Bir ağac olsaydım…Bəli, bunu arzuladım…Bəlkə də kənardan baxınca daha dəli, daha çılğın, yaxud da daha sadəlövh görünə bilərəm…Amma… Amma, bu arzunu arzuladım…Ağac olmaq arzusunu..Bu arzuyla bağlı xəyallar qurdum…Qalxdım göylərin neçənci qatına və baxdım…Aşağılarda uzanan meşə vardı…Ağacları yaşıl idi…Amma, hamısı da eyni rəngdə deyildi. Yaşılın bütün ağlagələn və gəlməyən çalarlarındaydı bu meşə…Hətta, lap yuxarılardan baxınca qara ağaclar da gördüm orda…Sonra özümü gördüm...Ağac donunda…Ağac olmuşdum…Bircə gün…Cəmi bircə gün ağac ömrü yaşadım onda…Ağac kimi yaşadım…Ağac kimi…
Ağac idim…Neçə illər əvvəl əkilmişdim, onu da bilmirdim..Amma, ətrafım özüm kimi, məndən uca, məndən balaca, qoca, cavan ağaclarla dolu idi…Hətta, başını mənə söykəyib günəşə gülümsəyən balaca, bir az göyə çalan rəngdə ting də vardı…O elə gözəl gülümsəyirdi ki…Axı həyat onun üçün nağıl idi…Hələ böyüyəcəkdi, ətrafındakı ağacların saçlarıyla oynayacaqdı…Sonra da bahar gəlincə budaqlarında tumurcuqlar görünəcəkdi…Ardınca isti yay günlərində balaca, yetişməmiş meyvələriylə diqqət çəkəcəkdi. Yabanı da olsa bu meyvələrin yetişməsi üçün günəşdən isti, ana torpaqdan üzvi maddələr, yağışdan su payını alacaqdı…Payız gəlincə donunu dəyişəcək, sarı örpəyini örtəcək, yarpaqlarını küləklə yarışdıracaqdı…Bax, elə bu zamanlar da ən romantik görkəmiylə iki sevgiliyə sığınacaq olacaqdı…Küləyin əlindən pencəyinə bürünüb qaçan iki gənc külək tutmasın deyə onun gövdəsinə söykənəcəkdilər. Ardınca sazaqlar qollarını donduracaqdı onun…Göylərin hədiyyə etdiyi ağ yapıncısına bürünəcəkdi onda…Üşüməsin deyə qollarını paltonun üstündə çarpazlayacaq, hamının da onun kimi paltosunda uyuduğunu görüb o da yuxuya gedəcəkdi. Bir də baharda ayılacaqdı. Beləcə, onun ömründən neçə baharlar, neçə qışlar keçdiyini unudacaqdı. Bir gün mənim kimi nə vaxt əkildiyini də, torpaqdan nə vaxt cücərdiyini də yadına sala bilməyəcəkdi.
…Mənsə…Mənsə hələ ona baxır, düşünürdüm…Ağac olmaq gözəl idi. Yarpaqların mehdən titrədiyini hiss etmək…Sanki nelə indicə eşqə düşmüş ürək kimi titrəyirdi yarpaqlarım. Budaqlarımda kiçicik quşlar cikkildəşirdilər. Onların budağımda nəğmələrini öz dillərində təbiətə ərməğan etməsi də gözəl idi. Hələ bu balaca sərçəyə bax. Gövdəmə yaxın budaqların birində balaca yuva qurub özünə. İçində deyəsən, yumurtaları da var. Hə, hə…Yumurtaları da var. Yay fəslini elə sevirəm ki..Bütün quşların yujurtaları olur onda .
Elə maraqlıdır ki, yarpağınla bu yumurtaları sığallamaq…Onların içindəki balaca quşcuğazın gündən-günə böyüdüyünü belə hiss etmək. Bunlar o qədər gözəl hisslərdir ki. Hələ bu yuvaların qurulmasını seyr etmək. İlahi…Gözəl hisslər niyə ifadəolunmazdır?
Ağac olmuşdum…Bu meşənin lap dərinliyindəydim…Günə səhər mehinin incə təması ilə başlamaq, günəşi başının üstündə hiss etmək, köksündə balaca quşlara yer ayırmaq, sənə sığınan tingləri görmək…Əsl ağac ömrü idi…
Günortadan keçmişdi. Birdən insanların mənə tərəf gəldiyini gördüm. Onların mənim gövdəmə sığınması da fərəh verirdi. Balaca, hardasa 14-15 yaşlı bir uşaq mənə yaxınlaşdı. Əlindəki şüşə qırığı ilə gövdəmi cızmağa başladı. Yoxxxx…Ağrıdırdı…Çığırmaq istəyirdim….Amma…Amma, bacarmadım. Ağrımı içimdə çəkdim…Uşaq işini qurtarıb kənardan baxırdı. Onun gözlərində elə böyük sevinc, elə ülvi duyğular vardı ki…Məgər məni yaralamaq onu bu qədərmi xoşbəxt etmişdi? Uşaq elə gülümsəyirdi ki…Gövdəmin cızılan yerinə elə maraqla, xoşbəxtliklə baxırdı ki…Maraq məni bürüdü…Əyilib baxdım…Gövdəmdə bu sözlər cızılmışdı: “Səni sevirəm! Mənim Şəfam!”…
…Möcüzə…Mən daha ağrımırdım.Gövdəmin o cızılan yeri də ağrımırdı. İlahi…Sevgi budur? İnsanları bəşərin əşrəfi edən o ilahi duyğu budur demək? Bir uşağın üzündəki xoşbəxtliyə bax. Onun xoşbəxtliyi bəlkə də hələ sevdiyinə etiraf etməyə cürət etmədiyi sevgisini mənim gövdəmə şüşə parçasıyla yazmağı idi. Mənsə…Yooxxx…Ağrımırdı daha həmin yara. Çünki, orda qırılacağından qorxduğu qədər də sevdiyindən əmin olan bir ürəyin döyüntüləri vardı…Daha ağrımırdım…
Axşam tərəfi mənə başqa bir gənc oğlan yanaşdı. Əlində nəsə vardı. Şüşə parçası deyildi. Daha böyük idi. Onun üzündə də maraq vardı. Amma, bayqakı uşağın üzündəki ifadədən tamam fərqliydi. Başqa maraq idi. Bu maraq məni qorxutdu. Çünki, hardasa onun üzündə vəhşi ehtiras da oxuyurdum. Deyəsən budağımdakı sərçələr də nəsə hiss etdilər. Uçub o biri ağaca qondular. Mənsə hələ baxırdım. Gənc başıma dolanmağa başladı. Deyəsən gövdəmi ölçürdü. Bu neynir axı? Əliylə gövdəmin qabığını soyur, təzədən ölçür. Bu neynəmək istəyir ki? Əlindəki aləti göyə qaldırıb yavaşca toxundurur. Toxunuşu hiss edirəm, amma, ağrıtmır…İkinci dəfə qaldırır. Birdən gövdəmdə bərk ağrı hiss edirəm..Ardınca daha bərk…Daha bərk…Başım fırlanır…Yoxxx…Ağacların hamısı mənim başıma fırlanır. Quşlar bərkdən fəryad qoparır. Deyəsən, məni, çağırırlar. Yox, onlar öz yuvaları üçün narahatdırlar. Axı mən onların evi idim. Yarpaqlarım bir-birini qucaqlamağa çalışır. Elə bil bir-birinə hayan olmaq istəyirlər. Budaqlarım qırılır nədi? Bu nə şaqqıltıdır belə? Deyəsən, yerə yıxılıram axı…Hə..Yıxıldım artıq. Torpağa düşmüşəm. Əslində isə…Məni ana torpağa bağlayan kökdən ayırıblar. Mən artıq yaşamıram, nədi? Sanki gövdəm yoxdu. Hə, o yoxdu. Ətrafıma baxıram. Ağaclar hamısı qəmli-qəmli başını aşağı salıb. Quşlar yenə haray salıb. Bayaq mənə söykənib günəşə gülümsəyən ting yaralıdır. Deyəsən, can verir. Axı mən onun üstünə düşmüşəm. Əzmişəm, qırmışam onu. Mən necə də pis ağacam. Quş yumurtalarına bax. İkisi qırılıb. Cəmi bir dənəsi salmat qalıb. Səs gəlir. Bayaqkı gəncdi. Başımın üstündə dayanıb. Yanında başqası da var. Yox, onlar çoxdular. Saya bilmirəm. Gözlərim qaralır. Yenə bayaqkı salamat qalan çilli yumurtaya baxıram. Gənc gövdəmə tərəf əyilir, bir addım irəli qoyur. Yumurtanı ayağıyla əzir. Gözümə yenə qaranlıq çökdü. Qarmaqarışıq səslər gəlir. Mən necə də pis ağacam. Bir quşun yuvasını qoruya bilmədim. Mənə arxa söykəyib yaşamaq istəyən bir tingi yaşada bilmədim. Necə də pis ağacam. Sonuncu dəfə gözlərimi açıram. Günəşi axtarıram. Qaçdı…Günəş uzaqdadı..Qüruba gedir. O da qaçdı…Gözlərim qaraldı. Düşünürəm…Günəş də küsdü məndən…Onun əzizlədiyi bu qədər yarpağımı, çiçəyimi qoruya bilmədim. Mən pis ağacam. Gözlərimi yumuram. Deyəsən, daha aça bilmirəm. Son anda bu nədir belə? İnsanların dilini anlayıram axı…
-Çox yaxşı ağacdır…
Bunu gənc deyir. Vəssalam…Mənim ömrüm bitdi, deyəsən…Ağac ömrüm bitdi…
Yox, daha istəmirəm ağac olmaq. Arzulamıram daha bu arzunu. Heç kəsə arzulamıram daha. İnsan kimi nə yaşadım ki? Yaxud da indi nə yaşayıram ki? Yaxud da bundan sonra nə yaşayacağam ki? Yox…Ağac olmaq istəmirəm daha. Bir quş yuvasını, bir balaca tingi qoruya bilmədim. Ağac olmaq istəmirəm. Amma, insan kimi bir ağacı necə, qoruya bilirəm? Bu haqda düşünməyə dəyər…
Şəfa Vəliyeva- Ağac olmaq
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ