmək daha təhlükəsiz idi.
Məmurlara antipatiya və varlılara nifrət duyğusu gəlir gətirdiyindən Vətənin bötövlüyü hissi korşalıb,odu sönüb.Günahlandırmaq həmişə yaxşı peşədir. Tarix bir-birini itttiham səhifələrindən başqa bir şey deyil.

Əslində müharibədə uduzmağın hesabı hər yerdə belə ödənir.Vyetnam savaşında məğub olaraq geri dönən ingilis əskərlərini Amerika anaları qəbul etməmişdilər.Onlar mərd oğulların qəhrəman valideyni olmaq istəyirdilər.Odun-alovun içindən çıxmış və hər an ölümün gözünə dik baxmış məğrur döyüşçülər belə alçaldımaya hazır deyildilər.Səngərdə və hərb meydanında işgəncə çəkənlər arxa cəbhədə rahatca yaşayanların hər birini düşmən kimi görməyə başladılar.” Mənim qolumun biri kəsilib-səninsə ikiəlinlə həyat nemətlərindən faydalanmaq imkanın var” 
mühakiməsi cəmiyyətin bətnində gizli və səssiz bir davaya çevrildi.Onda Amerika əskərləri dözməyib ya qanqestrlərə, kriminal aləmin sakinlərinə çevrildilər,ya da intihara əl atdılar.Çünki onların canlarını fəda etdiyi ideallar heç kəsə gərək deyildi.Belədə müharibəni Vyetnam torpaqlarından Amerika küçələrinə daşımaqdan başqa yol qalmadı.

Dövlətə emosional protestin son həddi-özünə qəsdi alqışlayanların heç biri Zaur Həsənovun sağ-salamat və diri halında ona həmrəylik göstərməyiblər.Adam axırıncı üç ili son güzəran yerini qaytarmaq uğrunda sürünəndə onun reanimasiya palatasından fotosessiya edənlərin,mövsümi vətənsevərlərin və ictimai prokurorların birini də yanında görməyib.Yaxşı,qansız saydıqlarınızn edam hökmünü verin,lakin özünü ən mötəbər həqiqət ünvanı sayanların simasına bir daha yenidən baxın.Bu illər ərzində vətəndaşını çadırdan,çiy kərpicdən və yeraltı qazmalardan dartıb çıxaran dövləti ayaqlmağa qalxarkən sizə yol göstərənlərin cüssəsinə yaxşı nəzər salın.Görün Zaurun yanğısında isinənlərin neçəsi sizin kəfən qardaşlarınızdır?

Sərkərdə Rəhim Qazıyev Şuşada canına təhlükəni 8 nəfərin cəsədi ilə dəf edəndə və qeyrət papağını qoruyanda bu günün zaur həsənovları səngərdə ət maışınından keçirdi.Əskəri onda qorumağı bacarmayan nazir indi şikəst olmuş bədənin qaralmış və külə dönmüş cansız ayağına ən tez gedənlərdən biri oldu.Əli Kərimli isə hakimiyyətin nəinki bir adamı,eləcə də yüz minlərlə insanı yandırdığını iddia edib növbəti dəfə xalqı Tunis üsyanına çağırır.Ortada tabutu qoyub hər kəs öz ölüsünə ağlayır.Minlərlə əlilin kəsilən qıçında, yamanan bədənində öz keçmiş günahların yada salan yoxdur.Çünki Qarabağ hamını əlil edib.Ya mənəvi,ya da fiziki.

Mavr öz işini gördü.Köhnə yeni ilin qovuşuğunda ictimai ruhu qarşılıqlı nifrətə və matəmə bürüyə bildi.Sanki İrak havası Bakı küçələrinə dolmuşdu.Müsılmanlar necə də bir-birlərinin tale oxşarlardır.

İndi kvadrat metrlə ölçülən çayxana yerinin əvəzində geniş Qarabağ torpaqları yiyəsiz qalıb.Oradan hamıya ilk və son mənzli çıxsa da müqəddəs savaşa taqətimiz qalmayıb. İnkivizisiya ocağının alovu-bir-birimiz didmək və yandırmaq ehtirası Qorqud dədəmizin qalamaq istədiyi üç tonqaldan daha gur yanır.Cismən yananları rəhm və acı hisslərlə o dünyaya yola saldıq,cənablar,bəs yanan torpağı hara qoyaq?

Zahid Oruc
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ