Ağır - ağır addımlayaraq çıxırsan
həbsxanadan. Tam on ilini keçirdiyin soyuq divarlarla əhatə olunan, nəmli otaqlardan çıxırsan. Artıq həyatla aranda daş hasarlar, divarlar olmayacaq. Artıq həyatla
da aranda bir tək ölüm var. Əvvəllər ölümlə aranda həyatın var idi. Amma bax,
artıq həyatın aradan çəkilir
yavaş - yavaş. Qürub qədər sakit, dinc bir çəkiliş olacaq bu. Qürub qədər başqa
yaradılışa yönələcəksən. Az qalıb Yusif, çox az qalıb.
Nə
bir sevinc var üzündə, nə də bir kədər. Məni qorxudan da budur zatən. Üzündə
dərin bir kədərin izlərini görsəydim narahatlıq
keçirməzdim bu qədər.
Üz cizgilərin donuq; donuq olduğu qədər solğun. Yusif (Onur Saylak),
üzün sapsarıdır. Sıradan çıxmış ağciyərlərindən, çökmüş sosializmdən, itən
ümidlərindən qaynaqlanır bəlkə üzündəki solğunluq?
Kəndinə
qayıdırsan. Yavaş – yavaş qapını açırsan. İçəri girirsən. Bir müddət yerində
dayanıb pəncərədən uzaqları seyr edən anana baxırsan. Anan (Raife Yenigül)
filmin sonunda o pəncərədən təkrar bir də baxacaq. O, geri çevrilir və
sarılırsınız bir – birinizə. Sənə yemək hazırlayır. Ballı süd düzəldir.
Anaların övladlarına duyduqları şəfqət analıq hissindən başqa nə ola bilər ki?
Qonşular ziyarətinə gəlir. Səndən həbsxanaların
vəziyyətini xəbər alırlar. Sən otaqda deyilsən, yenə də uzaqlafra dalıb
getmisən. Sərt çəkmələrin, səsin – küyün içində itib – batırsan. Zehnində
həbsxana motivləri gedib – gəlir.
Yusif, aradakı səhnələri atlayıram. Əsas ana fikirə
gəlmək istəyirəm bir an əvvəl. Qəsəbəyə gedirsən. Kitab mağazasındasan.
Ruhlarınız o an bir – birinizi tanıyır. Halbuki daha əvvəllər heç
görüşməmisiniz. Amma çoxdan bir – birinizə bağlanmısınız belə. O da öz
duyğularını öz içində dəfn edib. Sənin kimi kədərli, sənin kimi susqun. Rus
dilində nəşr olunmuş bir roman axtarır. Rəfdən tapıb rusca bir roman uzadırsan
ona. İçində
qəribə duyğular oyanmağa başlayır. Kəsik – kəsik öskürsən də, üzün sapsarı
saralsa da aşiqlik məqamında hər şey yaddan çıxır.
Uşaqlıq dostun Mikayıl səni bir əyləncə məkanına
aparır. Orda Ekaya (Meqa Kobaladze) rast gəlirsən. Eka pulla başqa kişilərlə
əlaqədə olan bir qadın. Sənə pulla ala biləcəyin bir qadın lazım deyil. Sən sevəcəyin qadına
ürəyini vermək istəyirsən. Eka birinci dəfədir ki, belə bir halla üz – üzə
gəlir. Həyat ona çox cəfalar verib, o,
səninlə olacaq həyata başqa cür baxmaq istəsə də bacarmır. Itirdiyi ümidləri
yenidən oyanır. Sosializmlə öz xalqın üçün görmək istədiklərini indi bir gürcü
qız üçün görmək istəyirsən. Bu da taleyin bir oyunudur. Taleh həmişə bu cür
qəribə oyunlar oynayır insana.
Məncə də, Yusuf, məncə də… Tələsməliyəm, gəlməliyəm demək
istədiklərimə. Filmin əsas səhnəsinə: sən evindəsən, Eka bir hotel otağında…
Televiziyada bir film göstərilir. Ikiniz də bir – birinizdən xəbərsiz həmin
filmə baxırsınız: “Vanya dayı” filminə. “Vanya dayı” böyük rus yazıçısı Anton
Çexovun qələmə aldığı bir pyesdir. Daha sonra Laurensiya
Olivier həmin pyesin motivləri əsasında eyni adlı filmi çəkdi. Bax, həmin filmi
göstərirlər televiziyada. Vanya dayı Sonyaya bir sualla müraciət edir:
“Neyləyək?” Sonyanın cavabı ikinizə də təsəlli verir.
"Nə edəcəyik ki? Yaşamaq lazımdır! (Uzun bir səssizlik) Yaşayacağıq Vanya Dayı,
yaşayacağıq. Çox uzun günlər, boğucu
axşamlar keçirəcəyik.
Alın yazımızın bütün imtahanlarına səbrlə dözəcəyik. Bu gün də,
qocalanda da yorulmaq nədir bilmədən başqaları üçün çalışacağıq. Əcəl
saatı gəlib qapımızı döyəndə də itaətkar bir şəkildə dünyamızı dəyişəcəyik.
Və orda məzarımızın kənarında,
“ biz çox əzab çəkdik,
gözyaşı tökdük, nələrisə həyata keçirmək üçün əlimizdən gələni əsirgəmədik” -
deyəcəyik... Və Yaradıcı acıyacaq bizə və biz səninlə, gözəl dayım, parlaq, gözəl, sevimli bir həyata qovuşacağıq, burdakı
bədbəxtliklərimizə
mehribanlıqla, xoşbəxtcəsinə gülümsəyəcəyik. İnanıram
buna, bütün ürəyimlə,
ehtirasımla inanıram... (Voynitskinin qarşısında diz çökür və başını onun ovuclarına
qoyur. Yorğun bir səslə bir az əvvəl dediklərini təkrar edir.)
Sonsuza kimi istirahət edəcəyik! Mələkləri dinləyəcək,
rəngbərəng ulduzlarla əhatə olunan göylərə tamaşa edəcəyik. Dünyanın
bütün pisliklərini, bütün ağrı – acılarını silinməz bir mərhəmət əhatə etdiyi
zaman həyatımız bir nəvaziş qədər şirinləşəcək. İnanıram buna, Vanya dayı,
inanıram. (Cibindən dəsmalını çıxarıb Vanya dayının göz yaşlarını silir.) Yazıq
Vanya dayı, ağlayırsan! Amma, ağlama! Ağlama!... Düzdür, bu dünyada bütöv bir
ömrün boyunca xoşbəxtlik nədir bilmədin, amma gözlə!... Səbr elə… İstirahət edəcəyik!
İstirahət edəcəyik!”
Görürsən, hətta oxuyanda belə nə qədər rahatlaşır,
Yusif? Əcəl qapımızı döyəndə sakit bir şəkildə əmrı uyub dünyanı tərk
etmək! orda Yaradanın mərhəmətinin
təcəllasına, burdaki bədbəxtliklərimizə ordan təbəssümlə baxacağımıza cani –
ürəkdən inanmaq!
Sən də istirahət edəcəksən Yusuf. Az
qalıb, lap az! Mələkləri
dinləyəcəksən. Almaz kimi sayrışan ulduzlarla dolu göyüzünü
görəcəksən. Dünyanın pisliyini, acılarını sosializmlə yox etməyə gücün çatmadı.
Kimin gücü çata bilər axı buna? Amma orda mərhəmətin qeyri – adi qüvvəsi
qarşısında hər şey silinib gedəcək. Bir az da döz! Bir az da! Az qalıb, lap az!
Artıq aşiqsən, durmadan onu – Ekanı düşünürsən. Eka da səni. Artıq bir – birinizə
könül vermisiniz. Artıq həyatın gedişi səni o qədər də maraqlandırmır. Ekanın
vizası qurtarıb. Ölkəsinə geri qayıtmalıdır. Getməlidir. Sən də getmək
istəyirsən. Dərdini dostuna – Mikayıla(Serkan Keskin) danışırsan. O da sənə
passport üçün lazım olan miqdarda pul verir. Dərhal passport almaq üçün
fəaliyyətə başlayırsan. Amma bilmirsən ki, bu passport səni Batumiyə yox, tamam
başqa bir məkana aparacaq. Hələlik sən bunu bilmirsən və gedirsən passport
düzəltməyə. Sən tamam başqa bir yerə gedəcəksən.
Eka avtobusdadır. Gedir. Ürəyi səndə əsir,
ürəyi səninlə pərişan. Səssizcə ağlayır. Necə də gözəl yaradıblar bu səhnəni.
Insanın içində dərin bir hörmət yaranır bu məsum göz yaşlarına. Sən Ekanın nə
cür ağladığını görmürsən. Görsəydin, sən yerlə - yeksan olardın. Qaçaraq
mehmanxanaya gəlirsən. Orda sənə Ekanın getdiyini deyirlər. Dəniz kənarına
gəlirsən əvvəlcə. Sonra ilk dəfə görüşdüyünüz körpüyə gedirsən. Adama elə gəlir
ki, indicə nəhəng dalğalar səni ağuşuna alıb udacaq. Görünüşlər mükəmməldir Yusuf. Görünüş rejissoru öz (Fəza Çaldıran) həqiqətən mükəmməl yaradıb o səhnələri.
Eka artıq sərhədi keçib öz ölkəsinə qayıdır. Sarp
keçid məntəqəsindən keçir. Artıq öz ölkəsindədir.
Sən də evindəsən. Tuluğ çalırsan. Budur, filmin pik
nöqtəsinə gəlib çatırıq. Anan yavaş – yavaş yerindən qalxır. Pəncərədən bayıra
baxır.
Pəncərə - olduqca sərt bir maddə… Sərtliyi ilə iki
fərqli məkanı bir – birindən ayırır.
Pəncərə - şəffaf və ötürücü… şəffaflığı ilə ayırdığı
iki məkan arasındaki ünsiyyəti davam etdirir. Sərt maddələr pəncərədən keçə
bilmir. Amma günəş işığı kimi zərifliklər pəncərəni rahatlıqla adlaya bilir.
Budur,
elə bir məqama gəlib çıxdıq ki, bu məqamda artıq rejissoru ancaq və ancaq ayaq
üstündə alqışlamalıyıq məncə. Kamera pəncərədən çölü çəkməyə başlayır. O əsnada
ruhun bədənindən ayrılır. Ölümün içindən keçirsən, Yusif.
Qarlı bir
qış günü cənazən tabutun içində, insanların çiyinində… Bir
azdan məzara qoyacaqlar.
Ruhunsa ruhlar aləminə alınacaq.
Və bir ağı səsi eşidirik.
Gürcü dilindədir bu ağı. Mən Gürcücə bilmirəm Yusuf. İçində Yusuf
sözünü eşitdiyimə görə bilirəm bu ağıda səndən danışılır.
Eka öz
ölkəsinə qayıdır, sənsə öz Rəbbinə.
Bilirsən,
iki gündür ki, bu filmi izləyirəm. Hər dəfə film bitəndə Allahdan sənə rəhmət diləyirəm. Təbəssüm qonaq gəlir
dodaqlarıma. Bunu mən filmin müvəffəqiyyəti kimi də qəbul edirəm.
Gülə - gülə, Yusif, gülə - gülə!...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ