Məndən bir xatirə uzaqlığında,
Eşitdim yeni bir mənzil almısan.
Yəqin ki oraya çox bağlanmısan,
Yəqin ki oraya mehr salmısan.
Köhnə yaraları sağaltmaq üçün,
Daha çox, daha çox bağlan oraya.
Pis-yaxşı bir qərar tuta bilmisən.
Mən haraya gedim, bəs mən haraya?
Xoşbəxt olmağını istədiyimçün,
Bir neçə məsləhət əlimdən gəlir,
Yox, yox yoxluğunla ürək barışmır,
Nə söyləsəm təkcə dilimdən gəlir.
Bir az da nifrət et, mənə istəsən,
Çalış unutmağı məşq et, alındır.
Bu daşlı-kəsəkli yollar əzablı,
Çünki xəyallarım ayaqyalındır.
Mən xəyal gücüylə səni sabaha ,
Aparmaq istədim, mümkün deyilmiş.
Bu daşlı-kəsəkli yollara bir bax,
Mənim bəxtim kimi sınmış, əyilmiş.
Bu sözlər yaranı sağalda bilməz.
Layiqəm hər acı sözə önündə.
Əlindən nə gəlir dağla qəlbimi,
Çəkə cəzasını, dözə önündə.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ